Turan Cavid - zamanın taleyini yaşayan xanım... -

 

Cavid əfəndi "Azər" əsərinin əlyazmasının son vərəqində yazırdı: "Həyat mütəmadi şahmatdır." Gözəl məntiqdir. Həqiqətən də həyat şahmat oyunu kimidir  bu oyunu mükəmməl bilənlər  həyatdan hər bir şeyi almağı bacarır, bu oyunu oynamağı bacarmayanlar isə məhvə doğru sürüklənirlər.

Mübariz insanlar bu oyunu mükəmməl bilməlidirlər. Təəssüf ki, alınlarına mübarizə, əzim yazılmış Cavidlər ailəsi həyatın əbədi bir şahmat oyunu olduğunu bilsələr də, həyatla oynaya bilmədilər, daha doğrusu oynamaq istəmədilər. Göründüyü kimi oldular, olduğu kimi göründülər, yaşadılar və amansız sövetlərə qarşı məfkürə savaşı açdılar. Hələ, "Bu dünya özü bir səhnədi demək. Hər kəs aktyorluq edir bilməyərək" - düşüncəsini paylaşan filosof şair-dramaturq, əqidəcə türkçü, turançı Cavid əfəndi həyat səhnəsində ən zor zamanda, ən zor rola sahibləndi. Bəlkə də belə  olmalı idi, bəlkə də bu, onun missiyası, alın yazısı idi. Deyirlər axı, "Yazıya pozu yoxdur!"

Cavidlərin - Cavid əfəndinin, Mişkinaz xanımın, Ərtoğrol vəTuran xanımın yaşadıqları da alın yazısı, qismət payı imiş. Bu səbəbdən heç zaman sözündən, məramından dönməyən Cavidlərin taleləri, qədərləri xarakterini deyil, xarakterləri talelərini, qədərlərini müəyyənləşdirib. Taleyini, qədərini xarakteri, xarakterini isə yaşadıqları, çəkdikləri müəyyənləşdirən Cavidlərdən biri də böyük sənətkarın uğrunda canını verdiyi ideologiyanı ismində daşıyan qızı Turan xanımdır.

Taledən, qədərdən söz düşmüşkən əfəndiliyi, möhtəşəm sənəti və sənətkar bənzərsizliyi ilə Azərbaycan ədəbiyyatında ən yüksək zirvələrdən birini fəth etmiş Hüseyn Cavid əfəndinin qızı Turan xanımla şəxsən tanış olmaq, görüşmək, onunla söhbət etmək də mənim qədərimdə varmış. 2002-ci ildə fəlsəfə doktoru elmi adını almaq üçün mövzu götürmək üçün müraciət etdiyimdə, mənə bir xeyli mövzular təklif olunsa da seçimim israrla Hüseyn Cavid əfəndinin yaradıcılığı üzərində oldu. Nəhayət, bir mövzu üzərində qərar verdik və mövzumu Azərbaycan Milli Elimlər Akademiyasının Koordinasiya Şurasında qeydiyyatdan keçirmək üçün Bakıya gəldim. Elmi rəhbərim, professor Teymur Əhmədovla görüşdüm.

Mövzu ətrafında xeyli söhbət etdik, mənə öz tövsiyələrini verdi, Cavid əfəndidən danışdı. Qəfildən oturduğu yerdən mənə qarşı əyildi, sanki kimsə duymasın deyə, lap astadan soruşdu:  - "Lütviyyə, qızım, Turan xanımın xeyır-duasını necə, almısanmı?"

Donub qaldım, çünki bunu heç düşünməmişdim, - "yox - dedim,  Teymur müəllim". Bu dəfə söhbətimiz Turan xanımın üstündə kökləndi. Söhbət əsnasında Teymur müəllimdən xahiş elədim; "Teymur müəllim, bəlkə siz zəng edəsiniz, Turan xanımın  xeyir-duasını alaq".

Teymur müəllim bir qədər düşündü, sonra telefonun dəstəyini qaldırıb "Hüseyn Cavid muzeyi"nə telefon etdi.

