Min möhtəşəm günəşin
işıqları...
Asiya xalqları ədəbiyyatı
Xalid Hüseyninin "Min möhtəşəm günəş"
əsərinin adı Azərbaycan şairi Saib Təbrizinin
poeziyasından götürülüb. Yazıçı
bunu əsərə yazdığı "Minnətdarlıq"
hissəsində qeyd edir. Romanda şairin
"Evlərin damlarında neçə-neçə Ay parlar,
Evlərin içindəsə şəfəq saçır
min günəş" beytinə istinad edir. Şairin Kabil
haqqında yazdığı beytdə "min günəş"
ifadəsi işlədilir və əsərin adı və
ideyası da elə buradan doğur. Hərçənd
yazıçı S.Təbrizini fars
şairi olaraq təqdim edir. Bu təqdimat həqiqəti
əks etdirmir. Ən azından ona görə ki,
yazıçı özü romanlarını ingilis dilində
yazmasına rəğmən, ingilis yazıçısı
olmadığı kimi, fars dilində yazan
Saib Təbrizi də fars yox, Azərbaycan şairi hesab olunur.
"Min möhtəşəm günəş" əsəri
də digər romanları kimi çağdaş
Əfqanıstan gerçəkliklərinə işıq
tutur; ötən yüzilliyin 60-70-ci illərindən
başlayan hadisələr son günlərə qədər (hər
üç romanında eyni zaman və məkan konteksti!) davam
edir. Ancaq burada hadisələrin təfərrüatından
daha çox talelər, müharibənin törətdiyi fəsadlar
göstərilir. Qırx ildir dünya
Əfqanıstanda gedən müharibəyə,
dağıntılara, əfqan xalqının əzilməsinə
biganə qalır. Romanda
yazıçının əsas məqsədi bunları
çatdırmaqdır. Bunun
üçün müəllif ölkəni darmadağın
qoyan müharibənin üç qadın qurbanının həyatından
danışır, onların taleyini təsvir edir. Bunlardan biri Heratın varlılarından olan Cəlil
xanın qeyri-qanuni arvadı Nanadır. Nananın
taleyi faciəli olmuşdu; daşyonan atası onun Cəlil
xanla rüsvayçılığından sonra ondan üz
döndərərək İrana getmiş, bir daha geri
qayıtmamışdı. Cəlil də
Nanaya sahib çıxa bilməmişdi; arvadlarına təqsirin
Nanada olduğunu bildirmiş, şeylərini
yığışdırıb evdən getməsini təklif
etmişdi. Nana ailə üçün
"alaqotu" kimi bir şey idi. Yazıçı
Nananın taleyindən daha çox onun nikahdankənar
qızı Məryəm və Kabildə bir ailənin rəngli
arzularla yaşayan qızı Leylanın taleləri üzərində
dayanır. Onlar həm də eyni şərtlər
altında yaşayır və mübarizə aparırlar.
Məryəm uşaqlığını
anası Nana ilə Heratın iki kilometrliyindəki Gül Daman
kəndində keçirirdi. Heratda
qeyri-qanuni doğulsa da, atası Cəlilin iki arvadı və səkkiz
uşağının gözlərindən kənarda tutulur.
Məryəm Herat haqqında ancaq atası Cəlildən
eşitmişdi. Məryəmin
yaddaşında həyat çox təzadlı
qalmışdı. Anası Nana həmişə
atasını pisləyirdi. Atası Cəlil
isə tez-tez Məryəmə Herat haqqında danışsa
da yanına aparmırdı. Atasının
danışıqları Məryəm üçün rəngli
və cəlbedici gəlirdi. O da istəyirdi
atasının evində yaşasın, onun bahalı
maşınında gəzsin, ögey bacıları Səidə
və Nahid kimi məktəbə, kinoteatra getsin. Hətta bir dəfə atası özünə məxsus
olan kinoteatrda gedən yeni filmdən danışarkən Məryəm
birdən-birə o konoteatra getmək istədiyini bildirdikdə,
Cəlil çətinliklə Məryəmi fikrindən
daşındıra bilmişdi. Cəlil yaxşı
bilirdi ki, Məryəmin Herata getməsi ailədə
söz-söhbətə səbəb ola
bilər...
