Üzeyirin, Müslümün sənət
bağında...
Sentyabrın 18-i iki böyük Azərbaycan bəstəkarı - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin doğulduqları gündür. Bu münasibətlə filologiya elmləri doktoru Elnarə
Akimovanın bu yaxınlarda Mədəniyyət Nazirliyinin
sifarişi əsasında "Şərq-Qərb" nəşriyyatında
çapdan çıxmış "Müslüm
Maqomayev" kitabından bir hissəni təqdim edirik.
Elnarə
AKİMOVA
Bu düz
sözdür, ürəklər
Musiqisiz olmayıb, olmaz,
Üzeyirin,
Müslümün sənət bağında
bircə
gül solmaz.
Süleyman
Rüstəm
Müslüm Maqomayev Azərbaycan musiqi mədəniyyətində
təkrarsız istedadı ilə xüsusi yer tutan dəyərli
simalardan biridir. Onun qısa və narahatlıqla keçən
ömür yolu, mühit nadanlarına və şiddətli xəstəliyinə
qarşı göstərdiyi mübarizə əzmi dəyərli
sənətkarı yolundan sapdırmamış,
çoxyönlü yaradıcılıq nümunələrinin
ərsəyə gəlməsinə mane olmamışdır.
Əlli
iki illik bir zaman çərçivəsinə sığan
ömürdən bəzi ştrixlərə diqqət edək:
yaradıcılığa başladığı dönəmlərdə
dostu və qohumu Üzeyir Hacıbəylinin
yaratdığı teatr truppasının rəhbəri
olmuş, "Leyli və Məcnun", "Əsli və Kərəm",
"Şeyx Sənan" operalarına, "O, olmasın, bu
olsun", "Arşın mal alan" musiqili komediyalarına
dirijorluq etmişdir. Müslüm Maqomayevin ilk
irihəcmli musiqi əsəri 1916-cı ildə
yazdığı "Şah İsmayıl"
operasıdır. "Şah
İsmayıl" milli operamızı Avropa operasının
texniki cəhətdən inkişaf etmiş formaları ilə
əlaqələndirmək baxımından ilk təşəbbüs
sayılır.
Müslüm
Maqomayev "Nərgiz" operası, "Azərbaycan
çöllərində", "Azad olunmuş Azərbaycan
qadınının rəqsi", "Dərviş",
"Şəlalə", radio marşı kimi simfonik əsərlərinin,
"Ceyranı", "Turacı", "Çeçen rəqsi"
oyun havalarının, "Bahar", "Bizim kənd",
"Mazut ordusu" kimi mahnıların müəllifidir.
O, Cəlil
Məmmədquluzadənin "Ölülər", Cəfər
Cabbarlının "1905-ci ildə" tamaşalarına
musiqi bəstələyib. Üzeyir Hacıbəyli
ilə birgə "Azərbaycan türk el nəğmələri"
məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan
xalq mahnı və rəqs havalarını nota alıb.
Xalq
yazıçısı Anar yazır: "Musiqi tariximizin
görkəmli xadimi mövqeyində dayanan Müslüm
Maqomayev bəstəkar, dirijor, şəxsiyyət, fərd,
insan kimi - yaşadığı illərin, dövrün məhsuludur,
bəhrəsidir. Həm də bu dövr -
uçurumla aralanmış iki parçaya bölünüb -
inqilabdan əvvəlki və sonrakı illər. Müslüm Maqomayev ömrü-nün inqilabdan
qabaqkı səhifələri - Qori Seminariyası, Üzeyir
Hacıbəyli ilə tanışlıq, dostluq. Əyalətdə müəllimlik, Bakıya gəlib
qəti surətdə musiqi aləminə daxil olması,
dirijorluq fəaliyyəti və nəhayət, bir bəstəkar
kimi başıbəlalı debütü - "Şah
İsmayıl".
