Əslində, atam 46
yaşında
dünyasını dəyişmişdi...
"Kürsü" layihəsinin
bugünkü qonağı heç vaxt unudulmayan, gözəl
şairimiz, 47 yaşında dünyasını dəyişən
Eldar Baxışın oğlu, aktyor Tural Ağayevdir.
- Tural bəy, mən bildiyimə
görə, atanız rəhmətə gedəndən sonra siz
yaşayış yerinizi dəfələrlə dəyişməli
olmusunuz...
- Atamdan
sonra ailə vəziyyətimiz çox pis oldu. Mənim
on altı yaşım vardı. Evdə də heç kim işləmirdi. Elə o
vaxtdan hər cür çətin işdə işləməyə
başladım.
Atamın sağlığında iki evimiz vardı. Bir evimiz
üçotaqlı idi. Həmin
otaqların hər üçü kitabla dolu olardı.
O, rəhmətə gedəndən sonra hər iki evimizi
satmalı olduq. Həm yas xərclərini
qarşılamalı, həm məzarını götürməli
idik. Düzdür, atam rəhmətə
gedən ərəfədə dostları köməklik edirdilər.
Amma heç kimə gedib demək olmazdı ki, atamın qəbrini
götürməliyik, mənə filan qədər pul verin... Ona görə də sonrakı həyatımızda
kirayə evlər dövrü başlandı. Təxminən
on dörd il kirayələrdə
yaşadıq.
- Bildiyimə görə,
böyük kitabxanası olub...
- Elədir,
onun çox böyük kitabxanası vardı. Mütaliə
etməyi sevirdi. Atam ölümündən sonra səkkiz
ev dəyişdik. Hər dəfə
bir evdən o birinə köçəndə onun
kitabxanasından nə qədər kitab it-bat oldu. İndi hardasa minə yaxın kitabı qalıb.
Atamın Sərraf adlı xalası oğlu vardı. Onunla
münasibəti çox yaxşı idi. Onların
qəribə, məzəli bir kitab paslaşmaları da
olardı. O, həmişə bizə gələndə
atamın kitablarından götürüb qoynunda gizlədərdi.
Qapıdan çıxanda atam onun
götürdüyü kitabları tutub əlindən alıb
təzədən yerinə qoyardı. Atam
bütün kitablarının əvvəlindən, bir də
ortasından iki vərəqə özünün
imzasını atırdı. Sərraf əmigilə
gedəndə bir-bir axtarıb öz kitablarını
tapırdı.
- Bir oğlunu itirmişdi. Sizinlə münasibəti necə idi?
- Atam sərt
adam idi. Amma uşaqları
çox sevərdi. Biz ailədə
üç uşaq olmuşuq. Sonra qardaşım Anday beş yaşında rəhmətə getdi. Ondan sonra bir qardaşım da doğuldu. Atam ona
da Anday adını verdi. O qardaşım
da zahirən eyni ilə rəhmətə gedən
qardaşıma bənzəyir. Yadıma gəlir
ki, biz xəstələnəndə, nəsə olanda dərhal
əl-ayağa düşərdi, çox pis olardı. Əslində,
sərtliyi ilə yanaşı, həm də
danışıb-gülən adam idi.
Mən çox dəcəl olmuşam. Amma heç
vaxt onun məni danladığını və ya vurduğunu
xatırlamıram. Uşağı tərbiyə
üsulu bir az başqa cür idi. Məni qarşısında oturdub o qədər
danışırdı ki, deyirdim kaş vurardı, gedib
yatardım.
- Eldar müəllim ən çox
kimlərlə dostluq edirdi?
-
Qasım Qasımzadə, Ramiz Rövşənlə dostluq
edirdi. Amma sizə deyim ki, ümumilikdə onun ətrafı
çox fərqli idi. Taksi
sürücüsü, fəhlə, həkim, şair, yəni
hər təbəqədən dostları vardı. Atam insanları sənətinə, peşəsinə
görə heç vaxt fərqləndirməzdi. Həm də özü məclis adamı
olduğundan şənliyi, deyib-gülməyi və ən əsası
azadlığı sevirdi. İndi məşhur
olan ədəbiyyat adamlarının hamısı bizim evdə
qonaq olublar. Düzdür, biz onların
yalnız üzünü görürdük. O, evdə
qonaq olanda uşaqların ortalıqda dolaşmasını
xoşlamazdı.