Dəstəyin o başında olan Turan xanımın nə dediyini duymurdum, ancaq bu tərəfdə Teymur müəllim susmuşdu, onu dinləyirdi. Mən bu danışığın nə ilə nəticələnəcəyini böyük bir həyəcanla gözləyirdim. Nəhayət, Teymur müəllim də danışmağa başladı. Turan xanım mənim haqqımdakı məlumatını bir qədər də dərinləşdirirdi. Teymur müəllim Turan xanımla danışığını bitirib sağollaşdıqdan sonra dərin bir ah çəkdi;  "Allah xeyırlı etsin, Lütviyyə" - dedi. İkimizin də üstümüzdən sanki dağ götürüldü. Rahatlandıq. Teymur müəllim; "Bu çox gözəl oldu, Lütviyyə. Turan xanım Cavid əfəndinin son yadigarıdır. Bu halallığı mütləq almaq lazım idi"- dedi. Sonralar Turan xanımla iki dəfə daha görüşdüm; bir dəfə Hüseyn Cavidın Bakıdakı ev muzeyində, iş otağında, bir dəfə də "Heydər Əliyev muzeyi"ndə.2002-ci ilin oktyabr ayında Cavid irsinin tədqiqatçısı, Cavidlərin mənəvi davamçısı Azər Turanla birlikdə gəlmişdi ümummili liderin Naxçıvandakı muzeyinə.

Turan xanım səssizlikdən, sükutdan daha çox xoşlanırdı, çünki, səssizlikdə, sükütda onlarla idi, sevdiklərinin ruhları ilə pıçıldaşır, dərdləşir, danışırdı. Sərtləşib daş olan, dərdini öz  içində çəkən, əzizlərinin, "Yüz illık həsrəti" ilə yanıb-qovrulan Turan xanım içində əzizlərinin yoxluğuna  yas tutur, "Durmayıb ney kibi inləyən könlünü","dönüb kəndini dinləyə" könlü ilə ovudurdu sanki.

Turan xanımın iki otaqlı evində bir dənə də olsun xalı-xalça yoxdu. Onun kitabxanasında uzun illlər qoruyub saxladığı foto şəkillərə baxdıqca, bu dünyadan heç nə ummadığını, yalnız Cavidlər üçün bir şeylər etmək üçün yaşadığını görməmək mümkün deyildi. Onun bu dünyadakı missiyası babası Cavid əfəndi, dünyadan 23 yaşında faciəvi şəkildə köçmüş qardaşı Ərtoğrol üçün nə isə etmək, sonra isə bu fani  dünya ilə vidalaşaraq əzizlərinə qovuşmaqdı. O, Cavid əfəndi üçün bir institutun gördüyü işi tək başına görmüşdür. Bütün ömrünü bu missiyaya həsr edən Turan xanımın  cavidşünaslıqdakı xidməti əvəzsizdir.

Bir ailənin faciəsini təkbaşına yaşamışdı bu ikiotaqlı, sadə mənzilində Turan xanım uzun illər.  Bu divarların dili olsa da, Turan xanımın nələr çəkdiyini, bizlərə anlada bilsə... Təbii ki bu mümkün deyil.

Cəhd etsən də, Turan xanım bir görüşdə öyrəniləcək, çözülcək adam deyildi. Öyrənə biləcəyim, çözə biləcəyim bir şey vardı, o da Turan xanımın mənviyyat adamı olması idi. Onun maddiyyatla əlaqəsi yoxdu. Maddiyyata biganə idi, hətta nifrət edirdi, çünki dünyadakı bütün pisliklərin  başında maddiyyatın dayandığını bilirdi.

Bu daha çox susub, az danışan, mübhəm, sərt görünüşlü, gözlərinin dərinliklərində əzizlərinin həsrətini, yanğısını daşıyan qadında qəribə bir şeylər vardı. Deyirlər; insanın taleyi dünyanın, həyatın, zamanın, dünyanın taleyi isə insanların taleyidir. Turan xanım da zamanın, dünyanın qədərini yaşayan, gözlərinin dərinliyində əfkar, ürəyində həsrət daşıyan insanlardandı. Acımasız zaman Turan xanımı öz qabığına çəkilməyə, təkliyə və tənhalığa məcbur etmişdi. Yaşadıqları ona çox şeylər öyrətmişdi.

