Göy üzü qanamışdı...
hekayə
...yaddaşı iri qırxayaq kimi üstünə
yeriyirdi...
O lənətə
gəlmiş qırmızı bulud göyün üzünə
gələndə çox qorxmuşdu. Qaçıb
daldalanmaq, bu qırmızı buludun xata-balasından uzaq durmaq
istəmişdi. Ürəyinə
dammışdı, bu bulud adi bulud deyildi, başlarına gələcək
fəlakətlərin, müsibətlərin, olacaqların son
işarəsi, xəbərçisiydi.
Bunları düşündükcə başı
dumanlanır, ağaclar, sal daşlar gözündə əriyib
əyilir, qulağına qorxulu səslər dəyirdi. Qırmızı buludun
gözündən oğurlanıb daldalana bilsəydi...
Başını qaldırıb göyə baxdı,
sonra içindəki qorxu əlinə-ayağına
dolaşa-dolaşa qaçmağa başladı.
Arabir özünü toparlayıb geriyə, əslində,
gözünün ucuyla göyə baxırdı. Qırmızı
bulud ağzından alov çıxan əjdaha kimi
üstünə yeriyirdi. Elə bil
başqa dərdi-səri yoxuydu, qurbanı bu mağmın bəndəsiydi.
Dərəni arxada qoyub təpəni aşdı, düzəngaha
çathaçatda dayandı, dumanlı başla ətrafa
boylanıb sığınacaq axtardı. Gümanı
uzaqdakı qaraltıya gəldi, xeyli qaçandan sonra
qaraltının ağac olduğunu görüb toxdadı, yel
kimi ağaca tərəf götürüldü. Qaçdıqca ağac böyüyür,
böyüdükcə qorxunun içindən ümid göyərirdi.
Çölün düzündə əl-qolunu göyə
açıb pirə çevrilən qoca armud ağacı ona
pənah gətirəni naümid qoymadı. Ağacın
gövdəsindəki koğuşu görəndə uşaq
kimi sevindi, təpimiş dodaqlarının arasından
sarı, çürük dişləri göründü.
Barmaqlarını ağacın kələ-kötür
koğuşuna sürtdü, nəmiş
çürüntü barmaqlarına toxundu. Burda gizlənsə, lənətə gəlmiş o
bədheybət bulud onu axtarıb tapa bilməyəcəkdi.
Şimşək elə bil armud ağacının
başında çaxdı, ağac titrədi, əvvəl
keçiməməsi boyda iri yağış damcıları
düşdü, sonra leysan başladı. Göydə
sanki zəlzələ baş vermişdi. Göy
yarılıb şaqqalandıqca ağac koğuşuna
sığınmış Səfinin çənəsi əsir,
qorxudan kəsik-kəsik nəsə deyib mızıldanır,
arabir qorxuya üstün gəlib başını
koğuşdan çıxarır, budaqların, yarpaqların
arasından göy üzünə boylanırdı.
Göy üzü mis rəngindəydi. Elə bil
alışıb-yanan göy üzündən iri alov dilimləri
bu dəqiqə lopa-lopa yerə töküləcəkdi.
Bu qorxunc mənzərədən bəni-biyaban səsini
içinə salıb susmuşdu.
Səfi yaşlı adamlar kimi əlini üzünə
çəkib salavat çəkmək istəyəndə
ovcundan isti, nəmiş qan qoxusu gəldi. Eyməndi, əlini
tez geri çəkdi. Yerin-göyün
kişnərtisindən yaddaşı indi-indi macal tapıb
üstünə qayıdırdı. Yox,
qayıtmırdı, iri qırxayaq kimi yaddaşı
üstünə yeridikcə qırmızı rəngli hadisələr
kələf kimi bir-birinə dolaşırdı.
Atası əlindəki
çatını havada yellədirdi, anası qorxaq
baxışlarıyla ilan dili çıxarıb ərinə
yalvarırdı:
- Bir qələtdi
eləyib, başını daşa döyüb, olan olub...
Atasının gözlərini qan örtmüşdü.
- Dəli
köpəyin qızı, oğlun da sənə çəkdi,
səy bir gədə doğdun, başımı yerə
soxdun. İt oğlu it, kişinin arzusu varmış,
arzularının dalınca gedəcəkmiş!
