Federiko Qarsia Lorka üçün
ağı
Tənha
bir evdə qorxular içində
ağlamağı
bacarsaydım,
gözlərimi
çıxarıb yeyə bilsəydim...
Sənin
səsin naminə edərdim bunları,
səsin
yaslı portağal ağacı;
sənin
şeirin naminə edərdim bunları;
hayqırtıyla
fışqıran şeirin üçün.
Bir
bax,
mavi
rəngə boyayırlar xəstəxanaları
sənin
üçün,
sahildəki
kənar məhəllələr
və
məktəblər sənin üçün
böyüyür, abadlaşır,
tük
salırlar yaralı mələklər;
toy
balıqları,
dəniz
şabalıdları...
Göyə
uçur
Qara
tülləriylə dərzi dükanları,
qaşıq-qaşıq
qanla dolur
sənin
üçün.
Və
ulduzlar canlarına qıyırlar,
öpüşə-öpüşə
bəmbəyaz
geyinirlər.
Bir
şaftalı ağacı
tülə
bürünüb quş kimi səkirkən,
sən
bir düyü gülüşüylə gülərkən
nəğmələr
ötəndə,
nəbzin
ritmini itirəndə,
dişlərin,
qırtlağın,
barmaqların
bir-birinə
qarışanda
necə
də şirin idin sən,
mən
onda məhv olurdum,
məhv
olurdum mən.
Məzarlıqlar
üçün
gecə
səsi qısılmış zənglər arasından
nəhr
kimi keçən;
nəhrlər
sanki yaralı əsgər koğuşuydu
-
içi
adamla dolu.
Yaxınlaşan,
üstünə
şığıyan nəhrlər vardı.
Gecə
ağlaya-ağlaya
boğulmuş
çarmıxların keçişini seyr edərkən sən,
məhv
olurdum mən,
səni
görə bilmirdim.
Bir bax,
ölüm nəhrinin
önündə
pərişan halda ağlayırsan sən.
Dumanı,
kölgəni, unutmağı
qara bir qıfla axıda bilsəydim
qatarların, gəmilərin
üstünə,
gecənin sirrini açardım sənə,
sümüklərinə sarılan
sarmaşıqdan
qoruyardım səni,
kifli soğan qoxusu gələn
şəhərlərdə gözləyirlər
yolunu,
boğuq bir səslə
nəğmə söyləyərək
keçəsən deyə,
yaşıl qaranquşlar
saçlarında yuva
qururlar,
dilsiz nütfə qayıqları
arxanca üzürlər,
sümüklü böcəklər,
yelkənli gəmilər,
albalıqlar da sənə tərəf çevirir
solğun üzünü,
qanlı ağzın,
on beş gözlü başın görününcə.
Şəhərin otellərindən
yığa bilsəydim
zəngli saatları,
əzik dodaqlarıyla yaz ayı
evinə necə
dönəcəyini
görə bilsəydim,
yığın-yığın insanların
məlul-məhzun təntənələriylə
məzarçıların, süvarilərin,
qanlı xəritələrin,
planetlərin
evlərinə necə
döndüyünü görə
bilsəydim...
Uzun bıçaqlarla
dəlik-deşik olmuş
Məryəm ana təsvirlərini
sürüyə-sürüyə aparan maskalıları,
damarların, köklərin,
xəstəxanaların,
qarışqaların, su pərilərinin
evinə necə
gəldiklərini görmək
üçün
edərdim bunları...
İçinə qapanmış atlının
hörümçəklər arasında
öldüyü bir yataq...
Tikanlar içində bir gülün,
sarıya çalan
bir gəminin
küləkli bir gündə
bir körpənin evinə necə girdiklərini
görmək üçün
edərdim bunları...
Mən,
Olivero, Norah,
Viskente Alexandro, Delia,
Maruka, Malya, Marina,
Maria
Luisa, Larko La Rubia,
Rafael Uqarte, Kotapos,
Rafael Alberti, Karlos,
Manolo Altobaquirre, Bebe,
Molinari, Rosabes, Konka Mendez
və unutduqlarım -
evinə necə
gələcəyimizi
görmək üçün
edərdim bunları...
Gəl ki, başına tac qoyaq,
gəl, sağlamların
ən sağlamı,
gəl, kəpənək
taxmış centlemen.
Sən eeey,
sonsuz, azad,
qara bir şimşək kimi parlayan insan,
madam ki, qayalıqlarda
gecəyədək qalmaq mümkünsüz,
onda öz aramızda danışaq,
gəl, həmişə
birlikdə olduğumuz
kimi
bu dəfə də birlikdə olaq.
Bir qanlı xəncərin bağrımıza sancıldığından
bəhs etmirsə, nəyə lazım bu şeirlər?
İnsanın ölümə hazırlandığı
bu viran künc üçün deyilsə,
nəyə yarar bu söz oyunu?!
Qiyamət günüymüş kimi
ulduzlar qəfildən səpilmiş irmağa
kasıb-kusubla dolu evlərin
pəncərələrindən...
onların evlərində
bir ölən var,
bəlkə də büroda, hansısa bir xəstəxanada
kimlərsə işlərindən
oldular,
yaralarından qan damır,
acılar çəkirlər
bu məxluqlar,
hər yanda vay-şivən,
pəncərələr göz yaşıyla dolu,
eşiklər aşınmış
göz yaşlarından.
Ulduzlardır axan
Ucsuz-bucaqsız nəhrdə.
Federiko,
dünyanı görürsən,
yolları görürsən
daşlardan, relslərdən
savayı
kimsənin qalmadığı
bir küncdən,
əlvidaları görürsən
stansiyalardan...
Hər yerdə problemlər içində boğulan
Çeşid-çeşid insanlar var;
övkəlisi, ümidsizi
var,
yoxsulu var,
onun-bunun çiynində
keçinmək sevdasıyla
Harami var.
Həyat
budur, Federiko,
ey qoca igid,
ey qara sevdalı adam,
bu da sənə bir vəfa borcum.
Sən də çox şeyləri bilirsən indidən.
Yavaş-yavaş çox şeylər
öyrənəcəksən...
Pablo Neruda
Tərcümə etdi: Kənan HACI
Ədəbiyyat qəzeti.- 2018.-
29 sentyabr.- S.30.