Əvvəl-axır yazılanlar...

 

Ədəbi esse

 

Kontekst genişləndikcə tekst dərinləşir.

 

***

 

Sənət sənət üçündür, ancaq sənət sənət üçün deyil.

 

***

 

Orta əsrlər Azərbaycan deyimi: "Sər verərəm, sirr vermərəm".

 

***

 

Sirr qorunduğu andan yayılmağa başlayır. Sirrin atası yoxdur, anası yoxdur. Sirrin övladı da yoxdur.

Onu qorumaq ona acımaqdan gəlir. Sən elə bilirsən ki, qoruya-qoruya ona zərər dəyməsinin qarşısını alırsan. Onu ürəyində gəzdirənlərin asudəliyinə xidmət edirsən. Amma yox. Belə deyil. Sirri qorumağa başladınsa o özü-özünü yaymağa, özü-özünü faş eləməyə başlayır. Bu necə olur baş verir?! Sirri-xudamı?! Sirri-xuda!!

 

***

 

Sən yazdığın zaman cümlənə inanmalısan, oxuduğun zaman ona inanmaya da bilərsən.

 

***

 

Ədəbiyyat insana qanad verir, kobud tənqid bu qanadı sındırır.

 

***

 

Orta əsrlər Azərbaycan deyimi (qoşuna dəvət çağırışı):

"Kim yatağında tərləyib ölmək istəmirsə, sıralarımıza gəlsin".

 

***

 

Belə bir inam var ki, Azərbaycan insanı şeir yazmaq dəlisidir. Bu, belə deyil. Azərbaycan insanı, əslində, harmoniya dəlisidi. O, şeir yazanda qafiyə, heca axtarışına çıxmır, bunlar bir bəhanədir. Bizimki harmoniya axtarışına çıxır.

 

***

 

Pərdəönündən (səhnədən) fərqli olaraq pərdəarxasında (kulisdə) baş verənlər daha maraqlıdır. Beləcə, balaca uşaq "kukla"nın qarnını yırtıb orada gizlədildiyini öyrənmək istəyir. Biz hələ balaca uşaqlarıq.

 

***

 

"Kitabi-Dədə Qorqud" dastanının qəhrəmanları Basat Beyrək arasında hansı münasibətlər mövcud olub?! Ümumiyyətlə, hər hansı münasibət olubmu?! Bəlkə onlar bu anaxronik (eyni zamana aid olmayan) mətnin müxtəlif zaman kəsiklərindən boylanırlar?! Yoxsa eyni zamana aiddirlər?! Dədə Qorqud onların ikisinə eyni övlad kimi münasibət bəsləyirmi?! Basat da, Beyrək hər biri öz boylarının (hekayətlərinin) qəhrəmanıdırlar. Mətnin dərin qatından məlum olur ki, onlar eyni zaman kəsiyinə məxsus personajlardır. Doğrudur, bu personajlar Dastan səhifələrində bir-birilə görüşmürlər. Amma buna baxmayaraq, qətiyyətlə demək olar ki, ayrı-ayrılıqda müsbət olan bu iki obrazın bir-birinə münasibəti barışmazlıq düşmənçilik üzərində qurulmuşdur.

Sonuncu boyda biz bu düşmənçiliyin mətnin üst qatına sızmış əks-sədasını eşidirik. Aruz Qoca tərəfindən yaralanmış Beyrək öz evində ölüm yatağındadır. Beyrək Qazana köməyə gəlməsi üçün xəbər göndərir. Bu xəbərin içində belə yalvarış dolu xahişlər var:

"Aruz oğlu Basat gəlmədən, evimi-obamı çalıb-çapmadan, ağca üzlü halalımı əsir edib aparmadan Qazan özünü mənə yetirsin".

Necə dəyərlər, şərhə ehtiyac yoxdur.

Basat təhlükəsi Beyrək üçün son dərəcə real təhlükədir. Bu təhlükənin arxasında, daha doğrusu, dərin qatında hansı səbəblər gizlənib - bunu demək asan məsələ deyil. Bu məqamla bağlı Banıçiçək faktoru əsas rol oynayan səbəb kimi qarşımızda böyük bir suala dönür.

 

***

 

Həyatında olan taleyində, deməli, var imiş. Taleyində olan həyatında olmaya bilər.

 

***

 

Bizim yaşamımız variantlardadır. Bircə dəfə invariant xəttinə düşsək, dünya dağılar.

 

***

 

Yaxşı əsərləri təxəyyülü olmayan oxucular üçün yazmaq lazımdır. Təxəyyülü olanlara yaxşı olmayan əsərlər yetər.

 

***

 

Etiraflara doğru: "Yarımçıq Əlyazma" ən böyük abstraksiyada mifoloji tarixlə real tarixin üzbəüz, qarşı-qarşıya qoyulmasıdır. Kitabi-Dədə Qorqud müstəvisi mifoloji tarix, Şah İsmayil müstəvisi real tarixdir.