Sənət
insanlarına yüksək qədirbilənliklə yanaşan
ümummilli lider Heydər Əliyev 1995-ci ildə böyük
bəstəkarın anadan olmasının 110 illiyinin dövlət
səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam (16
sentyabr 1995) imzalayır. Düz
bir il sonra - 1996-cı ildə reallaşan
bu yubiley tədbirində Heydər Əliyev özü də
iştirak edir və "Böyük bəstəkarın xatirəsi
qəlblərdə əbədi yaşayacaqdır" kimi
fikirlərlə bu şəxsiyyətin mənəvi
haqqının əbədi bərpasına nail olur. Bəstəkarın
yaradıcılığına eyni dəyərli və
müstəsna münasibət on il sonra verilən yeni bir qərarla
- Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin (20 sentyabr
2005) Sərəncamı ilə gerçəkləşir. Silsilə məqalələr, dissertasiyalar, sistemli
yanaşmaların nümunəsi olan kitablar yazılmağa
başlayır. Müslüm Maqomayev irsi
çağdaş tarixin və sənətin əbədi hərəkətdə
olan dövriyyəsinə qatılır.
"İstedadlı
musiqiçi, qabiliyyətli bəstəkar, pedaqoq və
ictimaiyyətçi Müslüm Maqomayev Azərbaycan incəsənəti
tarixində haqlı olaraq fəxri yer tutur", - dahi bəstəkar
Üzeyir bəy Hacıbəyli belə yazır, belə
müəyyənləşdirir qaynar və çoxcəhətli
həyatının 30 ilini Azərbaycan mədəniyyətinə
və maarifinə həsr etmiş unudulmaz bəstəkarın
mövqeyini. Üzeyir bəy "Bəstəkarın
yaradıcılığı" adlı məqaləsi bu bənzərsiz
sənətkarın həyat və yaradıcılığının
bütöv mənzərəsini bitkin ştrixlərlə
göz önünə gətirən ilk zəngin və
tutarlı qaynaqdır.
1900-cü ilin avqust ayının 29-da Qoroznı
dağlılar məktəbinin baxıcısı bir məktub
- təqdimat göndərmişdi Qori müəllimlər
Seminariyasına. Seminariya rəhbərliyinə acizanə
şəkildə bildirmişdi ki, mənim idarə etdiyim məktəbi
bitirmiş azyaşlı Əbdül Müslüm Maqomayevi sizə
təqdim edərək ilk imtahan qarşısında onu idarə
etdiyiniz Seminariyanın pansonerləri sırasına qəbul
etmənizi Siz zati-alilərdən xahiş etməyi
özümə şərəf bilirəm. Bu, o zaman idi
ki, gələcəyin dahi bəstəkarı Üzeyir bəy
Hacıbəyli həmin Seminariyanın hazırlıq kursunda
oxuyurdu... Yollar və arzular eyni məkana
götürmüşdü onları - Üzeyir bəyi və
Müslüm Maqomayevi. Burada
dostlaşmış, bir-birinə inanmış və fikir, əqidə
qardaşlarına çevrilmişdilər. Dörd il sərasər eyni seminariyanın divarları
arasında eyni duyğuların əsiri olmuşdular. Tale oxşarları, əkizləri kimi; hər ikisi
eyni ilin eyni günündə dünyaya göz
açmışdı - 18 sentyabr 1885-ci ildə. Düz
14 il sonra Qori Müəllimlər
Seminariyasında üz-üzə gəlmişdilər. Tələbə yoldaşlığı dostluğa,
qardaşlığa, sonra qohumluğa çevrilmişdi.
İllər sonra Üzeyir bəy və Müslüm Maqomayevlə
yaxın qohum olan Əli Terequlov o unudulmaz seminariya illərini
xatırlayıb yazacaqdı: "Avazla oxumaq və skripkada
çalmaq dərsləri Üzeyir Hacıbəyovun,
Müslüm Maqomayevin, mənim və bir sıra başqa
yoldaşlarımızın xüsusilə xoşuna gəlirdi.
