Cavanşir Yusifli imzası

yaxud filoloji fantaziya 

 

Yaşar Qarayev ədəbi-tənqid məqalələrinin birində yazırdı: "... Hər dövrdə tənqid oxucunun, bütünlüklə sənətin mənəvi kamilliyi üçün məsuliyyəti öz üzərinə götürür. Bədii-estetlk şüur aktı,  sənətin mənəvi vicdanı rolunda tənqidin gördüyü iş, icra etdiyi vəzifə elə bundan ibarətdir". 80-cı illərin sonlarından "Ulduz" və "Azərbaycan" jurnallarında imzası görünməyə başlayan Cavanşir Yusifli sənətin mənəvi kamilliyi naminə ədəbiyyatşünaslıqda öz sözünü deməyə və fərqini göstərməyə müvəffəq olmuş nəzəriyyəçi alimlərimizdəndir. Ədəbiyyata gəlişində qardaşı və ilk müəllimi Vaqif Yusiflinin, həmçinin,  porofessor Qorxmaz Quliyevin yerini və dəyərini hər zaman vurğulayan Cavanşir müəllimin ədəbi ictimaiyyətlə ilk tanışlığı 1988-ci ildə "Ulduz" jurnalında dərc olunan şeirləri ilə start götürdü. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əyani aspitanturasında təhsil alan C.Yusifli 1991-ci ildə "M.F.Axundovun "Təmsilat"ı və Qərbi Avropa maarifçi dramaturgiyası ənənələri"  mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan  komediyasının poetikası" adlı doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. Cavanşir Yusiflinin ədəbiyyatşünaslıqla bağlı tədqiqatlarının fəallaşdığı 1990-cı illərdə  tənqid mətndə sosioloji və ideoloji təhlillərə yer vermirdi. Bu mərhələ həm də yenilənən nəzəri-tənqidi diskursun formalaşmasına təkan verir, bu yöndə ədəbi prosesdı iz qoyan yazılarını qələmə alırdı. Bədii mətnə fərqli baxan, onun o dövr üçün yayğın şərhindən imtina edən müəllif "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi" monoqrafiyasında mətnlərarası virtual əlaqələr problemini qoydu və burada, həmin problemin şərhiylə bağlı tətbiq edilən üslubi gedişlər onun yazı tərzində çox maraqlı və orijinal nüansları meydana çıxardı. İxtiyari, sanki heç mətləbə dəxli olmayan gedişlər üzdən o qədər "təsadüfi" səciyyə daşıyır ki, mətn özünü ələ verir, onun qatları, lay və hörgü sistemi göz önündə canlanır. Diqqət edin: "...Bu poeziyada poetik mətləb bir neçə dilin qarışığında deyil, qovuşuğunda ifadə olunur. Bu dillər gah vahid simfoniya şəklində, gah ayrıca dilə gəlir, səslənir, bu dillər mütaliə olunduqca, zaman keçdikcə, onlara uyğun gələn hadisələr baş verdikcə açılır. Bu hadisə, yəni polifoniya Əli Kərim şeirində sadəcə bir poetik ünsür, yaxud bu kimi ünsürləri birləşdirən "müxtəlif səs tezlikləri" kimi başa düşülməməlidir. Əli Kərim poetikasında polifoniyanın daha dərin mənası vardır. Əli Kərim şeirində, onun poetikasında polifoniya şeirə ənənəvi münasibətin kökündən dəyişdirilməsi anlamına gəlir; yəni, şeir bir bütöv struktur kimi müxtəlif "səs ucalığına və səs tezliyinə" malik olan hücrə və ya hüceyrələrdən hörülür - bu hücrələr poetik hərəkətin gedişində, hansı məqamdasa baş verən çevrilmə prosesini əks etdirir. Poetik mövqe hiss edilmədən dəyişir, transformasiyaya uğrayır. Şeirin mətni, bu mətni idarə eləyən intonasiya modeli, bu modellərin bir-birinə münasibəti elə qurulur ki, deyək ki, "Babəkin qolları" şeirində ani olaraq müəllif də qəhrəmana - Babəkə çevrilir, Babəkin sifətlərinin xatırlanmadığı, onun apardığı azadlıq mübarizəsinin tarixinə heç bir ekskurs edilmədən müəllifin də bir göz qırpımında qəhrəmana çevrilməsi inandırıcı görünməyə bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu - adi, hamının öyrəşdiyi, hardasa dilinin əzbəri olan bir mətn parçası deyildir, burada şüurlu olaraq "kəsilən", doğranan yerlər xüsusi semanitik-maqnit sahəsi ilə tutulmuşdur - müxtəlif, həm də qeyri-adi çalarda verilən metaforaların yaratdığı görüntü (qan rəngli bir arabada, Şərq boyda bir xarabada, döyə-döyə, söyə-söyə, hamıya görk olsun deyə...) yuxarıda xatırlatdığımız çevrilmənin əyaniləşməsinə xidmət edən semantik sahə-cazibə məkanı yaradır."

