Şeytanbazar:
itirilmiş yaddaş yeri
Qoca
Tiflisin göbəyində bir qədim məhəllə var,
Şeytanbazar adında. Tarixi "müsəlman
anklavı". Mədəniyyətimizin yaddaş yeri.
"Yaddaş yeri" fransız tarixçisi Pyer Noranın əsas
kateqoriyasıdır, bir etnosun tarixi xatirə düşüncəsinin
mövcudluq formasıdır (P.Nora "Yaddaş yerlərinin
problematikası", rus dilində). Müsəlman şəhər
landşaftının elementləri - məscid, hamam, bazar
meydanı Paronbəyov və Xalatov karvansaraları, misgər,
dulusçu, papaqçı, dəmirçi, bəzzaz
dükanları, çayxanalar, türklərin "Roza"
lokantası… onun topoqrafik obrazını tamamlayır,
üslubuna görə Gəncənin, Şəkinin, Təbrizin
memarlıq üslubunu xatırladırdı. Şah Abbas məscidi
isə bu məkana bir qutsallıq işarəsi verir.
Bir ticarət
məkanı (bazar) kimi arxetip səviyyəsində
mövcudluğunu davam etdirirdi. N.Nərimanov təəccüb
edirdi ki, "Tiflis müsəlman şəhəri olmaya-olmaya
müsəlmanlar olan məhəllədə də
Şeytanbazarı məlum məşhur bir bazardır".
Şeytanbazar
A.Şaiqin uşaqlıq xatirələrinin unudulmaz səhifəsidir:
"Şeytanbazar o vaxt Tiflisin ən izdihamlı küçələrindən
idi. İki-üç yerdə çayxana var idi. Bu
çayxanalar səhərdən axşama qədər hey dolub
boşalır; hərə qarşısında bir stəkan
çay oturur, dərvişlər nağıl söyləyir,
ilan oynadır, xanəndələr çalıb-oxuyurdular.
Böyük samovar səhərdən gecə yarısınadək
qaynayır, onun yanından qızarmış kömür əskik
olmur, çayxana xidmətçiləri qəlyan
başına maşa ilə od qoyub, çəkə-çəkə
alışdırır, sonra aparıb müştəriyə
verirdilər. Müştəri də bir əli ilə qəlyanın
uzun boğazından, bir əli ilə də uzun müştüyündən
yapaşıb çəkir və tez-tez tüstünü
havaya buraxırdı. Samovarların hisi, tənbəkilərin
acı tüstüsü çayxananın içini duman kimi
bürüyürdü"
(A.Şaiq. "Xatirələrim"). Bu mənzərəni
Tiflis Azərbaycan teatrının tanınmış aktyoru və
rejissoru İbrahim İsfahanlı xatirələrində təsvir
edir: Şeytanbazarda elə məşhur çayçılar
var idi ki, vağzalda adı çəkilən kimi
tanınırdı. Ramazan ayında aşıqlara da rast gəlmək
olardı. Türkiyədən gəlib burada
çayçılıqla məşğul olan Yaqub
Şükri əfəndi adlı bir nəfərin
dükanında türk xalq çalğı alətləri
üçlüyü çalıb oxuyardı. Uzun
qış gecələrində "Qaragöz" xalq oyunu
göstərilirdi. Xoruz döyüşü, Qoç
jöyüşü də şeytanbazarlıların sevimli əyləncəsi
idi (bax: İ.Kərimov. "Ə.Haqverdiyev və teatr").
Şeytanbazar
həmişə güclü, ritual-oyun atmosferi ilə fərqlənirdi.
İ.İsfahanlı xatirələrində bu məqama da
toxunur: "Şeytanbazarda" ayrı-ayrı oyunbazlar dəstəsi
fəaliyyət göstərirdi. Hətta beşmərtəbəli
Xalatov karvansarasının hər mərtəbəsinin
özünəməxsus bir dəstəsi, yəni təkiyyəsi
var idi. Bu büsat o qədər şöhrət
qazanmışdı ki, "maşınqabağı",
"qalaməhəlləli" - adlı ayrıca uşaq dəstələri
də yaranmışdı. Dəstələrə nüfuzlu
şəxslər başçılıq edirdilər. Onlar məhərrəmlik
mərasimini də təntənə ilə keçirirdilər".
