Ekranlaşdırılmış ədəbi əsərlər...

 

"Ədəbiyyat qəzeti"ndə yeni layihə

 

Bu həftədən etibarən "Ədəbiyyat qəzeti"ndə yeni layihəyə başlayırıq. Layihədə romanların, hekayələrin, pyeslərin kinoversiyası təhlil olunacaq, ədəbi materialla film arasında müqayisə aparılacaq, fərqlər araşdırılacaq. Təqdim etdiyimiz ilk film, məşhur amerikalı rejissor, nüfuzlu kino mükafatlarına layiq görülmüş Vudi Allenin "Sevgi və ölüm" ekran əsəridir.

 

"Sevgi və ölüm"

 

Film Fyodor Dostoyevskinin, Lev Tolstoyun romanlarının motivləri əsasında çəkilib

 

Bədii əsərlərin ekranlaşdırılması əsasən iki yanaşmaya əsaslanır. Birincisi, bədii mətnin səliqəli adaptasiyasıdır. Bu halda rejissor mümkün qədər əsərə sadiq qalmağa, süjetə, personajlara əl gəzdirmədən, olduğu kimi canlandırmağa çalışır. 

İkinci yanaşmada isə rejissor, sadəcə, romanın və ya hekayənin motivlərindən bəhrələnərək, öz sərbəst yozumunu təqdim edir və onu sırf müstəqil bir əsər kimi işləyir.  

Kinematoqrafiyada intellektual komediyanın yaradıcısı, amerikalı Vudi Allen ədəbi əsərləri kinoməkana uyğunlaşdıran rejissor yox, onları sərbəst traktovkada işləyən, müəllif-rejissor kimi tanınır.

Allenin 1975-ci ildə ekranlaşdırdığı "Sevgi və ölüm" filmi Fyodor Dostoyevskinin, Lev Tolstoyun romanlarının motivləri əsasında çəkilib.

Amma "Sevgi və ölüm" filminin təhlilinə keçməzdən öncə, Allenin yaradıcılığında rus ədəbiyyatının, özəlliklə, Dostoyevskinin yeri haqda bir neçə vacib məqamı qeyd edim.

Ayrı-ayrı filmlərində personajlarının yumor-ironiya qarışıq intellektual dialoqlarında tez-tez  Çexovun, Tolstoyun, Nabokovun, xüsusən də, Dostoyevskinin adı keçir. Bir neçə filminin süjetini isə rejissor məhz "Cinayət və cəza" romanının motivləri əsasında qurub.

 Allenin 2005-ci ildə çəkdiyi "Matç Point" (Matç Point "həlledici xal" deməkdir. Matç zamanı, topun hərəkəti bir anda oyunçunu ya məğlub, ya qalib edə bilər. Və əhvalatda da rejissor qəhrəmanın həyatında belə bir həlledici ana vurğu edir) trillerində zəngin bir ailənin qızıyla evli olan Kris karyerasını, mövqeyini qorumaq üçün, ondan hamilə qalan sevgilisini qətlə yetirir. Hərçənd, Dostoyevskinin romanlarını sevən Krisdən ötrü, cinayətə qərar vermək asan başa gəlmir. Final səhnəsində bütün ailə Krisin körpəsinin dünyaya gəlişini bayram edir. Amma bu xoşbəxt ailə təsvirlərində Krisin ruhən, fikrən çox uzaqlarda olduğu göstərilir.

Rejissor qəhrəmanın içindəki konflikti sözsüz-filansız bir neçə planda ustaca açır, törətdiyi cinayətə görə ömrü boyu günah hissini daşıyacağına eyham vurur.

Əhvalatda Krisi qanun mühakimə etməsə də, rejissor 2015-ci ildə lentə aldığı "İrrasional adam" detektiv dramında Eybi cəzasına çatdırır. Bu filmdə də Allen "Cinayət və cəza"nın süjetinə müraciət edir. Təbii ki, yenə də özünəməsxus yanaşmasıyla. Depressiyadan, artıq çəkidən əziyyət çəkən orta yaşlı fəlsəfə professoru Eyb Amerika şəhərlərindən birində yerli universitetdə dərs deyir. O, mənəvi böhran yaşayır, yaşamaq üçün məna tapa bilməyəndə hətta intihar fikrinə düşür.