Müəllifin üslubi improvizasiyaları yalnız bədii həqiqətin müxtəlif yozumlarının üzə çıxarılması ilə bağlıdır. Elə həmin monoqrafiyada başqa bir pasajda bunun parlaq nümunəsi var, ancaq bu sitatı verməzdən qabaq belə bir ideyanı vurğulamaq yerinə düşər ki, müəllifin fikrincə, mükəmməl bədii mətnlər haqqında qələmə alınmış say-seçmə filoloji tədqiqatlara tənqidçi və ədəbiyyatşünasın münasibəti belə ola bilər: əxz etdiyin ali fikir və ideyaların məqamına çatmaq, onları mənimsəmək, ancaq filoloq hər şeydən qabaq fantaziyadan başlayır, yəni, sən oxuduğun mətnləri ötüb keçməyə məhkumsan.  Sitat belədir: "Bu məqamda irəli sürdüyümüz ideyanı (bizə belə gəlir ki, müəllifin də bir göz qırpımında qəhrəmana çevrilmə zərurətini məhz poetik mətləbin əsaslandığı müxtəlif dillərin, bir-birini tamamlayan və inkar edən dillərin hansı virtual məkandasa qovuşması şərtləndirir...) izah etmək məqsədilə "Mətn içində mətn" termini işlətmək istərdik. Mətn içində mətn, yaxud intertekst nə deməkdir? Bu hər şeydən qabaq XX əsrdə, ondan da qabaq barokko mədəniyyət tipində bədii mətnin hiperritorik quruluşudur və məna etibarilə əsas mətnin əsərin məzmununu təşkil edən başqa mətnləri də çevrələməsini bildirir. Əsas mətnin digər paralel mətnlərlə konfliktə girməsi daxili və xarici mətn sərhədində illüziyadan vaz keçərək reallığı parlaq şəkildə əks etdirmək oyunu başlayır."

Müasir mərhələdə  interpretasiyadan qaçmayan  və bədii mətni təhlildə  özünü  və estetik baxışlarını gizlətməyən tənqidçi tələb edirdi. (Hermenevtik-ontoloji yanaşma metodu XX əsrin sonu XXI əsrin əvvəllərində ədəbi-tənqidi yeni bir istiqamətə köklədi.) Mətnin izahında və ya dəyərləndirməsində yaranan qnesioloji və kommunikativ səviyyə interptetasiyaları qaçılmaz etdi. Bu interpretasiyalar mətnin açılmasında, mətn-tənqidçı-oxucu üçlüyündə  mürəkkəb struktur formalaşdırır. Bu istiqamətdə C.Yusiflinin "Bədii mətnin sirləri" (1998) kitabında toplanan məqalələri və tərcümələri ədəbiyyatşünaslığımızın yeni istiqamətindən xəbər verirdi. Xüsusən, "Bədii mətnin sirləri" adlı məqalədə  bədii mətn və onun strukturu məsələləri  Füzuli, M.F.Axundov, Sabir, Mirzə Cəlil  dünyagörüşü və dünyaduyumu ilə təsviri və təqdimi məsələlərinə aydınlıq gətirilir. Müəllifin  "Mətn müəllifi öz içində əritdiyi kimi, dünyanı da tutur, onu "xam "  materialdan düzümlü, qurumlu bir sistemə çevirir. Və beləliklə dünya son dərəcə orijinal  strukturu, düzümü, düzüm qaydası olan bir mətn  kimi - işarələr, kodlar sistemi kimi oxunur"  qənaəti onun bütün tədqiqatlarında əsas, aparıcı xətt kimi keçir. C.Yusiflinin bədii mətnə baxış bucağı və estetikası fərqlidir. C.Yusifli  tədqiq etdiyi mətnin ilkin dili üzərində ikinci bir dil yaradır, mətnin kodlarının açılmasına müvəffəq olur, Tınyanovun  "tənqidçi də ədəbiyyat yaradır" qənaəti burada özünü doğruldur.

