Həyatımın ifadəsi
olan şeirlər
"Ədəbiyyat qəzeti"ndə
"Şam eylər yoluna sağ əl sol əli..." silsiləsi
barəsində düşüncələrim
Ötən
həftənin "Ədəbiyyat qəzeti"ni gözdən
keçirirdim. Elə sözümün bu yerində vurğulayım ki,
"Ədəbiyyat qəzeti" indi daha oxunaqlı olubdu. Və bu
oxunaqlığın da əsas səbəbləri, mənim zənnimcə,
bu qəzetin sözün bütün sahələrinə diqqət
ayırması və yaradıcı mühitə daha çox
yaxınlaşmasıdı. Təbii ki, bu yazım
"Ədəbiyyat qəzeti" barəsində deyil. Sadəcə sözgəlişi fikrimi oxucu
yaddaşına bir toxum kimi səpdim. Məqsədim qəzetin
son sayındakı bir şeir silsiləsi barəsində
düşündüklərimi sizə
çatdırmaqdı...
Adətən mən istənilən qəzetdə
tanıdığım, tanımadığım müəlliflərin
şeirləri ilə qarşılaşanda özümdən
asılı olmadan həmin qəzeti, həmin şeir nümunələrini
gözdən keçirirəm. Və xoşuma gələn,
diqqətimi çəkən şeirlər barəsində
"Ədalət"də də yazmağa, müəllifə
də telefon açıb fikir bildirməyə özümdə
ehtiyac duyuram. Bunun yaxşı, ya pis cəhət
olduğunun fərqinə də varmıram. Çünki mən şeir barəsində
danışanda, yazanda elə bilirəm ki, söhbət mənim
özümdən gedir. Bax, indi barəsində
fikirlərimi sizə çatdırmaq istədiyim şeir
silsiləsinin özü mənim üçün həsrət
qaldığım doğma kəndimin mənzərəsilə
eynidir. Bu obrazlı ifadənin arxasında kəndimin real
coğrafi mövqeyi -
dağı, yamacları, yaşıllıqları,
bulaqları və bir də min bir rəngli çəmənləri
dayanır. Gəzirəm, dolaşıram, hər
gülün fərqli ətrini, hər bulağın fərqli
dadını və hər daşın oyuğunda özünə
sığınacaq tapıb, pətək quran arıları
düşünürəm. İnanın
ki, bu gerçək mənzərədi. Mənim
gördüyüm də bu şeirlərin sayəsində
gözümün önündə canlandırdığım mənzərədi.
Çünki söhbət həqiqi
sözün ifadə gücündən, oxucuya təsir etmək
məharətindən gedir. Və bu şeirlərin müəllifi
də sözü özünəməxsus bir şəkildə
elə çatdırır ki, sanki oturmusan bir bulaq
başında, bulağın zümzüməsinə hardansa
uzaqlardan gələn, amma səni çəkib öz
yanına aparan bir pıçıltıya təslim olmusan. O səs,
o pıçıltı səni özündən, içindən
alıb aparıbdı. Getdiyin yolun özü də
sənin üçün bəmbəyazdı, dupdurudu göy
üzü kimi. Çünki o sözün, o
pıçıltının sahibi üzünü
hamımıza tutub deyir:
Yerdənmi, göydənmi gəlib söz yolu?
Şam eylər yoluna sağ əl sol əli.
Gedərəm
çiynimdə bir cüt göyərçin,
Duraram min
rəngli dumanlı yolda:
Xeyirli hansıdı, hansını seçim?
Sözün
qırx qapısını açıb görərəm,
Dözümüm saçımdan asılıb göyə.
Canım
söz içində sehrli quşdu,
Bir igid gələcək xilas etməyə.
İndi yəqin ki, şeir parçasından öncə
yazdıqlarımın hardan, nədən
qaynaqlandığını oxuyub siz mənimlə
razılaşdınız. Gördünüz ki,
söz təkcə yerdən, bizim içimizdən deyil, həm
də göydən gələ bilir. İnandınız
ki, sözün yolunda saçından asılmaq
mümkündür. Və həm də
şahidi oldunuz ki, bu dözüm tələb edən, bu məşəqqətlərdən
keçən, necə deyərlər, sahibini saçından
asan sözün xilaskarı da elə bizim
özümüzük, yəni oxuculardı. Şeirləri oxuyanda,
ümumiyyətlə, bədii ədəbiyyat nümunələrini
mütaliə edəndə hər kəs öz payına,
müəllifin həmşərikinə çevrilir. Onun dərdinin,
kədərinin, sevincinin ortağı olur.
