Türk poeziyasının
yakut-saxaca döyünən ürəyi
Bu günlərdə Dünya
Gənc Türk Yazarlar Birliyinin dəvəti ilə Saxa-Yakutiyadan Bakıya çox mötəbər
bir xanım təşrif buyurdu. Onun oturuşu-duruşu,
danışığı, hər cəhətdən,
doğrudan da, xanıməfəndi olduğunu
göstərirdi. Və dərhal
nəzərə çarpırdı
ki, bir neçə
min illik zəngin türk mədəniyyəti
qaynaqlarının gözündən
su içib.
Birliyin başqanı
Əkbər Qoşalı
onun Azərbaycanda ilk dəfə nəşr olunmuş şeirlər kitabçasını mənə
verəndə güman
etməzdim ki, bu qədər böyük bir istedadla qarşılaşacağam;
təsəvvürümə gəlməzdi ki, türk dünyasının
bu qədər qüdrətli bir şairi varmış.
Saxa (Yakutiya)
Respublikasının xalq
şairi Natalya Xarlampyevanın
"Mənim rəfiqim
aprel" kitabçasında
elə bir şeir yoxdur ki, müəllif mənsub olduğu etnosun hamımız üçün doğma hisslərinin arxeoloji dərinliyinə getməsin,
bununla belə, elə bir şeirə
də rast gəlməzsən ki, ruhuna modern düşüncə
texnologiyaları hopmamış
olsun. Hər cür müqayisə,
xüsusilə şairlə
şairin, şeirlə
şeirin müqayisəsi,
əlbəttə, nöqsanlıdır,
ancaq deməliyəm ki, Natalya Xarlampyevanın poeziyasında Oljas Süleymenov üslubuna bənzərlik gördüm.
O mənada yox ki, Natalya xanım öz möhtəşəm
həmkarını təkrar
edir; yox, o baxımdan ki, hər iki sənətkarın
yaradıcılığında, təfəkküründə qədimliklə
müasirliyin son dərəcədə
zərif, həssas, eyni zamanda "akademik sistem"ə çevrilmiş mükəmməl
harmoniyası var.
Kitabçanın "Natalya Xarlampyeva ilə
türk ruhu gəzisi" başlıqlı
ön sözündə
Oqtay Hacımusalı deyir:
"Mən Natalya Xarlampyevanın
yazmaq eşqini yaddaşının qut kültür süxurlarından
aldığını bilirəm. O qutluluq
onun damarlarındakı
əsl qanda mövcuddur və elə ona görə
şeirləri hər
nə qədər insana kövrəkmiş, lirik duyğular üzərində köklənibmiş
kimi görünsə
də, bu lirikanın, bu kövrəkliyin içində
qərib bir təlatüm də var; bu təlatüm
türk xatununun ərcə, ərkəkcə,
hər zaman meydanlarda olmasından, at minib qılınc qurşanmasından irəli
gəlməkdədir. Bu onun qədəridir. Ruhunu, mənliyini, yüzilliklərdir
söykəndiyi ulus kimliyini unutmaması, yaddan çıxarmaması,
tam tərsi, övladlarına
(mənəvi övladlarına)
ötürmək istəyi
onun qədəridir".
Doğrudan da, Natalya Xarlampyevanın
poeziyasını həm
ideya-məzmun, həm
də poetika-forma baxımından səciyyələndirən
ən mühüm əlamət etnik-tarixi yaddaşın canlılığı,
sağlamlığı və
bütövlüyüdür...
Mən də ulu türkün
bir parçasıyam
-
Kökləri dərindən-dərin,
Qızılı bayrağında boz
qurd,
Kültiqin dövrünün varisi.
Hansı
uğursuzluğun əliylə
Quzeyə
üz tutdu
Mənim
ulu babam,
Quzeydə məskən saldı?..
Səhralarda qumların sehr dolu pıçıltısı,
Aralın
parlaq suyu,
Düzlərin sarı üfüqü,
Qızıl dəvələrin qəmli
gözləri
Uzaqlarda
qaldı...
Mən də ulu türkün
bir parçasıyam
-
Canımda, qanımda duyuram
bunu,
Hikmətini duyuram daşüstü
yazıların,
Elmlərin qüdrətini
Yaddaşıma yazıram mən,
Yazıram ki,
unutmayım kim olduğumu!
Yakutlar nə müsəlman, nə xristian, nə də yəhudidirlər... Bütün türklər
kimi onların da ulu babaları
tanrıçı olublar.
Və bu Tanrı inamının
da müsəlmanlıq,
xristianlıq, yəhudilik...
qədər dərin həyat fəlsəfəsi,
ruh aləmi, nəinki sözə bədii vüsət vermək, eləcə də bədii sözü ilahi söz səviyyəsinə
yüksəltmək qüdrəti
var.
