Bakıda "Payız sonatası"...
Tamaşanın
başlanmasına bir saatdan çox vaxt qalırdı. Səməd
Vurğun adına Rus Dram Teatrının qarşısına
çatanda hava tutqunlaşıb bənövşəyi rəng
almışdı. Binaya daxil olub mühafizəçidən
Lyudmila xanımın otağına getmək istədiyimi bildirib
pilləkənləri qalxdıqca, Lyudmila xanımın
yüksək tenorlu səsi məni müşayiət edirdi:
- Samira,
eto vı? Ya vas jdu.
Qarşımda
ucaboylu, sarıbənizli, ala gözləri bir azca
yaşlanmış gözəl bir xanım
dayanmışdı. O, bir az rus, bir az fransız, lap azca da Amerika
aktrisalarını xatırladırdı. Amma bütün
hallarda ömrünün 55 ilini Azərbaycan teatr sənətinin
inkişafına həsr etmişdi.
Qrim
otağına daxil olarkən Lyudmila xanım həddindən
artıq nəzakətlə çox az vaxtı olduğunu və
bu vaxt ərzində suallarımı cavablandırmağa
çalışacağını bildirdi.
Aktrisa
ötən bir il ərzində iki maraqlı tamaşada baş
rolu ifa edirdi. Bunlardan biri Amerika rejissoru Billi Uaylderin ssenarisi əsasında
hazırlanmış "Bulvar Sanset"
tamaşasındakı Norma Desmond obrazı, digəri isə
isveçli rejissor İnqmar Berqmanın "Payız
sonatası" filminin ssenarisi əsasında səhnələşdirilmiş
eyniadlı tamaşada məşhur pianoçu Şarlotta
obrazıdı.
Hər
iki tamaşanın rejissoru İlqar Safatdır. Doğrusu,
artıq çoxdan klassikləşmiş hər iki ekran əsərinin
Azərbaycan teatr məkanında səhnəyə
qoyulduğunu eşidəndə həm çox təəccüblənmiş,
həm də çox sevinmişdim. Xüsusilə, İnqmar
Berqmanın əsərini teatr səhnəsinə gətirməklə
rejissor alqışlanası fəaliyyət həyata
keçirmişdi.
Lyudmila
xanım danışdıqca mən qrim otağına göz gəzdirirdim.
Sadə, mütəvazi bir otaqda rollarına hazırlaşan,
qrimlənən aktrisanın mehribanlığı,
açıqürəkliliyi xoş təsir
bağışlayırdı.
Öz
rolundan doya-doya ürəklə danışmasından hiss
olunurdu ki, Berqmanın qəhrəmanını canlandırmaq
ona xüsusi məmnunluq hissi bəxş edir. Lyudmila xanım
tamaşanın məhz onun yubileyi üçün
hazırlandığını bildirdi.
Hazırlıq
prosesi ay yarım çəkən tamaşaya çox ciddi
hazırlaşdıqlarını qeyd edən aktrisa
çantasından dörd qalın şagird dəftəri
çıxarır. Məlum olur ki, bütün peşəkar
aktrisalar kimi o da ifa edəcəyi rolun özəlliklərini,
aktyor axtarışlarını, qeydlərini bu dəftərlərə
yazıb. Dəftərləri əlimə götürüb vərəqləyirəm.
Səliqəli cümlələr Lyudmila xanımın aktrisa
kimi də rəvan, maraqlı təbiətə malik
olmasından xəbər verir.
Yarım
saatdan çox söhbət etdikdən sonra gözləri qəfildən
saatın əqrəblərinə sataşan aktrisa tamaşaya
hazırlaşacağını bildirərək əlavə
edir: 55 illik aktrisalıq həyatımda ilk dəfədir ki,
tamaşadan əvvəl müsahibə verirəm.
Şəkil
çəkdirəcəyimiz böyük zala keçərkən
gözümə tünd qəhvəyi rəngli piano və
yarpaqları narınca boyanmış dekorativ ağaclar
sataşır. Onların ən yüngülünü
götürüb pianinoya yaxın qoyuram. Yaratdığım
bu harmoniya Lyudmila xanımın da xoşuna gəlir. Və dərhal pianinonun
qarşısında dayanıb bir neçə foto çəkdiririk.