Məryəmin Gül Daman kəndində iki xatirəsi həmişəlik
yaddaşında qalmışdı; birincisi, anası
Nananın ona bağlı olması, ikincisi, qonşuları
Molla Feyzullanın dedikləri. Nana qızı Məryəmlə
nəfəs alırdı, on dörd yaşlı qızına
açıq şəkildə bildirirdi ki, onu tərk etsə
öləcək, onsuz yaşaya bilməyəcək.
Qızının onu tərk edib atasının yanına getmək
düşüncəsini duyanda deyir: "-Allah niyə sənin
kimi nankor qızı verdi mənə? Sənə görə nələr çəkdim?
Necə cürət edirsən? Sən, nankor harami, məni qoyub getmək istəyirsən?!"
Belə də olur; Məryəm həmişəlik
atasının yanına-Herata getmək üçün evdən
gizlincə qaçır. Lakin Heratda onu
heç həyət qapısından içəri
buraxmırlar; atası evdə ola-ola qulluqçu (əlbəttə,
atasının tapşırığıyla!) onun evdə
olmadığını bildirir. Məryəm
hətta onun pəncərədən baxdığını
görmüşdü. Həmin gün
atasının malikanəsinin eşiyində gecələdikdən
sonra qulluqçu onu yenidən Gül Daman kəndinə evlərinə-anasının
yanına qaytarır. Evə çatarkən
anasını asılmış vəziyyətdə
görür. Anasının
ölümü həmişə onu izləyir,
özünü ömrünün sonuna qədər
günahkar hesab edir. Hətta Kabilə
köçdükdən sonra belə ona elə gəlirdi ki,
hamı onun "harami" olduğu bir yana,
anasından üz döndərdiyini də bilir, ona tənə
edirlər.
Gül Daman kəndindəki qonşuları Molla Feyzulla
balaca Məryəmin yaddaşında xeyirxah bir insan kimi
qalmışdı. O, istəyirdi ki, Məryəm oxusun, xoşbəxt olsun.
Onun Qurandan gətirdiyi bir ayə ömrü boyu onu tərk
etmir: "Hər şeyin ixtiyarı əlində olan Allah
ucadır, uludur. O, hər şeyə qadirdir. Bizi
sınaqlara çəkmək üçün həyatı və
ölümü yaradan odur. O, yenilməz qüvvət
sahibidir, bağışlayandır". Məryəmin
təzadlı, əzablı və ziddiyyətli həyatının
ən kəskin vaxtında xatırladığı bu sözlər
əvvəllər onu ovundura bilmirdisə, sonralar daim bu fikrə
tapınmağı üstün tutur, onunla təsəlli
tapır, həyatda durmağı bacarır, hətta
özünə günü gətirilən Leylaya bu ayəni
xatırladır.
Anasının intiharı ilə Məryəmin yeni həyatı
başlayır; atası Cəlil xan onu Herata gətirir və
heç bir həftə keçməmiş arvadlarının
məsləhətilə zorla uzaq Kabilə,
tanımadığı Rəşid adlı birisinə ərə
verir və bir dəfə də onun taleyi ilə maraqlanmır. Yalnız illər
keçəndən, müharibənin gəlməsilə hər
şeyini itirən Cəlil xan Kabilə qızı Məryəmdən
üzr istəmək üçün gəlir. Bu zaman Məryəm illər əvvəl atası onu
pəncərədən necə seyr etmişdisə, eləcə
edir. Atası uzun müddət onların
qapısı ağzında gözləsə də, Məryəm
onun üzünə baxmır. Cəlil xan
qızına yazdığı məktubu qapı
ağzında qoyub gedir, lakin Məryəm o məktubu
açmadan cırıb tullayır və orada nə
yazıldığından xəbəri belə olmur.
Məryəmin Kabildə həyatı yaxşı
keçmir, baxmayaraq ki, Rəşidin evi, eşiyi vardı,
dolanışığı da pis deyildi. Ancaq Məryəm
burada heç kimi tanımırdı, Rəşidin də
heç kimlə əlaqəsi yox idi. Məryəm
Rəşidin ikinci arvadı idi. Rəşidə
görə arvadlar üzüaçıq gəzə bilməz,
üzünü başqa kişilər görməməlidir.
