Özünü oxucusuna
sevdirən poeziya...
XX yüzil sonu - XXI yüzil (önləri) Şəki ədəbi
mühitinin görkəmli nümayəndələrindən
biri, istedadlı şair Vaqif Aslandır.
Vaqif Aslan poeziyası düşündürücü, xəlqi
poeziyadır.
O, ədəbiyyatımızın xalq şeirinin qoşma, gəraylı,
klassik üslubun qəzəl janrlarında, dramatik növün
pyes janrında qələmini sınamışdır. Onun qoşma, gəraylı və qəzəlləri
hissin, duyğunun, ağlın süzgəcindən
süzülüb gəlir. Heca vəznində
yazmış olduğu şeirlərində Q.Zakir, M.P.Vaqif ənənələri
özünü göstərir.
V.Aslan həyat şairidir. Yazmış olduğu
şeirlərinin hər misrasında həyat həqiqətləri,
qarşılaşdığı, şahid olduğu həyati
motivlər öz əksini tapır. Görkəmli alim
Y.Qarayev şair haqqında yazır: "V.Aslanın ədəbi
yaradıcılığının əsas
spesifikasının "folklor konteksti" təşkil
edir". Həqiqətən də onun əsərlərində
folklor ənənələri öz əksini geniş şəkildə
tapır. Xüsusilə, onun xalq
mahnılarına yazdığı şeirləri diqqətəlayiqdir.
"Ağlama, ceyran balası, ağlama,
Ağlama, gözüm qarası, ağlama" xalq
mahnısına yazdığı "Ağlama" şeiri məzmun
və poetik cəhətdən fərqlənir.
Üsyan
edib taleyəmi ağladın,
Ağlama, ceyran balası, ağlama.
Dağ-dağ
idim, məni bir də dağladın,
Göynədi köksüm yarası, ağlama.
V.Aslan elinə, obasına, torpağına bağlı
olan vətənpərvər şairdir. Vətəninin
dağlarının, bağlarının, çiçəklərinin
vəsfindən doymayan şair qürur hissi ilə həm vətənini,
həm də doğulub, boya-başa çatdığı
doğma kəndini "Anam Kiş" şeirində gözəl
poetik ifadələrlə təsvir edir.
Gözəl
Vətən!
Xoşbəxtəm
ki, qucağında
doğuldum mən
Bilən
bilir dünya - geniş
Ömrün
yolu yoxuş - eniş
Hər
qartala öz yuvası
Hər
körpəyə öz anası
Mənim
yuvam, anamsan, Kiş!
- deyən şair qucağında doğulduğu
üçün özünü xoşbəxt sayır,
doğma kəndinə "anamsan", "yuvamsan" - deyə
müraciət edir.
Şairin ictimai mövzulu şeirləri içərisində
"Ocaq" şeiri diqqəti cəlb edir. Şeirdə
1828-ci ildə Türkmənçay müqaviləsi ilə Vətən
torpaqlarının ikiyə bölünməsindən doğan
dərin kədər hissi yüksək sənətkarlıqla
verilibdir.
Bir ocaq
qaladı o tayda bacı,
Bir ocaq qaladı bu tayda qardaş.
Diyirkən
ayrılıq ölümdən acı
Bizim
başımıza tale salıb daş
Tüstümüz görüşür Arazın üstə.
V.Aslan hər şeydən əvvəl tarixini, soy-
kökünü dərindən bilən şairdir. O, Vətənin hər bir
daşında, torpağında min-min tarixin
yatdığını qeyd edir. Bu cəhətdən
onun silsilə şeirləri içərisində "Daş
əlifba", "Saxsı qırığı üstə
yazı" şeirləri diqqəti cəlb edir. "Daş əlifba" şeirində şair Azərbaycanın
canlı tarix yaddaşı olan - Qobustan abidəsindən
söz açır.
Qobustan - zamanın kəsilən qolu.
Tapdanıb
nə zaman, ot bitib haçan
Qobustan -
Vətənin quruyan qolu
Donub damarında daşa dönüb qan.
Şeirin son bəndi məzmun cəhətdən daha rəngarəngdir. Buradakı
yatan tarixə heyran olan şair bir anlıq daşlarla
danışa bilmək üçün dönüb daş
olmasını, hətta anasından Qobustanın dilini öyrətməsini
istəyir və sonda yurdunun bu şərəfli tarixinə
heyran qalaraq Qobustanı Azərbaycanın daşlaşan
imzası adlandırır.
Hay sallam,
yayılar səsim hər yana
Daşlar
səda verər, danışmaz fəqət
Ey mənə
əzəldən dil verən anam
Mənə Qobustanın dilini öyrət.
Bilim, o
yurdumun şərəfi, şanı
Bilim, o yurdumun dərdi, yasıdır.
Oxuyum -
Qobustan - Azərbaycanın
Daşlaşmış imzası, əlifbasıdır.