Biz təkcə skripka ilə kifayətlənməyib,
nəfəs alətlərində də çalmağı
öyrənmək qərarına gəldik. Üzeyir baritonu seçdi, Müslüm klarneti.
Bizim məşğələlərimiz müvəffəqiyyətlə
keçdi. Altı-yeddi aydan sonra bizi
seminariyanın orkestrinə qəbul etdilər".
Xatirələrdə Müslüm Maqomayevin çox
çalışqan, zəhmətkeş olmasından, gözəl
şəkil çəkməsindən, fərqli musiqi alətlərində
çala bilməsindən bəhs olunur. Həm də gözəl
nitq sahibi, natiq imiş... Skripkada, pianoda
çalmağı, rəsm çəkməyi daha çox
xoşlarmış. Müslüm bəyin yaxın dostu,
bacanağı Polad Qasımovun qızı Adilə
xanımın xatırladıqlarıdı: "Bir də
görürdük ki, Müslüm əmi, Üzeyir bəy və
bir də Hüseyn Cavid durub gəldilər evimizə. Müxtəlif mövzularda uzun-uzadı söhbətlər
edərdilər. Yaradıcılıq planlarından
danışardılar... Biz uşaqlar
Müslüm əmini çox sevərdik".
İlk və son sevgi - Badicamal. "Əziz
Badyuşa! Yeni iliniz mübarək! Arzu eləyirəm
ki, neçə belə illəri şən və gümrah
qarşılayasınız. Necə
dolanırsınız? Qroznıdan nə
yazırlar və nə yeniliklər var? Burada möhkəm
şaxtadır və qar yağır..."
2 yanvar 1904-cü ilin məktubudur. Bu məktub
yazılanda Müslüm artıq seminariyanın
dördüncü sinfində oxuyurdu. Məktubu-məktuba
calayırdı. Atdığı hər addımı,
gördüyü işləri ən incə detalına qədər
Badigülcamala yazırdı:
"...Sirrimiz
barədə indi yaza bilmirəm, yalnız sizin icazənizdən
sonra yazacağam. Ancaq hər halda ümidim güclüdür
və onu heç nə qıra bilməz... Məncə
siz darıxırsınız. Ancaq bu, keçəridir..."
Ümidlə yazırdı. Üzeyir bəy çox-çox
sonralar Müslümlə bərabər keçən həmin
anları belə xatırlayacaqdı: "İndiki kimi xatirimdədir;
Müslüm bizim aramızda ən yaxşı skripkası və
qaboyçalan idi. Seminariyada tez-tez onun kimi
şagirdlərdən ibarət sinfonik və nəfəsli
orkestrin konsertləri təşkil olunurdu. Əlbəttə,
heç bir konsert istedadlı, musiqini bütün qəlbiylə
sevən Müslümsüz keçmirdi. Artıq
18 yaşlı gənc ikən Müslüm Maqomayev orkestrdə
baş musiqiçi idi və tez-tez dirijoru əvəz edirdi.
Bilirsiz, seminaristlərin çoxu musiqiyə
qızğın həvəs göstərsələr də,
incəsənətlə ciddi məşğul olmaq niyətində
deyildik. Həyat başqa şeylər barədə
düşünməyə vadar edirdi - dolanışıq
imkanları, bir parça çörək haqqında düşünməyə
məcbur edirdi həyat..."
Bütün sevdiklərinə sonacan vəfalı
qalmışdı Müslüm bəy. Buna unudulmaz qeydləri,
gündəliyində yer alan sətirlər,
uzaq ellərdən doğma ünvanlara göndərdiyi teleqram
və məktublar şahidlik etməkdədir...