Onun üzüaçıq gəzən,
dodaqlarını boyayan, gözlərinə sürmə
çəkən qadınlardan xoşu gəlmirdi. Ancaq bir gün Məryəm təsadüfən ərinin
otağındakı siyirməni açarkən çılpaq
qadın şəkillərini və tapançanı görəndə
onun danışıqları ilə əməllərinin
üst-üstə düşmədiyini dərk edir. Rəşid Məryəmə həyatında ilk dəfə
burka geydirir. Qonşu müəllimin arvadından gen
durmağı tapşırır. Bununla da Məryəm
həyata niqab arxasından baxmalı olur. Evə
Rəşidin dostları gələndə Məryəm öz
otağına çəkilir, görünməz olurdu. Yazıçı Kabili iki hissəyə
bölür, bir tərəf zənginlərdən ibarət
açıq geyinənlər, digər tərəf isə
burka, niqab taxıb həyata bu prizmadan baxanlar idi. Rəşid hər gün səhərdən-axşama
işdə olduğu müddətdə Məryəm də evdə
olur, heç kimlə ünsiyyət saxlamırdı. Həyat beləcə darıxdırıcı və
yeknəsəq keçirdi. Buna baxmayaraq
onların həyatı dəyişə bilərdi; tezliklə
ana olacaqdı. Rəşid dərhal
oğlan üçün beşik düzəltməyə
başlayır. Məryəmin "Bəlkə
qız olacaq?" sualına məhəl qoymur. Lakin hər
şey məhv olur; Məryəm ana ola
bilmir və ola bilməyəcəyi məlum olur. Ona elə gəlir ki, bütün bunlar onun
başına anası Nanaya qarşı etdiyi günaha görə
gəlir. Onu Allahdan gələn bəla
hesab edir.
Məryəmin 19 yaşı olanda, 1978-ci ildə Kabildə
nümayişlər başlayır. Bundan sonra hadisələr
iki müstəvidə; siyasi-hərbi və məişət zəminində
davam edir. Siyasi-hərbi müstəvi sovetlərin
Kabilə gəlməsi, Əfqanıstanı işğal etməsi,
daha sonra oradan çıxması, Talibançıların gəlməsi
və s. Məişət zəminində hadisələr Rəşidin
evində cərəyan edir. Yazıçı
Əfqanıstanda baş verən ən dəhşətli
ölümlər kontekstində Rəşidin evində cərəyan
edən psixoloji hadisələri paralel təsvir edir. Müharibə ölkəyə fəlakət gətirir,
evləri viran qoyur, hər şey dağılır, evlər
ailələr viran olur. Tərakinin, Davud
xanın öldürülməsi, kommunistlərin
özbaşınalığı və Rəşidin evində
baş verən hadisələr bir-birinə uyğun gəlir.
Rəşid evdə özünü çox pis aparır, istədiyini
edir, yemək xoşu gəlməyəndə onu
dağıdır, həyətdən xırda daşlar gətirib Məryəmin
ağzına doldurur və zorla ona yedirir. Nəticədə Məryəmin
iki dişi qırılıb tökülür: "İndi
bildin ki, bişirdiyin düyü necə dadlı, yeməlidi? İndi bilirsən ki, sənə evlənməklə
mən nə qazanmışam? Sən
çox pis yeməksən. Heç yemək
deyilsən, vəssalam".
Leylanın da taleyi heç yaxşı gətirmir;
1978-ci ilin aprel çevrilişi gecəsi anadan olduğu
üçün ona "İnqilabi qız" deyirdilər. Leylanın atası ali təhsilli idi, o qızının təhlükəsizliyi
və ona təhsil vermək haqqında
düşünürdü. Leyla məktəbdə oxuyarkən
böyük xəyallarla yaşayır. Dostları
adaxlı haqda fikirləşəndə o təhsil almaq
haqqında düşünürdü. Bir ayağı protezdən
olan qonşu Tariqi ən güclü hesab edirdi. Leyladan üç yaş böyük Tariq
üç yaşında olanda minaya düşüb
ayağının birini itirmişdi. Leylanın
iki qardaşı kommunistlərə qarşı
döyüşdə həlak olur. Onların
ölüm xəbərini gətirən adamın dediyinə
görə, Əhməd şah Məsud dəfndə şəxsən
iştirak edib. Qurulan yas yerinə Rəşidlə
Məryəm də gəlmişdi. İlk
dəfə olaraq Məryəmlə Leyla gələcək
talelərindən xəbərsiz orada üz-üzə gəlmişdilər.