- Həmin dostlar onun
ölümündən sonra sizi xatırladılar, gəlib-getdilər?
- Yox. Amma mən bunu da normal qəbul edirəm. İnsan xislətidi. İnsanın
insana münasibəti əşyaya olan münasibətdən
uzağa getmir.
- Eldar Baxışın kim olduğunu nə zaman dərk etdiniz?
-
Açığı, o, sağ olanda, lap elə
dünyasını dəyişəndən sonra da onun kim olduğunu o qədər də dərindən
dərk etməmişəm. Təxminən 25-26
yaşımdan sonra bildim ki, mən kimin oğluyam. Ona qədər onu ancaq bir ata kimi bilirdim. Amma indi atam haqqında daha çox
düşünürəm, onun kimliyinin fərqinə
varıram. Xəttini başa düşmək
çətin olsa da arada açıb əlyazmalarına,
çap olunmayan şeirlərinə baxıram.
- Çap olunmayan şeirləri
çoxdur?
- Kiril əlifbası
ilə yeddi kitabı çap olunub. Bir də iki il əvvəl Slavyan Universitetində bir qrup tələbə
"Sərçə balası" adlı balaca
kitabını nəşr etmişdilər. Çap
olunmamış şeirləri var. Çünki hələ
xeyli əlyazması qalıb. Amma bibimin və
anamın dediklərinə görə o, son vaxtlar bir roman
yazırmış. Bu haqda atam özü
bibimə deyib. Yəqin ki, əlyazmalarının
arasında həmin roman durur...
Arada nəşriyyatlardan kitab çap etmək təklifləri
gəlir. Amma mən istəyirəm ki, bu işlə
birbaşa özüm məşğul olum. Sadəcə,
bu vaxt və mənim üçün cəsarət tələb
edən iş olduğundan məşğul ola
bilmirəm. Yəqin ki, bir gün o cəsarəti
özümdə tapıb onun şeirlərini çap etdirəcəm.
- Onun şeirlərində azadlıq,
üsyankarlıqla yanaşı, həm də
arzularının yerinə yetməməsi, puç olması
ilə bağlı bir nisgil vardı. Xoşbəxt olduğu məqamları
hiss etmişdiniz?
- O, insan
idi. Həyatın hər anını da insan kimi
yaşayırdı. Bəzən bizim
hamımızda olduğu kimi, onun da ruh halı dəyişirdi.
Yazıçı, şair ruhən
yıprananda, ovulub-töküləndə pozitiv şeylər
yaza bilmir. Görünür, atamın da həyatında
elə dövrlər olub ki, siz deyən şeirləri də
elə həmin məqamlarda yaranıb. Amma atam çox
xoşbəxt və pozitiv adam idi. Hər şeyi, hətta ona qarşı olunan pisliyi,
düşmənçiliyi də normal qəbul edirdi. Ona qarşı pislik edən adamlara qarşı
heç vaxt dağıdıcı fikirdə olmazdı. Onun bu xüsusiyyəti mənə də keçib.
- Bu xüsusiyyəti həyatının
ən faciəvi anında da özünü büruzə
verir. Oğlu Andayı vuran adamı bağışlayır...
- Elədir.
Atam onu bağışladı. Cavan oğlan idi. Həmin hadisədən
bir həftə sonra toyu olacaqdı. Hərəkətində
cinayət tərkibi olduğu üçün həbs
olunmuşdu. Amma atam onun tutulmasına
razı olmadı. Sonra nənəm, anam,
bibilərim, hamısı pis reaksiya verdilər. Amma, məncə, atam düz etmişdi. Mən də olsam, bağışlayardım.
