Gecə yağışının
pıçıltısı...
Yağışlar göyləri saxlayan
sütun,
Sular qaranlığı
axıb aparır.
Qanlı
caynağından alıb
sükutun,
Külək qoltuğuna yığıb
aparır -
Gecə
yağışının pıçıltısını!
Bulanıq yuxular suda durudu,
Göylər göz yaşımı əkir üzünə.
Gecə
səssizliyi balıq torudu,
Balıqçı ürəyim çəkir
özünə -
Gecə
yağışının pıçıltısını!
Küçə fənərləri işıq
harayı,
Yaz yeli çapırdır çəni
at kimi.
Səsini
içinə çəkib
dağ çayı,
Dinləyir ah-nalə, muğamat
kimi -
Gecə
yağışının pıçıltısını!
Quşlar
mürgüsünü çırpır
torpağa,
Yağışdan yapışıb qalxır
göy otlar.
Ulduzlar rəqs edir, qalxıb ayağa,
Qədəh puçurlara süzür
buludlar -
Gecə
yağışının pıçıltısını!
Sən də gözlərinə yol çək yağışdan,
Düşüb eşqin əksi yanaqlarına.
Arı meh bal çəkir
çiçək yağışdan,
Yığır bal pətəyi
dodaqlarına -
Gecə
yağışının pıçıltısını!..
Salam, Yer kürəsi...
Sən Dədəm Qorqudsan, durma lal, dünya,
Dağlar
qopuzundu, köklə,
çal, dünya,
Salam, qoca dünya, ağsaqqal dünya,
Salam, Yer kürəsi, sabahın xeyir!
Papağın, yaylığın salamatdımı?!
Qəzəbin, acığın salamatdımı?!
Dəryada balığın salamatdımı,
Salam, Yer kürəsi, sabahın xeyir!
Sevincin toyunda, qəmin şərində,
Bazarın, tərəzin öz
dəyərində,
Quzun yerindədi, qurdun yerində,
Salam, Yer kürəsi, sabahın xeyir!
Fələk fırlatdığı çarx tüstülənir,
Dəyirman suyunda arx tüstülənir,
Kabab manqalında haqq tüstülənir,
Salam, Yer kürəsi, sabahın xeyir!
Oğrular almanı aparmayıblar,
Üstündən səmanı aparmayıblar,
Verdiyin salamı aparmayıblar,
Salam, Yer kürəsi, sabahın xeyir!
Arılar
öpürlər çiçəklərini,
Gözündə qoyarlar istəklərini,
Əlləri göylərdə gecələyənlər,
Tamahı
arıtək beçələyənlər,
Cırıblar Allahın ətəklərini,
Salam, Yer kürəsi, sabahın xeyir!
İçində səsimi boğursan,
vallah,
Sən daha yoxluğa doğrusan, vallah,
Bu boyda yük altda oğulsan, vallah,
Salam, Yer kürəsi, sabahın xeyir!..
Sözün köynəyində gəlmişəm,
dünya
Əməl dərsindəyəm bu kainatda,
Hesabım cəmlənir vaxtda, saatda.
Sənə qaranquşun köksünün
altda,
Durna lələyində
gəlmişəm, dünya.
Mələklər göylərdə ulduz
sayanda,
Bəxtin gözü qalıb ulduz payımda.
Nar ağacı gecə ulduzlayanda,
Bir nar çiçəyində gəlmişəm,
dünya.
Xəbərçi küləyin pıçıltısında,
Sənə kəpənəyin pıçıltısında,
Arıyla
çiçəyin pıçıltısında,
Bir bal pətəyində gəlmişəm, dünya.
Qəlbimə nur düşüb,
Tanrı təbindən,
Min yol kəsilmişəm
bəxt məktəbində.
Mən sənə qələmin mürəkkəbində,
Sözün köynəyində gəlmişəm,
dünya.
Dərə sevgisinn, dağ
məzarının,
Quran ayəsində sirli
yazının.
Mən sənə anamın - o türk qızının
Oğul diləyində gəlmişəm,
dünya.
Sözün canındadı andı
şairin,
Hər sözü
xətadı, qandı
şairin.
Aydın
Murovdağlı adlı
şairin
Sənə ürəyində gəlmişəm,
dünya.