Lakin o zaman heç biri bilmirdi ki, yaxın
vaxtlarda onların həyatı bir nöqtədə kəsişəcək
və sonacan Rəşidə qarşı mübarizə
aparacaqlar. Leylanın anası Fəribə
xanımın yeganə istəyi oğlanlarının arzusunun
çin olması, Əfqanıstanın sovet
işğalından azad olması idi. O, Əfqanıstanın
necə azad olmasını, sovetlərin necə
rüsvayçılıqla ölkədən
çıxmasını, mücahidlərin gəlməsini
gözləriylə görmək istəyirdi. Fəribə
bu günü görür; Sovetlər dağılır,
respublikalar bir-bir müstəqilliyini elan edir. Artıq Fəribənin oğullarının
dostları hakimiyyətə gəlmişdi. Lakin Əfqanıstanda sakitlik baş vermir, yenə də
müxtəlif qüvvələr üz-üzə gəlir.
Rəbbaninin prezident olması ilə Məsud,
Hikmətyar, daha sonra Talibançılar hərəkətə
gətirilir, Kalaşnikov avtomatları yenidən dillənməyə
başlayır. Şəhərdə hər
gün dağıntılar olur, insanlar ölür. Tariqgilin ailəsi Kabildən Pakistana köçməyə
hazırlaşır, oradan isə Hindistana, bəlkə də
İrana getməyi düşünürdülər. Tariq Leylaya da onunla getməyi məsləhət
görür. Onlar özləri də bilmədən
bir-birindən ayrı yaşaya bilməzdi, ikisi də bir-birinə
söz vermişdi. Atasından Leylanı
istəmək fikrini açıqlayanda Leyla buna razı
olmamışdı. Tariq köçərkən
ona geri gələcəyinə söz vermişdi. Leylagilin evinə düşən bir mərmi nəticəsində
ata-anasını itirir, özü isə kontuziya alır.
Onu dağıntılar arasından qonşusu Rəşid
çıxarır. Leyla 14 yaşında
demək olar ki, kimsəsiz qalır. Bu vəziyyətdən
Rəşid istifadə edir, kimsəsiz qızı evə gətirir.
Lakin o bilirdi ki, Leyla Tariqi qoyub heç zaman ona arvad ola bilməyəcək. Ona
görə də Əbdül Şərif adlı bir
kişini Leylanın yanına göndərir. Əbdül Şərif özünü bisnesmen kimi
təqdim edir, Peşavatda dükanı və anbarı
olduğundan tez-tez oraya getdiyini bildirir. Orada
xəstəxanada Tariqlə bir palatada yatdığını,
onun sağ qalan ayağının kəsildiyini, bir neçə
dəfə cərrahi əməliyyatdan sonra vəfat etdiyini təsirli
şəklidə danışır (Leyla sonralar, Tariqlə
görüşdükdə bunun Rəşid tərəfindən
təşkil olunduğunu anlayır). Rəşid
görəndə ki, Leyla Tariqin ölümüylə
artıq barışmışdır, o zaman öz niyyətini
açır, onu özünə arvad edir, arvadı Məryəmi
isə şahid tutur. Məryəm gözləyirdi
ki, Leyla buna etiraz edəcək, lakin gözlənilmədən
Leyla razılığını bildirir, o, yorulmuşdu, kimsəsiz
idi. Həm də Tariqdən hamilə
olduğunu bilirdi, nə yolla olur-olsun onun yadigarını
dünyaya gətirmək haqqında
düşünürdü. Bundan sonra Məryəmlə
Leylanın taleləri birləşir, eyni çatı
altında yaşamağa məhkum olurlar. Əvvəlcə
bir-birinə rəqib kimi davranırlar, Məryəm Leylanı
günahkar hesab edir, qorxurdu ki, Leylaya xidmətçiyə
çevrilə bilər. Məryəm
düşünürdü ki, Leyla Rəşidə arvad
olmamalıydı. Leyla isə reallıqlar
məngənəsində çırpınırdı. Sonrakı hadisələr onları birləşdirir.
