Məhəmməd İqbal və türklər
Çanaqqala savaşı
dövründə Məhəmməd peyğəmbəri
yuxusunda görən İqbal peyğəmbərin "Mənə
nə gətirdin?" sualına belə cavab verir:
Bir şüşə
qan ki, bərabəri yoxdur,
namusdur, vicdandır,
Buyurun, bu,
Çanaqqala
şəhidinin qanıdır.
Müsəlman xalqları arasında türklər,
onların milli-mənəvi dəyərləri, Osmanlı
dövlətinin islama və milli mədəniyyətə əsaslanan
siyasəti hər zaman Məhəmməd İqbalın diqqət
mərkəzində olmuşdur. M.İqbal dini
ehkamları fəaliyyətsizliyin səbəblərindən olan
"tale" bəhanəsinə əsas gətirilməsini qəbul
etmir. Şair müsəlmanlığı
millət uğrunda çalışmaqda, mübarizədə
görür. M.İqbal Avropa dövlətlərinin Şərqdəki
müstəmləkə siyasətinə qarşı
çıxır, bu yolda özünəməxsus şəkildə
türklərdən örnək almağa
çalışır: "Osmanlı türklərinin
sözü yaxşı anladıqlarını eşitdim, kim
onlara mənim bu qərib şeirimi çatdıracaq?"
Məhəmməd İqbalın türklərə
münasibətinin ifadə etdiyi və böyük türk
şəxsiyyətlərini əsərə gətirdiyi bədii-fəlsəfi
nümunələrindən biri də "Cavidnamə" mənzuməsidir.
İqbalın "Cavidnamə" əsəri həm fəlsəfi-dini
görüşlərinin ifadə olunması, həm müsəlman
cəmiyyətinin real durumunun şərhi, həm də gələcək
nəsillərə önəmli mesajların
ötürülməsi baxımından əhəmiyyətlidir. Filosof-şair islam dini, təsəvvüf fəlsəfi təlimi
çərçivəsində ifadə etdiyi fikirləri ilə
oğlu Cavidin simasında gənc nəslə gələcək
inkişaf perspektivlərini aşılayır. Bu
sahədə böyük türk mütəfəkkiri,
İqbalın "doğruların imamı olan Rumun piri
Mövlana" kimi sözlərlə vəsf etdiyi Mövlana Cəlaləddin
Rumini özünə rəhbər seçən İqbal
bütün əsər boyu onun bələdçiliyi ilə
fərqli planetlərdə müxtəlif ruhları ziyarət
edir. Şərqin və Qərbin önəmli alim,
filosof, yazar, siyasət və dövlət adamlarının
ruhu ilə söhbət zamanı İqbal eşq, insanı
Allaha yönəldən mənəvi dəyərlər, islam
dininin Haqq dini kimi özündə yüksək mənəvi
keyfiyyətləri, ədalət prinsiplərini ehtiva etməsini,
"Quran"a dönüşün müsəlman cəmiyyətinin
xilası olmasını göstərir.
"Cavidnamə" əsəri İqbalın ictimai
görüşləri, Şərq və Qərb münasibətlərinə
baxışının müəyyənləşdirilməsi
kontekstində də mühüm əhəmiyyət
daşımaqdadır. İqbal müsəlman xalqlarının,
Yaxın Şərq millətlərinin real zaman daxilindəki
problemlərini öz əsrinin qəhrəmanlarının
ruhunu ziyarət etdiyi zamanda dilə gətirmişdir. Bunlar arasında Osmanlı dövlətinin sədrəzamı
Said Halim Paşa önəmli yer tutmaqdadır. Said Halim Paşanın dövlətçilik sahəsindəki,
cəmiyyətin problemləri ilə bağlı fikirləri
Yaxın Şərqin bir sıra görkəmli şəxsiyyətləri
kimi İqbalın da diqqətini çəkmiş, ona görə
də əsərin "Cəmaləddin Əfqani və Said
Halim Paşanın ruhlarını ziyarət" adlı
bölümündə onu qəhrəman seçmişdir.
İqbal və Said Halim Paşanın fikirləri
arasında bir sıra uyğun məqamlar müşahidə
olunur. İqbal müsəlman ölkələrini
Avropanın təqlidindən uzaqlaşdırmağa
çalışarkən Said Halim Paşanın dili ilə
"yeni Avropa" düşüncəsinə qarşı
"Quran"ı qoyur, "onun ayələrində yüzlərlə
yeni dünya" olduğunu bəyan edir.
