"Naməlum
adam" haqqında məlum fikirlər
Redaktoru
olduğum "Naməlum
adam" Aləm Kəngərlinin işıq üzü görən ilk kitabıdır
və əlbəttə,
davamı gələcək.
Kitabda yer alan ilk hekayə
"Vətən"dir. Hekayədə
bir sıra problemlər üzündən
ailəsini atıb yad diyara üz
tutmuş Səfərin
yaşı irəlilədikcə
qoyub getdiyi ailəsi, övladları,
vətən, torpaq, yurd həsrəti ilə psixoloji böhran keçirməyi
və sonunda rus arvadını və iki uşağını
tərk edib vətənə dönməyindən
bəhs olunur. O, vətənə dönmə
qərarını oğlu
İlyaya bildirəndə
İlya bu xəbəri olduqca soyuqqanlıqla qarşılamış
və heç bir reaksiya vermədən
atasını yola salmağa razılaşmışdı.
Burada yazarın xüsusilə toxunduğu məqamlar var, o göstərmək istəyir ki, Azərbaycan ailələrində
olan ailə bağları, ata-övlad
sevgisi digər xalqlardan daha möhkəmdir. Və sonda
onun qəhrəmanı
Bakıda vağzalda tək-tənha fikir içində oturub qaldığında çiyninə
qoyulan əl onun xalqının nə qədər dostcanlı, etibarlı, qayğıkeş olduğunun
isbatı idi. Bu hekayədə "Vətənin bir qışı qürbətin
yüz baharından yaxşıdır" el məsəli
yazıçı fikrinin
əsas meyarıdır.
İndiki gənclərin bəzilərinin
milli nihilizmindən, yəni öz mədəniyyətinə xor
baxıb Avropa mədəniyyəti deyə
üz tutduqları xarici ölkələr heç də onların hamısına uğur gətirmir. Bu cür əsərlər
gənc oxucuların təşəkkülünə, kamilləşməsinə, yaşam
seçiminə kömək
edən əsas amillərdən biridir və onlarda milli mədəniyyətin
formalaşmasına kömək
edir. Eyni zamanda "Qonaq",
"Tanışlıq" hekayələrində də
eyni problemlərə toxunulur. Milli mədəniyyətdən, adət-ənənələrdən qidalanan bu müasir
hekayələr dərdləri
qədər dərmanlarını
da öz içlərində daşıyırlar.
"Putyovka", "Dilənçi", "Kisəçi"
və "Oğru"
hekayələrində də
müəllif qəhrəmanlarının
dili ilə günümüzün sosial
problemlərini göz
önünə gətirir. Xüsusilə "Oğru" hekayəsinin əxlaqi-tərbiyəvi və
estetik əhəmiyyəti
olduqca böyükdür.
"Ədəbiyyat tarixin
güzgüsüdür" prizmasından yanaşsaq, zamanımızın bütün
göstəriciləri bu
kitabda güzgülənir. "Velosiped" yüksək təminatlı ailələrdə
böyüyən ərköyün,
şıltaq, həddindən
artıq əzizlənən,
bütün arzu və istəkləri yerinə yetirilməsi nəticəsində xudbin
yetişən uşaqların
ailəyə, eləcə
də ətrafdakılara
yaşatdığı narahatlıqlar
və hətta dramatik hallar özünəməxsus bədii
dillə təsvir olunur.
Aləm Kəngərlinin hekayələrindən
doğma yurd qoxusu gəlir. Onun bütün
yaradıcılığında atalar sözləri və xalq məsəllərindən
istifadə edilir.
Bunlar həm obrazların xarakterlərinin açılmasına
kömək edir, həm də əsərin dilinin sadəliyini və təsirliliyini təmin edir.
Kitabdakı hekayələrin keçdiyi
məkanlar və zamanı qavrayış formaları oxşardır. Bu da hadisələrin ortaq nöqtələrini əmələ gətirir.
Hekayələr əsasən eyni
zaman və oxşar məkanlarda yaşanır. Elə buna
görə də ayrı-ayrı hekayələrdə
obrazların oxşar xüsusiyyətləri görülməsi
labüddür.
"Darıxan ürəklər"
insanı istəkləri
ilə vicdanı arasında çarəsiz
buraxan, bir az da ürək sıxan bir sevgi hekayəsidir. Əvvəli çiyələk dadında olmasa da xoş bir
sevgi duyğusuyla başlayan hekayənin davamı "kim nə deyər" məntiqi, məhəllə
mədəniyyətinin gətirdiyi
söz-sovla davam edir. Hekayənin sonunda tənqidlə
qeyd etdiyimiz problem nəinki əsərin qəhrəmanını, hətta
oxucunu da tərəfsizlikdə saxlaya
bilır. Problemin doğru
dəyərləndirilməsini oxucuya buraxan müəllif oxucunu doğru tərəfi görməyə dəvət
edir. Oxucu olaraq bir tərəfdə
halına yandığımız
Murad varsa, o biri tərəfdə də tərtəmiz gülüşlü, günahsız,
bədən qüsurlu
Zümrüd var. Oxucu
onun onsuz da talesiz həyatında
heç olmasa bu sevgidə taleyinin gətirməsini arzulayır. Bu kimi
müzakirələrə açıq
hekayələr öz
oxucusunu daim tapır.
"Fəryad"dakı mövzu ədəbiyyat tariximizin ən gözəl nümunələrindəndir. Hekayədə
insanlıq imtahanından
üzüağ çıxan
orta məktəb müəllimi Sevilin ana olmaq arzuları,
övlad kimi sevdiyi şagirdləri, digər tərəfdə isə ana-ata olmanın məsuliyyətlərini anlamayan, övladları
İlkinlə Arzunun taleyini ikinci plana atan valideyn
adını qazanan insanlar qarşılaşdırılır.