Açılar
ömrümün köz karxanası,
Sökülər
dərd yükü, söz barxanası,
Allahla
aramda körpü olası
Sətir böyüdürəm ona yetməyə.
...
Daşın da, sözün də yaddaşı varmış,
Ocağın,
közün də yaddaşı varmış,
Tanrım,
insanın söz yaddaşıymış,
Mən də sözdən, sirdən, daşdan göyərdim.
Gördünüzmü, müəllif özü də
etiraf etdi. Daha doğrusu, bizim bildiyimizi bizə təkrar
xatırlatdı. Təkrar xatırlatdı
ki, daşın da, sözün də yaddaşı
Tanrının insanın timsalında ifadə etdiyidi,
yaşatdığıdı. Bax, bu ifadə
missiyası sözü təkrar göyərdir, sözü təkrar
yaşadır və sözə təkrar yeni çalarlar
qatıb onu ölməz, bitib-tükənməz edir. Çünki hər bir insan həm də konkret bir
missiyanın, əməlin sahibidir. Onu
reallaşdırandı. Bax, bu mənada
qarşımızda açılan yol bizi səsləyən
uğurlar, yüksəkliklər həmin o əməldən,
o məqsəddən, o istəkdən qaynaqlanır. O tərpəniş,
o addım atma nöqtəsi məhz əməlin mayasından,
hüceyrəsindən boylanır. Və insan özü də
bilmədən əməlinin dəftərini, kitabını,
bütövlükdə tarixçəsini nöqtə-vergülünə
qədər yaşantılarıyla, düşüncələrilə
bəzəyir, özündən sonrakı həm həyata, həm də
nəslə əmanət qoyur. Bu prosesin içərisində
söz də püxtələşir və təkrar yaşam
haqqını qazanır. Ona görə də
müəllifin "Əməl dəftəri" oxucunu
mürgüləməyə qoymur, onu silkələyir, ona
kimliyini söyləyir.
Ya
yağışlı havada,
ya da qar
qapını alanda,
sübh
tezdənmi, bilmirəm,
bəlkə də Ay işığında,
nə
vaxtsa,
açılacaq yolla
qapına
gələcəyəm,
İlahi!
Əmanət
verdiyin ruhumla,
səndən özgəyə oxunmayan
iki əməl
dəftərimlə...
Sənə
dönəcəyəm...
son əvvələ
qayıdacaq.
Sonra haqq
tərəzisi, tale yazısı,
həyatın ədalət çəkisi,
hər
iki dünyanın yaşam ahəngi...
ömrün üzü üstə çevrilmiş
Tanrı güzgüsü.
Sualın
ölçüsü çox böyükdü:
Allahım,
mən
necə yaşadım?
Bu şeiri oxuduqca elə bildim ki, hər günün
sonunda hər kəs öz sığınacağına
çəkiləndən sonra Allahıyla tək qalıb
gününə yekun vuranda düşünülən,
ağızdan, ürəkdən gəlib keçən o
hesabat zamanının iştirakçısıyam. Yəni
özüm-özümə hesabat verirəm,
özüm-özümün kimliyini, nələrə qadir və
qalib olduğumu, nələrdən
yayındığımı, nələrə tuş gəldiyimi Allahım
önündə tam səmimi şəkildə dilə gətirirəm.
Bax, bütövlükdə "Əməl dəftəri" bu mənzərənin
fırça ilə yox, qələmlə çəkilib nəfəs
verilmiş şəklidi. Ona görə də
şeiri su kimi içirsən və o su sənə bir daxili
rahatlıq gətirir, ehtiyacını ödəyir.
Doğrudan da canlı orqanizmin həmişə
ehtiyacı olub, var və olacaqdı. Çünki bu,
yaşam haqqıdı, yaşam tələbatıdı.
Məsələyə vurğuladığım
bucaq altında baxanda, onda şeirə çevrilən
sözün rəngi də diqqət mərkəzinə gəlir.
Düşünə bilərsiniz ki,
sözün rəngi mücərrəddi. Onu hər kəs
görə bilmir
və yaxud da istədiyi kimi görür. Bu
fikirlə müəyyən mənada razılaşmaq olar.
