ƏDƏBİYYAT ÜZRƏ 1985-Cİ İLİN NOBEL MÜKAFATÇIS :

Klod SİMON

 

Klod Simon - fransız yazıçısı, ictimai xadim. 10 oktyabr 1913-cü ildə Fransa müstəmləkəsi olan Madaqaskarda anadan olub. Fransa ordusunun zabiti olan atası Birinci Dünya müharibəsində həlak olub və Klod anasının himayəsində böyüyüb. İkinci Dünya müharibəsinin əvvəlində çağırışla cəbhəyə gedib. Müharibədən sonra bütün həyatını ədəbiyyata həsr edib. "Yaradıcılığındakı poetik təsvir vasitəsini bədii şəkildə və böyük ustalıqla ifadə edə bildiyinə görə" 1985-ci ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. "Ədəbiyyat qəzeti"nin oxucularına nobelçilər silsiləsindən yazıçının Parisdə nəşr olunan rusdilli "Kontinent" jurnalına 1989-cu ildə verdiyi müsahibəni qısa ixtisarla təqdim edirik.

 

- Cənab Klod Simon, "Dəvət" ilk dəfə fransızca nəşr olunanda, kitabla bağlı xeyli müsahibə vermisiniz və ola bilər ki, eyni mövzu ilə bağlı yenidən fikir söyləmək sizin üçün bir qədər darıxdırıcı görünər. Müsahibələrinizdə dəfələrlə qeyd etmisiniz ki, təbiət etibarilə siyasi yazıçı və publisist deyilsiniz. Lakin buna baxmayaraq adıçəkilən əsərdə Sovet İttifaqının mükəmməl mənzərəsini təsvir edə bilmisiniz. Bu barədə fikirlərinizi bölüşmək maraqlı olardı. 

- "Dəvət" - ondan əvvəlki təcrübələrin, yəni "Flandriyaya gedən yol" və digər kitablarımın ruhunda yazılıb. Burada Sovet İttifaqına qısa səfərim və həmin səfərdən aldığım təəssüratlar yer alır.

- Bəs nədən o kitablar oxucunu barmağına sarıya bilib, amma burada siz özünüz onun toruna düşmüsünüz?

- Demək, mən onun toruna düşmüşəm? Bilmirəm, kim kimi barmağına sarıyıb, amma nə hiss etmişəmsə, onu da yazmışam. Siz isə məndən bunun səbəbini xəbər alırsınız...

- Suala görə məni bağışlayın: Tanrıya inanırsınız?

- Yox, daha dərindən götürsək, materialist və ateistəm. Katolik pansionunda tərbiyə almışam və məhz bu fakt dinə münasibətimi alt-üst edib. Mənə elə gəlir, ömrümün sonuna qədər də belə olacaq.

- Belə götürsək, kitabda özünəməxsus metafizika hiss olunur, necə deyərlər, təsvir etdiyiniz dünya ilə şəxsi dünyanız arasında ziddiyyət, harmoniya ilə xaosun qarşıdurması. Yəni oxucuya belə gəlir. Sovet İttifaqında olarkən harmoniyasızlıq hiss etdinizmi?

- Siz "harmoniya" deyərkən nəyi nəzərdə tutursunuz?

- Tutalım, özündə təbiətlə insanlar, cəmiyyətlə şəxsiyyət arasındakı əlaqəni əks etdirən maddi və etik dəyərlərin vəhdəti...

- Açığını deyim ki, mən elə Fransada da özümü haradasa "yerində olmayan adam" kimi hiss edirəm. Nə ekzistensialistəm, nə kommunist, nə xristian, nə də sürrealist... Nəticə etibarilə mən hətta özümü doğma vətənimdə belə "yerində olmayan adam" kimi hiss edirəm. Siz isə harmoniyadan dəm vurursunuz. Mən bir şeydə harmoniya görürəm: incəsənətdə, dəxli yoxdur, musiqi olsun, ya təsviri sənət, ya da bədii ifadə vasitəsi, çünki mən yazıram. Müəyyən harmoniyaya nail olmaq üçün yazıram. Bəli-bəli, söhbət hər şeydə harmoniya axtarmaqdan gedir. Təsvir olunmuş hadisə Fransada baş verir, ya da hər hansısa başqa yerdə, fərq etmir, söhbət müharibədən gedir, ya da istənilən başqa mövzudan, əsas odur ki, sənə təsir edə bilir, mütləq mənada təsir edir, pərakəndə şəkildə, antiharmonik formada təsir edir və yazarkən hər şeydə bir harmoniya axtarmağa çalışırsan.