Borcluyam...
Daş-qaya bitirib ağrım
əkdiyi,
Daşdan-daşa qonur ümid kəkliyim,
Tale fərmanıyla hər gün çəkdiyim,
Əzaba
borcluyam, əzaba borclu!
Rəqəmlər içində bir
məchul sayam,
Aldanıb sayımı müqəssir
sayan...
Dərdi
yarım sayan, məni bir sayan
Hesaba borcluyam, hesaba borclu!
Çatladım, çat döndü
cığırlarıma,
Yollandım əvvəlin axırlarına...
Piyada ürəyin ağrılarına
Araba borcluyam, araba borclu!
Ölümtək avand var tərs demədiyim,
Daş imiş
gül kimi dəstələdiyim.
Səbrimə içirib məst
elədiyim
Şəraba borcluyam, şəraba
borclu!
Vətəndi gözümlə ölçdüyüm
torpaq,
Bitişdi çatını öpdüyüm
torpaq...
Kitabdı açdığım-örtdüyüm
torpaq,
Kitaba borcluyam, kitaba borclu!
Cəsarət quldusa ağa qorxuma,
Göz yaşım,
minbərdən azan oxuma.
Neçə ki yatmışam,
bayquş yuxuma -
Xaraba borcluyam, xaraba borclu!
Bu dünyanın
dərdlərindən o yanda...
Harda ayağını yuyur çən, yoxam,
Harda şehlənibdi bir çəmən, yoxam,
Hamı
var, hər kəs var, bircə
mən yoxam,
Bu dünyanın dərdlərindən
o yanda!
Çoban kəpənəklər çiçək otarır,
Zəminin ətrini külək
otarır,
Qoyun sürüsünü tütək
otarır,
Bu dünyanın dərdlərindən
o yanda!
Ocaq-tüstüsünü küldən ayırır,
Arı dodağını güldən
ayırır,
Yovşanlar mehini yeldən ayırır,
Bu dünyanın dərdlərindən
o yanda!
Vətən izdi, vətən
cığır, vətən
yol,
Durnalaşır xəyalımdan ötən
yol,
Nə məzar var, nə məzara gedən yol,
Bu dünyanın dərdlərindən
o yanda!
İndi
balıq tutur dünən cib tutan,
Sərvətinə arşın tutan,
ip tutan...
Haralıdı itinə də ev tutan
-
Bu dünyanın dərdlərindən
o yanda?!
Bir dağın qoynunda təpə olasan,
Ot üstə yüyürən körpə
olasan,
Bir çayın üstündə
körpü olasan,
Bu dünyanın dərdlərindən
o yanda!
Buludun yaxası örtüb göyləri,
Dəydikcə şimşəyin od güllələri
-
Qırılıb-tökülür buz düymələri,
Bu dünyanın dərdlərindən
o yanda!
Açılmayıb bizdə bazar deyirlər,
Günümüzdən gəl gün apar deyirlər,
Aydın
adlı məmləkət
var deyirlər,
Bu dünyanın dərdlərindən
o yanda!
Hazırlaşıram...
İndi
nağıl satan
dükan çoxalıb,
Dilin tarlasında
tikan çoxalıb.
Gah məkan olmağa məkan çoxalır,
Gah zaman olmağa hazırlaşıram!
Min yol gedib-gəlib haca ürəyim,
Allahın yanına qaçan
ürəyim...
Başına çıxmağa uca
ürəyin,
Nərdivan olmağa hazırlaşıram!
Ərz güləş yeriymiş
mərdi yıxmağa,
Kəsilib namərdin şərti, yıxmağa.
Hər gün məni yıxan dərdi yıxmağa,
Pəhləvan olmağa hazırlaşıram!
Böyüdüm, səbrimi böyütmək
üçün,
Adımı Yer etmək, Göy etmək üçün,
Buğda
düşüncəmi üyütmək
üçün,
Dəyirman olmağa hazırlaşıram!
Sudadı balığın nəfəsi
nədən?!
Şimşəkdi buludun nəğməsi nədən?!
İnsan
olmayanın əvəzinə
də
Mən insan olmağa hazırlaşıram!
