Olmayan şəhərlərin
yuxusu...
Eşidilməsin səsi sehrli duaların,
Qoy sükutunda qalsın.
Mənə bir Tanrı göstər, göstər, basım bağrıma,
O da mənə inansın.
Gizli məbədimizin qapılarından keçib çatsın kor quyuların
İçindəki ağrıma...
Açsın pəncərələri, toxunsun şüşələrə buludların kölgəsi,
Gətir, gətir yolları ayağına dolayıb
Qəlbimin dərinində ən yaşıl ağaclara uçanların ölkəsi
Hələ yağışlarına ovuc açan olmayıb...
Sorağı cığırların qurumuş otlarına dönüb, dönüb xışıldar
Toxunmaz ayaqları
Yerə ruh adamların.
Gümüşü yuxularda anqappaq qanadları "amin" - deyib pıçıldar
Pıçıldar quanqların budağında təklənib ölən quş yuvaları...
- Amin - deyib
qalxaram, içimin
ibadəti bitəndə göyə sarı...
- Tanrı,
Qoru, - deyərəm, - qoru yolçuluqları, olmayan şəhərlərə...
Qollarını qaldırıb uçası yerdi dünya
Quanq xışıltısından, çaylaq gümüşlüyündən
Gözlərinin qapanmış qaranlığında guya
Nə var...
Həyatdan qopub gedəm ölmüşlüyümə...
Yağış damcılarında sıxışıb qalıb ömür,
Orda arzu qurmuşuq,
Orda xəyal etmişik
Yol tutub nə edirik,
- yolu atmaq da olmur,
Harda nə olub bizə,
uzaqlara getmişik...
Ovcumuzda
bir əlçim can, çırpınıb
sıxılıb
Dağı-daşı yerindən oynatmışıq,
Nə olsun...
Daşlar
ayağımızın altındaca
yıxılıb
Demişik - budur eşqi, sevgisi yolsuzluğun...
Apar, yolların tamam qurtardığı yerə
çax,
Orda göyərib qalım,
Orda ağac
olum mən.
Hər axşam pəncərəndən
günəş doğan
yerə bax,
Bax,
Baxa bildikcə bax,
Qayıtmayım o yerdən...
...Və bu gizli
şəhərin ən
dərin küçəsində
Ən bağlı qapısında
Səssiz
pəncərəsində su
damcıları kimi çiçəklər düyünlənir...
Qarışıb göy ovcunun çuxurundakı izə,
Hələ düşmür rəqsinin
kölgələri gündüzə.
Qərib
pıçıltıları
İtik
nəfəsindəki kiçik
toxunuşları bir sapa düzə-düzə
İçinə atır şəhər...
Və hər axşam, hər səhər
Yumulu gözlərimdən o üzdədir
ən qərib
Ağacları bu yolun.
Gecəsinin əriyib üfüqə
qarışdığı aylı kölgəliyində
Səslənməmiş səslərin,
deyilməmiş sözlərin
məktubunu oxudum.
Gözünü açmısansa,
Qaldır baxışlarınla günəşi
dan yerindən.
Bacarırsan - bunu et, bacarmayırsansa get
Heç
nə istəmirəm
mən...
Və bu gizli şəhərin
yox olan otağında qəlbimə
yuxu ensin
O özü mənə desin,
Desin:
"Səni sevirəm"...
Kölgəmi
İşıqlarından süzülən sükut
qarşıladı.
Səbəb,
Yaşamaq üçün bir
udum nəfəs,
Səbəb, ölümqabağı vəsiyyət
Səbəb, nə olursa-olsun,
sənə gəldiyimi
bilirəm, sevdiyim...
Gülümsəyirəm.
Tanış küçələri addımladıqca, xatırladıqca
hər şeyi
Yad şəhərin gecəsində
həsrət əriyir,
Hansısa pəncərədən bir çağırış
boylanır və çağırır:
-Ey,
Mən burdayam,
Çox
yaxında...
Hardan
baxsan,
Gecənin sirrinə doğru
açılıb qollarım.
Səhərəcən
Dolaşacam bu şəhərin
küçələrini
Gəl məni tap...
Lap
Üç günlük ömrüm
qalıbsa da, son gücümü toplayıb
Sənə
Və günəşi qarşılamağa
gəlmişəm...
Kədərləndim...
Kədərləndim,
Birdəncə pəncərənin göy
gurultusunu duyduran açıqlığında
Susdu içimdəki səs
Dayandı rəqs edən
balaca qızcığaz...
Və günlər sonra ilk dəfə əllərim tutrədi...
İrəlilədikcə səssiz çöllərin
sarı-sarı qurumuş
otlarının üstündən
külək,
Baxışlarımı göm-göy səma parçasından
endirdim
İçimdə
Payızı qarşılamağa hazırlaşan ağacların
budağından
Hansısa sındı düşdü...
Orda, uzaqlarda, gizli məbədlərin divarları
arasında
Yenə
zər qanadlı göy kəpənəklər
uçuşdu...
...Biz ki bunları bilərək aşiq olmuşduq bir kərə, olsun,
Olsun, - dedim öz-özümə,
- yarıaçıq
pəncərədən hələ
yaşıl ağaclar
görünür...
***
Kiminsə
Danışılmış nağılının
yarpağıydı
Budağında bitməyə macal
tapmamışdı...
Əvvəl ağacını kəsmişdilər,
Sonra suyunu
Damarlarında üşüyürdü uşaqların yelləncək
oyunu...
Torpağa qarışmazdan əvvəl
Bir ah çəkdi,
Nağılları xatırladı, ağacı
kəsilməsəydi
Uçub
gedəcəkdi o şəhər...
Müqəddəs Ea,
Tut ayaqlarımdan və mənə uçmağa
icazə vermə.
Ürəyinin harda döyündüyünü
bilmədiyim bu yad şəhərə
Göylərdən deyil,
Küçə-küçə
Ağac-ağac
Pəncərə-pəncərə
İnsan-insan baxmaq istəyirəm...
Yıxılmaq istəyirəm, ayağım
səki daşına ilişəndə
Qalxmaq istəyirəm bir işıq dirəyindən
yapışıb
Oturmaq istəyirəm
ən uzaq küncündə.
Bilmirəm
Hardan gəldiyimi...
Keçmiş bu torpağa
ayaq basdığımdan
bir an sonra
Yoxluğa qarışıb...
Xatirələrə
Ən uzaq yerdə...
Ea,
Bir də...
Gözlərini yum,
Qulaqlarını tut
Məni
unut, mən yad şəhərdəyəm...
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti.- 2018.-
15 sentyabr.- S.18.