Ümumiyyətlə, 90-cı illər C.Yusiflinin  həm elmi-nəzəri yaradıcılığında ("Gülüş və dünyanın sonu"( 1999), "Zamanı ötən şeirlər sorağında" ("Ulduz" jurnalı, 1997), "Bədii mətn funksional sistem kimi" (1998), həm də tərcümə  sahəsindəki fəaliyyəti (Rolan Bart, Jak Derrida, Gibson, Bartel, Kassirer, U.Eko, Barns, Başlyar, Sollers və onlarla digər müəlliflərdən, həm də orijinaldan etdiyi tərcümələr), Hölderlin, Şeirlər ("Cahan" jurnalı, 1996), Lev Qumilyov. "Tarixi coğrafiyanin humanitar və təbii-elmi aspektləri" ("Cahan" jurnalı, 1997), Jan-Fransua Liotar, "Post" sözünün mənaları haqqında" ("Cahan" jurnalı, 1997), Alən Rob-Qriyye, "Bəzi köhnəlmiş anlayışlar haqqında" (fransız dilindən) ("Cahan" jurnalı, 1997) fəaliyyəti diqqətəlayiqdir. Ümumiyyətlə, C.Yusiflinin həm ədəbiyyatşünas, həm tənqidçi, həm də tərcümə sahəsindəki fəaliyyəti onun elmi potensialının əyani göstəricisi olmaqla bərabər, bütün zamanların "tənqid nədir, ədəbiyaşünaslıq elminin bir hissəsi, yoxsa bədii yaradıcılığın  növüdür" sualını yada salır. Həm də daha çox bu sualın yersiz olduğunu vurğulayır.

Onun bədii tərcümələrindən ayrıca danışmaq lazımdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə nəşr edilən 150 cildlik dünya ədəbiyyatı seriyasında A.Kamünün külliyyatının tərcüməsi ona məxsusdur. Bundan başqa, Tomas Sternz Eliotun məşhur "Bəhrəsiz torpaq" poeması, müəllifin digər şeiləri və onlara yazılan şərhlər, habelə tənqidi məqalələrini ingilis dilindən tərcümə etmişdir.

Cavanşir Yusifli  2000-ci illərdə "Bir söz söylə, bu dünyadan olmasın" (2002), "Ədəbiyyatda yaşamağın formulu" (2003), "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi" (2005), "Elçin haqqında 56 söz" (Vaqif Yusifli ilə birgə. 2006), "Azərbaycan komediyasının poetikası" (2007),  "Fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış" (2009) kitabları nəşr olunur. "Bir söz söylə, bu dünyadan olmasın" və "Ədəbiyyatda yaşamağın formulu" adlı  kitablarında "Janr münasibətləri", "Tənqidin ölümü", "Ədəbiyyatın gerçəkliyi", "Ədəbiyyatda yaşamağın formulu" , "Komediya qəhrəmanının bədii strukturu" , "Tənqidin böhranı başladı"  , "Ədəbi prosesin görünməyən tərəfləri" məqalələri poroblemin qoyuluşu və aktuallığı baxımımdan elmi-nəzəri fikrin ədəbi prosesi dəyərləndirmə və istiqamətləndirmə təsiri bağışlayır. C.Yusifli üçün bəzi mövzular bir yazı ilə tamamlanmır. "Tənqidin ölümü" məqaləsində  ədəbiyyatda qalmağın formulunu  göstərən tədqiqatçı bir digər məqaləsində  "Ədəbiyyatda yaşamağın formulu"ndan bəhs edir. Çünki C.Yusiflini düşündürən əsl ədəbiyyatdır. Onu bir alim kimi, tənqidçi kimi dəbdə olan mövzular deyil, ciddi, ənənələri ilə bağlarını qoparmayan, amma müasir insanın düşüncəsinin,  dünyaduyumunu əks etdirən əsərlər maraqlandırır.