Amma mən bir oxucu və həm də
az-çox sözlə məşğul olan bir Allah bəndəsi
kimi deyə bilərəm ki, şeir sözünün,
şeirdə işlənən sözün rəngi həm də
bütöv orqanizm olan şeirin ovqatından ortaya
çıxır. Əgər şeirin
ovqatı oxucunu öz təsiri altına alırsa, onu
bütünlüklə poetik dünyaya çəkib
aparırsa, onda sözün rəngi bütün rənglərin
ən mükəmməli, ən gözəlidi. Şəxsən mənim üçün rənglərin
şahı göy üzünün rəngidi - dupduru göy
üzünün rəngi. Və mənə
görə sözün də, xüsusilə şeir
sözünün rəngi də elə göy
üzünün rəngiylə eynidi. Ona görə də:
Bu gecə
şeirin
rəngini gördüm.
Tanrı
şeiri,
ağappaq işıq rəngində,
ağappaq yolla,
ağappaq təbəssümlə
göndərmişdi.
Hər sətir
ağappaq
işıq saçan közdü...
içimə dolduqca
yol
göründü, yol açıldı.
Sonra o
yolla söz
doğuldu,
söz
yarandı.
Söz vərəqin
üzünü ağartdı,
sonra,
sonra
şeir
sözü
rənglədi,
cilaladı...
Düşünürəm ki, bu bir parça artıq mənim
öncə dediklərimi müəllif ifadəsində, müəllif
təqdimatında təsdiq edir. Bax, siz də bir oxucu olaraq
sözün rəngiylə bağlı istənilən mübahisədə
və yaxud fikir bölüşməsində əminliklə
müəllifin poetik düşüncəsinin bəhrəsi
olan misralara istinad edə bilərsiniz.
Mən "Ədəbiyyat qəzeti"ndə
oxuduğum və barəsində fikirlərimi
bölüşdüyüm bu silsilənin müəllifi dəyərli
şairəmiz Sona Vəliyevadır. Bir oxucu olaraq müəllifi
bu poetik uğurlara görə təbrik etməklə bahəm,
həm də demək istəyirəm ki, silsilə mövzu
dairəsinə görə də çox maraqlıdı.
Burada təkcə sözdən, duyğulardan
yox, həm də bizim bir insan kimi
yaşantılarımızdan da bəhs olunur. Yəni sevgi də,
həsrət də, yurd nisgili də özünə
qayıdanda böyük olan türkün qüdrəti və əzəməti
də Sona xanım Vəliyevanın söz
dünyasındakı canlı obrazlarıdı. Müəllif bu canlı obrazları öz
poeziyasının həm ifadə vasitəsinə, həm də
həmin vasitədən istifadə etməklə öz
duyğu və düşüncələrini halal,
böyük, bütöv sözün özünə
çeviribdi. Bir az da konkret desəm,
müəllif oxucu önünə özünü təqdim
edən sözün canlı nümunəsini qoyubdu. O nümunələr
oxunmur. Əksinə, o nümunələr
danışır və oxucunu dinləməyə, özü
də duyğular, düşüncələr içərisində
dinləməyə məcbur edir.
Yazımın sonunda Sona xanım Vəliyevaya bir oxucu təşəkkürü
ilə yanaşı, onun öz misralarından
çıxış edərək demək istəyirəm ki,
bu şeirlərdəki yaşantılar hamı kimi mənə
də tanışdı, mənə də doğmadı, mən
də o yaşantıların ovcunun içərisindəyəm. Və sizinlə bir daha
razılaşıram ki:
Sən
ağrıyla çarpışan an
mən
qorxunun içindəydim...
Yer,
göy qaranlığın, soyuğun...
Ümidlərim,
dualarım göy yaşımın içindəydim.
Boylandım
sənsizliyə,
havanın, günəşin, suyun
özümün içimdən boylandım,
boylandım inamla,
sevgiyə, təsəlliyə.
Gözümlə
gördüm Yer üzünün boşluğunu
gözümlə gördüm
sənsizliyin necə olduğunu.
Bəli, həqiqətən mən də
Qarabağsız, yurd-yuvasız və bir də sözümə
baxmayan ağrılı ürəyimin məni küncə
sıxdığı və heç vaxt nəfəs
almağıma rahatlıq verməyən anlarımın
içində nümunə gətirdiyim şeir
parçasındakı anların iştirakçısına,
həm də daşıyıcısına çevrilirəm. Bu şeiri oxuduqca
düşündüm ki, müəllif mənim dünyamı
hardansa lap uzaqlardan, bəlkə də göy üzündən izləyibdi.
Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 15 sentyabr.- S.9.