Baş redaktordan
Bu yazını yazmaya
da bilərdim. Amma təbiətim
etibarilə şükran
və təşəkkür
borcumu dilə gətirməyi sevən biriyəm. Ona görə də
bu yazını 55 yaşımla bağlı
aldığım təbriklərə,
sosial şəbəkələrdəki
sayqı dolu münasibətlərə cavab
kimi qəbul edin.
Fərqli
düşünən yüzlərlə
insanın sevgi və sayqısını şəxsən öz adıma deyil, "Ədəbiyyat qəzeti"nin adına qəbul etdim. Kövrəldim, qürurlandım, ruhumun sona qədər
fərəhləndiyini hiss etdim. Hamının səsində, üslubunda
Tanrıdan bir nişanə vardı; sevgi dolu.
Mevlananın sözlərini xatırladım:
Biz birləşdirmək üçün
gəldik, ayırmaq üçün deyil. Başqa ədəbiyyatları
deyə bilmərəm,
amma bu gün
Azərbaycan ədəbiyyatının
və ədəbi mühitinin daha çox ehtiyac duyduğu bu idi: bir ədəbiyyat
çatısının altında
birləşmək! Və düşünürəm
ki, bunu etməyi bacardıq.
İndi
biz Azərbaycan ədəbiyyatı
adlı qutsal bir Vətənin içindəyik. Bundan
gözəl nə ola bilər
ki.
Ziya Gökalp
öyrədirdi ki, bəzən buluda şair gözüylə baxmalısan ki, bulud qanadlı mələk olsun. Sizin ismarışlarınız
mənə bunu təlqin etdi. Sayənizdə buludlar qanadlı
mələyə çevrildi.
Bu bəlkə də sonunda ona görə
belə nəticələndi
ki, biz Gökalpın bir öyüdünü qəzetdəki əsl ədəbiyyat uğrunda ağrılı-acılı mücadiləmizin
ana xəttinə çevirə bildik: "Ümid ruhun gəncliyidir". Gənclərimizin
yaradıcılığına daha geniş meydan verdikcə inandım ki, bu gün Azərbaycan
ədəbiyyatındakı gənc imzalar heç sabah
da deyil, elə bu gündən
dünya ədəbiyyatının
ən gözəl örnəklərini yaratmağa
qadirdir və bəzən bu örnəkləri yaradırlar
da.
Və bir də bu:
gördüm ki, sevgi və işıq
dolu işlər bir gün elə
sevgi və işıq topası kimi insanın özünə qayıdır.
Deməli," hələ
yaşamağa dəyər
bir az da"!
21 sentyabr 2018
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2018.-
22 sentyabr.- S.7.