 

***

 

Böyük ustad Umberto Eko məni Milana evinə dəvət etmişdi. Onunla görüşümüz zamanı mənə ilk sualı bu oldu: "Məndən burda bizim kretinlər soruşan kimi Sizdən orda sizin kretinlər soruşdularmı bu əlyazma həqiqətən vardır, yoxsa yoxdur?" Ustad "Yarımçıq əlyazma" romanındakı yarımçıq əlyazmanı nəzərdə tuturdu.

Soruşanlar isə həqiqətən olmuşdu. Kretinlər hər yerdə eyni kretinlərdir.

 

***

 

Azərbaycan ədəbiyyatından artıqları Okkam ülgücü ilə kəsib atsaq, ondan qalar?! Düşünmək belə, qorxuludur.

 

***

 

Sofokl. "Antiqona". Vahiməli ehtiraslar.

Freyd. Edipin sirri. Vahiməli ehtiraslara vurğunluq.

Kreont tərəfindən qaranlıq dünyaya gömülən Antiqonanın faciəli sonu Mifin Edipdən almaq istədiyi intiqamın bir parçası kimidir.

 

***

 

Təpəgözün intihar arzusu "Dədə Qorqud" dastanının məlum boyunun sonunda Təpəgözün özü tərəfindən dilə gətirilir. Bu niyyət eləcə niyyət olaraq qalır həyata keçmir. Təpəgöz Basat tərəfindən öldürülür. Amma Azərbaycan ədəbiyyatında özünəqəsd məsələsi məhz Təpəgözlə başlayır.

Özünəqəsd təcrid olunmuş bir proses deyil, onun məşum keçmişi, psixoloji bugünü qeyri-müəyyən gələcəyi var. Eynən Təpəgözdə olan kimi.

 

***

 

Bu hekayə Şərq nağılları kimidir. Əvvəli nəşəli, ortası müəmmalı, sonu isə xoşbəxtliklə doludur - göydən alma hökmən düşür.

Bütövlükdə qəmlidir.

 

***

 

Adam var ki, dünyasını dəyişir.

Adam var ki, vəfat edir.

Adam var ki, ölür.

Adam var ki, "çezir".

Adam var ki, gorbagor olur.

 

***

 

Tənqid ona görə ictimai şüurun aparıcı xətlərindən birinə çevrilə bilmir ki, o, sanki qapalı bir rejimdə çalışır. Bir əsəri, yaxud bir yazıçını işıq altına alıb bütün diqqətini ona yönəldir. Ədəbi kontekst (qorxuram, bura mədəni sözünü əlavə eləməyə, halbuki vacibdir məsələ ədəbi-mədəni kontekstdə nəzərdən keçirilməlidir!) nəzərə alınmır. Ancaq bir əsərdən danışan tənqidçi ancaq qırmızı rəngi görən öküz kimidir. Əlbəttə ki, bu bənzətməni yaxşı mənada qəbul etmək lazımdır. Vaxt olub ki, Baş allah Zevs öküz cildinə girib.

Müqayisələr, assosiasiyalar, digər mədəni xətlərə keçidlər tənqiddə, təəssüf ki, yoxdur. Hansısa bədii əsər hansısa musiqi parçası ilə müqayisə olunubmu? Olunmayıb. Hansısa rəsm nümunəsi ilə müqayisə olunubmu? Olunmayıb. Bütöv mədəni hadisəni tənqidçilərimiz görə bilmir. Bir əsərin içinə girib ondan o tərəfdə baş verənləri öz işiğına yığa bilmir. Mən hələ digər ədəbiyyatların oxşar kontekstlərini demirəm.

Kim kimi xatırladır?

Kim kimdən təsirlənib?

Ədəbi şəcərələr nəyin əsasında müəyyənləşə bilər?

Bunlar olmasa ədəbi tənqid yenə "qırmızı" rəngin əsarətindən canını qurtara bilməyəcək.

Boşluq davam edəcək. Səhra isə, Nitsşe deyən kimi, böyüyəcək.

 

***

 

Hüseyn Cavid "Qızlar məktəbində" balladasını balaca qızcığazın bütün insanları sevməsi ideyası ilə bitirir.

Məhəmməd Füzuli yenicə doğulmuş Qeysin dili ilə Allaha müraciətlə belə deyir:

Həm ver mənə qəm yemək kəmali,

Həm aləmi qəmdən eylə xali.

Rəngindən, dilindən, dinindən asılı olmayaraq bütün insanları sevən Gülbahardan gedən yol Qeysə qədər, bütün aləmin qəmini, ağrısını ürəyinə yığmaq istəyən Füzuliyə qədər uzanır. Cavid, beləcə, Füzuli ilə səsləşir onlar eyni mənəvi-mədəni məkanın sakinlərinə dönürlər. Ədəbi şəcərə budur bundan başqa heç deyil.

 

Kamal Abdulla

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 sentyabr.- S.8.