Ağ şaman: "Hər an möcüzə
gözlə!"
Tələbəlik illərində o
vaxtkı SSRİ məkanında sovet vətəndaşlarından
başqa, institutumuzda xaricdən gələn tələbələr
də təhsil alırdı. Polşadan, Bolqarıstandan,
Çexoslavakiyadan, Kubadan, Nikaraquadan, Seylondan, Hindistandan,
Vyetnamdan, İrandan, Səudiyyə Ərəbistanından,
Çindən, Monqolustandan olan yaradıcı gənclər
yataqxanamızın dəhlizlərində xəyal kimi
dolaşır, öyrəndikləri alababat rus dili vasitəsilə
bizimlə ünsiyyətə çalışırdılar.
Dərslər başlanan ərəfədə
məndən bir kurs aşağı oxuyan dostum Etimad
Başkeçid tuvalı tələbə yoldaşı ilə
məni tanış elədi. Bu utancaq, monqolsifət gəncin adı Viktor idi.
Söhbət arasında ona dedim, siz də türk
xalqlarındansınız. Viktor hər ikimizin üzünə
baxıb, ürəyində bizi özü ilə müqayisə
edərək şirincə qımışdı və utancaq
şəkildə sözümə etiraz elədi. Yəni sizin
kimi almacıq sümüyü irəli çıxmış
türk hara, mən hara?
Bu tanışlıqdan sonra
Viktor tələbə yoldaşı Etimadla tez-tez
otağıma gəlir, mənimlə dostluğunu dərinləşdirirdi. Özünün söylədiyinə görə, onun
atası, babası və əcdadları qədim şamanlardan
olublar.
Viktor və Etimad birinci kursu, mən
isə ikinci kursu başa vurub yay tətilinə getdik. Tətildən sonra yenə yataqxanada
yığışıb məclis qurduq. Həmin məclisdə
Viktor dedi, sənin o türk söhbətindən sonra vətənə
qayıdıb xeyli şeylər araşdırdım və məlum
oldu ki, biz doğrudan da türkük. Evdən gətirdiyi
Tuva dilində çap olunmuş böyük bahadırlıq
dastanını bizə göstərdi. Kitabda
qədim Tuva bahadırlarının qəhrəmanlığından
bəhs edildiyini söylədi. Sonra belə
qəhrəmanlıq dastanlarının onlarda yeddi
böyük kitab olduğunu əlavə elədi. Beləcə, eyni millətdən olduğumuzu yəqinləşdirdikdən
sonra Viktor bizə daha da isinişdi. Hər dəfə
görüşüb söhbətləşəndə
dilimizin dərinliyində gizlənmiş ortaq sözləri
üzə çıxarır, birlikdə xəzinə
tapmış adamlar kimi sevinirdik. Mən öz aləmimdə
Viktoru daha qədim və saf qalmış türk hesab edirdim.
Şaman ailəsində böyümüş, qədim inanclar
və buddist fəlsəfəsinin təlqinləri ilə
yaşayan Viktor həmişə mənə sirli insan təsiri
bağışlayırdı...
Bu yaxında, təxminən 25 il sonra Viktorla feysbukda tapışdıq və
xeyli dərdləşdik. Müsahibə verməyə razı
saldıqdan sonra onunla skayp vasitəsilə söhbətləşdik:
- Viktor, yadındamı, ilk dəfə
tanış olanda sənə dedim, siz də
türksünüz, mənə şübhəli-şübhəli
gülmüşdün?! İkinci kursa gələndə
dedin, tuvalıların tarixini xeyli aradım və anladım
ki, biz həqiqətən türkük.
- Əlbəttə, yadımdadı. Aradan illər
keçsə də, tələbəlik illərində elədiyimiz
söhbətləri tez-tez xatırlayıram. Səninlə tanışlıqdan sonra vətənə
qayıdanda Kızıl şəhərindəki mərkəzi
kitabxanaya getdim və tuvalıların tarixinə dair
çoxlu kitab vərəqlədim. Biz
muxtar vilayət şəklində SSRİ-nin, Rusiyanın tərkibinə
1944-cü ildə daxil olmuşuq. Ölkəmiz
1961-ci ildən Tuva MSSR, 1991-ci ildən isə Tıva
Respublikası adlanır. Bəli, Azərbaycan
Rusiyadan aralı respublika olduğuna görə sizdə milli
oyanış erkən olmuşdu. Qaldı
ki, o vaxtkı fikrimə baxma, bu gün məndən
ötrü insanın hansı millətdən olması önəmli
deyil. Əsas olan insanın
düşüncəsidi.
