Zirzəmidə ölən rəssam...
Parisin "Bel Vyu" adlı miniatür teatrı 1905-ci
ildə Tiflis şəhərinə bir həftəlik qastrol səfərinə
gəlir. Səfərdən bir neçə gün öncə
şəhərin görkəmli yerlərində "Yenilik!
Bel Vyu öz ecazkar aktrisası Marqarita de Sevr ilə
qonağımızdır!" məzmunlu afişalar
yapışdırılır. Afişaların
üstünü şanson müğənnisi, ecazkar rəqqasə
Marqaritanın şəkli bəzəyir. Sonralar rus
yazıçısı Paustovski bu fransız xanım haqda belə
yazmışdı: "Bütün kişilər
Marqaritanın gözəlliyinə ehtiyac duyurdu. Lakin onun ürəyinin qapıları həmişə
bağlı idi. Xanım
davranışlarında özünə etinasız
görünsə də, gəzdirdiyi gözəlliyə ciddi
qulluq elədiyi hiss olunurdu. Şux ipək
geyimi və bihuşedici Şərq ətirləri
Marqaritanın gözəlliyinə əlavələr qatır,
onu daha "təhlükəli" gözələ döndərirdi".
Bəzən
bir qarın yeməyə və bir şüşə
çaxıra kafelərin girəcəyinə, divarlarına
şəkillər çəkən, gecələr Kür
çayının sahillərində tənha veyilləndikdən
sonra Tiflisin qaranlıq zirzəmilərində gecələyən
Niko Pirosmani Marqaritanın afişadakı şəklini görən
kimi ona aşiq olur. Qırx üç
yaşlı kimsəsiz, səfil rəssam qastrola gələn
teatr heyətinin qaldığı mehmanxananın yerini
soraqlayıb gecəylə tapır. Niko
şəkildə gördüyü fransız xanıma öz
sevgisini çatdırmaq üçün səhər tezdən
bazara gedib borc-xərc tapdığı pullarına bir qucaq
qızılgül alır. O, gətirdiyi gülləri
Marqaritanın müvəqqəti yaşadığı məhəlləyə
aparan dar cığırlı daş döşəmələrlərə
bir-bir düzərək düz onun yaşadığı
otağın qarşısına qədər uzadır. Yollarına qızılgül səpələnmiş
aktrisa səhər tezdən gördüyü mənzərədən
çox təsirlənir və bu jestin müəllifi ilə
maraqlanır. Güllərin kim tərəfindən
düzüldüyü teatr truppası üçün bir
neçə gün müəmmalı qalır.
Niko gülləri, üzünü görmədən
sevdiyi qadının məhəlləyə qalxdığı
daş cığırlara düzdükdən sonra bu sevincini
zirzəmi kafelərin birində qeyd etməyə yollanır. İçki
məclisində özünü saxlaya bilməyən Pirosmani
söhbəti dostlarına açır. Həmin
günün axşamı səfil rəssamın sevgi macərası
kafelərdə söylənərək bir neçə
günə bütün Tiflisə yayılır.
Belə bir insanın mövcudluğundan xəbər
tutan Marqarita Pirosmaniyə teatrlarının konsert dəvətnaməsini
göndərir. Dəqiq yeri-yurdu bilinməyən,
tutduğu əməlinin sərxoşluğunu günlərlə
davam etdirən rəssam dəvətdən xəbərsiz olur.
Heyranı olduğu aktrisanın göndərdiyi
dəvətnamə teatrın Parisə dönüşündən
bir neçə gün sonra rəssama çatır. Sevdiyi xanımın dəvətnaməsini
vaxtında almayan Niko eşidəndə ki, Marqarita hansısa
varlı bir pərəstişkarı ilə Tiflisdən Parisə
gedib, çox sarsılır. Lakin bu əhvalatdan
tarixə "Aktrisa Marqarita" adlı bir Pirosmani şedevri ərməğan
olur.
Zirzəmi kafelərinin küncündə
çaxırla baş-başa qalan Pirosmani haqda yayılan
söz-söhbət getdikcə şişirdilib dastana
çevrilir.
