Şaftalı çiçəkləri fəsli...
hekayə
Bağlarda yabanı razyanalar bitir. Baxımsız
bağlarda böyüyür, kollanır, hasar boyu qalxır.
Yayda razyananın iyi elə də hiss olunmur, başqa güllərin
iyinə qarışır, təsiri itir. İndi
qışdı, hər tərəfdən razyana iyi gəlir.
Gecəni yatmamışam. Sərxoş dünən
səhər gedəndə burnunu çəkirdi, axşam da gəlmədi.
Axşam zəng eləyib naxoşladığını
dedi. Mənsə tək qalanda
qorxuram, yata bilmirəm...
Həyətə çıxan kimi razyananın iyi burnumu
qıcıqlandırır. İyi ciyərlərimə
çəkdikcən bütün yorğunluğum,
yuxusuzluğum yoxa çıxır, gümrahlaşıram.
Quyunun motorunu vururam, əl-üzümü
yuyuram bumbuz quyu suyuynan. Su sifətimə dəyəndə
qeyri-ixtiyari çənəm əsir, dişlərim dişlərimə
dəyir, canıma üşütmə düşür.
Heç yarım dəqiqə keçməmiş
üzümdəki su damcıları qızışır,
üşütməm keçir, amma dekabr ayazı
damcıları yenə soyudur, üzüm elə bil
çatlayır. Motoru söndürüb
evə girirəm. Gecədən yarım dənə
çörəknən ət konservinin yarısı qalıb.
Bu Sərxoşun payıydı, gəlsəydi o
yeyəcəkdi. Əl-üzümü siləndən
sonra konservi elə öz qabında qızdırıram,
soyuducudan şoraba çıxartanda ağzı
açılmamış arağa baxıram. Sərxoş gəlsəydi bunu da gecə içəcəkdik.
Üzü pəncərəyə oturub
çörəyimi yeyirəm. Sərxoş keçən
il düz pəncərənin
qabağında şaftalı ağacı əkib. Şaftalıdan xoşu gəlir. Öz həyətləri şoranlıqdı,
ağaclar iki-üç ildən sonra quruyur. Gətirib burda əkib ki, bəlkə tutsun, öz əkdiyi
şaftalının meyvəsindən yeyə bilsin.
Dəniz qırağına yaxın bağdı bura. Burda işləyirəm,
həm bağbanam, həm də gözətçi. Gündə bir-iki saat gedib evə dəyirəm, kənddən
alınmalı şeyləri alıb gəlirəm, qalan
bütün vaxtım burda keçir. Bağ
yiyəsi qışda çox gəlmir, ayda bir dəfə gəlib
maaşımı verir, hərdən də kefinə
düşəndə dost-tanışını
yığıb yeyib-içməyə gəlir.
Sərxoş da qonşu bağın gözətçisidi. Açılıb-yığılan
çarpayısını gətirmişik, gecələri
burda yatır. Tək qalmaqdan qorxuram.
Uşaqlıqdan beləyəm, amma uşaqlıqda az şeydən qorxurdum, indi çox şeydən.
Böyüyə-böyüyə qorxularım
da böyüyüb məniynən. Tez-tez
araq da alıram, içib şellənirik. Sərxoşu tez tutur, ona görə Sərxoş
deyirəm ona.
Uşaqlıqda araqdan xoşum gəlmirdi. Səlimə
xalanın araq üçün yalvardığını
görmüşdüm uşaqlıqda. Səlimə
xala qonşumuz idi, uşaqları, nəvələri şəhərdə
yaşayırdı. Qocalıb əldən
düşmüşdü, hay-hayı getmişdi, vay-vayı
qalmışdı, gedəndə ayaqları
dolaşırdı bir-birinə. Yaman
içəndi, hər gün içirdi.
O vaxtlar
limonad butulkalarını yığıb satırdım, puluna
yenə limonad alırdım. Butulkaları Faiq əmi
alırdı. Bir dəfə yenə butulka
aparmışdım. Pulumu alanda Səlimə
gəldi. Əlindəki sellofan torbalarda
"çubuş" butulkaları vardı.
"Faiq,"
dedi, "otuz iki danadı..."
"Ay Səlimə,"
Faiq səsinin gur yerinə salıb dedi, "demişəm
bunlardan gətirmə də. Bunları
almıllar".
Səlimə yenə torbaları uzatdı Faiqə.
"Səlimə, söz başa düşmürsən? Min manat sənə
verceyəm, min manat da verceyəm ki, aparıb tullasınlar.
Götür apar bunları."
Səlimə
yazıq-yazıq baxıb lap yavaşdan dedi:
"Otuz
iki danadı..."
Faiq əmi cibindən min manat çıxarıb
uzatdı Səlimə xalaya. Səlimə xala pulu
alıb yazıq-yazıq baxdı.
"Çubuşa
çatmır axı, min manat da ver də..."
O vaxtdan
ağlıma batmışdı ki, araq pis şeydi. Söz vermişdim heç vaxt içməyim.
Amma indi araqsız dayana bilmirəm...