- Xəbəriniz varmı, "Dəvət"də bu harmoniyanı yarada bilmisiniz. "Flandriyaya gedən yol"dan sonra, yeri gəlmişkən, nədənsə, rusca tərcümədə əsərin adı "Flandriya yollarında" gedib...

- Niyə?! Məgər rusca "Flandriyaya gedən yol" demək olmaz?

- Əlbəttə olar. Tərcüməçinin, ya da naşirlərin nədən belə bir dəyişikliyə getdiklərini izah etmək çətindir. Nə isə, "Flandriyaya gedən yol"dan sonra "Dəvət" sizin Sovet İttifaqında tərcümə edilən ikinci kitabınızdır. Hal-hazırda "Georgiklər" nəşrə hazırlanır.

- Heç nədən xəbərim yoxdur. Ümumiyyətlə, heç "Flandriyaya gedən yol"un da Sovet İttifaqında nəşr edildiyini bilmirdim, axı bu ölkə müəllif hüquqları konvensiyasını imzalamayıb.

- 1973-cü ildə imzalayıb, amma bu  "Flandriyaya gedən yol"a tətbiq edilmir, çünki o daha əvvəl nəşr olunub, amma "Georgiklər"...

- Hə, "Georgiklər" 81-də çıxıb.

- Və "İnostrannaya literatura" jurnalı anons kimi bildirib ki, "Georgiklər"i dərc etmək fikrindədir.

- Mənim üçün təzə xəbərdir. Naşirim bu barədə mənə heç nə deməyib. Soruşacağam ondan, niyə xəbər etməyib, adətən, belə şeyləri mənə deyirdi.

- Praktik olaraq son iki əsərdən - "Müqəddəs bahar" və "Qulliver"dən başqa, bütün kitablarınız eyni nəşriyyatda çap olunub.

- Yox-yox, elə deyil. Onlar təzə əsər deyil ki, təkrar nəşrlərdir. Amma son 30 il ərzində mən eyni nəşriyyatla - "Minyüi" ilə işləmişəm. "Külək" kitabından başlamışıq.

- İlk kitabınız neçənci ildə çap olub?

- 1945-ci ildə, işğaldan dərhal sonra. Bax, kitab o idi. "Qumarbaz" "Sajitter" nəşriyyatında çıxıb. Nəşriyyat direktoru ilə tanış idim: Fransa işğalı zamanı Cənuba qaçmış yəhudi idi. Mən də rəssamlıqla məşğul olurdum. Bir dəfə məndən nəsə alanda xəbər aldı ki, başqa nə iş görürəm, dedim bir roman yazıb atmışam sandığa. Almanların at oynatdığı bir vaxtda kitab çap eləmək istəmirdim. Maraqlandı, əsərin əlyazmasını oxumaq istədi, oxuyandan sonra lap çox maraqlandı və dedi: "Məmnuniyyətlə çap edərdim, ancaq mənim nəşriyyatımı almanlar əlimdən alıb. Müharibə qurtarana qədər gözləsəniz, mən onu sizin üçün çap edərəm". Razılaşdım və kitab yazıldığı vaxtdan 4 il keçəndən sonra işıq üzü gördü.  

- Məncə, Qərb yazıçısının naşirlərlə işi sovet adamına qəribə görünə bilər. Sovet yazıçılarının dövlət nəşriyyatları ilə işi müxtəlif cür qurulur: kimini böyük tirajla çap edirlər, sağlığında seçilmiş əsərləri işıq üzü görür, kimi də öz çap növbəsini gözləyənə qədər nəşriyyat yollarında qocalır. Buna səbəb isə onun yazılarının keyfiyyəti deyil, sadəcə, Yazıçılar İttifaqında işləyən məmurların həmin müəllifə münasibətidir. Odur ki, sizin məsələ xüsusi maraq doğurur. Çünki heç vaxt dəb arxasınca qaçmamısınız və heç vaxt "kommersiya" məqsədi ilə çap olunmamısınız... 