Guya rəssam Marqaritanın
yaşadığı məhəlləyə bir araba gül
göndəribmiş. Gürcü
gopbazları sonralar başqa versiyalar danışdılar.
Guya Nikonun bir evi varmış, bir gün o evi satıb Tiflis
mağazalarındakı bütün gülləri alaraq doqquz
arabaya yükləyib
Marqaritaya göndərir.
Sonralar həmin əhvalatdan xəbər tutan məşhur
rus şairi A.Voznesenski "Milyon alıx roz" şeirini
yazır.
Şeirə Raymond Pauls gözəl bir nəğmə
bəstələyir. Həmin mahnı Alla
Puqaçovanın ifasında bütün dünyaya
yayılır.
Nikolay Aslanoviç Pirosmanaşvili təxminən 1862-ci
ildə Kaxetin Mirzəyanı adlı dağ kəndində
kasıb bir ailədə dünyaya gəlmişdi. Niko
dörduşaqlı ailənin ən kiçiyi idi. O, səkkiz
yaşında olarkən atası Aslan dünyasını dəyişir.
Ərinin ölümündən sonra ailənin maddi durumu
ağırlaşdığına görə anası Təklə
xanım Nikonu bakılı sahibkar Eprosina Kələntərova
soyadlı xanımın
yanına qulluqçu göndərir. Atasının
ölənə qədər qulluq elədiyi Kələntərovlar
ailəsinə qaynayıb-qarışan Niko 1870-ci illərin
ortalarında öz tay-tuşu olan Georgi Kələntərovla
Şulaver kəndindən Tiflisə gəlirlər. Niko
Tiflisdə əl işləri ilə məşğul olan bir-iki
usta yanında olur, gürcü və rus dillərində
yazıb-oxumağı öyrənir. Lakin o,
ustaların verdiyi cüzi məvacibdən bezir və təxminən
1876-cı ildə yenidən Mirzəyanı kəndinə,
bacısının yanına qayıdır. Gələcəyin məşhur rəssamı burada
bir müddət çobanlıqla məşğul olur.
Şəhər
mühitinə can atan Pirosmani 1880-ci ildə yenidən Tiflisə
gəlir, yaşam pulu qazanmaq üçün rəssam dostu
Qiqo Zaziaşvili ilə dekotariv yazılar dükanı kirayələyir.
Kafe-dükanların üstünə
yazdıqları reklam yazılardan gələn gəlirlə
dolana bilməyən dostlar dükanı bağlamalı olurlar.
Niko 1890-cı ildən dəmir yolunda yol nəzarətçisi
işləyəsi olur. Yoldəyişmə işində ciddi
rejimə dözməyən Pirosmani tezliklə bu işdən
də azad edilir.
Niko cüzi pul qazanıb yaşamaq üçün
Dmitri Aluqişvili adlı bir alverçi tanışı ilə
süd dükanı açır. Elə həmin
vaxtlardan rəssamın ilkin əl işi yaranmağa
başlayır. Pirosmani dükanın
giriş qapısının yanlarına, ölümündən
sonra şedevr sayılacaq, "Ağ inək" və
"Qara inək" adlı iki rəsm çəkib asır.
Bu rəsmlərdən sonra dükana gələn
müştərilərin sayı günü-gündən
artır. Lakin alverə maraq göstərməyən
Niko tez-tez dükanı tərk edib Mirzəyanı kəndindəki
doğmalarının yanına qaçır, orada da qərar
tuta bilmir, təzədən Tiflisə qayıdırdı.
Bir müddət süd alveri ilə məşğul
olan dostunun verdiyi cüzi pulla dolansa da, Niko Pirosmani 1990-cı
ildən artıq öz rəsm sənəti ilə pul
qazanmağa qərar verir.
Heç
bir rəssamlıq məktəbində təhsil almadan,
qeyri-adi rəsmlər çəkən bu arıq, ucaboy,
adamayovuşmaz adam haqda müxtəlif
söz-söhbət gəzməyə başlayır. Guya Niko gecələr müqəddəs
varlıqlarla gəzib-dolaşdığına görə onun
fırçasını Tanrının özü idarə
edir.