C.Yusifli uzun bir müddət, təxminən otuz ilə yaxın üzərində işlədiyi komediya janrı, onun Azərbaycan ədəbiyyatında M.F.Axundov tərəfindən yaranan nümunələri, obrazlar sisteminin daxili qatı,  gülüşün bədii-fəlsəfi mahiyyəti, komediyada hərəkət və konflikt, komediya qəhrəmanının bədii strukturu məsələlərinə aid qənaətləri diqqətəlayiqdir.

"Azərbaycan komediyasının poetikası" monoqrafiyasında janr anlayışına da dialektik hadisə gözüylə baxan tədqiqatçı Azərbaycan komediyasının poetikasını sistemli şəkildə işləyir. Müəllif belə bir mühüm qənaətə gəlir ki, gülüşün yadlaşma, özgələşdirmə funksiyası Azərbaycan komediyasında müşahidə edilmir. C.Yusiflinin qənaətinə əsasən komediya qəhrəmanının davranış formaları əsərin bütün məntiqi ilə, hadisələrin gedişi, konflikt, xarakter və bu kimi digər məsələlərlə əlaqəlidir. Tədqiqatçının məqsədi vahid ədəbi prosesdə baş verən metamorfozları, ədəbi qəhrəmanın metamorfozasını məntiqi-psixoloji aspektdən izləmək olmuşdur.

Son illərdə C.Yusifli tənqidçi kimliyi ilə daha çox öndədir. Ancaq bütün hallarda onun yanaşmasında nəzəri baxış üstünlük təşkil edir, bunun əsas səbəbi isə, fikrimizcə, onun bədii mətnə münasibəti ilə bağlıdır.  Ardıcıl olaraq "525-ci qəzet", "Əddəbiyyat qəzeti"ndə, "Artkaspi", "Kulis" və  "Sim-sim.az" portallarında ədəbiyyat, müasir ədəbi proses və ədəbi tənqid haqqında mülahizələrini izləyirik. Onun dünya və Azərbaycan ədəbiyyatının fərqli üslub yaradan müəllifləri haqqında video söhbətlərinin də ayrıca yeri vardır, bunlar bir tərəfdən maarifçilik missiyası daşıyır, digər tərəfdən isə ədəbi prosesdə yaranan yeni meyilləri dilə gətirmək, ifadə etmək ehtiyacından doğur.

Tənqidçının "Ədəbiyyatımız gerçəklikdən qaçmaqla məşğuldur" adlı müsahibəsində 2017-ci ilin şeir, nəsr, tənqid, ədəbiyyat və tərcümə məsələlərini dəyərləndirir. C.Yusifli "ədəbi tənqidə axın niyə azdır" sualını  belə izah edir: ədəbi tənqid elə bir spesifik sənətdir ki, ədəbiyyat haqqında mükəmməl anlayıs tələb edir. Orda şagirdlik yoxdur. Bu isə müasir ədəbi tənqid necədir və ya necə olmalıdır sualının cavabı kimi səslənir: tənqid ilk növbədə nəzəri bazaya malik olmalıdır, bədii mətnə tənqidi yanaşma ancaq bunu şərtləndirir.

"Mən mükəmməl mətn görmək istəyirəm" - deyən, Cavanşir Yusiflinin Rolan Bart haqqında dediyi  - "Təkcə tənqidçi, ədəbiyyatşünas yox, həm də filosofdur" fikrini onun özünə aid edə bilərik.

 

Pərvanə Bəkirqızı

 

Ədəbiyyat qəzeti .- 2018.- 22 sentyabr.- S.28.