Bir şərqinin tarixçəsi...

 

Bu şərqini rəhmətlik Gülüstan nənəm kövrək bir avazla oxuyar və xısın-xısın ağlayardı. Repressiyalar dövrünü yaşamış nənəm zümzümə edib ağladığı şərqinin mətnini bizə duydurmamağa çalışardı. Biz "sovet uşaqları" hardan biləydik bu şarkının, bu göz yaşlarının içəriliyində nələr var... Ancaq mətn yaddaşıma necə çökmüşdüsə, uzun illərin sonunda bir gün dostum Azər Turan Ənvər Paşadan söz açınca həmən söyləməyə başladım. Bu gün Azərbaycan üçün həm də o şərqinin günüdür!!!

Azərbaycanın azadlığı uğrunda şəhid düşmüş türk əsgərlərini rəhmət və qürurla anır, həmin şarkının mətnini həyəcan içində sizlərlə bölüşürəm...

Urus gəldi aldı Vanı,

Ərzurumla Trabzanı.

Nahaq yerə tökdü qanı,-

Yaşa milltimiz, yaşa!

Gələcəkdir Ənvər Paşa!

 

Dardaneli bağladallar,

Gəmiləri saxladallar.

Hingilisi ağladallar,

Yaşa millətimiz yaşa!

Gələcəkdir Ənvər Paşa!

 

Ənvər Paşa bir top atdı,

"Paraxod"lar suya batdı!

German gəldi haya çatdı,

Yaşa millətimiz yaşa!

Gələcəkdir Ənvər Paşa!

 

İbrahim İLYASLI

 

Ədəbiyyat qəzeti.- 2018.- 22 sentyabr.- S.13.