Digər qrim
otağında Lyudmila xanımın qızları, daha
doğrusu, tamaşadakı obrazının qızları
aktrisa Yeva (Rumiya Ağayeva) və Yelena (Tamilla Abutalubova) da
hazırlıq prosesində idilər. Pianoçu
qadının xəstə, ana sevgisindən məhrum
qızını canlandıracaq aktrisanın rolla uyuşmayan
ekstravaqant geyimi, maskanı xatırladan qrimi, qollarında və
çiynindəki döymələri görərkən təəccübləndim.
Amma aktrisalar hər ikisi bir ağızdan "bizim
obrazlarımız Berqmanın ssenarisindəki obrazlardan
çox fərqlidir" - deyirlər.
Rumiyə
Ağayeva Yeva obrazına öz həyatında
yaşadığı situasiyalardan xeyli şeylər
qatdığını xüsusilə vurğulayır.
Pərdə
arxası zala daxil oluram. Yevanın həyat yoldaşını
canlandıran Oleq Əmirbəyov (Viktor) tez-tez
güzgünün qarşısına keçib özünə
göz gəzdirir, eynəyini düzəldir. İlqar Safat otaq
boyu var-gəl edir, hərdən Tamilla Abutalıbovaya
yaxınlaşıb karandaşla onun çiynindəki rəsmləri,
yazıları bir az da tündləşdirir. Rejissorun Andrey Tarkovski və
İnqmar Berqman sevgisini bildiyimdən, niyə Tarkovski yox, məhz
Berqmanın ssenarisini seçdiyini sual verəndə,
Berqmanı daha çox sevdiyi məlum olur. Telefonunu
çıxarıb ekrandakı doğma simanı mənə
göstərir...
İnsanların
daxili səsini eşidən və bunu filmləri vasitəsilə
milyonlarla tamaşaçıya böyük bir əzmlə,
sevgiylə çatdıran çoxbilmiş qocanın -
İnqmar Berqmanın işıqlı siması İlqar
Safatın telefonunun ekranından gülümsəyir.
Biz
tamaşaçıların zənn etdiyi kimi səhnə
arxasında aktyorlar qeyri-adi heç nə yaşamırlar. Hər
şey təbii iş prosesi kimi həyata keçirilir.
Havadan-sudan, məişətdən danışan aktyorlar
yüngülvari zarafatlaşırlar, tamaşaqabağı həyəcanlarını
azaltmaqda bir-birlərinə bilərəkdən, bəlkə də
bilməyərəkdən yardım edirlər.
Lakin nəzarətçi
qadının köməyilə zala keçərkən səhnə
arxası, daha doğrusu, səhnəyə gedən yolların
qaranlıq və keşməkeşli olduğunun bir daha
şahidi oluram. Bu yolları işıqlandırmaq isə hər
bir aktyorun istedadına və peşəkarlığına
bağlıdır.
Tamaşanın
sonunda tamaşaçılar təzimə çıxan
aktyorları səhnədən buraxmaq istəmirlər. Zal heyrət
olunacaq qədər dolu və enerjilidir. Tamaşaçılar
səhnəyə çıxıb aktyorlara gül verirlər.
Qucağı güllərlə dolub-daşan Lyudmila
xanımın yanından hündürboylu, qaradonlu gənc bir
qadın ötüb-keçir. Aktyor Oleq Əmirbəyovun əllərində
bir dəstə qızılgül peyda olur, qızaran güllərin
fonunda məmnun görünən aktyordan aralanan xanımın
tanış siması diqqətimi cəlb edir. Səhv etmirəmsə,
gülləri Oleq bəyə bağışlayan xanım elə
aktyorun öz həyat yoldaşıdır. Sənətə
sevgi, özünü sənətində təsdiq edə bilmək
bacarığı həm də bu olmalıdır.
Doğmaların və əzizlərin tərəfindən də
gül-çiçəyə, alqışa layiq
görülmək!
Sentyabr
2018
Samirə ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2018.- 22
sentyabr.- S.23.