"Ədəbiyyatın gücünə çox inanıram"

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzetin baş redaktoru Rəşad Məcidlə müsahibə

 

- Rəşad müəllim, böyük şairimiz Bəxtiyar Vahabzadənin belə bir şeiri var:

 

Qatlayıb dizinin altına qoyar,

Alim Bəxtiyarı, şair Bəxtiyar.

 

İndi siz həm şair, həm nasir, həm jurnalistsiniz. Həyatınızda bu imzaların hansı qalibdir, daha doğrusu, hansı güclüdür? Şair Rəşad Məcid, nasir Rəşad Məcid, yoxsa jurnalist Rəşad Məcid?

 - Arada belə bir fikir də yayılmışdı ki, guya bu misraları başqa bir şair Bəxtiyar Vahabzadə haqqında deyib, sonra məlum oldu ki, yox, öz misralarıdır. Bəxtiyar müəllimin alimliyi barədə nə qədər danışsalar da, şübhəsiz ki, şairliyi üstün olub həmişə. Mən isə həm baş redaktor, həm Yazıçılar Birliyinin katibi, həm publisist, şair, yazıçı... Elə məqamlar olur ki, bunlar bir-birilə yarışır, toqquşur. Bəzən poeziyanın üstünlüyü nəzərə çarpır, bəzən katiblik önə keçir. Amma ümumi götürəndə əsas işim redaktorluqdur. Hazırda baş redaktorluq o biriləri üstələyib.

- Uzun illərdir "525-ci qəzet" həm jurnalistikamız, həm də ədəbiyyatımız üçün yeni üfüqlər açıb. Hər iki sahəyə parlaq imzalar bəxş edib. Öz üslubunu, missiyasını qoruyub-saxlayıb. Milli mədəniyyətimizə, ədəbiyyatımıza xidmət edib. Bu keyfiyyətlərin sirri nədədir?

- Sirrini səbəbini mən bilsəm də, bunları başqalarının deməsi daha yaxşı olardı. Mən özüm desəm, təvazökarlıqdan uzaq olar. Amma bəzi məqamları deyim. Biz 90-cı illərdə "525-ci qəzet"də şeir, hekayə çap edəndə çoxları dedi ki, qəzet iflasa uğrayacaq. O zaman qəzetlər ancaq siyasi motivli yazılar verirdi, heç kim ədəbiyyat oxumurdu. Hətta "Azadlıq" qəzeti yazmışdı ki, şeir və ya digər bədii yazılar qəbul etmirlər. Amma zaman göstərdi ki, mən düz etmişəm. Məhz həmin bədii ədəbiyyatın gücü ilə qəzetə bir sıra ziyalılarımızı cəlb edə bildim. Azərbaycan ədəbiyyatının artıq klassikləşmiş imzaları - Anar, Elçin, Afaq Məsud, Ramiz Rövşənlə birgə gənc, güvəndiyim yazarlarımızın da yazıları çap olunurdu. Eyni zamanda, qəzetimiz gənc jurnalistlər üçün də qapı açdı. İlk dəfə "525-ci qəzet"də təsisçidən yazı yazanda demişdim ki, bu, gənclərin qəzeti olacaq. Elə də oldu, redaksiyamız həmişə gənclərin üzünə açıq olub. Mən ruhən demokrat adam olduğumu düşünürəm. Qısqanc, paxıl deyiləm. İstedada, yaxşı yazıya, uğura sevinirəm. Redaktor üçün lazım olan ən üstün keyfiyyətlərdən biri budur. Nəfəs genişliyi, müxtəlif baxışları, zövqləri olan adamların ortaq marağında olan bir qəzeti çıxarmaq uğurun əsas hissəsidir. Keçən il qəzetimizin 25 illik yubileyi mənim və işçilərimizin bir çoxunun təhsil aldığı Bakı Dövlət Universitetində keçirildi. Bu, bizim üçün böyük fəxr idi. Qəzetimiz haqqında deyilən sözlər bizə böyük qürur hissi yaşatdı. Professor Cahangir Məmmədli "525" haqda kitab yazdı. Həmin kitabda Azərbaycanın dəyərli ziyalılarının "525-ci qəzet" haqqında xoş sözləri var. O sözləri oxuyanda düşünürsən ki, bu 25 ili boş keçirməmişik, xeyli iş görmüşük.

- Çox vaxt şahidi oluruq ki, sizin qəzetinizdə gedən yazılar başqa yerdə istinadsız yayımlanır. Buna münasibətiniz kəskin olurmu?