- Bir vaxtlar deyirdin, ruslar
tuvalıları ruslaşdırmağa
çalışdığı üçün sizin rəsmi
adınız pasportda bir cür, ailədə isə başqa
cürdü. Sənin adın ailədə necədi?
- Bəli,
1954-cü ildən bizim doğum evlərində rus adları
yazıb asırdılar ki, valideynlər yeni doğulan
uşaqlara ordan ad seçsinlər. Mənim
adım da həmin siyahıdakı adlardan
götürülüb. Viktor yenilməz
deməkdi. Yadımdadı, atam söyləyirdi
ki, o zaman tuvalıların özləri bu yeni adlara həvəs
göstərir, uşaqlarına divardakı adlardan
seçirdilər. Belə baxanda, guya
valideynlərə təzyiq eləməyiblər, ancaq milli
adları da sənədə yazmağa qoymayıblar. Ailədə isə mənim adım
Çoçaqardı. Çoçaqar
güclü, əzələli insan anlamına gəlir.
- Bəs, o vaxtlar bizə göstərdiyin
böyük dastan hansı bahadırdan bəhs eləyirdi?
- Mən
bir neçə eposumuzu əzbərdən söyləyə
bilirəm. Sizə göstərdiyim kitab
"Xan-Şilqi attıq Kanqıvay Merqen" adlanır.
Tərcüməsi belədi: "Bahadır Kanqıvay Merqen
qırmızı Xan-Şilqi atın belində".
- İnstitutu bitirdikdən
sonra hansı işdə çalışmısan?
- Mən
dağlarda doğulmuşam, yurtada böyümüşəm.
Məktəb yaşım çatanda məni
babamın və nənəmin yaşadığı kəndə
gətiriblər. Həmin kənddə orta məktəbi
bitirdikdən sonra, bildiyin kimi, Moskva Qorki adına
Ədəbiyyat İnstitutuna daxil olmuşam. İnstitutun
diplomu ilə bir neçə dövlət müəssisəsində
işləmişəm. Son dövrlər
Rusiyanın müxtəlif şəhərlərində və
xarici ölkələrdə şamançılıq haqda
mühazirələr oxumaqla məşğulam.
- Hazırda harada yaşayırsan? Ailədə neçə nəfərsiniz?
- Anam və
həyat yoldaşımla birlikdə Tuvanın paytaxtı
Kızılda yaşayıram. İki oğlum,
bir qızım var, hər üçü ailə qurub bizdən
ayrı yaşayırlar. Anamın 85 yaşı var. Onun
atası lamaist olub. Mən
ata xəttinin davamçısıyam, yəni tenqriçiyəm.
Mənə verilən ata babamdan gələn
şamanlıqdı. Ata tərəfdən
olan əcdadlarım səmadangəlmə sayılır.
- Bəs şaman necə yaranır?
Necə olur ki, insan şaman olur?
- Şamanlıqda irsi faktor böyük rol oynayır. Əcdadlarında
şaman olan uşaqların bəzilərində bu hal
özünü büruzə verir. Gələcəyin
şamanında mütləq qeyri-adi əlamətlər hiss
olunur. Belələri hələ uşaqkən
öz təfəkkür və davranışları ilə fərqlənirlər.
Həddi-buluğa çatdıqdan sonra vergili
olduqları gözə çarpır. Bu
zaman onlar alt məkana düşüb orda əzab çəkirlər.
- Alt məkan haradı?
- Şamanların qavalı üç hissəyə
bölünür, alt dünya, orta dünya və üst
dünya. Orta dünya biz yaşadığımız məkandı.