Pirosmani öz rəsmlərini köhnə
stolüstü klyonkalardan düzəltdiyi freskalarda çəkirdi. Elə buna görə rəssam
klyonkalardakı rəngləri yox etmək üçün
çəkdiyi rəsmlərin əksəriyyətini qara fonda işləməli olurdu.
Evsiz-eşiksiz
rəssam ailə qurmağa risk eləmir, beləcə, hərdən
aldığı sifarişləri yerinə yetirərək xırda gəlirlə
yaşayır, Tiflisin zirzəmilərində sərxoş
uyuyurdu. Rəsm çəkmək ehtirası
günü-gündən alovlansa da, heç kim
Pirosmanaşvilini rəssam kimi görmür, onun meyxanalar
üçün çəkdiyi rəsmlərini ciddiyə
almırdı.
1912-ci ildə futurist şair İlya, onun qardaşı
futurist rəssam Kirill və rəssam dostları Mixail Lyö
Dantyü Nikonun bir neçə rəsmini toplayaraq haqqında
yazıb qəzetlərdə çap elətdirirlər. Beləcə,
futurist rəssamların 1913-cü ildə Moskvada düzənlədiyi
"Mişen" adlı sərgidə şair İlya
Zdaneviçin Tiflisdən gətirdiyi Pirosmani rəsmlərinin
də bir neçəsini salonun divarından asırlar. Sərgidən sonra gənc gürcü rəssamları
Pirosmaninin yaradıcılığı ilə maraqlanmağa
başlayır, Almaniyada təhsil almış David
Şeverdnadze isə onun rəsmlərini toplamağa
girişir.
5 may,
1916-cı ildə Kirill Zdaneviç öz emalatxanasında
Pirosmaninin birgünlük sərgisini keçirdir. Lakin belə xırda cəhdlər onun həyatında
heç nəyi dəyişə bilmir, evsiz rəssamın
maddi ehtiyaclarını ödəmirdi. Təkcə
bir dəfə Tiflisdə yenicə yaranmış Rəssamlar
İttifaqı ona 200 manat yardım edə bilir. Rəssamın
arzuladığı geniş həyətli bir ev, həyətində
mütəmadi olaraq
müxtəlif rəssamların rəsmlərindən
ibarət sərgi keçirtmək arzusu, elə arzu olaraq da bu
dünyada qalır.
Pirosmaninin
müasiri olan gürcü rəssamı Lado Qudiaşvili
öz xatirələrində yazır: "Nikonu Rəssamlar
İttifaqının iclasına dəvət etmək mənə
həvalə olundu. Soraqlaşaraq onun
yaşadığı evi çox çətinliklə
tapdım. Mən ora çatanda
gördüm uşaqlar onun qapısını
daşlayırlar. İçəridən
isə dəli adamın boğuq bağırtı səsi gəlirdi.
Qapını ədəblə
döydüyümə görə durub açdı. Dərin bir zirzəmidə yaşayırdı.
Dəvətimi eşitdikdən sonra ayağa durub
üst-başını göstərərək belə dedi,
bu əyin-başla mötəbər insanların üzünə
necə çıxa bilərəm?"
Məşhur rəssam Pirosmani 1918-ci ildə 56 yaşında öz zirzəmisində tənhalıq içində dünyadan köçür. Ölümündən sonra onun çoxlu sərgiləri düzənlənir, haqqında əsərlər yazılır, həyatından kino çəkilir. Nikonun əsərlərinin hər birinin qiyməti milyon dollarla qiymətləndirilir.
Pirosmani bu dünyanı gözəlləşdirmək üçün özündən sonra "Aktrisa Marqarita", "Maral", "Beş zadəganın şənlənməsi", "Çariça Tamara", "Kaxetiya çaxırı", "Zürafə", "Şota Rustaveli", "İnək sağan", "Müqəddəs Qeorqi", "Bulağa gedən ana", "Süpürgəçi", "Pivə içən qadın", "Odun daşıyan" kimi iki yüzə yaxın rəsm əsəri qoyub getdi...
Murad Köhnəqala
Ədəbiyyat qəzeti.- 2018.- 15
sentyabr.- S.13.