"Şah
İsmayıl" operası: ilk böyük uğura aparan
yol. Müslüm Maqomayevin "Şah İsmayıl"
operasına dolğun qiymət verənlərdən biri
ümummilli lider Heydər Əliyev olmuşdur:
"Müslüm Maqomayevin bu mövzuya müraciət edərək
belə gözəl opera yazmasının incəsənət
üçün əhəmiyyəti böyükdür, həmçinin
böyük tarixi, siyasi əhəmiyyəti var". Bəs bu qüdrətli sənət nümunəsi
meydana çıxması bəstəkara hansı çətinliklər
və mənəvi üzüntülər hesabına başa
gəlmişdi?
Sabunçuda müəllim işləyərkən
qaynı Hənəfi Terequlov Müslüm bəyə "Səadət"
məktəbində onunda birgə işləyən bir nəfər
haqqında söz açır. Bu, ara-sıra şeir
də yazan Mirzə Qədir İsmayılzadə (Mikayıl
Müşfiqin atası) idi. Opera yazmaq həvəsinə
düşübmüş. Hənəfi
Terequlov görüşdürür onları. Danışıb razılığa gəlirlər.
"Şah İsmayıl" operasının bünövrəsi
belə qoyulur...
"Şah
İsmayıl" səhnə təcəssümü tapana qədər
Müslüm Maqomayevə dəyən mənəvi zərbələr
az olmamışdır. 1916-cı
ilin dekabrıdır. Müslümün gözlədiyi an gəlib yetişib. "Şah
İsmayıl" yaxın günlərdə oynanılacaq.
Tağıyev teatrında operanın ilk
tamaşasının olacağı barədə afişalar
artıq küçələri bəzəyir. Az, lap az vaxt qalır. Sevinir
Müslüm bəy. Əsərin
uğurlu alınması barədə əvvəlcədən
tərif dolu məqalələr çap olunur. Bax elə
bu məqamda sarsıdıcı xəbər qapını
döyür: "Tağıyev teatrı yanıb!"...
Aradan 3 il keçir. 1919-cu ildi; martın
ilk günləridi. "Şah
İsmayıl"ın premyerasına barmaqla sayılacaq qədər
günlər qalıb. Yenə də sevinc
içindədi Müslüm bəy. Ancaq
yaxın ətrafına, dost-tanışa əvvəlcədən
xəbər belə çatdırmayıb. Elə bil
ürəyinə damıb ki, həlledici, lap son məqamda nəsə
xoşagəlməz bir hadisə baş verəcək... Elə də olur. Xəbər gətirirlər
ki, Hüseyn Ərəblinski qətlə yetirilib. Bütün cismi, düşüncələri, ruhu
sarsılır Müslüm bəyin. Ərəblinskinin
qətl xəbəri ona dərindən təsir edir.
Tamaşanın
premyerası ləğv edilmir... Premyera başlar-başlamaz
bir nəfər səhnəyə çıxıb təklif
etdi: "Ağalar, rica edirəm ayağa qalxıb
böyük aktyorumuz Hüseyn Ərəblinskinin xatirəsini
bir dəqiqəlik sükutla yad edək".
Akademik
Rafael Hüseynovun "Yaşıl yarpaq" əsərində
oxuyuruq:: "Bütün salon qalxır
ayağa. Müslüm onsuz da ayaq üstədir;
pult arxasında dayanıb. Martın 7-dir.
Bu gün Hüseyn Ərəblinskini torpağa
tapşırıblar. Bu gün "Şah
İsmayıl"ın premyerasıdır".
Müslüm
bəy özünün yaratdığı "Şah
İsmayıl"a hədsiz dərəcədə
vurğun imiş. Çox sevirmiş bu əsəri
və həmişə özü dirijorluq edərmiş.
Hələ 1924-cü ildə "Kommunist" qəzetində
dərc edilən "Bizim incəsənətimiz" və
"Türk operası haqqında" adlı məqalələrində
Müslüm Maqomayev yazırdı ki, bizim operamız zəifdir,
ibtidai bir haldadır: "Türk səhnəsində musiqi əsərləri
vermiş türk işçilərindən heç birisi
heç vaxt öz əsərlərinin kamil olduğunu idda etməmişdir,
onlar deyirlər ki, bu bizim birinci addımlarımızdır. Zənnimcə,
biz doğru yol ilə gediyoruz; sadədən
ağıra..."