İqbalın sözügedən fikirləri Said Halim
Paşanın dili ilə verməsi də təsadüfi
deyildi. Said
Halim Paşa da əsərlərində islam
mədəniyyətini Qərb dünyasına qarşı
qoyurdu. Said Halim Paşa da islam mədəniyyətinin
əslində Qərb mədəniyyətinin qaynağı
olduğunu, lakin bunun zaman keçdikcə unudulduğunu
söyləyirdi. Eyni zamanda, qərblilərin islamı
yanlış anladıqlarını, Qərbi örnək alan aydınlarımızın da onlarla bərabər
səhf etdiklərini ifadə edirdi.
İqbal
və Said Halim Paşa milli məsələləri, milli
kültürün Qərb mədəniyyətindən fərqli
cəhətlərini, dövlət siyasətində və cəmiyyətin
inkişaf istiqamətində milli dəyərlərdən
çıxış edilməsi vacibliyini ön plana çəkir,
cəmiyyətin tərəqqisi üçün təhsili ən
vacib yollardan biri kimi qiymətləndirirdilər. Bütün bu cəhətlər İqbalın Said
Halim Paşanı "Cavidnamə" əsərinə gətirməsinə
səbəb olmuşdur.
1932-ci ildə yazıb tamamladığı "Cavidnamə"
əsərindən daha əvvəlki mərhələdə
İqbalın əsərlərinə, Türkiyə ilə
bağlı fikirləri, Atatürk haqqındakı
düşüncələrinə nəzər yetirsək, fərqli
yanaşmanı müşahidə edərik. Bəzi
faktlara diqqət edək.
Türkiyə
İstiqlaliyyət müharibəsi zamanı, 1921-ci ildə
yunanların Ankaraya qədər gəldikləri zaman Milli Məclisin
bir sıra nümayəndələrinin mərkəzin Kayseri və
ya Sivasa köcürülməsi fikrini irəli sürdükləri
dövrdə Atatürk islam aləmində
böyük əks-səda doğuran bir bəyannəmə qələmə
almışdır: "Bütün islam ürəklərinin
bir qəlb içində döyünməsi üçün
özünü pərişan edən türk millətinə
müzahir olun". Bununla bağlı İqbal Qurban Bayramı
münasibətilə Lahorda tarixi Badşahi Camisində bayram
namazı qılmaq üçün toplaşmış 250 min
insan qarşısında Atatürkü dəstəkləyən
bir bəyannamə elan etdi: "İslamın hər tərəfində
duçar-ı hezimet olan sancaqları Anadoluda
toplanmışdı. Qardaşlarım, dua edək
ki, o bayraq o bürclərdən qiyamətə qədər
düşməsin. İslamın günəşi
qaralmasın, Allah müsəlmanları xiristianlara
qarşı müdafiə edən böyük lider Mustafa
Kamala yardım etsin. İslamın son əsgərlərini
müzzəffər qılsın".
1922-ci ildə
Türk Milli hərəkatının qələbəsi
münasibəti ilə də İqal "İslamiyyətin
doğuşu" adlı şeirini yazmış, böyük
türk qələbəsini digər müsəlman
xalqlarına örnək olaraq göstərmişdir:
Köləlikdə
nə qılıncların, nə də planların
heç
bir qiyməti yoxdur,
Fəqət
imanın şövqü tutuşduğu zaman
bütün
zəncirlər parça-parça olur.
Yalnız
sarsılmayan bir iman, davamlı
fəaliyyət
və eşq bu dünyanı fəth edə bilər.
İnsanın
həyat mücadiləsindəki
qılınclar
bunlardır!
Osmanlıların
üzərinə bir kədər dağı
yıxılmışsa,
sən heç üzülmə,
Çünki
şəfəq yüz min ulduzun
qanı
tökülmədən sökülməz!
İqbal Türkiyə Cümhuriyyəti qurulduqdan sonra
ölkədə islamla bağlı düşüncələrinin
dəyişməsi haqqındakı söz-söhbətə
"güya türklər islamı rədd etmişlər! Heç bir
zaman bundan böyük bir yalan söylənməmişdir"
deyə cavab verir.
İqbal Mustafa Kamal Atatürkə də şeir
yazmış, onun türk millətinin müsəlman
dünyasındakı rolunu yüksək dəyərləndirmişdir. "M.Kamal Paşaya (Allah
ona yardım etsin)" şeirində İqbal yazır:
Atatürk
və türklərin
ağlı
və hikməti sayəsində biz
İlahi təqdirin gizli sirlərinə yetişmişik.
Sönmüş
bir qığılcım olduğu halda müsəlman
Mustafa
Kamalın bir baxışı ilə
Bir günəş olduq ki, düşmənə yaman.
Eşqi
öyrətdi bizə də,
qurtulduq
kölə olmaqdan.
Bahar
rüzgarında ələmlə dolmuşduq,
O əsdirdi
ovanın sərt yellərini.
Dünya biləcək əlbət dəyərini.
