Somerset Moemin "Teatr"

 

Ekranlaşdırılmış ədəbi əsərlər  

 

"Ədəbiyyat qəzeti"nin yeni layihəsində bu dəfə ingilis yazıçısı Somerset Moemin "Teatr" romanı əsasında ekranlaşdırılmış iki filmindən danışacağıq.

Sevda Sultanova

 

Moemin əsərləri teatrda çox səhnələşdirilib. Kinematoqrafiyada da onun yaradıcılığına az müraciət olunmayıb.   

Müəllifin 1937-ci ildə yayımlanmış "Teatr" romanı ilk dəfə alman rejissoru və yazıçısı Alfred Vaydenmann tərəfindən çəkilib. O, bu əsəri 1961-ci ildə ekranlaşdırıb və film böyük ekranda "Sən füsunkarsan, Culiya" adı ilə nümayiş olunub. Baş rolu dünya kinosunun tanınımış aktrisalarından biri, alman Lilli Palmer oynayıb.

Təəssüf ki, filmin tam versiyası internetdə olmadığından, onun haqqında nəsə söyləmək çətindir. Amma o dövrün alman kino tənqidçilərinin rəylərinə əsaslansaq, "Sən füsunkarsan, Culiya" romanın uğurlu ekran adaptasiyasıdır və rejissor əsərdəki iti, ironik dialoqların, sosial tənqidin kinematoqrafik həllini verə bilib.

Layihəmizdə isə romanın iki kinoversiyasını - sovet-latış rejissoru Yanis Streyçin 1978-ci ildə çəkdiyi "Teatr" və macar rejissoru İştvan Sabonun 2004-cü ildə lentə aldığı  "Culiya olmaq" filmlərini təqdim edirik.

Öncə ondan başlayım ki, bu roman Moemin qadın təbiətinin mahir bilicisi olduğunun təsdiqidir. O, qadın təbiətini pedantçılıqla araşdırır, onun görünməyən, gizli tərəflərini üzə çıxarır. Başqa tərəfdən isə əsər müəllifin teatr mühitini yaxşı bldiyini, kulis arxasında baş verən rəqabət, intriqalar haqda ətraflı məlumatı olduğunu göstərir.

Bu da təsadüfi deyil. Ötən əsrin əvvəllərində London və Nyu-York teatrlarında pyesləri ən çox səhnələşdirilən müəllif Moem idi. Üstəlik, yazıçı Parisin, Londonun  Nyu Yorkun teatr elitasında ən nüfuzlu adamlardan biri sayılırdı.

Yazıçının bioqrafı, "Somerset Moemin gizli həyatı" (2010) kitabının müəllifi Selina Hastinqs müsahibələrindən birində onun yaradıcı təxəyyülündən çox, müşahidəçilik qabiliyyətinin yüksək olduğunu qeyd edir. Əslində Moemin özü də bunu gizlətmirdi. Başqa tərəfədən "Teatr"ı onun şəxsi təcrübəsi də saymaq olar. Moem həyatı boyu saysız eşq macəraları yaşamışdı, bu da ona qadınları daha yaxından tanımaq fürsətini vermişdi. Amma onun əsl sevgisi aktrisa Syu Con idi. Onların uzunmüddətli münasibəti olsa da, müxtəlif səbəblərdən bu sevgi hekayəti nikahla nəticələnmədi.

Bu mənada "Teatr" romanı yazıçının həyat təcrübələrinə, müşahidələrinə əsaslanırdı.

Romanın mərkəzi personajı, məşhur aktrisa Culiya Lambertdir. Orta yaş dövrünün böhranını yaşayan aktrisa diqqət mərkəzində olmaqdan, gərgin teatr mühitindən, yüksək təbəqənin təşkil etdiyi ziyafətlərdən yorulub. Formada qalmaq üçün daimi pəhriz, səhnədə olduğu kimi gerçəklikdə də nələrinsə xatirinə oynamaq, əri, eyni zamanda teatrın direktoru Mayklın, teatrın yaradıcılarından biri, dostu Dollinin Culiyadan aktrisa kimi yüksək plankanı saxlamaq tələbi onu dərin ruhi boşluğa salır.

Anasının rol oynadığını, riyakar mühitdə yaşadıqlarını birbaşa dilə gətirən oğlu Rocerdir.