Atam xəstə olan ərəfədə, səhv etmirəmsə,
o adam bir neçə dəfə gəlib
atama baş çəkmişdi.
- Qardaşınız rəhmətə
gedəndən sonra sizi qucağına alıb "oğlum, mən
artıq öldüm" - demişdi. Həmin sözlər
onun sonrakı həyatında özünü büruzə
verirdi?
- Mənə
elə gəlir ki, o, bunu məcazi mənada demişdi. Ruh halı necə olubsa, ağlına gələn
sözləri də deyib. Əlbəttə
ki, ağır hadisə idi. İndi mən
valideyn olandan sonra atamı daha yaxşı başa
düşürəm. O da övladlarına bağlı adam idi. Bəzən evə gec gəlsə
də, bizi yuxudan qaldırıb üzümüzdən
öpüb deyirdi - ata qurban, bu gün neyləmisiniz? Nə işlə məşğul olmusunuz? Belə bir insanın həyatında övlad itkisi
olursa, nə qədər pozitiv insan olsa da, müəyyən
bir zaman kəsiyində bədbəxtliyi hiss edir. Görünür, məni də qucağına
alıb o sözləri deyəndə pis vəziyyətdə
olub. Amma, məncə, o, zamanla bu
ağrının altından çıxdı. Beşyaşlı uşağın xatirələri
axı o qədər də dərin, qalıcı olmur.
Amma sonralar Anday üçün çoxlu şeirlər yazdı...
- Atanızın xəstələnməzdən
əvvəlki günləri yadınızda necə qalıb?
- Xəstəlikdən
əvvəl çox sağlam həyat tərzi keçirib. Hər səhər mütləq on qram zeytun
yağı qəbul edirdi. Müxtəlif
otlardan, ədviyyalardan çay dəmlətdirib içirdi.
Amma içkini də sevirdi. Bu
yaxınlarda atamın bibimdə olan şəkillərini
götürdüm. Ordakı şəkillərdən
biri Qasım Qasımzadənin bağında çəkilib.
Mən də onda atamla bağda idim. Həmin şəklə baxanda yadıma
düşdü ki, o gün atamgil çox içmişdilər.
Hətta mən heyrət etmişdim ki, zəhər
kimi arağı niyə bu qədər çox içirlər.
Amma
sağlam adam idi. Zəhərlənən
günü də evə gətirəndə halı
yaxşı idi. Vəziyyəti sonradan pisləşməyə
başladı.
- Zəhərlənəndən
sonra nə qədər yaşadı?
- Bir il. Amma ona da yaşamaq demək
olmur. Həmişə yorğan-döşəkdə
olurdu. Hərəkət etmədiyi, yeyə
bilmədiyi üçün də arıqlamağa
başladı. Xəstəxanada, ev
şəraitində nə qədər müalicə alsa da,
heç bir köməyi olmadı. Həkimlərin
diaqnozu isə zəhərlənmə idi. Əslində,
bir az tez üstünə düşsəydi,
bəlkə də heç nə olmazdı. Sadəcə
olaraq özünə çox arxayın adam
idi. İnanmırdı ki, ona nəsə ola
bilər. AzTV-də işləyirdi. Bir gün bizim köməkliyimizlə işə
getdi. Orda qapıya çatmamış zəncir
vardı, onu adlayıb keçməliydi. Biz
kənardan ona göz qoyurduq. Gördük
ki, o zənciri adlamağa onun taqəti çatmır. Elə həmin gündən sonra anamın, bibilərimin
təkidi ilə onu xəstəxanaya göndərə bildik.
O gündən iki gün ötməmiş də yatağa
düşdü. Beş aya yaxın xəstəxanada
yatdı, heç bir irəliləyiş olmadı. Həkimlərin konsilumundan sonra qərar belə oldu
ki, süni preparatdan zəhərlənib. Daha
sonra dövlət tərəfindən Mərkəzi Klinik Xəstəxanaya
köçürüldü. Ordakı
konsilumdan sonra həkimlər dedilər ki, qida zəhərlənməsindən
xəstələnib. Vəssalam. Elə son diaqnozu da bu cür oldu.