Burada bu həyatı yaşayan və ya tanış həyat hekayəsilə rastlaşan
insanların yaşadığı
hisslərin tərənnümü
olduqca sadə və dolğun dillə təsvir olunur.
"Robot
-50 KDK 101"-in hekayə dili
böyük əksəriyyətlə
müəllifə çəmlənib,
ancaq o, kosmik sürətli robotların
obraz olaraq tənhalıq və melanxoliya hallarını nə qədər əks etdirə bilib, bu müzakirə
mövzusudur. Buna baxmayaraq müəllifin verdiyi mesaj oxucunu
hadisələrə adaptasiya
edə bilir. Burada müəllif bəzən
ənənəvi qəliblərlə
oynayaraq, bəzən izah surətini istifadə edərək, bəzən ənənəvi
fiqurları qoruyub məzmunu müasir şəkildə işləyərək,
bəzən də hər gün yenilənən mədəni
fiqurları fərqli obrazlar şəklində ortaya çıxarır.
"Savadsız, səriştəsiz,
mürgülü məmurlar
ordusu"ndan can qurtarmaq
üçün robotların
dünyasına gedən
müəllif bizə
yeni dünyanın da problemləri olduğunu göstərir. Hekayədə diqqət çəkən
əsas meyar məkanların bir ünvanı olsa da, varlıqların fərziyyə hiss etdirdiyidir.
Hekayədə tarix fərziyə
ilə müəyyənləşsə
də, qavrayışa
aid olan bir zamansızlıq ruhu müşayiət olunur.
Kitabda yer alan
"Naməlum adam"
povesti yazıçının
ilk irihəcmli əsəridir.
"Naməlum adam"da müəllifin
çatdırmaq istədiyi
fikir aydındır - qatillər, oğrular və fanatiklərdə heç bir zaman mərhəmət günəşi olmur. Elə bu səbəbdən də müəllif oxucuya ötürdüyü
həyəcanla birgə
eynilə Naxçıvanın
başı dumanlı
Soyuqdağı kimi bu insanların namərdliyinə uzaqdan və soyuq baxır.
Əsərdəki Məhərrəm obrazı
hər şeydən əvvəl tədbirli və prinsipialdır. O, öz
ağıllı planları
nəticəsində Dilbər
xanımın suallarla
dolu psixoloji sarsıntılarına son qoyur,
qatili taparaq qanuna təslim edir. Bədxah adamların pis
əməlləri nəticəsində
xoş günlərinə
sədd çəkilmiş
bir ailənin dramı, daha dəqiq desək bir ailə başçısının
öldürülməsindən sonra geridə qalan ailə üzvlərinin, xüsusilə
vəfalı bir qadının narahat günləri təsvir edilir. Müəllif Zabirə və Rabil kimi mənfi
obrazları ilə cəmiyyətdəki yad ünsürlərin iç
üzünü açıb
ifşa edir. Təbii ki, əsərdəki hadisələr ideoloji aspektdən əks etdirilmişdir. Əsərin ən uğurlu keyfiyyətlərindən biri
də müəllifin
hər bir obraza fərdi yanaşmasıdır. Yəni əsərin əsas obrazlarından olan Məhərrəm, Dilbər,
Amil, xidmətçi Simuzər, digər obrazlar Bakir, Nəriman kişi, Zabirə, Rabil və b. hərəsi öz xarakter, hərəkət, hadisələrə
münasibət və
rəftarı baxımından
seçilir.
Əsərdə qapıçı Nəriman
kişi müsbət obrazdır.
O, işıqlı əməl
sahibi, etibarlı insan kimi uca
tutulur. Müəllif əsərin sonunda
onun ölümünü
təəssüf və
kədər hissi ilə qələmə alsa da yaxşılığa
xidmət edən əməllərin yaşaması
ümidi ilə təskinlik tapır.
Povest Məhərrəm
obrazının timsalında
insanlıq, dosta etibarlılıq, kəsdiyi
çörəyə sayğı,
mərdlik, qorxmazlıq
və s. cəhətlərin
təbliği baxımından
da böyük əhəmiyyətə malikdir.
Bu təzadlı obrazların
əhatəsində də
əsərin hər cümləsi, hər sözü diridir, nəfəs alır, həyəcanlanır və
oxucuya da bu həyəcanı ötürə bilir. Oxucunun əsər
haqqında soyuq söz demək haqqı qalmır.
Əsərdə hadisələrin təsvir
edilmə şəkli
konkret olmaqla bərabər yumşaq və uyumludur.
A.Kəngərlinin hekayələrinin hər birində müəllifin nihilizmi çox parlaq bir şəkildə
görünür.
Əsərlərindəki rəngli dünyalarla və xarakterlərlə özünü
və qələmini bizə təqdim edən müəllif həyat yolunda rastlaşdığımız dəyişik,
fantastik və yeni rəmzi subyektlərlə bizi tanış edir.
Hekayələrdən təsirlənib təsirlənməmək,
hər zaman olduğu kimi oxucunun nə gözlədiyinə və
ya nəyə diqqət etməyinə bağlıdır. Mən Aləm Kəngərlinin
hekayələrinin daşıdığı
gərginlik və sadəlikdən zövq aldım. Bəzisi sonu etibarilə
rəğbətimi qazandı,
bəzisi isə hekayəni başlama və anlatma forması ilə xoşuma gəldi.
Adilə NƏZƏR
Ədəbiyyat qəzeti.- 2018.-
15 sentyabr.- S.27.