HEKAYƏLƏR

 

AĞRI

 

Böyrəyimdən ağrı tutdu. Oğlum gəlib öz maşınıyla məni özəl xəstəxanaya apardı. Bizi can-başla qəbul etdilər. Əvvəl böyrək həkimi gəldi. Xeyli sorğu-sualdan sonra dedi:

- Gərək yatasız burda. Əvvəl rentgen eyləyək, sonra tomoqrafiya, kardioqramma, exokardioqramma... qan analizi! İndi isə, bir iynə vuraq sizə, bir az sakitləşin. Bu iynələri biz xaricdən dollarla alırıq.

Bir iynə vurdular mənə. Şəfqət bacısı dərhal ayağa qalxdı, əlindəki bir parça kağızla oğluma yaxınlaşıb dedi:

- Bunu ödəyin, zəhmət olmasa.

Oğlum maraqla soruşdu:

- Bu nədir?

Qız dedi:

- Həkimin iynənin pulu. Cəmi yüz iyirmi manat. Qırx həkimin, səksən iynənin.

Oğlum baxışı ilə mənə "narahat olma" dedi. Çıxdı, tez qayıtdı.

Böyrək həkimi daxili telefonla daha iki həkim çağırdı. Bir terapevt, bir cərrah. Ağrıdan ölürdüm. İynənin heç bir təsiri hiss olunmurdu hələ. Terapevtlə cərrah dərhal gəldilər. Hər ikisi məni əməlli-başlı əzişdirdi. Sonra sorğu-sual başladı. Zarıya-zarıya suallara cavab verdim. Heç demədilər. Əllərini yuyub getdilər. Onlar otaqdan çıxan kimi şəfqət bacısı yenə əlində bir parça kağız oğluma yaxınlaşdı.

- Yetmiş manat terapevt, səksən manat da cərrah üçün!

Oğlum maraqla soruşdu:

- Bağışlayın, cərrah neylədi ki?

- Onun stavkası elədir, - dedi şəfqət bacısı.

Oğlum bir söz deməyib çıxdı. Mən dilimi saxlamadım:

- Bu lap soyğunçuluq oldu ki...

Həkimin xoşuna gəlmədi sözüm. Amiranə şəkildə:

- Bura özəl klinikadır! Hər şey pulludur! - dedi.

Oğlum gələnə qədər həkimə dedim ki, sizin iynənin heç bir təsiri olmadı axı... Həkim mobil telefonunda bir nömrə yığdı, kiməsə mənim vəziyyətimi izah etdi onu öz otağına çağırdı.

Bir azdan xalatlı, qırmızı yanaqlı, çənəsi saqqallı bir kişi içəri girdi.

Onun sorğu-sualı başlayanda oğlum gəldi. Bu həkim məni əzişdirəndən sonra soruşdu:

- Qarnı üstə uzana bilərsinizmi?

Onun dediyi kimi uzandım. Ağrıdan bədənim əsirdi. O, bel nahiyyəmi massaj elədi ... qəfildən mənə iynə vurdu. Məəttəl qaldım. Axı onun əlində iynə yox idi. Cibində hazır gətirmişdi yoxsa? Oğlum soruşdu:

- iynə vurdunuz?

- Ağrıkəsici! - dedi çənəsi saqqallı kişi otaqdan çıxdı. Həkim iynəvuranı təriflədi:

- On il Ankarada işləyib. Gözəl mütəxəssisdir. Yalvar-yaxarla Bakıya gətiriblər. Onun iynəsi elədir ki, düz doqquz saat ağrımayacaqsınız.

- Bəs doqquz saatdan sonra?

Oğlumun bu sualı da həkimin xoşuna gəlmədi.

- Doqquz saatdan sonra əməliyyat oluna bilər. Bu müddətdə tomoqrafiya da edəcəyik.

Həkimin bu sözlərindən sonra oğlum dedi:

- Bu ağrıkəsicini elə bayaq vurardız da?..

Suala cavab gəlmədi. Kimsə zəng vurdu həkimə. Bu əsnada şəfqət bacısı yenə əlində bir parça kağız oğluma yaxınlaşdı.

- Səksən beş manat ödəyəcəksiniz.

Oğlum dinməz-söyləməz getdi, pulu ödəyib qayıtdı. Sakit səslə mənə dedi:

- Mən yarım saata gəlirəm.

Böyrək həkimi arif adamdı. Başa düşdü mətləbi.

- Heç darıxmayın, - dedi, - pulçun gedirsiz, bilirəm. Gedin, narahat olmayın. Biz xəstəni palataya yerləşdirərik.

Ağrıya-ağrıya ayağa qalxdım oğluma: "Sənə sözüm var", - dedim. - Çıxaq!

Həkim həyəcanlandı. Onun gözlərində şikarını əldən verən ovçunun qorxu hissi vardı.

- Hara gedirsiz? - deyə soruşdu.

- Qayıdıram, - dedim, - narahat olmayın.

Çıxdıq. Gözləmə otağında xeyli adam vardı. Oğluma işarə etdim ki, həyətə get. Qapıdan çıxan kimi ağrıma baxmayaraq maşına tərəf yüyürdüm. Oğluma: "Tez ol, getdik", - dedim. O, çaş-baş qalmışdı. Xasiyyətimi bilirdi. Bilirdi ki, bir şeyi qərara aldımsa, məni fikrimdən döndərmək olmaz.

