Çağdaş Azərbaycan sərbəst
şeirinin özünəməxsus
üsluba və istedada malik gənc nümayəndəsi Fərid
Hüseynin “Səmərqənd divanı” adlı poetik silsiləsi
bir neçə baxımdan maraqlıdır: Əvvəla
poemaların, uzun şeirlərin, poetik silsilələrin az yazıldığı, yaxud heç yazılmadığı
bizim dövrdə Fərid Hüseyn “Səmərqənd
“divanı” adlı poetik silsilə qələmə almaqla ilk
növbədə ənənəni dirçəldir. Eyni zamanda, müəllifin məcazi mənada “divan”
adlandırdığı poetik əsərində klassik Şərq
və ümumtürk poeziyasına xas məcaz, təşbeh və
bənzətmələri stilizə edir, bəzilərini isə
yeni yozumda, fərqli şəkildə təklif edir.
Bununla da “divan” adına bəraət
qazandırmağa çalışır. “Səmərqənd
“divanı” “Şərqin Roması” adlandırılan bir şəhərin
– Səmərqəndin tarixi yerlərini gəzən, bu səfər
zamanı şəxsi, ictimai, fəlsəfi duyğu və
düşüncələrini, əbədiyyət, fanilik və
ötəriliklə bağlı fikirlərini bölüşən
şairin monoloqudur. Bu monoloq şəhərin
– Səmərqəndin tarixi ilə uğurlu şəkildə
bağlanır, bəzən oxucuda tarixi-poetik esse təəssüratı
yaradır. “Səmərqənd “divanı”
eyni zamanda Azərbaycan-Özbəkistan ədəbi əlaqələrini
çağdaş və parlaq səhifəsi kimi də qiymətlidir.
Mən müəllifi təbrik edir, onun bu
maraqlı poetik əsərinə həqiqi divan ömrü
arzulayıram.
ANAR
Ədəbiyyat qəzeti.- 2018.- 15 sentyabr.- S.20.