Akademik
Zemfira Səfərova yazır: "Lakin Müslüm Maqomayev
bilirdi ki, Avropa musiqisi də birdən-birə yaranmamış
və bu təkamülə tədriclə, ağır və
tikanlı yollar keçdikdən sonra gəlib
çıxmışdır". Müslüm bəyin
özünün də yazdığı kimi, "daim xor
olmadığı, orkestr bulunmadığı, balet olmadığı
halda, həmçinin, hər dəfə pyesi məşqsiz və
hüsni ittifaqda bir məşğələ keçirmək
təklif edildiyi halda, tərəqqi ola bilərmi?
Əlbəttə yox!"
Üzeyir
bəy M.Maqomayevin "Şah İsmayıl" operasından
bəhs edərkən qeyd edir ki, gözəl musiqi materialı
və süjetin dramatik ifadəliliyi əsərin böyük
şöhrət qazanmasına səbəb olmuşdur:
"Şah İsmayıl" Azərbaycanın o zamankı
musiqi həyatında improvizə olunmuş milli operanı
Avropa operasının texniki cəhətdən inkişaf
etmiş formaları ilə əlaqələndirmək sahəsində
ilk təşəbbüsdür".
Musiqişünas
Qəmər İsmayılovanın fikridir: "Şah
İsmayıl" operasının birinci redaksiyasında
muğamat improvizasiyaları Ü.Hacıbəylinin ilk
operalarında olduğu kimi, burada da əsas yer tuturdu. Söz yox ki, bəstəkarın bu üslubda opera
yaratmasına əsaslı səbəblər var idi. O
zamankı Azərbaycan tamaşaçılarının
mürəkkəb opera formalarını dinləməyə
hazır olmadığını və musiqili teatra yenicə cəlb
olunan xalqın zövqünə yaxın olan musiqiyə
müraciət etmənin zəruri olduğunu Maqomayev nəzərdə
tutmaya bilməzdi". Jurnalist Azad Şərifin də məqaləsində
oxuyuruq: "Müslüm Maqomayevin "Şah
İsmayıl" operası yerli motivlər üzərində,
muğamlarımızdan geniş istifadə olunmaqla
yazılmışdı. Bu əsər Şərq və Qərbi
birləşdirmək yolunda ilk cəhd idi.".
Belə... əsl sənət mücadiləsi başlanmışdı
və Müslüm bəy bu mücadilənin önündə
gedənlərdən biri idi; daha böyük əzmkarlıqla
çalışırdı. Xüsusilə
"Şah İsmayıl" üzərində yenidən
işləyirdi. Nəticə belə oldu
ki, 1924-cü ilin aprelində "Şah İsmayıl"
iki-üç illik fasilədən sonra yenidən tamaşaya qoyuldu.
"Nərgiz",
yaxud "biz özümüz güləcəyik"! "Nərgiz"lə
bağlı ilk rəsmi sənəd 1934-cü il
iyunun 11-də bağlanıb. Maqomayev və
M.S.Ordubadi Dövlət Opera teatrı üçün türk
dilində "Nərgiz" operası yazmağı öhdələrinə
götürürlər.
Üzeyir
bəyin "Bəstəkarın yaradıcılığı"
məqaləsində "Nərgiz"lə bağlı
oxuyuruq: "...Nərgiz" operası formaca milli, məzmunca
sosialist Azərbaycan incəsənətinin tarixi qələbələrinin
parlaq ifadəsi idi ". Üzeyir bəyin
"Nərgiz"ə olan münasibəti bu idi. Bu aydın münasibət dostluqları boyunca kimsəyə
Üzeyir bəylə Müslüm Maqomayevin arasına girməsinə
imkan vermir.