Alt dünya xəstələrin və ölənlərin
məkanıdı. Üst dünya isə əcdadlarımızın
ruhlarının yaşadığı məkandı. Üst dünyanın sahibi Xan Tenqri, alt
dünyanın sahibi isə Erlik Xandı. Şamanlıq
verilən gənc vergi zamanı müxtəlif formada xəstələnərək
alt dünyaya düşür. Şamanlar
onun ruhunu xilas edərsə, yəni həmin vergili gənc xəstəlikdən
salamat çıxarsa, ona qaval və xüsusi libas hədiyyə
edilir. Onlar uzun illər qavalın
aşağı və orta hissələrindəki nöqtələri
dambıldadıb alt və orta dünyayla məşğul
olurlar. Belə gənclər qara şaman
adlanır.
- Qara şaman?
- Bəli,
bizdə, Qərbi Tuvada "qara şaman" sözü
neqativ işlərlə məşğul olan şaman
anlamına gəlmir. Əksinə, onlar öz
metodları ilə xəstə adamlara şəfa verir, öncəgörmə
elmini öyrənməyə çalışırlar.
Qara şamanlar müəyyən kamillik dərəcəsinə
çatdıqdan sonra üst dünya ilə əlaqəyə
can atırlar. Üst qatdakı əcdadlarının
ruhları ilə əlaqəyə girə bilən artıq ağ şaman adlanır. Ona görə ağ şamanlar əsasən qavalın üst
qatında dambıldadır və bütün yardımları
əcdadlarının ruhundan alırlar. Həm də ağ şamanlar öz geyimlərini geri
qaytarır və bundan sonra şaman libası geyinmirlər.
- Yəqin, sən artıq ağ şamansan...
- Bəli,
mən, artıq altıncı ildi ağ
şamanam, buna görə şaman libası geyinmirəm.
- Qara şaman olanda gələcəkdən
xəbər verirdinmi?
- Mənim
əcdadlarımdan qalma "41 daş" falı var, həmin
vasitə ilə gələcəkdən xəbər verə
bilirəm. Ancaq yersiz xəbərlər
çatdırmaq istəyəni ruhlar cəzalandırır.
Ona görə bildiklərimin hamısını
söyləməyə ixtiyarım yoxdu.
- "41 daş" metodunda
41 dənə daşdan istifadə edilir?
- Bəli,
41 ədəd xırda daşım var. Hər bir daş
başqa-başqa axar çaydan gətirilməlidi. Mən onları Yenisey çayına tökülən
xırda qollardan yığmışam. Həmin
daşlar şaman söyləmələri ilə təmizləndikdən
sonra öncəgörmə prosesinə qatılır.
- Yaşadığın
Kızıl şəhərində şaman çoxdumu?
- Bəli,
çoxdu demək olar. Əcdadında şaman
olanların əksəriyyəti öz qədim inancını
yaşadır.
- Ordakı şamanlarla
görüşürsənmi? Onların həyat fəlsəfəsi,
dünya görüşü haqda qısaca nə deyə bilərsən?
-
Görüşürəm, əlbəttə. Əsasən,
yaşlı, təcrübəli şamanlarla söhbətləşməyə
üstünlük verirəm. Deyim ki, hər
bir şaman individualdı. Hərəsinin
öz yolu, öz fəlsəfəsi var. Onlar
düşündüklərini çox nadir hallarda
açıq deyirlər. Dolmuş
şamanlar özlərini elə aparır, guya heç nə
bilmirlər, ancaq onlar çox şey bilirlər. Həm də hərəsinin öz yolu olduğundan
heç vaxt mübahisə eləməzlər.
- Bir şaman kimi, sənin
dünyagörüşün nələrə söykənir?
-
Dünyada heç bir canlıya zərər toxundurmamaq!
Onların azadlıq haqqına girməmək! Hər bir
canlının yaşamasına kömək etmək! Yardım
etməyi bacarmırsansa, ən azı, onlara mane olmamaq!
- Bir az geniş
danışa bilərsənmi?