Çatı
havada fırlandı, anası Səfini qorumaq üçün
özünü qabağa verdi, atası əlinin
arxasıyla anasını kənara itələdi,
çatı ilan kimi havada oynayıb Səfinin ortasına
dolandı, Səfinin bağırtısı aləmi
başına götürdü.
Anası ərinin
ayaqlarına düşdü:
- Allah
evini yıxsın, xəstə balanı öldürəcəksən?!
- deyib, əlini üzünə atdı.
Atası quduz it kimi dörd tərəfinə
ağız atırdı.
Çatı havada
açılıb-yığıldıqca Səfi bar-bar
bağırır, atasını söyür, arada imkan
tapıb "yaxşı eləmişəm, yaxşı eləmişəm"
- deyib atasını cin atına mindirirdi. Sonra nə
olduğu yadında deyil.
Səfi armud ağacının koğuşunda niyə
bunları xatırlayırdı, niyə o qorxulu gün
yaddaşında itib, indi peyda olmuşdu. Yaddaşı
niyə qaçmışdı, ona nə olmuşdu?
İldırım haranısa vurdu, harasa zavala gəldi. Səfi
ağacın koğuşunda sümüyünəcən
yandı, büzüşdü, dodağı əsdi.
Titrək səslə:
- Keşkə
ildırım bu ağacı vuraydı, - dedi.
Dedikləri ağlına batdı. Pişik cəldliyilə
birbaşa ağacın başına dırmaşdı. Göyə baxdı. Göy
üzü qan rəngindəydi. Var gücüylə
bağırıb yerini nişan vermək
istədi. İri yağış
damcıları başını göyə tutub ulayan Səfinin
üz-gözünə yağdı, yaddaşına, narahat
ruhuna yağdı. Səfinin qurumuş
yaddaşı islandı. Damcılar
axıb gözünün çuxurunu doldurub, yanağı
aşağı süzüləndə ağzını
geniş açıb qırmızı buludun suyundan doyunca
içmək istədi. İçinin
odunu söndürə bilsə, qırmızı buludun suyu
söndürəcəkdi.
Şimşək bu dəfə elə çaxdı ki, Səfinin
çıxdığı ağac qanbağır olub titrədi. Nə
sirri-xudaydısa bu dəfə Səfi qırmızı
buluddan qorxmadı. Seyrək ağlı
işıqlandı, ağlına gəldi ki, geriyə, gəldiyi
dərəyə dönməlidi. Ağaca
dırmaşdığı kimi, düşməyi də bir
oldu. Əslində, Səfinin ağacın
başına dırmaşmağı möcüzəydi.
Səfi hündürlükdən it kimi qorxurdu,
ömründə bir kərə də olsun ağaca
çıxmamışdı. Ağlı
üstündə olsaydı, boynuna diri ilan da salsan, bu qələti
eləməzdi. Səfi ağacın dibindəydi.
Yağış get-gedə güclənirdi.
Koğuşa girib nəfəs almaq istədi.
Amma ağlı onu gəldiyi yerə - dərəyə
çağırırdı.
Qırmızı
buluddan yağan ağ yağış
zehnini açmış, qorxusunu dağıtmışdı. Göyün hədə-qorxusu indi eyninə də
deyildi. Var gücüylə
yağışın altında qaçır, biçənəklər,
kövşənlər, qarşısına çıxan kündə
təpələr arxada qalırdı. Dərəyə
çathaçatda dayandı. Bu yer ona tanış
gəldi, nəyisə ona xatırlatdı. Gözü dərənin
yuxarısındakı sıldırım ağ
daşa sataşanda duruxdu, daşa qanlısı kimi baxdı. Bilmədi irəli getsin, yoxsa geri.
Göy bu dəfə yaxında yox, uzaqda, çox uzaqda
guruldadı. Dağların seli-suyu dərəni yerindən
oynatmışdı. Bir az da
yuxarı qalxdı, zahmanın başında dayanıb
bulanıq gözləriylə bulanıq selə baxdı.