Çörəyimi yeyib süfrəni
yığışdırıram. Həyətə
çıxıb siqaret yandırıram. Yenə
razyana iyi burnumu qıcıqlandırır. Bizim həyətdə razyana kolu yoxdu, bağ yiyəsinin
ot-ələfdən xoşu gəlmir, bağı təmiz
saxlayıram. Bu biri bağsa yiyəsizdi, Sərxoşun
işlədiyi yox, sol tərəfimizdəki. Neçə ildi buralardayam, o bağın
qapısını açan görməmişəm. Həyət başdan-başa razyana koludu. Yayda
lap qəşəng görsənir, kollar
yaşıllaşır. İndi saralıblar,
amma yenə də qəşəngdilər.
Beli götürüb əncir ağacının dibini
qazımağa başlayıram. Qazıya-qazıya
kökündəki bic-qıcları təmizləyirəm.
Bunu atamdan öyrənmişdim. Hər il belə eləyirdi. Dövrələmə
qazıyandan sonra bir araba peyin götürüb
paylaşdırıram, çalanı doldururam. Bu iki saat vaxtımı alır. Çay
qızdırıb içəndən sonra bir ağacın da
dibini açıram. Bu ağacın dibindən
paslı qıfıl çıxır. Bu
həyətdən tapdığım ikinci qıfıldı.
Birinci nar ağacının dibini qazıyanda
çıxmışdı. Onda Sərxoş
demişdi ki, bu bağın köhnə sahibi cindar arvaddı.
Yəqin kimlərinsə bəxtini
bağlayıbmış.
İkinci ağacın da dibini peyinləyib örtürəm. Bugünlük
bəsdi.
Bir stəkan da çay içəndən sonra durub
geyinirəm. Həm gedim evə dəyim, həm də Sərxoşu
başa çıxım. Soyuducudakı araq yadıma
düşür, götürüb gödəkçəmin
iç cibinə soxuram. Bir stəkan içirdərəm
Sərxoşa, heç nəyi qalmaz.
Qapını qıfıllayanda görürəm ki,
papağımı götürməmişəm. Amma dala qayıtmıram,
yoldan qayıtmaq xoşuma gəlmir. Yiyəsiz
bağın yanından keçəndə əl atıb
hasardan boylanan razyana kolundan bir əlçim qopardıram,
sağ əlimdə ovuşdururam. İyi əlimə
hopur. Tünd iyi var razyananın, əlini
sabunnan yumasan axşamacan getməz. Gedə-gedə
hərdən ovcumu iynəyirəm. Təxminən
on dəqiqə gedəndən sonra bağlar qurtarır, kənd
evləri başlayır. Küçələr
bomboşdu. Evə çatıram, anam yemək
çəkir, yeyib dururam.
"Dükana gedəciyəm, bir şey
lazımdı?" soruşuram.
"Yox," - deyir.
Həyətdən çıxıb siqaret yandırıram. Külək
dayanıb, hava çox soyuqdu, qulaqlarım kəsilir. Sərxoşgilin evi kəndin o biri
başındadı. Kəndin içindən keçəndə
dükana girirəm, deyirəm bir az
şirni alım, əliboş getməyim. Piştaxtadakı
şirnilərə baxanda Məlik əmi gəlir.
Məlik əmini balacalıqdan tanıyıram. Sısqa,
yazıq görkəmi var. Mən böyüdükcə
balacalaşıb elə bil Məlik, yumağa dönüb.
Belələri özünü dolandıra bilmir. Gərək
kimsə başının üstündə olsun. Təbiəti belədi, buyruğu xoşlayır belə
adamlar. Nə tapşırsan
cannan-başnan hazırdı.
Saf adamdı Məlik. Ürəyi təmizdi.
Əfəl adamdı Məlik.
Deyirlər, bunun toyu olanda, axşam böyüklər
çağırıb ki, vaxtdı, gəl gir içəri. Bu da başa
düşməyib, deyib ki, siz gedin, mən də gəlirəm.
Lətifəyə dönüb bu əhvalat kənddə.
Kim Məliki görsə, dalıycan bunu
danışıb gülür. Mənimsə
gülməyim gəlmir. Heç vaxt
gülə bilməmişəm ona.
Yazıq adamdı Məlik.
Məlik qapının yanında, konfetlər
düzülən cərgənin qabağında dayanır,
dükançı Rəşadı yavaş səsnən
çağırır. Əlini iris konfetinə tərəf
uzadır, deyir ki, ondan altı dənə çək. Rəşad altı dənə iris
götürüb elektron tərəziyə qoyur.
"Məlik əmi, otuz qəpik eləyir".
Məlik ovcunda hazır sıxıb saxladığı
otuz qəpiyi uzadır, konfetləri alıb həmin ocvunda
saxlayır, gözləri gülür əvvəlcə. Çoxdan
arzuladığı oyuncağı alan
uşaq kimi sevinir. Sonra konfetləri ovcunda
sıxır, gizlətməyə çalışır elə
bil. Utandığı bilinir, çəkinir
məndən. Oğrun-oğrun mənə
tərəf boylanır. Cəld
üzümü çevirirəm ki, baxdığımı
görüb daha da sıxılmasın. Dükandan
çıxıb becid-becid gedir.