Tale qarğışında bitmir
dən daha,
Ölməmiş, ruhumdan düşdüm
gen daha...
Bəsdi,
yerdən göyə baxdım, mən daha
Asiman olmağa hazırlaşıram!
Çox
böyük deyiləm,
adım boydayam,
Süleyman mülkündə Aydın
boydayam,
Dünya
bir addımdı, addım boydayam,
Bir cahan olmağa hazırlaşıram!..
Çaylar dənizlərdə
ölməyə gedir...
Öyrənib ucalıq əlifbasını,
Qoyub dərələrdə "Əlvida"sını,
Yığıb qucağına dağ
havasını,
Yollarda paylayıb, bölməyə
gedir -
Çaylar dənizlərdə ölməyə
gedir.
Dolur bulaq-bulaq sənək dərələr,
Duman-çən bitirir dibçək
dərələr,
Taxıb
yaxasına çiçək,
dərələr -
Şəlalə-şəlalə enməyə gedir.
Çaylar dənizlərdə ölməyə
gedir.
Yovşan
mürgüsünü aparır
sular,
Bulud kölgəsini aparır sular,
Ömür güzgüsünü aparır sular,
Buludda qayıdıb
gəlməyə gedir.
Çaylar dənizlərdə ölməyə
gedir.
Özünü daşıyır özü
çiynində,
Əvvəlin-axırın izi çiynində,
Şələsi əyrinin, düzün
çiynində,
Yer nədir,
göy nədir bilməyə gedir.
Çaylar dənizlərdə ölməyə
gedir.
Mən çay qırağıyam
əziz çayların,
Ömrü gödək olur
təmiz çayların...
Mavi məzarıdı dəniz
çayların,
Haraylar sükuta
dönməyə gedir.
Çaylar dənizlərdə ölməyə
gedir.
Sular su qalası qurur dənizə,
Məzar
yeri verir Quru dənizə...
And olsun çayların goru dənizə,
Çaylar son nəfəsdə gülməyə
gedir.
Çaylar dənizlərdə ölməyə
gedir.
Azərbaycan əsgəri...
Sən bu yeni eranın
inadını ayaqla,
Yüz yaşlı ordumuzun adını göydə saxla,
Polad gücünü endir, zamanları qabaqla,
Vətəndən beş qat böyüt içindəki hünəri,
Azərbaycan əsgəri!
Sən babalardan miras yürüşü geyməlisən,
Xətaidən yadigar yerişi
geyməlisən,
Dövrani zirehlənib, gərdişi
geyməlisən,
Yoxdu qeyrətdən iti öldürücü kəsərin,
Azərbaycan əsgəri!
Nərələr, kişnərtilər sənin yatmış şərəfin,
Şərəfini yaraqlan daşa dönmüş sələfin.
Güllə sənin gülləndir,
hədəf sənin hədəfin,
Sinən
altdan başlanır qanlı döyüş səngəri,
Azərbaycan əsgəri!
Bayrağın azadlığa qonan
mələkdi daha,
Əsarətin qandalı çilik-çilikdi
daha,
Qoca haqqın əlində zaman çəlikdi daha,
Haqqın
son nəfəsindən adını
qaytar geri,
Azərbaycan əsgəri!
İçində qranitləşən vətən boyda haraydır,
Qanlı köynəyindəki qan
ha deyil, qalaydır.
Şəhid məzarları da
hərbə hazır alaydır,
Şəhidlərin andıdır qızardan üfüqləri,
Azərbaycan əsgəri!
Qoy sənə yol göstərən Allahın
əmri olsun,
Cəsarətin böyüsün, Everest kimi
olsun.
Düşmənə nifrət dolu ürəyin mərmi olsun,
Bütün dünyaya göstər
dünyanı yıxan
şəri,
Azərbaycan əsgəri!
Al qurğuşuna çevir zəmində bitən dəni,
Türklüyünlə ayağa qaldır indi sən səni...
Güllən ilə qaynaq et, bütövləşdir
vətəni,
Bütövləşdir axşamı, bütövləşdir səhəri
-
Azərbaycan əsgəri!
Azərbaycan əsgəri!
Aydın Murovdağlı
Ədəbiyyat qəzeti.- 2018.-
22 sentyabr.- S.3.