 Günlərin birində restoranda nahar edərkən, qonşu masada əyləşən qadının hekayəsinə təsadüfən qulaq müsafiri olur. Boşanma ərəfəsində olan qadın uşaqlarının himayəsindən məhrum ediləcəyindən qorxur, çünki hakim onun ərinin vəkilinin dostudur. Birdən Eybin ağlına "Cinayət və cəza" romanının ideyası gəlir. Və o, hakimi öldürmək üçün plan qurur. Ədaləti cinayət yolu ilə bərqərar etmək ideyasına tutunan qəhrəmanda həyat eşqi yaranır. Hakimi qətlə yetirən professorun cinayətini Allen bu dəfə cəzasız qoymur...

Əsasən "Cinayət və cəza", "Hərb və sülh" romanlarının süjetlərindən istifadə olunduğu "Sevgi və ölüm" filmində isə Allen adıçəkilən romanların janrını dəyişərək faciə, dram elementlərindən arındırır, qəhrəmanları özününküləşdirərək onları yenidən işləyir, süjetləri akademik, intellektual bir rahatlıqla, sərbəst yanaşmayla həll edir, əhvalatı qrotesk, absurd teatrın məziyyətləri ilə yükləyir.

Həmçinin, "Karamazov qardaşları", "İdiot"  əsərlərinin elementlərini, dahi İsveç rejissoru Berqmanın "Persona", "Yeddinci möhür" filmlərini,  "Hərb və sülh"ün ekran versiyalarını, Nabokovun kəpənək mübtəlalığını da əlavə edərək, maraqlı kokteyl yaradır.  

 Bu film-parodiyanın mərkəzi fiqurları Boris Qruşenko (Vudi Allen) və Sonyadır (Dayan Kiton). Film həbsxanada ölüm hökmünü gözləyən Borisin öz hekayətini danışmaqla başlayır.

Hələ kiçik yaşlarından Borisi həyat və ölüm, Allah varmı, həyatın anlamı kimi ekzistensial suallar maraqlandırır.

Gənc yaşlarında Boris uzaq qohumu Sonyaya vurulur. Sonya isə onun böyük qardaşı İvanı sevdiyini deyir.

İvan isə başqa qadınla ailə quranda Sonya hikkəsindən yaşlı siyənək balığı ticarətçisinə ərə gedir. Amma onunla xoşbəxt ola bilmir, xəyanətləri ilə şəhərdə məşhurlaşır.

Napoleon Avstriyaya hücum edəndə (1805-ci ildə baş vermiş Üçüncü Koalisiya müharibəsi nəzərdə tutulur, həmçinin, Rusiya-Avstriya-Fransa müharibəsi kimi də tanınır - S.S.) Boris pasifist olduğunu deyərək, müharibəyə getmək istəmir. Bütün ailə onu qorxaqlıqda günahlandırır. Və müharibəyə getməyə məcbur olan Boris tam təsadüf üzündən yüksəkrütbəli fransız zabitlərini öldürürək qəhrəmana çevrilir.

Müharibədən sonra o, dul qalmış Sonya ilə evlənir. Cütlük tam harmoniyada yaşasa da, Boris yenə mənəvi boşluğa düşür.

Napoleon Rusiyaya hücum edəndə Sonya ona sui-qəsd etməyi təklif edir. Sui-qəsddən xəbər tutan qarşı tərəf Napoleonun oxşarını tapır. Və Napoleonun oxşarı başqası tərəfindən öldürülür. Boris etmədiyi cinayətə görə həbs olunur, onu ölüm cəzası gözləyir, Sonya isə qaça bilir...

Boris Bolkonski və Raskolnikovun təhrif olunmuş ümumiləşmiş obrazıdır.

Misalçün, Bolkonskidən fərqli olaraq, Sonyadan sevgisinə cavab almayan Boris müharibəyə zorla göndərilir, qorxaqlığı ilə rişxənd obyektinə çevrilir, iradəsinin əleyhinə olaraq qəhrəman olur.

Sonya Napoleonu öldürərək, Rusiyanı xilas etmək təklifini irəli sürəndə isə o, tərəddüd edir. Qətl ideyasını özünün mənəvi-etik dünyagörüşünə uyğun saymır. Napoleonu öldürmək üçün şərait yetişəndə isə, Boris onu öldürməyi bacarmır, özüylə mübarizə aparır. 

