Nəriman Həsənzadə nüfuzlu
beynəlxalq dərgidə
Bu yaxınlarda Rusiya Federasiyasının Soçi şəhərində keçirilən ədəbiyyat üzrə beynəlxalq LiFFt festivallar festivalında 170 yazıçının laureat adı uğrunda apardığı mübarizə ilə yanaşı kitab sərgiləri, dəyirmi masalar, kitab və dərgi təqdimatları da böyük maraq doğurdu.
Diqqətimi çəkən bir təqdimat Soçinin Mərkəzi Kitabxanasında oldu, festival iştirakçılarına və ictimaiyyətə "Dünya poeziya almanaxı" təqdim edildi.
2000-ci ildən işıq üzü görən, Nadaa Sendoonun redaktorluğu altında, YUNESKO-nun patronajlığı ilə ingilis dilində çıxan bu nüfuzlu dərginin səhifələrində mütəmadi olaraq bütün qitələrin şairlərinə yer ayrılır, şairlər və onların şeirləri xüsusi seçim yolu ilə müəyyənləşdirir.
Təqdimat zamanı redaktordan indiyə kimi Azərbaycan poeziyasının bu almanaxda təmsil olunub-olunmadığını da soruşdum. Redaktor qeyd etdi ki, Azərbaycanın xalq şairi Nəriman Həsənzadə 2015-2016-cı illər buraxılışında "Badam çiçəyinin öyrətdikləri" şeiri ilə çoxminli oxuculara təqdim olunub. Redaktor bu didaktik poeziya nümunəsinin kifayət qədər maraq doğurduğunu, bəyənildiyini də qeyd etdi.
Fürsətdən istifadə edib sevimli şairimizin dərc edildiyi buraxılışı Nadaa Sendoodan aldım ki, gətirib Nəriman müəllimi və poeziyasevərlərimizi, ədəbiyyat təəssübkeşlərimizi sevindirim.
Bizim ədəbiyyatı xaricdə tanıyırlar, dəyərləndirirlər, əfsus ki, çox zaman bunlardan, sadəcə, xəbər tutmuruq.
Yenə yaxşı ki, gec də olsa, "Dünya poeziya almanaxı"ndan xəbər tuta bildik. Badam çiçəyinin nə öyrətdiyini bilmək, düşünürəm ki, hamı üçün maraqlı olar.
Varis
Ədəbiyyat qəzeti.- 2018.- 22
sentyabr.- S.9.