Gənc, ambisiyalı mühasib Tomla aralarında yaşanan eşq macərası Culiyanın ruhunu yeniləyir. Zamanla qadın anlayır ki, Tom sosial statusunu yüksəltmək üçün ondan istifadə edir. Üstəlik, Tom gənc sevgilisi Evisin Culiyanın oynayacağı yeni tamaşada rol alması üçün aktrisanın razılığını almağa çalışır. Gec də olsa, Culiya bütün bunları anlayır, çətin dönəmlərdən keçir, amma özünü toparlayaraq revanş götürür...

Yanis Streyç eyniadlı iki seriyalı filmində əsərin süjetinə sadiq qalıb, onun detallı təsvirinə çalışıb.

Ən əsası rejissor mətni olduğu kimi təsvirə köçürməyib,  əksinə onun ekran həlli tapa bilib, uğurlu kino fəndlərindən istifadə edib.

Film əsər, onun müəllifi haqda məlumat verən, şərhçinin sözləri ilə başlayır: "Biz öz filmimizi "Teatr" adlandırmaq istərdik. Birincisi, ona görə ki, Moemin romanı belə adlanır. İkincisi isə.."  Və müqəddimə Culiya rolunun ifaçısı, Viya Artmanenin şərhi ilə davam edir: "İkincisi isə ona görə ki, romanın qəhrəmanı Culiya Lambert öz həyatında  teatrla birbaşa assosiasiya görür".

Şərhçi obrazının bütün film boyu peyda olaraq, zəruri situasiyalarda Culiyanın hərəkətlərinə müdaxiləsi, yəni onun emosiyalarını tənzimləməsi, şərhi ilə rejissor seyrçini filmə baxdığını tez-tez xatırladır. Misalçün, bir epizodda Rocer anasını Tomun yanında "xala" adlandıranda Culiya qəzəblənir. Və bu an kadrarxasından şərhçi xəfif yumorla vəziyyətə müdaxilə edir: "Sizə nə olub, Culiya? Nə qədər ki, gec deyil, bunu zarafata çevirin". Və Culiya tez özünü ələ alaraq rola girir.

Bununla da rejissor Bertolt Brextin "Epik teatr" nəzəriyyəsindən istifadə edir. Tamaşaçıların hisslərinə yox, ağlına, düşüncəsinə təsir etməyə əsaslanan "Epik teatr"da  dramatik məqamlarda qəhrəmanlar bir anlıq donur və səhnəarxası səs qəhrəmanlardan hansınısa qınayır və ya onun daxili monoloqunu söyləyirdi. Beləcə, Brext səhnə illüziyasını dağıdır, tamaşaçıya analiz etmək üçün imkan yaradırdı.

Bunun tamaşaçıya bir film olduğunu, məşhur latış bəstəkarı, hadisələri pianoda ifası ilə müşayiət edən Raymond Paulsun ayrı-ayrı kadrlarda görüntülənməsi də xatırladır.

...Bir qayda olaraq aktyorlar düşdüyü vəziyyət zamanı reaksiyasını, iç monoloqunu ikinci planıyla çatdırır. Daha aydın desək, ikinci plan -  obrazın gizli məqsədinin, daxili emosiyalarının davranışında, hərəkətlərində, intonasiyasında ifadəsidir.

Filmdə Culiyanın daxili monoloqu, yaşantıları aktrisanın öz və ya təhkiyəçinin kadrarxası şərhiylə verilir və onun üzərinə qoyulan yük xeyli yüngülləşdirilir. Görünür, vəziyyəti bədən dilindən başqa, həm də sözlə ifadə etməklə rejissor əsərdəki incə ironiyanı daha dəqiq çatdırmaq məqsədini güdüb.

Filmin əsas predmeti Culiyanın kimliyidir. Yəni qəhrəman həyatdakı kimliyi ilə aktrisa kimliyi arasında sərhədi itirir. Bir çox hallarda öz doğmaları ilə rol oynadığının fərqində deyil. Onu oynamağa, özü kimi olmamağa isə rəqabətli teatr, məxsus olduğu sosial mühit vadar edir. Ərini sevməsə də, onunla birlikdəlikdən xoşbəxt görünməyi oynayır. O, sosial maskasını evdə, doğmaları ilə ünsiyyətdə belə kənara qoya bilmir.

Daim rolda olmaq onun həyatının ayırlmaz hissəsinə çevrilir və paradoks ondadır ki, emosional partlayışlarına baxmayaraq, roldan kənarda mövcud ola bilmir.