Azərbaycan
mədəniyyət tarixinin mühüm bir hissəsi bu
gerçək və mifik məkanla keçibdir. "C.Məmmədquluzadənin
yaddaşında bu qeyri-adi məhəllə geridə
qalmış müsəlman dünyasının səciyyəvi,
tipik, ümumiləşmiş rəmzi kimi
qalmışdır" (İ.Həbibbəyli. "C.Məmmədquluzadə:
mühiti və müasirləri").
Bir məkan
kimi, Şeytanbazarın da öz "dili" vardı. Bu
"dili" küçəsi, meydanı, Şah Abbas məscidi,
Kür çayı, tacirlər, sazandələr - xanəndələr,
aşıqlar bu "dili" yaradırdı. M.F.Axundzadənin
evi burda idi, hər gün meydandan keçib işə gedirdi.
Şeytanbazarın
mistik ruhu Əbdürrəhim bəy Haqverdiyevi maqnit kimi həmişə
çəkib Tiflisə gətirirdi. "Şeytanbazar
meydanı Mirzə Cəlilin bir növ yardıcılıq
laboratoriyası funksiyasını da yerinə yetirmişdir.
Vaxtilə ədib özü etiraf etməli olmuşdu ki,
"Tiflisin Şeytanbazarında rast gəldiyini islam aləmi hər
gün və hər saat yazmağa vadar edirdi. Material o qədər
idi ki" (İ.Həbibbəyli).
Şeyx Sənan eşqi Cavid əfəndini
bura bağlamışdı. Rza Təhmasib
xatırlayırdı ki, "Cavid Şeytatbazarda bir mənzil
tutmuşdu. Oradan Şeyx Sənan dağı aydın
görünürdü. Cavid, Əziz Şərif və mən
bir neçə dəfə həmin dağa gəzməyə
getmişdik. Cavid burada Şeyx Sənana istinad edilən qəbrin
yanında xeyli dayanar, riqqətlə ona baxardı. Sonra
başa düşdüm ki, o ruhən və fikrən bu yerlərə
yaxın olmağa bir ehtiyac duyurmuş" ("Ədəbiyyat
və incəsənət", 2 mart 1963).
XX əsrin
əvvəllərində Azərbaycan yazıçısı
(M.Cəlal. Ə.Haqverdiyev, Ə.Şərif, N.Nərimanov...)
onu Orta əsrlər müsəlman dünyasının modeli,
məkan obrazı kimi qavrayırdı. "Belə məhəllə
dünyada müsəlman aləminin hər bir şəhərində
var… Qeyri-şəhərlərin və qəsəbələrin
Şeytanbazarı bir şəkildədir: toz və torpaq,
zibil, evlər və dükan-bazar, xaraba, küçələr
dolu it-pişik və keçəl-küçəl müsəlman
uşaqlar. İki dünyanın biri çayxana, tiryəkxana,
qumarxana. Dar küçə və bazarda yük heyvanları
qarışıb adamlara… maarifin, səliqənin və nəzafətin
(təmizliyin - R.K.) burada iyi - əsəri görünməz…
Bura varid olan təzə bir adam da… buranın vəhşilik
halına təəccüb edəcək" (C.Məmmədquluzadə).
Tiflis
mürəkkəb semiotik mexanizm kimi Qafqaz mədəniyyətinin
generatoru idi, çünki özü "müxtəlif dillərə
zümrələrə, xalqlara aid olan mətnlərin və
kodların qazanı"na (Y.Lotman) çevrilmişdi. Burda hər
qövmdən adamın (ləzgi, kürd, gürcü, erməni,
türk) danışığını eşitmək
olardı.