Birdən cibimdəki araq bədənimi soyudur.
İki qutu biskvit, bir kilo şokolad, bir qutu da çay
alıram.
Rəşadnan
sağollaşıb dükandan çıxıram...
Sərxoşgilə çatanda anası da qonşudan
çıxır. Salamlaşıram, Sərxoşu
soruşuram, başını yellədir. Həyətə
giririk.
Sərxoşun otuz səkkiz yaşı var, evlənməyib. Anasıynan
bir yerdə yaşayır, atası Qarabağda şəhid
olub. Bir bacısı var, ərdədi. Bildir anasını əməliyyat elətdirib, onda
kalan borca girmişdi. Keçən ay
qurtara bildi borcunu.
Evə girirəm. Sərxoş şüşəbənddə,
divanda uzanıb. Şirni olan torbanı Sərxoşun
anasına verib Sərxoşun yanına gəlirəm. Anası yorğanı yaxşı-yaxşı
basdırıb, başına yun papaq basıb, boynundakı
şərfin ucu yorğanın altından görünür.
Məni görən kimi dikəlmək istəyir,
imkan vermirəm, stul çəkib yanında otururam. Yorğanı sinəsinə çəkir,
üzü açılır.
"Sərxoş," deyirəm, "necəsən?"
"Ölürəm," - deyir,
xırıltılı səsi elə bil quyudan gəlir.
"Görürəm," - deyib gülürəm.
Anası sinidə çay gətirir mənimçün,
qənddana mən aldığım şokoladlardan
töküb.
Çayı qoyub həyətə
çıxır.
"Sənin dərmanın məndədi," - deyib
cibimdən arağı çıxarıram.
"Yox," Sərxoş başını yellədir,
"boğazımdan bir gilə su keçmir".
"Bir
stəkan iç, yaxşı olacaqsan," - deyirəm.
Yenə başını yellədir. Çiyinlərimi
çəkirəm, yəni özün bil. Butulkanı təzədən cibimə soxuram.
"Doxdurxanaya getmisən?"
Yenə başını yellədir. Pulu yoxdu Sərxoşun,
getsə bir palaz iynə-dərman yazacaqlar, nəynən alacaq?
"Gözlə, gedim Elnur doxduru gətirim," - deyirəm.
"Lazım deyil," - deyir, "onsuz da öləciyəm".
"Hardan bilirsən?"
"Atam da otuz səkkiz yaşında
ölmüşdü".
Bilmirəm nə deyim. Çoxdandı bu
fikir Sərxoşun beyninə işləyib. Çox vaxt dəm olanda deyirdi ki, atam ölən
yaşda öləcəyəm. İndi də
deyir. Mənsə bilmirəm nə cavab
verim. Bir-iki dəqiqə bir-birimizə
baxırıq. Bayırdan nəsə
tappa-tup səsi gəlir, deyəsən odun doğrayırlar.
Sərxoş çaya işarə edir, stəkanı
götürüb bir-iki qurtum içirəm.
"Şaftalı bu il gül açmalıdı,"
- Sərxoş deyir.
"Hə," - deyirəm. "İkinci
ilidi".
"Qoyma qurusun," - deyir, "şaftalının
güllərinə fikir vermisən? Badam gülünə oxşayır".
"Hə," - deyirəm, "oxşayır. Az qalıb,
bir-iki aya yaz gəlir, gül açacaq".
Anası bir qucaq odunnan evə girir. Odunları dəmir sobaya
doldurur, sobanın yanındakı köhnə corabı
düyünləyib fitil düzəldir, butulkadakı ağ
neftnən isladıb yandırır, odunların arasına soxub
sobanın qapısını bağlayır. Sonra
yenə mətbəxə keçir.
Çayı içib ayağa dururam. Cibimdən bir az pul çıxarıb Sərxoşun
balışının altına qoyuram. Etiraz etmək
istəyir, imkan vermirəm.
Gödəkçəmin
yaxasını bağlayanda Sərxoş soruşur:
"Papağın hanı?"
"Bağda qalıb".
"Mənimkini götür". Asılqandakı papağa işarə edir. "Bayaq xəbərlərdə dedilər, yağış yağmalıdı. İslanarsan".
"Yox," - deyirəm, "hara gedirəm ki? Beş dəqiqəyə çataciyam da bağa".
Amma Sərxoşgildən bağacan hardasa yarım saatlıq yoldu. Əslində yolun uzunluğunu fikirləşmirəm, gecə yenə tək qalmalıyam, onu fikirləşirəm, bir də arağı tək içməyin dərdi götürüb məni...
Sağollaşıb çıxıram. Evin damına, sobanın bacasına baxıram. Bacanın ağzına yanakı kərpic qoyublar, tüstü kərpicin yanındakı boşluqlardan çıxıb göy üzünə millənir.
Göy üzü tərtəmizdi, bir tikə də bulud yoxdu.
Yağış yağmır.
İyul-sentyabr
2018
Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2018.- 22
sentyabr.- S.14.