Natalya xanımın Şaman dualarında da həmin vüsəti (və qüdrəti) hiss etməmək mümkün
deyil:
Xalqımın düşüncələri dağınıq,
niyyətləri qarışıq...
Gələcəyi olmayana tapınmış,
Kiçik
və boş maraqlara inanmışlar.
Güclərini, iradələrini itirmişlər.
Ən zəif yel belə
sovura bilər onları,
pis ruhlar əsir edər.
Qurumuş otlar kimi
köksüzdür onların
düşüncələri.
...Amma müdrik
və kamil olan
yeni nəsil gələcək!
...Mənsə boşaltdım
ürəyimi,
nə lazımsa dedim sizə!
"Asiya xatın" alqış-poemasında, "Qədim
türk qadınları
haqqında triptix"ində,
"Ana dilinə inan"
şeirində (və
ümumiyyətlə, kitabçada
gedən bütün şeirlərdə) tarixi müdriklik, xüsusilə
mənsub olduğu etnosun mənəvi varlığına, mədəniyyətinə
sahiblik ehtirası nə qədərdirsə,
yakut-saxaların gələcəyinə
inam da o qədərdir. Və bu inam mücərrəd,
deklorativ, üzəvari
deyil... Konkretdir, səmimidir, hətta intimdir...
...Qalx fikirlər zirvəsinə,
alış dağlar
başına.
Səni
dərin duysunlar -
nə qədər mümkün ola.
Ancaq
inanmaqçün özün-özünə
Ana dilində danış:
Saxa dilində!
O - ruhunun sirridir,
O - sənin duyğuların,
xoşbəxtliyin,
kədərinin dilidir.
Saxa dilində danış!
...Eşqə, xoşbəxtliyə
və həqiqətə
-
Saxa dilinə inan!..
Bizim bu mürəkkəb, təlatümlü,
əsəbi dünyamızda
"azadlığ"ı hərə bir cür başa düşür. Hətta "azadlığ"ı həyatda
yox, ölümdə də axtaranlar var... Natalya xanımın tərənnüm etdiyi
"azadlıq", ola bilsin ki, bir az
sadəlövhdür, ancaq
bu sadəlövhlüyün
təkzibi heç cür mümkün olmayan (və dəqiq!) məntiqi də var: adam
olmaq...
Nə gözəldir azad olmaq! -
paxıllıqdan, küdurətdən.
Saxta addan, şan-şöhrətdən,
vəzifəyə gedən
yolda sürünməkdən,
Təriflənib müdrik kimi görünməkdən!..
Nə gözəldir azad olmaq!
Adilərlə adiləşmək,
yaxşılarla yaxşılaşmaq,
Öz yolunda addımlamaq,
öz yükünü
özü çəkən
adam olmaq!
Nə gözəldir azad olmaq...
Əlbəttə, xalq şairinin
kifayət qədər
mükəmməl (və
mürəkkəb) poetexnologiya
üzərində köklənmiş
şeirlərini ərəb,
fars sözlərilə
zəngin Azərbaycan
dilinə çevirmək
elə də asan məsələ deyil, biz yakut-saxacanın səslərin ardıcıl
təkrarına - assonansa,
alliterasiyaya... əsaslanan
poeziya dilinə çoxdan - ilk Orta əsrlərdən yadırğamağa
başlamışıq... Ancaq
etiraf etmək lazımdır ki, tərcüməçilər - Afaq Şıxlı, Rəsmiyyə Sabir, Oqtay Hacımusalı, Əkbər Qoşalı
Natalya Xarlampyevanı azərbaycanca
- Azərbaycan türkcəsində
"danışdırmağ"a nail olmuşlar. Kitabçada tərcümələrlə yanaşı, şeirlərin
orijinallarının da
yer alması çox əhəmiyyətlidir.
Kim istəsə müqayisə
edə, bugün yakut-saxaca yaranan poeziyanın təbiətinə
sıradan deyil, böyük bir şairin yaradıcılığı
timsalında yaxından
bələd ola
bilər.
Natalya xanımla Atatürk
Mərkəzindəki görüş
çox səmimi keçdi. Və ən səmimi məqam da o oldu ki, ünvanına
deyilən xoş sözləri, ürəkdən
gələn (və layiq olduğu) tərifləri dinlədikdən
sonra yumorlu təbəssümlə "mən
kim olduğumu
yaxşı bilirəm"
- dedi, "ancaq təəssüf ki, bunu mənə çox da xatırlatmırlar".
Bu yazını "Türk
poeziyasının yakut-saxaca
döyünən ürəyi"
adlandırdım. Görünür,
ona görə ki, burada söhbət
xanım şairdən
gedir... Ancaq ona eyni müvəffəqiyyətlə
"Türk poeziyasının
yakut-saxaca düşünən
beyni" adını
da vermək olardı...
Nizami Cəfərov
Ədəbiyyat qəzeti.- 2018.-
15 sentyabr.- S.5.