Cavanşir Yusifli:

Ən gözəl tale adamı

 

Cahit Sıtkı Tarançı "nə zaman hiss elədiniz ki, məşhir olmusuz" sualına belə cavab verir: "Buraxın məşhur olmağı, ən gözəli nədir, bilirsizmi? İstədiyin yazını yazıb onun feyz məqamını yaşamaq"! Cavanşir Yusifli hər zaman istədiyi mövzuları yazıb. Ona görə də bu feyz məqamlarını dönə-dönə yaşayıb demək. Oxucunun qazancı da müəllifdən az olmur belə məqamlarda. O, ətrafını saran, gözünü yoran eynisəsli mətnlərin arasından əsl ədəbiyyata xidmət edən yazılarla öz xilasını gerçəkləşdirir, "ədəbiyyatla yaşamağın formulu"nu tapır, hələ hər şeyin bitmədiyinə inanır, bunu hardasa ona uzanan əl kimi qəbul edib sabah daha da yaxşı olacağına ümidlənir.

Cavanşir Yusiflinin alim, tənqidçi, tərcüməçi kimi gördüyü işlər bütöv bir sistemin içindədir. Dil və məna, söz və rəng çaları, poeziya və fəlsəfə onun yaradıcılıq iyerarxiyasında oturuşmuş amillərdir.

90-cı illərin dəyişən tarix və zaman keçidində dəyərlərin qorunmasında, ədəbi tənqidin formalaşmasında, onun yeni düşüncə vüsəti ilə dolğunluq qazanmasında Cavanşir Yusiflinin xidməti böyükdür. O zaman sovet xərabələri altından dikələn yeni dövr tənqidi üçün bu təhlillər qeyri standart, klişelərdən arınmış səciyyə kəsb edirdi. Günün tənqidi içindən baxanda onlar qəribə, özgə və yad idi, amma bu çağımızdan baxanda aktuallığı və orijinallığı göz önündədir. Avropa elmi-nəzəri düşüncəsinin hərəkət trayektoriyasının, estetik müəyyənliyinin yeni dövr tənqidimizin idrak və təhlil müstəvisinə gətirilməsində  Cavanşir Yusifli mətnləri miqyaslı missiya daşıyıcısıdır.

Cavanşir Yusiflinin təhlillərində klassik şeirimizin məna çevrəsinə, onun dil və üslub imkanlarının çağdaş şeirimizdə ehtiva məqamlarına həssaslıq nəzərdən qaçmır. Təhlillərində həmin energetika aranır, bir qədər geri gedib qoşma-gəraylı stixiyasını da modern təfəkkürlü mətnlərinin daxilinə o qədər münasib biçimdə yerləşdirir ki, çoxsəsli, çoxüslublu sənət meydana çıxır. Və bunlar hamısı sonucda dilin mahiyyətini, onun müəyyən aşamalardan keçib gələn tarixinə qayıdışı gerçəkləşdirməklə etnik-mədəni sistemi bir bütün olaraq qavramağa kömək edir. "Gülüş və dünyanın sonu" monoqrafiyasında tədqiq predmetinə çevrilən M.F.Axundzadə də bu sistemin içində dərk olunur, bəhs etdiyi müxtəlif şair və yazıçı da, tərcümeyi-halının əsas hissəsini təşkil edən Əli Kərim poeziyası da. Qətiyyətlə demək olar, Əli Kərimin şair obrazı Cavanşir Yusiflinin dəst-xəttində layiq olduğu estetik cazibəsi ilə görünə bildi. Onun poeziyaya, şeirə bağlılığı, hər şairi öz fərdi üslubi başlanğıcı ilə səciyyələndirə bilmək səriştəsi ədəbi-nəzəri düşüncəmiz üçün nadir keyfiyyətdir.