...29 iyun
1935-ci il. Müslüm bəy
həmin günün axşamı müalicə
üçün Kislovodska yola düşməlidi. Yola düşməzdən əvvəl Rudolfla
görüşmək istəyir. Alınmır.
Axşam qatarıyla Kislovodska yola
düşür. Sevimli Badyuşundan
uzaqdaydı. "Nərgiz"in aqibətindən
nigaran idi. Sentyabr ayı ümid qapısı kimi
açılır ömrünə... Halı
yaxşılaşır. Azacıq
dirçələn kimi yenidən qayıdır "Nərgiz"ə.
Partituranın bəzi yerlərində düzəliş etməyə
başlayır, bəzi yerləri yenidən işləyir.
Və göndərir Tuqanova. Elə həmin günlərldə Ginzburqdan teleqram
alır; "Nərgiz"i oktyabrın 1-də tamaşaya
qoymaq istəyirlər.
Növbəti günləri də bu fikirlə yola verir. Sentyabrın
29-da Müslüm bəy həkimlərin təkidi ilə
Xarkova yola düşüb, professor Faynşmidtin yanında
olur. Professor hərtərəfli
yoxlamadan sonra təəssüfünü bildirir: "Xəstəlik
öz işini görüb. Vəziyyət təhlükəlidi".
Müslüm bəy isə canından çox
operanın hayındadı. İzah etmək, başa
salmaq istəyir ki, yaxın günlərdə tamaşaya qoyulacaq
operasının hazırlıq işləri onsuz keçinə
bilməz... Dünyagörmüş professor isə
öz peşəsinə xəyanət etmir. Həqiqəti
söyləyir: "Bu sizə həyatınız bahasına
başa gələ bilər..."
Bunu deyir
və üstəlik Bakıya, Böyük Opera və Balet
Teatrının rəhbərliyinə teleqram da
ünvanlayır: "Sizin teatrın bəstəkarı və
dirijoru vətəndaş M.M.Maqomayev səhhətinə
görə (ciyərlərin ikitərəfli açıq,
irinli fəal vərəmi) təcili olaraq bütün işləri
dayandırmalı və Suxumidə uzun müddət
iqlim-sanitariya müalicəsi ilə məşğul
olmalıdır". 3 oktyabr 1935-ci ildə
göndərilib bu teleqram.
Oktyabrın 14-də isə Azərbaycan SSR-in 15 illiyinin təntənələrinin
qeyd edilməsi ilə əlaqədar Mərkəzi Komitədə
büro iclası keçirilir. "Opera teatrının direktoruna şəxsən
göstəriş verilir ki, tamaşa dekabrın 23-də
göstərilməlidir. Nəyin
bahasına olursa-olsun. Çünki 15 illik
təntənəli şəkildə dekabrın 24-də
keçiriləcək".
Yuxarıdan verilən bu göstəriş öz
işini görür və teatr rəhbərliyi var
gücü ilə hazırlıq işini sürətləndirir. Bütün
imkanlar səfərbər olunur. Artıq
Müslüm bəyin bütün göstərişləri,
istəyi qeyd-şərtsiz yerinə yetirilir. O, dirijor
Aleksandr Lvoviç Klibsonu özünə köməkçi
götürür.
İşlər
qaydasındadı... Amma bu əngəlləmələr... Ən xırda işlər zamanı belə nəzərə
çarpır, heç nədən qanqaraldıcı sözə-söhbətə
səbəb olur. Biri elə afişa ilə
bağlıdı; tamaşa Azərbaycanda Sovet hakimiyyətinin
qurulmasının 15 illiyinə hədiyyə kimi
hazırlanıb. Rəsmən! Ancaq bu barədə
afişalarda heç bir məlumat, qeyd belə yoxdur. Bu, Müslüm bəyi çox əsəbiləşdirir.