- Yeni jurnalistika, jurnalist etikası, yeni saytlar, yeni medianın problemləri, saytlardakı plagiat məsələləri haqqında vaxtaşırı müzakirələrimiz olur. Bizim qəzet hər zaman klassik media ənənəsinə riayət etdiyi, oturuşmuş KİV olduğundan bu, bizim üçün problem deyil, bu barədə hər hansı narahatlığımız da yoxdur. Plagiat saytların mənəvi və etik halının göstəricisidir.

- Çox güman ki, ictimai işlərdə fəal olmağınız, xüsusən baş redaktorluğunuz ədəbi-bədii yaradıcılığınıza mane olur. Şeir və hekayələrinizdən öncə, redaktorluğunuzu və AYB-də katib olmağınızı daha çox qabardırlar. Yaradıcılıq isə qalır ikinci planda...

- AYB-nin katibliyi redaktorluqdan əlavə, mən Mətbuat Şurasının idarə heyətinin və bir neçə komissiyanın üzvüyəm. İctimai işlərlə məşğulam və təbii ki, bu mənim yaradıcılığıma mane olur. Amma bunu həmişə deyirəm ki, şeir təbiət hadisələri - göy gurultusu, ildırım çaxması kimi bir şeydir. Elə olub ki, on beş il şeir yazmamışam. Qəfildən bir il ərzində iki yüz, üç yüz şeir yazmışam. Şeirin yazılmasını proqnozlaşdırmaq mümkün deyil, ən gərgin iş rejimində də şeir "gələ bilər". Amma nəsr - hansı ki, uzun illər yazmağı arzulamışam - çox böyük zəhmət və xüsusi rejim tələb edir. Gəncliyimdə "Tüstü" və "Cənnət dərəsi" adlı hekayələrim çap olunub. 2003-cü ildə yazdığım "10 sentyabr" hekayəsi iyirmidən çox dilə tərcümə olunub. İndi də ürəyimdə nəsr yazmaq arzusu var. Beynimdə bir neçə hekayənin, povestin hazır strukturları var. Həmişə, adətən, bizim yaşlı nəsil yazıçılara həsəd aparıram. Hətta gərgin iş rejiminə rəğmən özlərinə qrafik qururlar. Məsələn, Elçin müəllim hər səhər tezdən iki-üç saat yazır. Çingiz Abdullayev, demək olar, hər gün yazır. Mən özümü o cür qrafikə kökləyə bilmirəm. Düşünürəm ki, nəsr yazsam, dünyadan təcrid olunmalıyam. Bu isə indiki dövrdə demək olar ki, mümkün deyil. İnformasiya texnologiyaları və mobil telefon insanı özündən asılı saxlayır. Bu mənada vaxt və iş rejimim buna imkan vermir. Bu çətinlik həm də mənim xarakterimlə bağlıdır. Görünür, dünyadan təcrid olunub saatlarla yazı masasında oturacaq qədər səbrli deyiləm.

- Gənc qələm sahiblərinin yetişməsində rəhbəri olduğunuz Gənc Ədiblər Məktəbinin mühüm rolu olub. Mən özüm də bu məktəbin yetirməsiyəm. Canlı şahidəm ki, siz istedadlı olduğuna görə gənclərin nazı ilə oynayırdınız. Bəzən dönük çıxanları da yaxşı yazılarına görə dəyərləndirirdiniz. Bu, böyüklükdür. Bu proseslərdə sizdə azacıq da olsa, təəssüf hissi yaranıbmı, yoxsa məmnunsunuz?

-Hərdən olur. Bəzən pessimizmə qapılıram. Amma tez keçir. Xaraktercə bağışlayanam. İstedada çox önəm verirəm, qiymətləndirirəm. Bir də minnətdarlıq hissini yüksək dəyərləndirirəm. Gənclikdə adam bəzən uğurdan havalanır, bir az ulduz xəstəliyinə tutulur. Mən həmişə çalışmışam istedadına güvəndiyim gənclərdə özünəinam yaradım. Çünki özünə inam yaradıcılıqda vacib stimullardan biridir. İlk Gənc Ədiblər Məktəbi o zaman Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiri işləyən, gözəl şair, dostum Vaqif Bəhmənlinin təşəbbüsü ilə reallaşdı. İlk təqdim olunan diplomlar nazir Əbülfəs Qarayevin və mənim imzamla 50 istedadlı gəncə təqdim olundu, sən də onların sırasında idin. İndi o gənclərin əksəriyyəti Azərbaycanda imzasını təsdiq etmiş yazarlardır. Sonra GƏM-in daha iki buraxılışı oldu. Hazırda da müraciət edənlər çoxdur, dördüncünü də yaratmaq haqqında düşünürəm. Hər halda, mən bu işdən böyük zövq alıram. İstedadlı gənclər görəndə, onlara dəstək olanda məmnun oluram. Gənclərin üzə çıxması, uğur qazanması məni narahat etmir, əksinə, onların həyatında, yaradıcılıq uğurlarında rolumun olması məni xoşbəxt edir.