- Özünə xəstəliyi
yaxın qoymayan adam, ölümü
yaxına buraxdı?
- Son
dövrlər yaddaşı itməyə başladı. Mən həmişə deyirəm ki, mənim atam
1996-ci ildə yox, 1995-ci ildə, elə ilk dəfə xəstəxanaya
düşən gün dünyasını dəyişib.
O, bircə dəfə qanı yuyulanda ayılıb
hamını tanımış, həminki adam
olmuşdu. Ondan sonrakı vaxtlarda heç kimi
tanımırdı, heysiz, hərəkətsiz, həmişə
ya uzanıqlı, ya da əlil arabasında olurdu. O qədər
hərəkətsiz qalmışdı ki, bütün əzələləri
də iflic olmuşdu. Ölməklə o,
canını qurtarmışdı.
- Yaddaşını itirmək Eldar
Baxış üçün ən ağır zərbə
olmalıydı. Yaddaşı nə zaman ona xəyanət
etdi?
- Xəstəliyi
şiddətlənməmişdən əvvəl həmişə
həyata pozitiv baxırdı, ümid edirdi ki, sağalacaq.
Ayılanda həmişə deyirdi ki, yataqdan qalxacam, filan
işləri edəcəm və s. Hərəkətdə
olmağı sevən adam idi.
Ölümündən iki ay əvvəl yaddaşı
tamamilə itdi. Heç kimi tanımırdı.
Bir dəfə əli ilə kitabı işarə edib
göstərdi. Kitabı verdim. Sonra
işarə ilə qələm istədi. Qələmi
də əlinə götürüb kitabın birinci səhifəsini
açdı. Təxminən bir misralıq
nəsə yazdı. Amma sonra baxdıq, heç kim heç nə başa düşmədi
yazdıqlarından. Yazı yaddaşı da itmişdi...
- Eldar Baxışın
son gününü necə xatırlayırsınız?
- Həmin
günü mən o biri evimizdə idim. Atamın
vəziyyəti pis olduğundan, evdə qonaq, gələn-gedən
çox olduğundan elə pal-paltarlı yatmışdım.
Səhər vaxtı bibimqızı gəlib məni yuxudan
oyatdı, dedi ki, dayı rəhmətə getdi. Mən gedib evə
girəndə gördüm ki, doğrudan da ölüb
(susur)...
Amma iki gün əvvəl atama görə
qohumlarımızla dalaşmışdım. Mən də
həmin günləri çox əsəbi, aqressiv
olmuşdum. Çünki bir il ərzində
atamın xəstəliyi ilə bağlı o qədər pis
şeylər yaşamışdıq ki, əsəblərimiz
sıradan çıxmışdı. Son
günləri, saatları idi. Artıq can verirdi. Evə gələndə gördüm onu
götürüb yerdən üzü qibləyə tərəf
uzadıblar. Onu yaşaya-yaşaya,
üzü qibləyə görəndə çox pis oldum, əsəbiləşdim.
Sonra qaytarıb təzədən atamı
yatağına uzatdılar. O, hələ ölməmişdi,
hələ sağ idi. Amma ona səmtini göstərmişdilər
ki, bax, sən belə gedəssən.
- Atanız 47 yaşında
dünyasını dəyişib. Onun
öldüyü yaşa çatmaqdan ehtiyat etmirsiniz?
- Yox. Əksinə, mən o yaş dövrünü
gözləyirəm. Onunla bir yaşda olmağın necə
bir hiss olması mənim üçün çox
maraqlıdır. Bəlkə də on il
bundan əvvəl belə düşünməzdim. Amma indi belə fikirləşirəm. Hərdən onun qələmi, şeirləri,
fotoları olan şkafı açıb baxıram. Sonra isə bağlayıram. Ona
aid olan əşyalara toxunmaq istəmirəm. Ürəyim
gəlmir...
Söhbətləşdi: Samirə ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2018.- 15 sentyabr.- S.6-7.