Mihai Eminesku Beynəlxalq Ədəbiyyat Akademiyasının prezidenti İon Deakonesku Rumıniyanın öndəgələn şair və elm adamlarından biridir. Adı dünya ədəbi çevrələrində yetərincə tanınan İon Deakonesku ilə 2015-ci ilin belə bir sentyabr günündə Rumıniyanın Krayova şəhərində dünya şeir festivalında tanış olacaqdım. Və bu tanışlığımız sonra dostluğa çevriləcəkdi. Bəri başdan deyim ki, İon Deakoneskunun dünya ədəbiyyatına xidməti ölçüyəgəlməzdir. Onun təşkil etdiyi şeir festivalları sayəsində dünyanın çeşidli yerlərindən gələn sənət adamları bir-birilə yaxından tanış olur. Bu tanışlıq da sonralar qırılmaz dostluq əlaqələrinə, ədəbi coğrafiyaların genişlənməsinə gətirib çıxarır. İon Deakoneskudan yazarkən, əvvəllər də müxtəlif səbəblərlə işlətdiyim fikri bir daha təkrarlamaq istəyirəm: Bir adam az, milyon adam çox deyil. İon Deakoneskunun gördüyü işləri bir-bir sadalasam, yəqin ki, uzun bir yazı alınar. Sadəcə, onu deyim ki, onun dünya ədəbiyyatının tanıdılmasında və təbliğində gördüyü işlər kimsə ilə müqayisəyə gəlməz. İon Deakonesku 1947-ci ildə Rumıniyanın Tırqu-Loqreşti bölgəsində dünyaya gəlib. Ali ədəbiyyat təhsilini Buxarest Universitetinin filoloji fakültəsində alıb. Alimlik dissertasiyasını da eyni universitetdə müdafiə edib. Uzun illər Krayevo Universitetində müəllim kimi fəaliyyət göstərib. Dünyanın bir çox ölkələrində Rumın ədəbiyyatı və mədəniyyətinin çeşidli problemləri ilə bağlı məruzələr edib. Böyük rumın şairi M.Emuneskunun yaradıcılığına həsr olunmuş çoxsaylı araşdırmaları var. İon Deakoneskunun dünyanın bir çox dillərində şeir kitabları, romanları, elmi məqalələri çap olunub. Onların arasında "Ruhun fotosunu çəkmə cihazı" (1981), "Anın sonsuzluğu" (1986), "Səsin maskası" (1987), "Qrammatika davası" (1991), "Dinamik sıfır" (1995), "Şəfəq titrəyişi" (1995) "Səhra bağçası" (1997), "Qaranlıq yarası" (1998), "Kədər bayramı" (2001), "Boş əks-səda" (2002), "İşığın qanadları" (2009)," Lənətlənmiş şair" (2011) və s. kitabları çap olunub. Dünyanın bir çox nüfuzlu mükafatlarına layiq görülüb. Bu önəmli sənətkar uzun illərdir təsisçiləri arasında Soyinka və Çeslav Miloşun kimi Nobel mükfatı laureatları olan və öz ətrafında Avropa elm və mədəniyyətinin görkəmli xadimlərini birləşdirən Mihai Eminesku Beynəlxalq Ədəbiyyat Akademiyasını prezidentidir. İon Deakoneskunun yaradıcılığı haqqında Ejen Qiyvik, Rafael Alberti kimi dünyanın bir çox öndə gedən söz adamları önəmli fikirlər söyləmişlər. Fransız ədəbiyyatının klassiki Ejen Qiyvikin diliylə desək, "Onun əsərləri, ruhun yoxluğuna, yalnızlıq və həssaslığın tükənməz quyusuna dalış kimidir." Elə bilirəm, dilimizə çevirməyə çalışdığım aşağıdakı şeirlər bu fikrin təsdiqinə xidmət edəcək.

 

Məmməd İSMAYIL

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 sentyabr.- S.11.