- Bəli, heç vaxt.

- Yalnız yazmaq arzusunda olan yazıçı - yaxşı bəs necə yaşamışınız?

- Bəxtim gətirib. Əvvəla, babat miras qalıb mənə, hansı ki, onunla həyatımı, azadlığımı tam təmin edə bilmişəm. Həmişə ürəyim istəyən şeyləri yazmaq imkanım olub, heç vaxt "bu kitab satılar, ya yox" fikri məni narahat etməyib. Başqa bir xoşbəxtliyim də "Minyüi" nəşriyyatının sahibi ilə tanış olmağımdır. Yazıçıdan xeyir götürmək barədə düşünməyən fədakar insan. O adam hələ Bekket Nobel mükafatı alana qədər, hələ kitabları satılmayan dövrdə onu çap edib. Elə məni də, mənim kimi başqalarını da. Heç vaxt qarşıma kommersiya tələbləri qoymayıb. Və beləcə, uzun illərdir əməkdaşlıq edirik. Kitablarım çox zəif satılırdı, amma görürsünüz ki, əvvəl-axır Nobel də aldım. Balaca bir nəşriyyat və iki "nobelli" müəllif. Mən mükafat alanda jurnalistlərdən biri naşirimdən xəbər aldı ki, necədir, razı qaldınızmı? O da dedi ki: "Mən artıq buna öyrəncəliyəm..."

- Hansı kitabınız sizə daha böyük uğur gətirib?

- Məncə, "Flandriyaya gedən yol", "Əhvalat", bir də "Georgiklər". Amma bu uğur məhdud olub, çünki kitablarımın tirajı 30 mini keçməyib. Lakin yazdıqlarım tənqidçilərin diqqətini çəkib, geniş oxucu kütləsi üçün isə hadisəyə çevrilməyib.  

- Bir daha naşirinizə qayıtmaq istəyirəm... Sovet İttifaqında başqa bir çatışmazlıq da var, yuxarıda qeyd etdiyimiz kimi, fərdi yanaşma. Amma mənim zənnimcə, Qərbdə də müəllifə yanaşma fərqlidir, çünki bildiyimiz qədər Qərb naşirini işinin maddi tərəfləri daha çox düşündürür.

- Müəyyən qədər haqlısınız, amma bütöv götürsək, yox. Müəyyən naşirlər var ki, - məsələn, mənim naşirlərim kimi - belə şeylərə əhəmiyyət vermirlər. Onlar rentabelliyə, tezbazar uğura çox da məhəl qoymurlar. Deyə bilərəm ki, mənim naşirim bu baxımdan müstəsna adamdır. Səhv etmirəmsə, 9 işçisi var, özü də səhərdən axşama qədər onlarla işləyir. Nəticə isə göz qabağındadır - balaca bir nəşriyyat və qeyd etdiyim kimi: iki Nobel mükafatçısı.   

- Bəs Nobel mükafatı sizin həyatınıza nəsə bir yenilik gətirə bildi?

- Müəyyən qədər. Məni müxtəlif ölkələrə qonaq çağırmağa başladılar. Çox ölkələr gəzdim və xeyli müsahibə verdim. O vaxt bir roman başlamışdım, hələ indi bitirirəm, çünki mükafatdan sonra onu işləməyə vaxtım olmurdu. İsveç Akademiyasının katibi o vaxt mənə dedi: "Hazır olun, bu dəm-dəsgah iki ilinizi alacaq". Amma mən üç ilimi itirdim.

- Çox yerlərə dəvət aldınız, lakin o dəvətlərdən yalnız biri sizdə "Dəvət"i yazmağa həvəs oyatdı. Nə baş verdi? 

- Siz elə deyirsiniz, başqaları da soruşur ki, nədən "Flandriyaya gedən yol", nədən müharibə? Ona görə ki, müharibə və Sovet İttifaqı - bunların ikisini bir yerdə görmək maraqlıdır, özü də qəbul edilmiş, adamı heyrətləndirən şəkildə görmək. Məsələn, Amerikadan da yaza bilərdim, amma kimə lazımdır? Sovet İttifaqında onca gün oldum, amma o qədər təzə şeylər gördüm ki... Bax, bu kitabı yazmağıma da o gördüklərim stimul verdi. Məncə, bu sualın başqa cavabı yoxdur.

