Duyğuların həsrəti...

 

"Xalqın şairi" telelayihəsində münsiflər heyətində iştirak edirdim. Müxtəlif yaşlı şairlər və əsasən, gənclər şeirlərini oxuyurdular. Mən onlara nümunə üçün 40 il əvvəl yaddaşıma əsir düşmüş bir bənd şeiri misal çəkdim.

Dağlara nə qədər ahlar yağarmış,

Ahlardan dağların başı ağarmış.

Dağların köksündə görüb dağ, yara,

Ah çəkdim, dedilər ahın dağlara.

Mən  nəzəriyyəçiyəm, şeir əzbərləməyi bacarmıram, ancaq bu şeir məndən əl çəkmir. Bir adam dərddən ah çəkəndə, adətən, deyirlər: ahın dağlara! Şeir bu motiv üzərində yazılıb...

Əhvalat belə olub: mən 24 yaşlı, cəmi bir neçə məqaləsi çap olunmuş gənc tənqidçi, 79-cu ilin yayında Qubaya, doğulduğum İspik kəndinə, evimizə getmişdim. Qubalı şair "Gülüstan" ədəbi məktəbinin rəhbəri Mövlud Qonaq məni tənqidçi kimi bu ədəbi məclisin növbəti toplantısına şairləri dinləməyə dəvət etdi. Müxtəlif şeirlər oxundu. 16 yaşında bir qız "Ahın dağlara" şeirini həyəcanla söylədi. Bu şeir məni tutdu. Qubanın "Şəfəq" qəzetində "Gülüstan"dakı görüşlə bağlı geniş məqalə yazdım.

"Xalqın şairi" telelayihəsində o bir bənd şeiri deyəndən sonra Xaçmazdan bir utancaq, təvazökar səsli xanım mənə zəng vurdu:

- Nizaməddin müəllim sizi narahat edən 40 il bundan əvvəl dinlədiyiniz "Ahın dağlara" şeirinin müəllifi Saçlı Həmzəyevadır. Siz mənim şeirimi oxuyanda iftixar hissi keçirdim. Kövrəlib ağladım. Sonra Saçlı bu 3 bəndlik lirik miniatürü telefonda oxudu.

Aqillər hicranın odunda yanıb,

Qəriblər qürbətdə vətəni anıb.

Acizlər həmişə düşəndə dara

Ah çəkir, deyirlər: Ahın dağlara!

 

Ağır bir itkidən dağlananlar da,

Gözləri həyata bağlananlar da,

Son anda boylanıb ötən çağlara

Ah çəkir, deyirlər: Ahın dağlara!

 

Dağlara qədər ahlar yağarmış,

Ahlardan dağların başı ağarmış.

Dağların köksündə görüb dağ, yara

Ah çəkdim, dedilər: Ahın dağlara.

 

Saçlının yaradıcılıq taleyi ilə maraqlandım. Məlum oldu ki, bir neçə dəfə şeirlərini redaksiyalara, böyük filosof şairimiz Bəxtiyar Vahabzadəyə göndərib. Saçlıda Bəxtiyar müəllimin üç məktubu var: "Hörmətli Saçlı. Günaydın! Göndərdiyin iki şeiri oxudum. Birinci şeiriniz "Ceyrana" ümumidir. Məlumdur. İkinci şeirinizdəki: "Vüsalın ümidi əridi getdi, tənha ürəyimin qəribliyində" - ifadəsi xoşuma gəldi. İfadə yenidir. Özünüzə məxsusdur. Həmin şeirin sonluğu da, orijinaldı. Bir sözlə, siz yaza bilərsiniz."

Həddindən artıq təvazökarlığı abır-həya gözləməsi, utancaqlığı səbəbindən Saçlı bu ülvi nəcib işin dalınca düşmədi. Hal-hazırda Xaçmaz şəhərində yaşayır, təqaüdçüdür.

Möhtərəm Azər əfəndi! Bu qeydlərlə bərabər Saçlının bir neçə şeirini nüfuzlu qəzetinizə göndərirəm, çap etsəniz məmnun olaram.

 

Nizaməddin Şəmsizadə

 

Ədəbiyyat qəzeti.- 2018.- 22 sentyabr.- S.25.