- Həmin üç buraxılışdan hansının məzunlarının ədəbi mövqeyini daha yüksək qiymətləndirirsiniz?

- Şübhəsiz ki, birinci məktəbin müdavimləri daha güclü idilər. Çünki uzun illər idi gənc yazıçılar bir yerə toplana bilmirdilər, Yazıçılar Birliyindən narazı olanlar vardı. Hətta onların quruma toplanmasına mane olan qüvvələr də vardı. Həqiqətən, birinci məktəbin üzvləri əksəriyyəti istedadlı gənclər idi. Təəssüf ki, sonrakı məktəblərdə o cür istedadlı gənclər barmaqla sayılacaq qədər az oldu. Görünür, aradan bəlkə daha on il keçməli idi ki, yenidən o cür istedadlar yetişsin. Hər halda, ayrı-ayrılıqda da mən həmişə gənclərə dəstəyəm. Yenə onları mütəmadi olaraq qəzetimizdə çap edirəm. Bir səhifədə Elçin, bir səhifədə Anar, bir səhifədə İsa Həbibbəyli, o biri səhifələrdə Pərvin, Şahanə Müşfiq, Cavid Zeynallı, Kəramət, Rəvan Cavid, Türkan Turan və b. çap olunur. Yəni demək istəyirəm ki, heç bir istedadlı gənc "525-ci qəzet"dən kənarda qalmır.

- Hecada çox maraqlı şeirlərinizi oxumuşam, amma sərbəst şeirlərinizə rast gəlməmişəm. Bəlkə də var, mən oxumamışam. Yazıb çap etdirmədiyiniz, yazmaq istədiyiniz və ya nə vaxtsa yazacağınız sərbəst şeirə münasibətiniz necədir?

- Niyə ki? Son kitabımda mənim çox sayda sərbəst şeirlərim var. Bir söz deyim, heca-sərbəst mübarizəsi və ya mübahisəsi gedəndə mən buna ironik yanaşıram. Mənə elə gəlir ki, bu söhbətin müzakirəsinin zamanı çoxdan bitib. Şeir hansı vəzndə yazılmasından asılı olmayaraq, hisslərə, duyğulara toxunmalıdır. Bu mənada şeirin sərbəst və ya hecada olmasının bir o qədər də anlamı yoxdur. Şeirdə ritmdaxili intonasiya isə vacibdir.

- "10 sentyabr" hekayəniz ədəbi prosesdə böyük rezonans doğurdu. Elə əsərlər var ki, ədəbi prosesə daxil ola bilmir. Amma bu hekayə düşüncəmizi bir az silkələdi. Hekayənin uğurunu özünüz necə qiymətləndirirsiniz?

- O hekayə 2003-cü ildə yazılıb. Amerikanın İraqa hücumu ərəfəsi idi. Məndə çox sadəlövh bir inam vardı ki, bu hekayəmlə həmin müharibənin qarşısını ala bilərəm. Ümumiyyətlə, mən ədəbiyyatın gücünə çox inanıram. Elə bilirəm, ədəbiyyat tarixi dəyişə, müharibələri dayandıra, dünyaya sülh bəxş edə bilər. Əslində, ədəbiyyatın məqsədi budur, bu olmalıdır. Ədəbiyyata həmişə xeyirə xidmət edən sənət kimi yanaşmışam. Həmin hekayə çap olunandan sonra çox gözlənilməz reaksiyalarla qarşılaşdım. Hekayə çap olunandan iki gün sonra Anar müəllimin məktubunu aldım. Məktubda hekayə barədə xoş sözlər yazılmışdı. Hekayə barədə Ramiz Rövşən, Seyran Səxavət öz fikirlərini bildirmişdilər. O hekayənin məğzi ilə bağlı çox müxtəlif, hətta mənim ağlıma gətirmədiyim fikirlər də oldu. Hekayə iyirmidən çox dilə tərcümə olunub, çap olundu. Hər ilin on sentyabrında bir neçə sayt təkrar yayımlayır. Yenə oxuyurlar və yeni oxuyanlar hekayə haqqında maraqlı fikirlər bildirirlər.