O qədər ki, dekabrın 15-də operada "Nərgiz"lə
bağlı keçirilən istehsalat müşavirəsini
yarımçıq tərk edir...
Dekabrın
19-da gündəliyinə qeyd etdiyi sətirlərdi: "Səhhətim
heç yaxşı deyil. Çox zəifəm.
Məşq yaman ağır keçdi. Üstəlik, axşam "Şah
İsmayıl"a dirijorluq etməli oldum. Professor
Faynşmidtin sözlərini xatırlayıram: "Operanı
tamaşaya qoymaqla məşğul olsanız, bilin ki, həyatınızla
oynayırsınız".
Bəli, həyatım üçün belə bir risklə
mən operanı səhnəyə çıxarıram. Qoy
Faynşmidt deyən kimi olsun. Ancaq
operanı mən axıra çatdırmalıyam və ondan
sonra Suximiyə sanatoriya-kurort müalicəsinə getmək
olar. Görünür, "dostlar"a bizə
gülmək qismət deyilmiş. Biz
özümüz güləcəyik!"
Nə olduğunu bilirdi Müslüm bəy. Xorkovda,
Kislovodskda üzünə söyləmişdilər. Amma "Nərgiz" sevdası bütün xəbərdarlığa,
yasaqlara üstün gəlmişdi. İnanırdı
qələbə çalacağına.
"Tanrım,
bu dəfə də sən mənə güc ver", -
düşünür Müslüm bəy.
Bütün əngəllərə baxmayaraq "Nərgiz"
səhnədəydi, doğulmuşdu və səsi, sədası
çox uzaqlara yayılırdı. Aida Hüseynova haqlıdı:
"Əlbəttə, "Nərgiz" operası istər
konsepsiya, istərsə də bədii nəticə
baxımından Ç.Hacıbəylinin iki il sonra səhnəyə
qoyulmuş "Koroğlu"su ilə bir səviyyəyə
qoyula bilməz. Lakin buna baxmayaraq "Nərgiz"
operasının mərhələli rolu danılmazdır.
O, milli operanın inkişafında yeni dövrə keçidi
işarə vermiş, ümumiyyətlə, milli musiqinin artan
kamilliyini, bəstəkar yaradıcılığının ən
mürəkkəb formalarını mənimsəmək
iqtidarında olmasını təsdiq etmişdir... "Nərgiz" operasının ümumi təkamül
yoluna cəlb olunmuşdur. Belə ki, Maqomayev niyyətlərinin
varislik axarı F.Əmirovun "Sevil" operasına
aparıb çıxarır".
Ömrə
vida: sayılı günlər, son anlar. Azacıq rahatlıq,
təskinlik tapan kimi yalnız yaradıcılıq planları
haqqında düşünürdü; Abxazıstanın Gülripş qəsəbəsində!
Müalicəsini davam etdirmək
üçün gəlmişdi buradakı sanatoriyaya.
Baldızı qızı Nigar xanımın xatirələrindəndi:
"Son görüşümüz 1937-ci ildə oldu. Atamızla getmişdik. Müslüm əmi
çarpayıda uzanmışdı
"ağır-ağır nəfəs alır, yavaş səslə
danışırdı..."
...1937-ci ildə
52 yaşında əbədiyyətə qovuşdu
Müslüm Maqomayev. Yarımçıq
arzuları, gerçəkləşdirmək istədiyi
ideyaları qaldı; böyük şairimiz Hüseyn Cavidin
"İblis" faciəsinə opera yazmaq istəyirdi. Əcəl imkan vermədi. Yaşasaydı
da həyatdakı iblislər imkan verməyəcəkdilər.
"Xalq düşməninin əsərinə
opera yazır" damğası vuracaqdılar.