- İş metodunuzdan danışa bilərsinizmi? Hər gün işləyirsiniz?

- Hər gün, özü də eyni saatlarda. Mən ilham pərisinə inanmıram, təkcə zəhmətə inanıram. Soruşursunuz ki, Nobel mükafatı həyatıma nə kimi yenilik gətirdi. Deyim: zəhmət durmadan işləmək tələb edir - hər gün, hər gün, hər gün. Dayansan, təzədən başlamaq çətin olur. Hər halda mən buna inanıram. Stokholmda da dedim: ilham pərisi boş şeydir, zəhmətə inanıram, zəhmətin bəhrəsinə inanıram, bu da o deməkdir ki, hər gün o dediyin zəhmətə qatlaşmalısan. Müəyyən saatda - mənim üçün bu, günün 3 saatı deməkdir, yayınmadan işləmək. Amma belə də olmur, çünki bəzən məcbur olursan qalxıb gedib özünə siqaret alıb gələsən. Ona görə deyirəm, gün ərzində lap ikicə sətir də olsa yazmalıyam. Bəzən elə iki sətirdən artıq da gəlmir, lakin gələn dəfə əvəzini artıqlaması ilə ödəyirsən, bir də görürsən yarım səhifə yazmısan, bir də görürsən lap çox. Bilirsiniz, mən violonçelçi Pablo Kazalsla tanış idim, onun qaçıq vaxtlarında. Mənə demişdi: "Əgər bircə gün məşqi dayandırsam, onda gərək özümü toparlamaq üçün 2 gün sərf edəm. Yox əgər 2 gün ara versəm, toparlanmağım üçün 4 gün lazım olacaq". Görünür, mütəmadi işləməkdə nəsə bir hikmət var da.

- Belə bir məsəl var: "iş insanın cövhəridir".

- Bilmirəm cövhəridir ya yox, amma zəhmətsiz heç nəyə nail olmaq mümkün deyil. Zəhmət və fasiləsiz iş insanı ritmə salır. Əgər bu ritmi tapa bilməsən yazmaq çox ağır olur: divara daş qoyan bənna kimi yazırsan. Ancaq elə ki, fasiləsiz ritmə düşürsən, bu, sənin həyat tərzinə çevrilir. Bu həyat tərzinə normal yanaşmaq lazımdır.

- Yazarkən özünüzü xoşbəxt hiss edə bilirsinizmi? Dəxli yoxdur nə yazırsınız, sadəcə, iş prosesində...

- Bilmirəm siz "xoşbəxtlik" deyəndə nəyi nəzərdə tutursunuz. Əgər bu kəlməni məmnunluq kimi başa düşsək, deyə bilərəm - bəli!

- Fransızcaya tərcümə olunmuş rus yazıçılarından kimi oxuyursunuz?

- Çox az müəllifi. Etiraf edim ki, xarici ədəbiyyatla bağlı o qədər də zəngin mütaliəm yoxdur.

- Amma necə başa düşək? Axı Nobel nitqinizdən də, kitablarınızdakı sitatlardan belə məlum olur ki, rus klassiklərini oxumusunuz.

- Hə, klassikləri nəzərdə tutursunuz? Əlbəttə. Dostayevski ilə Prust mənim üçün əvəzolunmaz müəlliflərdir. Özü də təkcə klassikləri deməzdim. Sankt-Peterburq məktəbinin yetirmələrini - Tınyanovanı, Şkolvskini yüksək dəyərləndirirəm. Mənim aləmimdə onlar da klassikdir.

- Nobel nitqinizdə Tınyanovanı nəzəriyyəçi kimi xatırlamışdınız. Onun romanlarını oxumusunuz?

- Tınyanovanın romanlarını? Mənim onun roman yazdığından, ümumiyyətlə, xəbərim yoxdur. Onu sözün gerçək mənasında böyük nəzəriyyəçi kimi qəbul edirəm, amma romanlarını... İlk dəfədir bu barədə eşidirəm...

 

Tərcümə etdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 sentyabr.- S.31.