Doğrudur ki, insan zamana  qarışaraq dəyişir, dəyişməyən yalnız təsəlli, inam, ümid və səbr qalır. Makedoniyalı İskəndər atasından sonra taxta oturmuş və atasından qalma var-dövlətin çoxunu ətrafına paylamışdı. Bunu görənlər ondan heyrətlə sormuşlar: - Özünüzə nə qaldı?  O da cavab vermiş ki, "Ümidlərim!"

Gözəl sözdür... Təəssüf ki, bəzən, zamanın, dünyanın qədərini yaşayan insanı ömür o qədər büküb bürmələyib qırır ki, ümid etməyə belə yer buraxmır. Gələcəkdən gözlədiyi heç nə qalmır; gələcəkdən daha çoxkeçmişə, babalı, analı, qardaşlı günlərinə özənən Turan xanım kimi...

Zamanın, dünyanın qədərini yaşayan insanın harayı bəzən ərşə dayanır, ancaq zamanın, dünyanın qədərini yaşayan Turan  nə haray çəkmədi, nə sızıldamadı, nə dərdini kiməsə anlatmadı, nə namərd dövrana baş əymədi. Küsdü, qırıldı, amma əyilmədi, ağlamadı. Anası Mişkinaz xanımın təbirincə desək; "İçinə ağladı."Ciddiyyəti, təmkini, sanbalı, iradəsi, dözümü ilə insanı heyrətlərə salan, Cavid əfəndinin məfkurəsini ismində daşıyan Turan xanım neçə illərdir ki, bizləri tərk edib getsə də, hafizəmə, yaddaşıma əbədilik həkk olunub. Gənc yaşlarında həyatın - olumun və ölümün fəlsəfəsini anladan rus şairi Yesenin yazır ki, "Ölüm yeni deyil qədim dünyada... Düzdü yaşamaq da təzə iş deyil."

Düzdür, nə olum, nə də ölüm yeni deyil, olum varsa ölüm də olmalıdır. Lakin ölümün də yaraşanı var, yaraşmayanı var. Vaxtlısı var, vaxtsızı var (23 yaşlı Ərtoğrul kimi). Ölüm var, ölüm kimi, ölüm də var zülm kimi (Sibir buzlaqlarında, şaxtada məfkurəsi uğruna dünyadan köçən Cavid əfəndi kimi). Amma əzizlərini itirmiş bir insanın nisgillə, qəmlə, ağrı-acıyla, onların yoxluqlarının kədəri ilə yaşaması daha çətindir (Turan xanım Cavid kimi). Dövranın, zamanın gənc bir qız ikən Turan xanıma yaşatdıqları çox acımasızdır.

Zamanın, dövranın acımasızlığı gözəl şairəmiz Nigar Rəfibəylinin Cavid əfəndinin ömür-gün yoldaşı, sədaqət, vəfa timsalı Mişkinaz xanıma ünvanladığı şeirdə öz əksini o qədər dəqiq  şəkildə əks olunub ki... Cavidin ilham pərisinin dünyadan köçməsi Nigar xanımın yadına amansız, Allahsız, İblisin hökmranlıq etdiyi bir tarixi, zamanı salıb. 37-ci il repressiyalarının acı nəticələrinin insanların ürəyini dağlayacağını, göynədəcəyini, bu faciələrin yaşandığı qorxunc tarixin əsrin vicdanında qara ləkə kimi qalacağını ürək ağrısı ilə və təsirli poetik dillə dilə gətirib. Mişkinaz xanımın Cavid əfəndinin ömür-gün yoldaşının ölümünü dövrana, zamana "ağır töhmət" hesab edən Nigar xanım yazır:

Əsrin vicdanında qalar bu ləkə,

Adsız şəhidlərin tökülən qanı,

Soyuq vicdanları oyadar bəlkə,

Oyadar qanlara batan dünyanı...

Dünyadan cəfakeş bir ana getdi,

Qəlbi bala dağlı bir ana getdi

Ağır töhmət qoyub zamana getdi.

Nigar xanımın bu şeirini məncə, Turan xanıma da aid etmək olar.

Bu gün onun yoxluğu insanın ürəyini ağrıtsa da, bu ölümün onu sevdikərinə, əzizlərinə qovuşdurması fikri bir az da olsa,  könlümüzü ovudur, təsəlli edir, ürəyimizə su səpir.

 

Lütviyyə Əsgərzadə yazır

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 sentyabr.- S.12.