***
Müslüm
bəyin sevimli oğlu, həmişə "Mamus" deyə
əzizlədiyi Maqomed 1942-ci il avqustun 17-də
cəbhədə oğlunun doğulması xəbərini
aldı. Uşağa babasının - görkəmli bəstəkar
Müslüm Maqomayevin adını qoydular... Dünya musiqi
tarixində yeni bir möcüzə səs - Müslüm
Maqomayev planeti
doğuldu.
Müslüm Maqomayevin Azərbaycan musiqi mədəniyyətinə
bəxş etdiyi, gətirdiyi yeniliklər hansı cəhətləri
ilə seçilir? Böyük sənətkardan bəhs edən
tədqiqatçılar, sənətçinin həmkarları,
müasirləri bunu daha çox xalq musiqisinə
bağlılığı ilə əlaqələndirmişlər.
Sənətşünaslıq doktoru İmruz Əfəndiyeva
Müslüm Maqomayevin 2011-ci ildə çap olunmuş
biblioqrafiyasına yazdığı ön sözdə bəstəkarı
belə səciyyələndirir: "Azərbaycanda ilk
professional qəhrəmanlıq və vətənpərvərlik
mövzusunda yazılmış mahnıların müəllifi
Ü.Hacıbəylidirsə ("Qızıl əsgər"
marşı), M.Maqomayev ilk zəhmət mahnılarının
müəllifidir". Xalq artisti, bəstəkar Tofiq Quliyevin,
musiqişünas Nərgiz Şakirzadənin, şair Vaqif Bəhmənlinin,
yazıçı-publisist Mustafa Çəmənlinin də tədqiqatlarında
qeyd edildiyi kimi, hansı janrda yazırsa-yazsın bəstəkar
həmişə Azərbaycan xalq musiqisinə
arxalanmış, xalq melodiyalarından bəhrələnmişdir.
Bu sahə onun yaradıcılığında
xüsusi bir yer tutur.
Üç yüzdən artıq mahnı və xalq
melodiyası toplamışdı Müslüm Maqomayev. "Gözəlim",
"Əsgərani", "Ceyranı",
"Turacı", "Şur təsnifi", "Gəl-gəl",
"Mahüzər" və s. bu sıradandır. Kimlər
oxumayıb bu mahnı və melodiyaları?..
Unudulmaz Bülbül "Küçələrə su səpmişəm",
"Durna" mahnılarını oxuyub.
Dinləyirik və çox vaxt bilmirik ki, bu unudulmaz xalq
mahnısına yeni nəfəs, yeni ömür verən
Müslüm Maqomayev olub. Ya elə Hüseynqulu Sarabskinin sevə-sevə
oxuduğu "Qalalı" mahnısı... Müslüm
bəy qoymamışdı unudusun bu mahnı. Sonralar dünya şöhrətli müğənni
Rəşid Behbudovun ifasında lentə
alınmışdı. İndi radio
dalğalarında, mavi ekranda tez-tez Rəşid Behbudovun dilindən
eşidirik. Özünəməxsus bir şuxluqla oxuyur
görkəmli müğənni: "Qalalıyam ey,
qalalı..."
Xalq mahnılarını toplamaq, xanəndələrin səsində
lentə almaq və sonradan onların üzünü
köçürmək işində onun yaxın köməkçiləri
ustad tarzənlər Qurban Pirimov, Əhmədxan Bakıxanov
olmuşlar.
Şəxsi
arxivində saxlanan və Xalq maarif komissarlığına
ünvanladığı bir məktubunda belə yazır
Müslüm Maqomayev: "Türk xalq mahnı və
melodiyalarına xüsusi əhəmiyyət verilməlidir. Bu məsələ hələ də donuqdur.
Unutmaq olmaz ki, türk milli harmoniyası məhz elə bu məsələdən
çox-çox asılıdır..."
Ötüb
keçmiş hər şey... Arxada qalmış! Ancaq o işləri ki, Üzeyir Hacıbəyli və
Müslüm Maqomayev görmüşdü, şöhrəti
sabahlarda yaşayır.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.-2018.- 22 sentyabr.- S.16-17.