Sonya obrazı isə Nataşa Rostova və adından göründüyü kimi, "Cinayət və cəza"dakı Sonyanın təhrif olunmuş, parodik hibrididir. O, ehtirasının əsiridir, mənafeyini güdür, ruhi dəyərlərdən danışıb gerçəklikdə maddi dəyərlərə üstünlük verir.

 Sonya obrazında, eyni zamanda, Raskolnikovdan da xüsusiyyətlər var, örnəyi, Napoleonu öldürərək Rusiyanı xilas etmək ideyası ona məxsus olur.

Pyer Bezuxovu isə Allen Sonyanı tovlamaq istəyən, dəyərləri olmayan, şəhvətli tip kimi yozumlayıb.

Filmi səciyyələndirən cəhətlərdən başlıcası, rejissorun üslubuna sadiq qalaraq yumorla, bəzən satirik, bəzən ironik yanaşmalarıdır.

Allen əksər filmlərində yəhudi kökünə özünəxas yumorla baxış edir.  İlk epizodlardan birində balaca Boris keşişlə Allahın olub-olmaması mövzusunda mübahisə edir:

Keşiş:

- Hər şeyin yaranma səbəbi var. Kainatı Allah yaradıb və demək o, mövcuddur.

Boris:

- Amma Spinoza müqəddəs üçlüyə inanmırdı.

Keşiş:

- Spinoza yəhudidir.

Rejissor rus romanlarındakı, fəlsəfi, etik, əxlaq söhbətlərini parodiyalaşdırır, qrotesk həddə kimi çatdırır.

Sonya:

- Öldürmək əxlaqsızlıqdır.

Boris:

- Əxlaqsızlıq subyektiv kateqoriyadır.

Sonya:

- Amma subyektivlik obyektiv kateqoriyadır.

Boris:

- Yalnız gerçəkliyin rasional qavrayışı zamanı keçərli deyil.

Sonya:

- Qavrayış irrasionaldır, o zərurəti nəzərdə tutur.

Düzdür, bir neçə səhnədə yumor "stand up", televeriliş estetikasında işlənib, amma hər halda bu, ümumilikdə filmin üslubuna, kompozisiyasına xələl gətirmir.

...Müharibə səhnələri "Hərb və sülh"ün müxtəlif ekran versiyalarındakı mizanlara, dekorasiyalara uyğun qurulub. Amma müəllif burda müharibəni şərtiləşdirərək, qanı, ölüm aktını, döyüşü bir növ teatral oyuna çevirir. Üstəlik, bilərəkdən anaxronizmə yol verir, misalçün, hərbi düşərgədə qaradərili zabit təlim keçir, döyüş zamanı blin satılır.

Borisin ölümlə qarşılaşması Berqmanın "Yeddinci möhür" filminə göndərmədir. Bu filmdə də əsas qəhrəman Antonius ölümlə qarşılaşır.

Final səhnələrindən birində Allen Berqmanın "Persona" filmindəki vizual fəndindən istifadə edir: qadın obrazları (Sonya və Nataşa) bir-birinə qarışaraq eyni vücudda birləşir.

Qeyd edim ki, Allen Berqman yaradıcılığının pərəstişkarıdır.

Bir epizodda isə Borisin kəpənək tutanla kareta arxasınca qaçması Nabokova işarədir.

Nəhayət, son epizodlarından birində həbsxanaya Borisi yoluxmağa gələn atası ona Raskolnikovun iki qadını öldürməsindən danışır. Üstəlik, qısa dialoqda Dostoyevskinin romanlarının adını yerləşdirir.

- Sən bizim qonşu, Raskolnikovu tanıyırdın?

- Əlbəttə. Ona nəsə olub?

- İki qadını öldürüb. Karamazov qardaşları belə deyir.

- İlahi, mən onu sakit bir yeniyetmə kimi tanıyırdım. Nə olub, bədəninə şeytanlar girib?

- Yox, çox güman ki, o, idiotdur.

- Yəqin ki, o özünü alçaldılmış və təhqirolunmuş sayırdı.

- Ola bilər. O, həm də qumarbaz idi.

"Sevgi və ölüm"  filmiylə Allen rus ədəbiyyatına sevgisini özünəxas tərzdə bildirir, tamaşaçını bu əsərlərə öz baxış bucağından baxmağa dəvət edir. Fəlsəfi suallar üzərində komik intonasiyada gəzişir, öz əhvalatının kontekstində bəşəri dəyərlərə, insana ehtiramını ifadə edir.

 

Sevda Sultanova

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 sentyabr.- S.4-5.