Şairin bundan başqa "Yaşamağın
sirri", "Qılınc", "Ay səni" və
başqa şeirləri tarixi mövzuda yazılıbdır.
V.Aslanın tarixi mövzuda, tarixi motivlər əsasında
yazdığı əsərləri içərisində
"Ruhlarla söhbət" poeması xüsusilə fərqlənir. Poemanı
şairin yaradıcılığının şah əsəri
də hesab etmək olar. Poema Abdulla Əfəndizadənin
"Hər ürəkdə zəbt olubdur, Ya
ölüm, ya Türkiyə" mənzumələr toplusu ilə
səsləşir. Əsər 28 fəsildən
ibarətdir.
Əsərin yazılmasında böyük məsuliyyət
hissi duyan şair poemanın "Xeyir və dua" bölməsində
ana və atasının ruhlarının dilindən bu şərəfli
işi xüsusilə vurğulayır.
Oğlum,
gəl bu daşı ətəyindən tök
Türk qoca palıddır yer üzərində.
Başı
göylərdədir, kökü dərində
Allaha
çatarsan, yuxarı qalxsan
Gözlərin qaralar aşağı baxsan.
Altına
girmisən çox ağır yükün
Birinci qatdadır kökləri türkün.
Nə
vaxt ki, edilib bu dünya bina
Türk qövmü ilk sakin olubdur ona.
Poemanın "Haqq da var, divan da" adlı bölməsi
daha maraqlıdır. Bu bölmədə tariximizdə qanlı izlər
buraxan, türk xalqının amansız, qəddar düşməni
olan Stalin, Qorbaçov kimilərin haqq divanında hesab verməsi,
öz bəd əməllərini boynuna alması haqqın qələbəsi
kimi götürülür...
Poemanın "Şəhid ruhlar" adlanan bölməsində
şair tarixi şəxsiyyətlərlə yanaşı zəmanəsinin
böyük ədiblərini də yaddan çıxarmır. "Bu dünyadan mən əl
çəkə bilmərəm" ifadəsi ilə
M.Müşfiqin "Bu gözəl dünyadan necə əl
çəkim" misrasına, "Yerə yatın,
kazaklardır atanlar" ifadəsi ilə görkəmli
dramaturq C.Cabbarlının "1905-ci il" əsərinə,
"Demədinmi qalxan bayraq enəmməz" ifadəsi ilə
M.Rəsulzadənin "Bir kərə yüksələn
bayraq bir daha enməz" sözlərinə işarəsi ilə
poemanı daha da rəngarəngləşdirir.
Əsərin "Faciə", "İnkir-Minkir" və
"I Şah Abbas" bölmələri daha
maraqlıdır. "Faciə" bölməsində - xanlar xanı
olmaq istəyən millətini, torpağını quruca bir ad,
vəzifə üçün satan, özgə
himayəsində yaşamağı özünə fəxr
hesab edən Qubalı Fətəli xanın
rüsvayçı əməllərindən söhbət
açılır. Şair milləti birləşdirib
özgəyə itaət edən, bu xalqı nəsil-nəsil
xəcalətə salan insanın ellər gülüncü,
aylar-illər gülüncü olmasını istəyir.
Eynən də "İnkir-Minkir", "Şah I Abbas"
bölməsində də öz soyunun qənimi kəsilən,
türkü-türkə qırdıran, türkü öz
yurd-yuvasından didərgin salan, erməni kimi qaniçəni,
bəşəriyyətin bəlası olan bu nankor xalqı
türkün başına bəla eləyən Şah I
Abbasın əməllərindən bəhs edilir.
Poemanın "Giley", "Umu-küsü",
"Sual-cavab" bölmələri də mövzu cəhətdən
rəngarəngdir. "Giley" bölməsində qardaş qanı
axıtmaqla fəxr edən, 1514-cü il
tarixin türklük, türk milləti üçün səfalət
səhifəsi olan Çaldıran döyüşü və
onun qurbanları olan Şah İsmayıl və Sultan Səlim
fenomenləri qarşılaşdırılır. Şair Şah İsmayılın dilindən
xalqının başına gələn müsibətə,
qardaş qırğınına ürək yanğısı
ilə cavab verir.
Mənə
bir dərs oldu Çaldıran
Bu
döyüşdür türkü atdan saldıran
Bir
qılınc ki, kəsib türkün başını,
Paralayıb torpağını, daşını.
Öyülməyə
dəyərmi:
Bir
qılınc ki, məni məndən eləyib
Qanı-qandan, canı-candan eləyib.
Mənimkidir deyilməyə dəyərmi?
"Umu-küsü" bölməsində Əmir Teymurun
və İldırım Bəyazidin etirafları da
düşündürücü və səmimidir.