Sən
qurtardın neçə dustağı, sərbəsti,
Atın
hara qədər gedərsə,
Ey Mustafa
Kamal, ora qədər yürü!
"Cavidnamə" əsərində səsləndirdiyi
fikirlərə baxmayaraq, İqbalın Atatürk
haqqındakı düşüncələri
ömrünün sonuna yaxın yenidən əvvəlki rənginə
qayıtdı.
2007-ci ildə
Məhəmməd İqbalın "Cavidnamə" əsərini
müraciətlə yazdığı oğlu Cavid Türkiyənin
"Aksiyon Dergisi"nə verdiyi reportajda bu məsələyə
aydın şəkildə münasibət bildirmişdir:
"Atama görə, peyğəmbər və ilk dörd xəlifə
dönəmində islam dövləti bir cümhuriyyət idi.
Atam Mustafa Kamalın etdiyi inqilabı, ictihad
gücünün xəlifədən alınıb Millət Məclisinə
verilməsi kimi görürdü. Bu sistemdə
Məçlis artıq xəlifə hökmündə idi.
Üləma sözlərinin üzərindəki
ictihad gücünün xilafət məqamından alınaraq
Məclisə verilməsi, İqbala görə, çox yeni
bir fakt idi. Atamın Mustafa Kamalı
çox sevməsinin səbəbi də budur. Lakin böyük insanların bir-birilərinin fikirlərindən
təsirlənmələri nə qədər təbii idisə,
bəzi məsələlərdə ayrı düşünmələri
də o qədər normaldır. Atam Mustafa
Kamalın ənənələrlə bağlarını
lazımsız yerə qopardığı qənaətində
idi. Cənubi Afrika müsəlmanları 1933-cü ildə
gəlib atama uzunömürlü olması üçün
dua etdikləri zaman atam belə demişdir: "Mən etdiklərimi
etdim. Artıq mənim üçün deyil,
Mustafa Kamal və Məhəmməd Əli Cinnah
üçün dua edin".
İqbalın oğlu Cavidin söylədikləri fikirləri
filosof ədibin əsərlərindən də müşahidə
edirik.
"İslamda dini düşüncənin yenidən
inşası" əsərində yazır: "Xəlifəlik
tək bir insana təhvil edilməlidirmi? Türkiyənin
ictihadı budur ki, islamın ruhuna görə Xilafət və
ya İmamət məqamı bir qrup insana, yaxud
seçilmiş bir məclisə təhvil edilməlidir.
Bildiyəmə görə, Misirdəki və Hindistandakı islam alimləri indiyə qədər bu məsələdə
fikirlərini bəyan etməmişlər. Şəxsən
inanıram ki, türklərin bu görüşü tamamilə
doğrudur. Bu məsələdə
mübahisə etmək hardasa əhəmiyyətsizdir. Cümhuriyyət şəklindəki idarə
üsuslu yalnız islamın ruhuyla tamamilə uyğun deyil,
eyni zamanda, islam dünyasında sərbəst buraxılan yeni
gücləri diqqətə aldıqda bir öhdəlikdir".
İqbal türklərin sözügedən
fikirlərində haqlı olduqlarını ifadə etmək
üçün tarixi faktlara və müasir türk ictimai
xadimlərinin görüşlərinə də istinad edir.
Eyni
zamanda, "Cavidnamə" əsərində İqbalın
bütün yenilikləri islam dini, onun
qanun və ehkamları çərçivəsində
düşündüyünü də müşahidə
edirik. Şair "Cavidnamə" əsərinin Türkiyədəki
yeniliklərdən bəhs edən bölümdə
yazırdı:
Müsəlmanlar
kimi qəlbin varsa,
Öz içinə bax və bir də Qurana.
Onun ayətlərində
yüzlərcə yeni dünya
Əsrlər
dolanmış onun hər anına!
Onun bir
dünyası çağımıza bədəl
Göksündə
duyan könül varsa gəl!
Mömün
qul Allah ayətlərindənir,
Hər
yeni dünya
onun
üzərində geyim kimidir.
Üstündəki
bir dünya köhnəldiyində
Quran Digər
bir dünya verir üzərinə!
Təbii ki, fərqli fikirlər, eyni məsələyə
müxtəlif yanaşmalar olsa da, İqbal ömrü boyu
türklərin dostu olmuş, onların milli-mənəvi dəyərlərini
Şərq üçün örnək almış və islamın
yüksəlməsindəki rolunu dəyərləndirmişdir. Eyni zamanda,
Mustafa Kamal Atatürkün türk və müsəlman
dünyasının inkişafındakı böyük fəaliyyətini
yüksək qiymətləndirmişdir.
Bəsirə Əzizəli
Ədəbiyyat qəzeti.- 2018.- 22 sentyabr.- S.30.