- Sür! - deyə çığırdım, - birbaş evə!

Həyətdən çıxıb magistral yola burulanda oğlum yolu qırmızı işıqda keçdi. Tərs kimi arxadan da "QAİ" maşını gəlirdi. Fit çalıb maşınımızı saxlatdırdı. Oğlum cibindən iyirmilik çıxardı. Sonra bildim ki, cibində qalan axırıncı puluymuş bu iyirmilik.

Polis yaxınlaşanda oğlumun əlindəki iyirmiliyi görüb dedi:

- Bir az ehtiyatlı ol da... cavan oğlan.

Oğlum iyirmiliyi ona uzatdı, polis aldı yenə eyni nəzakətlə, oğlunu uzaq səfərə yola salan ata nəvazişiylə dedi:

- Yaxşı yol...

Qəribədir, ağrım kəsmişdi.

 

DİVARDAKI PORTRET

 

Yasəmən otağa girəndə biznesmen Səxavət viski içirdi. Cəld ayağa qalxdı. Katibəyə tapşırdı ki, heç kəsi yanına buraxmasın.

- Xoş gəlmisən, qızım, - dedi. - Bildim ki, gələcəksən. Anan deyib mənə. Dedi, Yasəmən universitetə girib, amma ödənişliyə düşüb. olsun? Qonşu qonşuya bəs vaxt lazım olar? Sənin təhsil xərcini axıracan mən ödəyəcəyəm. Allah sənin atana rəhmət eləsin. Məni o adam eyləyib. Mənə çörək verib.

Yasəmən çox sevindi.

- Allah razı olsun sizdən. Biz sizin yaxşılığınızı heç vaxt unutmarıq.

Divarda Hacı Zeynalabdin Tağıyevin portreti vardı. Biznesmen Səxavət çevrilib portretə baxdı şəstlə dedi:

- Biz Hacı Zeynalabdin Tağıyevin nəvələriyik, qızım. Allah rəhmət eləsin o kişiyə. Gördü ki, oğlanlarımız xaricdə təhsil alandan sonra qızlarımızı bəyənməyib urus-tatar alırlar, sənin kimi gözəl qızlar üçün məktəb açdırdı.

Səxavət "gözəl" sözünü deyəndə gözləri işıqlandı. Yasəməni başdan-ayağa müştəri gözü ilə süzdü :

- Bəlkə aclığın var, qızım, - dedi. - Bir şey gətirtdirim, birlikdə nahar edək.

- Yox, - dedi Yasəmən - ac deyiləm. Çox sağ olun.

Səxavət stolunun arxasından durub Yasəmənə lap yaxın gəldi əlini qızın çılpaq qolunda gəzdirib dedi:

- Hacı Zenalabdin Tağıyev deyərdi ki, o adam ki, pulludur pulunu milləti üçün xərcləmir, o, biqeyrət adamdır. Allah rəhmət eləsin ona. İmam kimi adamdı.

Yasəmən qolunu geri çəkdi. Səxavət özünü o yerə qoymayıb sözünə davam etdi:

- Sənin, inşallah, toyunu da özüm eləyəcəyəm. Allah atana rəhmət eləsin. Onun ən böyük arzusu sənin toyunu görməkdi. ... indi de görüm, sənin təhsil haqqın ildə qədərdir?

Yasəmən utana-utana dedi:

- Min səkkiz yüz manat.

- Lap yaxşı. Sən belə elə. Beynəlxalq banka get, yüz manat qoy, yəni hesab açdır, sonra həmin hesab nömrəsini ver mənə. Yanında pul yoxdursa, mən verim.

Yasəmən təşəkkür etdi, yalandan "varımdır" - dedi. Fikirləşdi ki, evdən götürər. Getmək istəyəndə, Səxavət yenə qızın qolundan tutdu.

- Səni belə buraxa bilmərəm, qızım. Heç olmasa, bir fincan kofe .

Yasəmən qədər etiraz etsə , biznesmen Səxavət əl çəkmədi.

Səxavət viski şüşəsini bir stəkanı götürub stolun üstünə qoydu. Yenə divardakı portretə baxdı.

- Biz bu kişinin yolunu davam etdiririk! Allah ona rəhmət eləsin!

Yasəmən viski şüşəsinə baxıb ayağa qalxdı.

- Mən gedirəm. Sağ olun.

Biznesmen Səxavət yenə qoymadı. Yasəmənin qarşısını kəsdi.

- Səni mən doğma balam kimi çox istəyirəm, qızım, - dedi Yasəməni qucaqladı.

Qız çırpınıb zorla biznesmen Səxavətin qolları arasından çıxa bildi. Səxavət əllərini uzadıb Yasəməni tutmaq istəyirdi ki, qəflətən söyüş dolu qayibanə səs eşitdi. Gözləri bərəldi, tər basdı onu. Qorxudan titrəyərək ətrafa baxdı. Otaqda heç kəs yox idi.

Divarda asılan portretdən başqa...

 

Aqşin Babayev

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 sentyabr.- S.7.