Tiflisin
"semiotik poliqlotizmi". Azərbaycan dilinin, Azərbaycan
ziyalılarının da bu "çoxdilli oyunda"
iştirakını təmin edirdi. 1912-ci Tiflisdə Azərbaycan
teatrı üçün bu məhəllədə bina
ayrılır. Ona "müsəlman auditoriyası"
deyirdilər (Ə.Şərif. "Keçmiş günlərdən").
Molla Nəsrəddinin düşmənlərinin yuvası idi.
"Onlarla Şeytanbazarlı
Tiflis mollası Mir Bağır Mirheydərzadənin
başçılığı ilə jurnalı boykot etməyə
hazırlaşırdılar" (A.Hacıyev. "Tiflis ədəbi
mühiti").
Bu
türk müsəlman məkan koduna qarşı erməni məkan
kodu (Avlabar) dururdu. Ermənilər Tiflisin Alaverdi məhəlləsində
yaşayırdılar. "Tiflis şəhəri biri
böyük, o bir çox kiçik olmaq üzrə ikiyə
bölünmüşdü. Bu iki düşmən cəbhəsinin
hüdud xətti. Ortaçala körpüsünün Şah
Abbas məscid körpüsünə və buradan
Şeytanbazar meydanına orta yararaq hüduda qədər uzanan
xətti idi" (Ö.F.Nemanzadə).
Rus-İran
müharibələrindən sonra Tiflisə ermənilərin
güclü axını, həyasızcasına kütləvi
şəkildə şəhərdə məskunlaşması
etnik-mədəni qarşıdurmanı gücləndirir,
xüsusən, 1905-ci ildə erməni-müsəlman
qırğınında daha konkret şəkil alır. Ömər
Faiq Nemanzadə xatırlayır: "1905-ci il noyabrın 20-də
axşam saat 9-da ləzgi paltarlı üç adam faytonla erməni
məhəlləsi tərəfindən gəlib. Türklərin
Şeytanbazardakı "Roza" lokantasının
qabağından keçərək havaya beş-on güllə
atdılar və faytonlarını bərk sürüb
Ortaçalaya doğru getdilər".
Şeytanbazarın
tarixçəsini Tiflisin müsəlman mifologiyasından
ayrı düşünmək olmaz. "Mifologiya"
sözünü metaforik mənada işlədirik. N.Nərimanov
Şeytanbazarın real tarixinə mifoloji ruhun hopduğunu
bilirdi. Buranı əlinin içi kimi tanıyırdı.
"Qədimdən həmin Şeytanbazarı doğrudan da bir
şeytan yuvası idi: adam öldürərdilər, harada?
Şeytanbazarında. Cib kəsərdilər, harada?
Şeytanbazarında. Filan Hacının oğlu var-yoxunu qumara
uduzardı harada? Şeytanbazarında. Filan Sibirə göndərilən,
sonra qaçıb gələn adamı harada tapardılar?
Şeytanbazarında. Biçarə kəndçiləri (…)
soyardılar, harada? Şeytanbazarında. Böylə bir tarixi
olan bazara Şeytanbazarı deməyib nə deyəcəksiniz?
Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var
idi: qəribə, adətdən dışarı bir paltarda
adam görsəydilər. Şeytanbazarının cavanları
ona sataşardılar" (N.Nərimanov.
"Şeytanbazarda").
Şeytanbazar
xatirələri və rəvayətləri silinib gedir. Dərbənd,
Göyçə, Təbriz kimi Şeytanbazar da azərbaycanlı
ruhunun daha bir məkanı olur və aktiv topoqrafik obraz kimi
yaddaşımızda getdikcə ilğıma çevrilir.
Artıq Şeytanbazar bir mifdir. Və gün gələcək
bir Azərbaycan yazıçısı bu mifin zaman içində
mənasını və ifadə formasını hiss edib qələmə
alacaq və ona əbədilik işarəsi qazandıracaq.
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2018.- 22 sentyabr.- S.11.