Onu özü kimi olmağa vadar edən tək şey sevgidir. Tomla münasibətdə, Culiya, eşqdən ağlını itirmiş bir qadının, yaşamalı olduğu bütün dramatizmi yaşayır, iradəsi duyğularına təslim olur. Amma istifadə olunduğunu anlayanda, yenidən aktrisa kimliyini gerçəkliyə tətbiq edir.

Hətta Culiya Tomdan və onun aktrisa sevgilisindən qisas almasına, qadın kimi yox, aktrisa kimliyinin təhqir olunmasıyla bəraət verir.

Rejissorun istifadə etdiyi maraqlı vizual fəndlərdən biri güzgü obrazıdır. Güzgü obrazı istər təsviri sənətdə, istərsə kinoda çoxmənalı funksiya daşıyır və müəllifin niyyəti, ideyası onun funksiyasını müəyyənləşdirir.

Filmdə güzgü obrazı epizoddan-epizoda, vəziyyətə uyğun olaraq mənasını dəyişir, müxtəlif yozumlara məruz qalır. Bir epziodda güzgü personajların daxili aləminin görüntüsü, özünüdərki, gerçəkliyi görməsidir.

Başqa bir səhnədə gerçəklikdəki plan güzgüdə əks olunan planla davam edir. Yəni, personajlar reallıqda bir mizandadırlarsa, həmin epizodun güzgüdə davamı zamanı mizan dəyişir. Yaxud güzgü vasitəsilə eyni vəziyyəti iki fərqli rakursdan görə bilirik.

Macar rejissoru İştvan Sabonun ekranlaşdırdığı "Culiya olmaq"  flimində dünya kinosnun iki parlaq aktyoru Annett Beninq və Ceremi Ayrons oynayır.

Avropa Kinoakademiyasının təsisçilərindən biri Sabo macar kinosunun dünyada tanıdılmasında böyük rol oynayıb, nüfuzlu mükafatlara layiq görülüb.

Kanada, Amerika, Böyük Britaniya və Macarıstanın birgə istehsalı olan "Culiya olmaq" filmi romanın daha çox səthi təsviridir. Sabo rejissor işinə görə Streyçə uduzur. Sovet kinosuna yaxşı bələd olan Sabonun Streyçin təsvir həllindən təsirləndiyi nəzərdən qaçmır. Milsaçün, güzgü obrazı, yaxud Streyçin filmindəki şərhçini Sabo Culiyanın müəllimi Cimmi ilə əvəzləyib.

Sadəcə Sabonun yozumunda teatr insanı özgələşdirən nəsnədir. Finalda Beninqin Culiyasına, müəllimi Cimmi  "Teatr yeganə reallıqdı. İnsanların real dünya adlandırdığı qalan hər şey fantaziyadır. Mən sənə bunu unutmağa izn vermərəm" israr edəndə, Culiya gülümsəyərək "Cəfəngiyyatdır" - deyir. Streyçin versiyasında isə Culiya bu qənaətə gəlir ki, gerçəklik elə teatrdır, həyatda əsas onun aktyor oyunudur və insan xarakterləri aktyorluq üçün alətdir.

Ona görə Sabonun yozumunda Culiya sevgi iztirablarında daha səmimidir. Streyçin Culiyası isə iztirabları belə oynayır.

Deyim ki, Beninq Culiya obrazını Artmanedən daha maraqlı ifa edib. Üstəlik, onun üzərinə Artmanedən fərqli olaraq ağır yük düşür. Əgər Artmane öz obrazını dolğun çatdırmaq üçün şərhçinin və özünün kadrarxası mətnlərindən yararlanırsa, Beninq qəhrəmanının daxili vəziyyətini köməkçi vasitələr olmadan bədən dili ilə açır.

Hər iki aktrisa bu rolu demək olar ki, eyni yaşda, 40 yaşı keçəndən sonra oynayıb. Amma Beninq bu rolda daha plastik, çevik, füsunkardır.

Sabo yataq səhnələrinin təsvirində açıqdırsa, Streyç onları qapalı, korrekt işləyib.

Ümumən isə, hər iki film personajların xarakterini, teatr mühitinə, yüksək təbəqəyə Moemin ironiyasını çatdıra bilib.

 

Sevda Sultanova

 

Ədəbiyyat qəzeti.- 2018.- 22 sentyabr.- S.18-19.