Əlini üzünə çəkib şükür
eləmək istədi, ovcundan qan iyi gəldi. Yerə
çöküb ovcunu yaş otlara sürtdü, sonra dərə
aşağı yüyürüb suyun əl verdiyi yerdə əllərini
bulanıq suda yorulub əldən düşənəcən
yaxaladı. Kəndə qayıtmaq
üçün bu dərədən keçməliydi. Bilirdi ki, keçə bilməyəcək. Ağlının dar zolağında buna sevindi.
Çevrilib dərə yuxarı
çıxmağa başladı. Üst-başından
su süzülürdü. Köhnə
ayaqqabılarının altı sürüşkən
olduğundan sürüşür, arabir dizini yerə qoyub əlləri
üstə yoxuşu dırmaşırdı.
Dikdirə çatanda doğma, çox doğma bir səs
eşitdi.
- Allah sənə
şükür, min şükür! Məni bu
yaşımda, bu başımda bala qatili eləmədin.
Atasının dediklərini eşidəndə yenə Səfinin
ağlı qaçdı. Beyninin dar zolağı bir az da daraldı, qırmızı başlı
qara bir ilan yaddaşından şütüyüb keçdi. İlanın uzaqlaşmağıyla zehninin
işıqlanması bir oldu.
Qırmızı
bulud üstlərinə gəlməmişdən əvvəl dərədəki
ağ daşın yanında birdən-birə
başı çönmüşdü. Hər
dəfə tutması tutub kəndi bir-birinə qatanda atası
onu mal damına salıb şallaqlayar, uzun müddət pəyədə
ac-susuz saxlayardı. Səfi pəyədən
çıxan kimi qonşusu Salmangilə gedib
ağıllandığını deyərdi. Çubuqların
ucunu yonqarlayan Salman kişi "Sən
onsuz da ağıllısan" - deyərdi. Elə
sakit-sakit deyərdi ki, Səfi onun sözünə
inanardı.
Amma
atası ona inanmadı...
Ağ
daşın yanında halı birdən-birə
qarışanda dəhrənin iti ucunu atasının
boğazına dirədi...
Yox, dəhrə-filan yox idi, bu dəfə odun
qırmağa atasıyla gəlməmişdi. İki gün
əvvəl ağlı yerindən oynamamışdı,
günortayacan kəlçələri otarıb tələsik
evə qayıtmışdı. Quzu Bəbirdən
eşitmişdi ki, bu gün El yolundan köç keçəcək.
O, bu fürsəti əldən verməyəcək, elatdan at
alıb ən böyük arzusuna çatacaqdı. Ata minib dərdinin dərmanını axtarmağa gedəcəkdi.
Aylardı ki, gözünün altıyla
atasının yük yerində gizlətdiyi pulları hərləşdirirdi.
Atası pul yığırdı ki, inişil Əmirin
oğlunun qaçırdığı qızına cehizdən-zaddan
alıb versin. Atası bu pulu qəpik-qəpik
yığmaq üçün dəridən-qabıqdan
çıxırdı. Amma bunlar Səfinin
vecinə də deyildi. Ağlı kəsəndən
at istəmişdi. Qıvraq yerişli, ipək yallı,
irigözlü, qar kimi ağ rəngli at. Bu at hardan ağlına girmişdi, hardan gedib-gələn
yaddaşında yuva salmışdı, heç özü də
bilmirdi. Amma uşaqkən Yaxşı nənəsi
ona bir nağıl danışmışdı. Elə Səfi yaşda olan Xəstə Bilalın
nağılını. Xəstə Bilal
bir gün qaşqa ata minib dərdinin dərmanını
axtarmağa gedir. Gedir, gedir, gedir və
dünyanın qutardığı yerdə günəş rəngli
bir çiçək tapır. Çiçəyin
ətri bütün xəstəlikləri Bilalın
canından qovub çıxarır. Bilal
qaşqa atın belində kəndlərinə qayıdanda kimsə
onu tanımır. Necə tanısınlar,
axı, Bilal çolaq, xəstə bir uşaq idi. Amma indi yanağından qan damırdı, boy-buxunu
göyəcən millənmişdi, yumruğu sal daşı
ikiyə bölürdü. Kəndin ən
gözəl qızı Süsən də o gün Bilala
könül verir. Sonra da qırx gün,
qırx gecə toyları olur.