-
Çox danışa bilməyəcəm, gərək
bağışlayasan. Mənim düşüncələrim,
əsasən, özümə aiddi. Bir onu
deyə bilərəm ki, həmişə düşüncəndə
pozitiv olmalısan. Pozitiv şeylər
düşünmək üçün öz
düşüncələrini idarə edə bilməlisən.
Neqativ fikirləri düşüncədən
silib daima pozitiv düşünmək çox çətindi,
əlbəttə. Bu cür
düşüncə yüksəkliyini əldə etmək
üçün illər sərf olunur. Odur
ki, bizim təlimə görə insanın bütün əməllərinin
mənbəyi onun öz düşüncələridi.
- Bir şey soruşum, şamanlar
necə qidalanır? Şəxsən sənin
xüsusi qida rasionun varmı?
- Nəylə
qidalanmaq şərt deyil, əsas xeyirxah düşüncəyə
və fəlsəfəyə sadiqlikdi. Qida bədəni
gücləndirib zehni iti saxlamaq üçündü. Bir çox hind təlimlərində vegeterianlıq
təbliğ olunur. Çünki əksər
inanc və təlimlər ətraf mühitə, coğrafi
şəraitə uyğunlaşdırılır. Onlardan fərqli olaraq, bizim xüsusi pəhrizimiz yoxdu.
Məsələn, Tuva şamanları
canavarın maralı yeməsinə təbiətin
harmoniyası kimi baxır. Əsas motivasiyadı: nə
üçün yeyirsən?
- Bəs, alkoqol, siqaret, narkotik vasitələr?
- Bizim təlimdə
heç bir uyuşdurucu qəbul edilmir. Bunlar
şamanı saf düşüncədən sapdırar.
- Tanrını necə təsəvvür
edirsən?
- Mənim
tanrılarım realdı. Atam və anam mənim
tanrımdı. Onlar mənə bu bədəni
verməsəydi, indi burada səninlə olmazdım. Ancaq ölərkən bədənimizdən
ayrılan idrakımız (tuva dilində buna "sunezin"
deyilir) mənbəyi məlum olmayan zamandan gəlir. Bədənimiz isə sonra torpaqdan baş
qaldırıb başqa-başqa formalarda canlılara
çevrilir. Ona görə hər bir
canlıya xeyirxah yanaşmaq lazımdı. İdrakımız isə əcdadlarımızdan
bizə ötürüldüyü kimi, bizdən də gələcək
nəsillərə ötürülür.
- Viktor, biz köhnə dostuq, məni
yaxşı tanıyırsan, bir şaman kimi öz köhnə
dostuna nələri tövsiyə edərdin?
-
Keçmişi unut, gələcəyi düşünmə!
İndini yaşa! Hər anı özlüyündə
yaşa! Daim yenilən! Hər an
möcüzə gözlə! Mözücə sənin ətrafındadı!
Keçmiş keçib, gələcək naməlumdu.
Nə qədər pozitiv düşünsən
gələcək səni o qədər xoşüzlə
qarşılayacaq. Ölümünü daim yanında gəzdir,
yığcam olacaqsan! Tərəddüdə və
şübhəyə vaxt yoxdu! Hər gün ölməyi və
dirilməyi öyrən! Onda ölümün nə
olduğunu yaxşı biləcəksən! Belədə, bu həyatdan
növbəti həyata rahat keçəcəksən!
- Düşüncələri
cilovlamaq, yalnız pozitiv düşünmək mümkün
deyil, axı!
- Elə, əsl məsələ də burdadı. Bayaq dediyim kimi, gərək insan öz fikrini, arzu-düşüncələrini idarə eləyə bilsin. Mən bu təlimə düz 26 il sərf elədim və ağ şaman oldum. Ona görə, artıq, neqativ şeylər haqda heç cür düşünə bilmirəm. Yəni, hansı canlı, əşya, hadisə, insan olur-olsun, mən onları yalnız xoş ovqatla anıram, başqa cür düşünə bilmirəm.
- Təşəkkür
edirəm, əziz dost!
- Qədim əcdadlarımın inancına maraq göstərdiyin üçün sənə minnətdaram!
Murad Köhnəqala
Ədəbiyyat qəzeti.- 2018.- 22
sentyabr.- S.10-11.