ƏDƏBİYYAT
ÜZRƏ 1986-CI İLİN NOBEL MÜKAFATÇISI:
Vole ŞOYİNKA
Dramaturq, şair, yazıçı.
Şeirlərini yorub,
nəsr və dram əsərlərini ingilis
dilində qələmə
alır. 1934-cü ildə Nigeriyanın qərbində - Abeokut əyalətində, çoxuşaqlı
ailədə dünyaya
göz açıb.
Atası
ibtidai məktəb müəllimi və mağaza sahibi olub. 1950-ci ildə
İbadanda dövlət
kollecini bitirib, daha sonra Lahosa
gedərək ofisdə
kuryer işləyib, Nigeriya radiosu ilə yayımlanan radiopyeslər, hekayələr
yazıb. 1952-ci ildə İbadandakı universitet kollecinə qəbul olunub. Orada ingilis ədəbiyyatı,
tarix və qədim yunan dilini öyrənib. Tələbəlik illərində Nigeriyanın
azadlığı uğrunda
mübarizədə fəal
iştirak edib. 1954-cü ildə Böyük Britaniyaya gəlib, Lids Universitetində
ingilis ədəbiyyatı
və teatr sənəti üzrə təhsil alıb.
1957-ci ildə ali bakalavr dərəcəsinə yiyələnən
Şoyinka Lidsdə qalıb dissertasiya üzərində işləyib.
Bu dövrdə müasir
Afrikanın keçmişi
ilə indisinin mübarizəsinə həsr
etdiyi ilk 2 pyesini -
"Bataqlıq sakinləri"
və "Aslan və mirvari" - qələmə alıb.
1958-ci ildə Londona gedib, "Royal-Kort" teatrında pyesoxuyan işləyib, "Bataqlıq
sakinləri"nin tələbə quruluşuna
və rasizm əleyhinə qələmə
aldığı yeni pyesi olan "Düşüncələr"in tamaşaya qoyulmağına
nail olub. 1960-cı ildə Nigeriyaya qayıdaraq "Maskalar-1960" adlı həvəskar teatr yaradıb. 1962-ci ildən İf
Universitetində müəllimliyə
başlayıb. 1963-cü
ildə universitet rəhbərliyinin dövləti
dəstəkləməyinə etiraz əlaməti olaraq istefa verib.
1965-ci ildə Şoyinka Laqos Universitetinin baş müəllimi olub. Elə həmin ildə ona şöhrət gətirən ilk romanını
- "Təfsirçilər"i qələmə alıb.
1967-ci ildə siyasi fəaliyyətinə
görə tutularaq 27
ay həbsxanada qalıb.
1969-cu ildə amnistiyaya düşərək
həbsdən azad edilib. 1970-ci ildə Avropaya gedən Şoyinka Kembric Universitetində müharizələr
oxuyub və 3 möhtəşəm pyesini
- "İyeronimanın metamarfozu",
"Şərab pəriləri"
və "Kralın ölümü və nadanlığı" - qələmə
alıb. Həbsxana xatirələrindən bəhs edən "İnsan öldü"
("The Man Died") kitabı 1972-ci ildə işıq üzü görüb.
1975-ci ildə Şoyinka "Keçid
dövrü" jurnalının
baş redaktoru təyin olunaraq Qananın paytaxtı Akkraya köçüb. Nigeriya Ali məhkəməsi 1975-ci ildə
onun "İnsan öldü" pyesinin tamaşaya qoyulmağını
qadağan edib. Rəngarəng yaradıcılığına,
lirik şeirlərinə
və Afrika teatrının inkişafında
mühüm rol oynayan pyeslərinə görə Vole Şoyinka
1986-cı ildə Afrika
qitəsindən ilk yazıçı
olaraq ədəbiyyat üzrə növbəti
Nobel mükafatına layiq
görülüb. Şoyinka öz
Nobel nitqini Afrika azadlıq hərəkatının
lideri Nelson Mandelaya həsr edib. Ailəlidir, bir oğlu, üç qızı var. "Ədəbiyyat
qəzeti"nin oxucularına nobelli yazarın "Rekviyem"
şeirini təqdim edirik.