Nənəsi nağılın bu yerində köks
ötürərdi. Axı, onun toyu olmamışdı, kindiri
vurmuş Səfinin babası onu bostandanca götürüb
qaçırmışdı.
Səfi bu nağılı nənəsinə o qədər
danışdırmışdı ki, yazıq arvad
nağıla bir düjün əhvalat qoşmuşdu. Səfi seyrək
ağlıyla hər şeyə inanırdı, amma bu
nağıla elə inanmışdı ki, bu inam
yaddaşında kök atıb ruhuna
qarışmışdı.
Amma hər dəfə ağzını açıb
atdan söz açanda atası "bircə atımız
çatmır" - deyib Səfinin ağzından vurmuşdu. Anası da
oğlunu kiritmək üçün "başına
dönüm, heç inəyimizə ot-ələf
tapmırıq, at, bilirsən, bir gündə nə qədər
ot yeyir?" - deyib onu qorxutmaq istəmişdi.
- Nə qədər?
- deyib Səfi gözünü
anasının üzünə dikmişdi.
- Bir taya.
Bu cavab Səfini qorxutmuşdu. Elə qorxutmuşdu
ki, uzun illər içindəki at xəyalını qovub
özündən uzaqlaşdırmışdı. Hər
gün bir taya ot yeyən heyvandan kim qorxmaz
ki? Amma illər sonra Yaqubgilin, Lətifgilin atlarının
çox az yediyini görmüşdü. Bir qışa bircə taya yemişdi
qonşuların atı. Başa
düşmüşdü ki, anası onu başından eləmək
üçün belə deyib.
İndi yekə kişiydi, 17 yaşı vardı, at istəyirdi,
istəyirdi ki, ata minib getsin, uçub gedən
ağlını tapıb gətirsin.
...Allahdan,
evdə kimsə yox idi. Səfinin barmaqları
yükün altındakı pula toxunanda bədəni
çimçəşdi. İstədi əlini
geri çəksin, duruxdu, istəyi qorxusuna üstün gəldi.
Pulu götürüb tələsik cibində
gizlətdi. Ora-bura baxa-baxa El yoluna
yollandı. El yolu kəndlərindən
xeyli aralıydı. Səfi dikdirləri,
dağları quş kimi aşırdı. Payızın son ayı olduğundan köçlər
arana yollanırdı.
Səfinin gözləri ilxıya sataşdı. Ağ,
qırmızı atlar alov kimi işıq saçırdı.
Səfi burnunu çəkə-çəkə
elatın başçısını soruşdu. Eşməbığlı
adamı nişan verdilər. Başqa vaxt olsaydı, Səfi bu bədheybət
adamdan qorxar, dil-dodağı quruyardı. Amma
Səfi çalbığlı, həbəş dodaqlı
adamdan qorxmadı.
Barmağını
sürüyə tuşlayıb:
- O ağ atı istəyirəm, - dedi.
Eşməbığ
adam Səfinin təhər-töhüründən
bir şey anlamasa da, gözündəki
işartısını görüb:
- Pulun
var? - dedi.
Səfi əl
atıb cibindəki dəsmala bükülü pulu top
çıxarıb adama uzatdı. Sövdələşmə
baş tutdu. Atın başına noxta
salıb Səfiyə verdilər.
Səfi
heç vaxt ondakı qədər xoşbəxt
olmamışdı, elə bil ürəyi
qıdıqlanırdı, ayağı yerə dəymirdi,
atın başını çəkə-çəkə
öz-özünə danışır, gülür, arada fit
çalırdı. Yol
qıyıb ata da minmədi. Gör neçə
illər bu irigözlü, ipək yallı, ağ
atın yolunu gözləmişdi. Bircə Allah
bilirdi ki, Səfi bu atı nə qədər arzulayıb, gecələr
neçə dəfə atdan ötrü gözünün
yaşını töküb.
Səfi kəndə qayıdırdı,
qayıdırdı ki, atına yəhər alıb, minib getsin
buralardan. Uçub gedən ağlını tapıb, Bilal kimi
sağalıb geri dönsün. Gözükölgəli
anasını atasının danlağından qurtarsın, məhəllədəki
pis uşaqlar ona söz atmasın, xırda qızlar onu görəndə
əllərini ağızlarına aparıb gülməsin,
eh, Səfinin o qədər dərdi vardı ki... Amma bir
şey qalmamışdı, Səfi arzusunun dalınca gedəcəkdi...