- Müharibə haqqında yazılmış ən təsirli roman Lev Tolstoyun "Hərb və sülh" romanından sonra dünyada müharibələr davam etdi. Siz hələ də ədəbiyyatın müharibələrə son qoyacağına inanırsınız?

- Böyük yazıçılardan birinin sözüdür ki, ədəbiyyat olmasa, heç nə dəyişməzdi, amma polis olmasa, çox şey dəyişərdi. Burda həm kinayə, həm həqiqət var. Əminəm ki, yazıçı bunu desə də, içində həmişə ədəbiyyatın gücünə inam olub. Ədəbiyyatı bir az da gələcək haqqında proqnoz verən sənət sahəsi kimi dəyərləndirirəm. Yazıçıda öncəgörmə qabiliyyəti olmalıdır. Böyük yazıçıların əsərlərinin alt qatlarında dünyanın gələcəyi barədə proqnozları görmək olur. Düzdür, indi ədəbiyyatın əvvəlki kimi təsir gücü yoxdur, artıq ictimai fikrə, ictimai rəyə təsiri zəifləyib. İndi ədəbiyyatın missiyasını TV-lər, kino, teatr, internet, bəzən sosial şəbəkə statusları əvəz edir. Amma hər şeyə rəğmən mən yenə ədəbiyyatın dünyanı xilas edəcək gücə malik olduğuna inanıram. Siyasətçilərin böldüyü, parçaladığı dünyanı yalnız sənət adamları, şair və yazıçılar birləşdirə bilər.

- Yazı prosesinizdə mətn sizi çağırır, yoxsa siz mətni? Sualı bir az mistikləşdirim: İlham pərisi sizi çağırır, yoxsa siz ilham pərisini?

- Çox vaxt sonluq izaholunmaz bir məqamın təsiriylə yaranır. İlahi məqamda yazıçı beyni aydınlanır və həqiqət ona elə bil "diktə edilir". Bəzən şeirlərimi başlayanda sonluq düşündüyüm kimi olmur. Bəzən özün qurduğun, əvvəldən etdiyin niyyətə qədər gəlib çatırsan, bir də görürsən, yenə nəsə səni başqa səmtə aparır. Bəlkə həqiqət elə başqa səmtdədir. Məhz həmin, beyninin aydınlanan məqamında o həqiqətə qovuşursan.

- "10 sentyabr" hekayəniz də mənə birnəfəsə yazılan əsər təsiri bağışlayır. Orda da yazı prosesi zamanı ideya dəyişikliyi olmuşdu?

- ... bax elə orda da sonluğu o cür düşünməmişəm. Hadisəni mənə danışmışdılar. Onun əsasında strukturunu qurub düşündüm, yazdım, amma sonluğu mən düşündüyüm kimi olmadı. Yaradıcılıq prosesində yazıçını yönləndirən təxəyyül olur. Sonluq müxtəlif fikirlərə əsas verir. Bəzi oxucular dedilər ki, bu hekayəni niyə yarımçıq saxlamısan. Anar müəllim bayaq qeyd etdiyim məktubunda yazmışdı ki, əgər sənin hekayən insanları bu qədər müxtəlif düşüncələr arxasıyca aparırsa, deməli, sən dəyərli əsər yaratmısan.

- Ölkənin digər nüfuzlu mətbuat orqanı kimi "Ədəbiyyat qəzeti"nə arzularınız...

- "Ədəbiyyat qəzeti" haqqında həmişə müxtəlif rəylər olub. Çox zaman narazılıqlar, razılıqlar və s. yaranıb. Məncə, son vaxtlar qəzet ömrünün dinamik dönəmini yaşayır. Nə qədər dinamik olsa da, yenə gözləntilər böyükdür. Mənə elə gəlir ki, dövr dəyişsə də, bu qəzet ədəbiyyatın ən vacib məqamlarını qabardaraq gündəmdə saxlaya bilir. Bundan sonrakı fəaliyyətində də məhz bu istiqamətdə çalışmağı, ədəbiyyatın düşən nüfuzunu qaldırmaq, ədəbiyyat adamlarını tanıtmaq, ədəbiyyatı ictimai həyatda ön sıraya çəkmək naminə fəaliyyətində uğurlar arzulayıram.

 

Söhbətləşdi: Nuranə Nur

 

əƏdəbiyyat qəzeti.- 2018.- 15 sentyabr.- S.10-11.