REKVİYEM
1
Ruhun sakit gölün üstü ilə süzür,
ürkək izlərini
qoruyur sular.
Orada qaranlıq dizlərini büküb oturub,
qanadların ağarır
zülmət gecədə.
Sənin
məhəbbətin - hörümçək
toru...
2
Eşidirsən, hüznlə ağlayır
külək?
Sınaq zamanı yetişdi, xəbərin varmı?
Öyrət mənə
sevib də ağrısız yaşamağın
təhərini.
Kədər - qaranlığı öpən
torpaq kimidir.
3
Yastığını sıxmaq istəmirəm sinəmə
-
ilğımın - buludlar
qədər uzaq.
Amma möcüzə olacaq!
Sən azca boy verən kimi
sıxacam səni
tikanların cırmaqladığı
köksümə.
4
Qanın
son damlasınadək axır,
kədər gün işığı kimi göz qamaşdırır
yenə,
gecənin şehi
ovuc-ovuc axır üstünə,
arzular saçların
kimi dolaşır ruhuma.
Eh, atəş saçan kədər!
Yandırmaq eşqi ilə kül olan həsrət!
Göz yaşların pərqu kimi çırpılır
üzümə,
Külək də atəş
saçır daha,
mənsə yağış
kimi içirəm səni
tənhalığa baxa-baxa...
5
Gəl əl-ələ verək,
onsuz da torpaq bizi yeyəcək,
çünki nakam sevgiləri tez tapır əcəl.
Bir boğuq pıçıltı
alıb apardı səni
bir vaxtlar birgə oturduğumuz o doğma yerə.
Gəl əl-ələ verək,
həsrətinlə baş-başa
qalıb
tənha darıxmaqdan
yoruldum daha,
gülə-gülə gedirəm
torpaq olmağa.
6
Məzarına xəlvətcə baxıram,
ovcuma sığışır
o müqəddəs təpəcik.
Bir gün o torpaqdan
boy verəcək təhnalıq.
Göz yaşlarım sulayır
sinənə sığınan
quru otları.
Sənin
məzarına sığınıb
ümidlərimi basdırmaq
istəyirəm
göy üzünə;
Məzar
daşını sinəmə
sıxıb
lənət yağdırmaq
keçir içimdən
bütün ayrılıqlara!
Ümidlərim
cəhənnəm atəşində
kül olmaq üzrə...
Qəbrinə daraşan cücülər
bəlkə ətrini
doldurar ruhuma.
Görürəm qarışqalar necə
sevinclə
itir məzarında.
Bir qarışqa
qədər deyilmiş
taleyim.
Tələsin, ölüm xəbərçiləri,
yüyürün,
gedin, mənə ondan xəbər gətirin.
O təpəcik üstə
sizdən başqa
doğma heç kimim yoxdur.
Məni
daha tənhalıq deyil,
yaşamaq qorxudur.
7
Özünlə apardığın sevgini
geri qaytar,
qoy kədər bitirsin
kəsilən budaqlar.
Məzarına tökdüyüm torpaq
qəlbini oxşasın
bir az.
Barmaqlarım kotan kimi
daraqlasın torpağı.
Külək saçların kimi
dolaşsın ruhuma.
Alovun yandırıb-yaxsın
gözlərimi.
Atəş quşu deyiləm
ki,
yanıb külümdən
doğulam yenə.
Onsuz da
qətrə-qətrə yandırır
məni ayrılığın.
Bir anlıq, bircə anlıq sənə qovuşmaq
və sənin ruhuna qarışıb itmək
necə gözəlmiş.
Bir anlıq sənə toxunmaq
sən demə, bütün həsrətlərə
qalib
gəlməkmiş.
Amma ayrılığın əbədiyyət
qədər uzun,
zindan kimi ağırdır.
Nə olar, bir qətrə ölüm şərbətini
çox görmə mənə.
Sənsiz yaşamaq
cəhənnəm atəşində yanmaqmış sən demə,
Məni qovuşdur
öz cənnətinə.
Şeirin ingilis dilindən
sətri tərcüməsi Qiyas Əyyuboğlunundur
Tərcümə
etdi: Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2018.- 29
sentyabr.- S.31.