Dərədən
keçəndə at başını uzadıb xeyli su
içdi, Səfi heç vaxt heç kimə demədiyi
sözləri utana-utana atına pıçıldadı:
-
Başına dönüm sənin, mənim yaxşı
atım.
At narahat-narahat fınxırıb Səfinin sözlərinə
məhəl qoymadı...
...Atası ağ atı həyətlərində görəndə... Səfinin yaddaşı yenə qarışdı.
Atası əvvəlcə evə qaçdı.
Hə, qaçdı, sonra güllə kimi özünü həyətə
atdı, səsi titrəyə-titrəyə, "az, Həmayıl,
pul yerində yoxdu" - dedi.
Əlində
ələk tutmuş anasının sifəti un
kimi ağardı.
- Nə
danışırsan, a kişi? Dəli olmusan, nədi?
- Yoxdu da,
ay evi yıxılmışın qızı, yoooxdu!
Atası məsələni anlayanda onu çatıyla
döydü, amma ürəyi soyumadı, bir də
özünü evə təpdi. Əlində təklülə
geri qayıdanda anası əl atıb başını yoldu.
Güllə açıldı, Səfinin ürəyi
ayağının altına düşdü. Səfi dönüb qorxulu səslər
çıxaran atına baxdı. Dördgöz
olmuş at, fınxırıb şahə qalxmaq istədi, dizləri
büküldü, başından qan bulaq kimi
fışqırıb hər tərəfi qana boyadı.
Sonra böyrü üstə yerə
yıxıldı, bağlandığı dirəyin
üstünə aşdı. Səfi
olanları görürdü, amma gördüklərini
ağlına sığışdıra bilmirdi. Əli-ayağı qurumuşdu. Handan-hana
qurumuş ayaqlarıyla özünü atın üstünə
atdı. Atın bütün bədəni
tir-tir titrəyirdi, iri gözləri qorxu saçırdı.
Səfinin arzuları, xəyalları, inamı
atın gözündə ölürdü. Səfi sümüyünəcən yansa da, əl
uzadıb arzularını xilas edə bilmirdi. At Səfinin gözündə, Səfi atın
gözündə ölürdü...
Qonum-qonşu səsə gəlmişdilər. Heç kim
dinmirdi, hamı ölümə tamaşa eləyirdi, Səfi də
ölən atı kimi titrəyirdi. Sonra kölgə kimi
adamların içində əriyib yox oldu...
...İndi atası ilə üz-üzə
dayanmışdı. Ağlının dar zolağından
işıldaqurdu kimi işıqlar sayrışırdı.
Atası burda nə gəzirdi? Atası onun arzularını
öldürmüşdü, o da atasını öldürəcəkdi.
Öldürəcəkdi, sal daşın yanında, odun kəsdikləri
dəhrəylə... Soyuqdan qızarmış əllərini
qorxa-qorxa ağzına apardı. Əlindən
qan iyi gəlmirdi, yaş otun zərif qoxusu gəlirdi.
- Qorxdum,
başına bir işin gələcəyindən, səni itirəcəyimdən
qorxdum. İki gündü
çölü-biyabanı qarış-qarış gəzib
səni axtarıram. Lənətə gəlsin
o pulları, sənə at alacam, yaxşı bir at alacam.
Gedək evimizə, anana yazığın gəlsin.
Səfi ağlayırdı, zülüm-zülüm
ağlayırdı. Göz yaşları tüklü
üzüylə diyirlənib boynuna-boğazına, qoynuna
tökülür, atası günahkarcasına susurdu.
Birdən elə bil atası diksindi, əlini köhnə
pencəyinin cibinə salıb bir ovuc quzuqulağı
çıxarıb Səfiyə uzatdı.
Atasının ovcunda Səfinin ölmüş
arzularının qanı vardı. Səfi
başını qaldırıb göyə baxdı.
Qırmızı bulud atasının əlindəki qanı
yuya bilməmişdi, qırmızı bulud atın
çapıb getmişdi...
Təranə VAHİD
Ədəbiyyat qəzeti.- 2018.- 22 sentyabr.- S.4-5.