Əsərin "Ulu ruhun cavabı" bölməsində
ozanlar ozanı Dədə Qorquddan danışılır,
qılıncla saz qarşılaşdırılır. Qılıncı
olmayan millətin boy atmadığını,
qılıncın ad-san, şöhrət olduğunu yazan
şair namərdin, yaltağın əlində
alçaldığını, pas tutduğunu da
vurğulayır. Şair sazın da
qüdrətindən, böyüklüyündən hələ
"Dədə Qorqud elindən gələn"
ucalığından, müqəddəsliyindən söhbət
açır.
Sazın
da, sözün də sirri var balam,
Qılınc
da ad alır mərdin əlində
Namərdin
əlində alçalar balam
Sazsa inildəyər
dərdin əlində
Yaltağın
əlində pas atar qılınc
Ölən
şöhrətinə yas tutar qılınc
Yaltaq nə
utanar, nə də ar eylər
Qılıncı hörmətdən salıb xar eylər.
Poemanın
"Novruz bayramı və Məlikşahın
giley-güzarı" bölməsində əsrlər boyu
tarixi, yaddaşı, bayramı, toyu-düyünü
unutdurulan, lakin Məlikşah Cəlaləddin və II Şah
Abbas kimi tarixi şəxsiyyətlərin sayəsi nəticəsində
özününkünü özünə qaytaran bir
xalqın taleyindən söhbət açılır. Şair poemanın "Məndən söyləməkdir,
səndən eşitmək" bölməsində maraqlı
faktlar verir. Yunan və türk
xalqlarının adət-ənənələrindən
yazır. Şair əsərdə dəfn
etmə yas mərasimini gözəl izah edir, yunanların dəfn
etmə zamanı ölünü yandırmağını,
türklərin isə torpağa
basdırıldığını göstərir.
Şair türkün sayəsində geyinməyi, çimməyi,
daranmağı öyrənən, türkə "barbar"
deyib onun var-yoxunu mənimsəyən, özününkü
olmayanı öz adına çıxan
qeyri-əxlaqi dəyərlərdən söhbət
açır.
Əsərin "Sual-cavab", "Ruhların məhkəməsi"
bölməsi daha maraqlı və təsirlidir. II Göytürk imperatoru
Bilgə Xaqanın ruhu ilə söhbətləşən
şair söhbət əsnasında xalqının
başına gətirilən müsibətlərdən,
türk xalqları arasında birlik və
bütövlüyün olmaması nəticəsində
boyunduruğ altında yaşamasından, öz
torpağında qul olan, qaçqın olan, öz
torpağında özünə yad olan, bölgə-bölgə
paralanan, nəsil-nəsil qaralanan xalqların müasir taleyindən
ürək ağrısı ilə danışır.
Əsərdə Bizans imperatoru Qustinyanı qadın
şücaəti ilə diz çökdürən Bur-Arıq
və öz ağlı, zəkası ilə iki xalqı
qırğından qurtaran Çiçək Xatun kimi
qadın obrazların verilməsi təsadüfü deyil. Şair
göstərmək istəyir ki, öz ağlı, zəkası,
şücaətiylə kişiləri geridə qoyan,
"Aslanın erkəyi, dişisi olmayan" dünyanın
qadın fatehləri də vardır. Şair
qadının böyüklüyünü,
ucalığını "Qadın" şeirində də
poetik ifadələrlə verir.
Qadın
- ömrümüzün bəzəyi, naxışı
Həmişə
müqəddəs sanmışıq onu
İnsan
sevə bilir, sevir, nə yaxşı
Yoxsa verəmməzdik
onun borcunu...
Ümumiyyətlə, V.Aslan bizi türk azmanlarının
bütöv bir silsiləsilə görüşdürür. Şair Məlik şah, Alp
Arslan, Bilgə Xaqan, Attila, Mete xan, Alp Ər Tonqa kimi tarixi
şəxsiyyətləri türkün
böyüklüyünü, qüdrətini göstərən
şəxsiyyətlər kimi təqdim edir.
V.Aslan poemada tarixi dərindən bilən gözəl bir
tarixçiylə yanaşı həm də ana dilini, ana
dilinin qayda-qanunlarını, fonetik xüsusiyyətlərini
mükəmməl bilən bir dilçi kimi də nəzərimizi
cəlb edir.
Bu cəhətdən onun Şumer, Akkad,
Assur, Babil, Manna, Midiya sivilizasiyalarının türk mədəniyyəti
ilə təmasından, həmin sözlərin
etimologiyasından bəhs etdiyi fikirlər maraqlıdır.
V.Aslan poeziyası dərin, mənalı,
özünü oxucusuna sevdirən poeziyadır və bu
poeziyanın geniş elmi-tədqiqata ehtiyacı vardır.
Tural ADIŞİRİN
Ədəbiyyat qəzeti.- 2018.- 22 sentyabr.- S.29.