Cavanşir Yusiflinin poeziyaya dair yazıları şeiri başqa gözlə oxuyub fəhm etməyə imkan yaradır. Onun "kulis.az" saytında şairlərlə bağlı söhbəti bir şairin yaradıcılığını təhlil etmək niyyəti daşımırdı, burada bütünlükdə poeziya geniş, sonsuz ərazi kimi tədqiq predmetinə çevrilirdi. Fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə nüfuzla təsəvvürümüzün sınırlarını dərinləşirdirirdi. Bu dərinlik ədəbiyyat tariximizi mərhələli şəkildə görüb duymağa imkan yaradırdı. Cavanşir müəllim poeziyanın yaddaşını şairlərin dünyagörüşlərinin suxurlaşmış qatında arayır. X əsrdə Qaraxanlılar dövründə qılınc, mis, teşt üzərinə yazılan beytlərin elə on əsr sonrakı zamanın poeziya yaddaşı kimi təzahür etməsinə, daha konkret isə Əli Kərim şeirlərinin ruhunda, üslubunda və poetik nəfəsində doğulmasına necə inanmayasan? Bir halda ki, poeziya min illərin obraz və motivlərini varlığına hopdurmuş dil hadisəsidir, tarix qədər sirdir və bir halda ki, Əli Kərimin də özündən sonrakı poetik fikrə təsiri bu qədər böyük gerçəkdir. Cavanşir Yusifli məhz bu məqamlar üzərində konseptuallıq qurub ənənədən gələn və hardasa ondan ayrılan şairi poetik sistemin daxilində izah etməyə çalışır və gözəl də nəticəyə gəlir: "Əli Kərimdə, onun ortaya qoyduğu obrazlarda sanki başqa bir dinamika var, bu hərəkət tərzi həm keçmişdən, həm də gələcəkdən qəti şəkildə fərqlənir və məncə bu fərq hələ uzun müddət toxunulmaz qalacaqdır. Hansı mənada? Ona görə ki, bu poetik sistem milli ədəbiyyatda suqovuşandır, bütün meyil və tendensiyaların baş-başa gəldiyi, öz-özünü təhlil və təhdid etdiyi bir yerdir. Bu mənada o yalnız Nəsimi ilə müqayisə oluna bilər".

Cavanşir Yusifli A.Kamyudan R.Barta, X.O.Qassetdən X.L.Borxesə, F.Sollersdən B.Poulsona qədər bütün ədəbiyyat mətnlərini o sistemin daxilində təhlil, tərcümə, izah və şərh edir ki, onlar ümumdünya mədəniyyətinin, elmi və bədii fikrinin  gəlişməsində eyni anlam yaradıcı mexanizmlər rolunu icra ediblər.

Bu yaxınlarda Həmid Piriyevin tərcüməsində Maksans Ferminin "Qar" romanını oxuyarkən bu epizod diqqətimi çəkdi: "Soseki Yukoya dedi:

- Yuko, sənin qələmindən süzülən sözlərdən rəsm, xətt, musiqi və rəqs eyni zamanda axan vaxt sən əsl şair olacaqsan. Xüsusən, ip üstündə gəzmək sənətini də mənimsəsən.

Yuko gülümsədi:

- İp üstündə gəzmək mənim nəyimə lazım olacaq?

- Nəyinə lazım olacaq? Düzünü bilmək istəsən, əsl şair onu bacarmalıdır. Yazmaq - ipək kağızda yazılan sözlərin üstündə gəzməkdir. Yazmaq - sözbəsöz, səhifəbəsəhifə kitabda irəliləməkdir. Ən çətini dil ipinin üstündə tarazlığı saxlamaqdır".

Maksans Fermin fransız yazarıdır. Şübhəsiz ki, fransız dili mütəxəssisi kimi Cavanşir müəllim o dildə yazılan çox bədii və elmi-nəzəri yazıları orijinaldan oxuyub, dilimizə çevirib. Burda məni tutan başqa məqamdı. Cavanşir Yusiflinin təhlil manerası məhz "ip üstündə" gəzən şairləri duyub tanımaq üçün güclü potensial meydana qoyur. O, ədəbiyyat peşəkarı kimi səsin, musiqi və rəngin Sözün ifadə taleyinin müəyyənləşməsindəki rolunu bilir və buna məxsusi önəm verir. Burada dil materialının rolu da xüsusi qeyd olunmalıdır. Cavanşir Yusifli dili əsərin struktur vahidi kimi alır, onu bədii yaradıcılığın normativ-requlyativ prinsiplərindən hesab edir. Dil yaddaşı nə qədər güclü və zəngindirsə, obraz strukturu da o qədər parlaqdır demək.

Cavanşir Yusiflinin 60 yaşı tamam oldu. Bu yaş üçün hesabat halal yaşanılan ömür və oxucunu xilas edən miqyaslı mətnlərdir. Ən gözəl tale də elə budur!

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 sentyabr.- S.13.