Sanki müharibə iki cəbhədə gedir:
Əfqanıstanda və Rəşidin evində. Yazıçı daha çox Rəşidin evində
gedən hadisələri qələmə alır. Rəşid evində saxladığı bu iki
arvadına qarşı əsl terror əsdirir; həm mənəvi,
həm də fiziki cəhətdən onlara işgəncə
verir. Leylanın qızını Kabil
çayına atmağı düşünür. Leyladan oğlu oldqdan sonra belə ona qarşı
işgəncələri davam edir. Leyla bu
cür davam edə bilməyəcəyini görərək evdən
qaçmaq üçün plan hazırlayır. Leyla artıq Məryəmlə
dostlaşmışdı, onları dərd birləşdirmişdi.
Bir gün Leyla Məryəmə də öz məqsədini
açıqlayır, onunla bu evdən getməsini istəyir.
Bu illər Məryəmə üz göstərmədiyindən
o da bu işgəncədən azad olmaq istəyirdi. Qaçış üçün hazırlıq
görürlər. Onlar Pakistana-Peşavara getməyi
düşünür, dünəndə qalan
azadlıqlarına qovuşmağa can atırdılar. Lakin onların bu qaçışı baş tutmur.
Artıq şəhərdə Taliblər
hökmranlıq edirdi. Nəcibullanı və
qardaşını meydanda asmışdılar. Talibanlar
ölkəyə yeni qanunlar gətirmişdilər; bu qanunlara
görə bütün kişilər saqqal saxlamalı, vətəndaşlar
gündə beş dəfə namaz
qılmalı, islam geyimində olmalı, mahnı oxumamalı,
rəqs etməməli idi. Qadınlara azadlıq
verilmirdi, onlar işləməməli, evdə oturmalı,
üzünü örtməli, zinət gəzdirməməli,
dəbdəbəli geyməməli, yalnız nə isə
soruşanda cavab verməli, kosmetikadan istifadə etməməli
idilər. Buna əməl etməyənlərin
meydanda neçələrini daşqalaq etmişdilər.
Ona görə də Pakistana getmək üçün
mütləq yanlarında gərək bir kişi
ola, o özününkü kimi təqdim edəydi.
Avtovağzalda onları keçirmək istəyən kişi isə pullarını alıb onları
polisə satır. Polis onları yenidən Rəşidin "həbsxana"sına
gətirir. Bundan sonra hadisələr daha da
dramatikləşir. Rəşid ilə Leyla,
Məryəm arasında "müharibə" davam edir.
Bu müharibə Leylanın Rəşiddən
bir övladı olduqdan sonra belə səngimir. Onun adını Zalmai qoyurlar. Oğlu
olduqdan sonra Rəşid iqtisadi çətinliyi bəhanə
edib qızı Əzizəni uşaq evinə verməyə cəhd
edir. Leyla bir neçə dəfə bunun
qarşısını alsa da, sonda mane ola
bilmir. Əzizəni uşaq evinə verirlər. Yazıçı
burada Rəşidlə Talibləri sanki bərabərləşdirir.
Rəşid elə əvvəldən də
taliblərin gəlməsini arzu edirdi. Taliblərin
gəlişilə onların Əfqanıstanda
uyğuladığı qanun-qaydaları Rəşid evində
çoxdan həyata keçirmişdi. Onu
Əfqanıstan, onun gələcəyi deyil, özünün
şəxsi mənafeyi, keçmiş ənənələrin
qorunması və s. narahat edirdi.
Bu zaman Tariq yenidən Kabilə qayıdır, axtarıb
Leylanı tapır. Leyla onun ölmədiyini, bütün
bunların Rəşid tərəfindən
quraşdırıldığını başa
düşür. Bundan xəbər tutan Rəşidin
Leylaya qarşı işgəncələri daha da artır.
Bir dəfə isə Leylanı öldürmək
qərarına gəlir. Məryəm nə
qədər edirsə, Leylanı onun əlindən qurtara
bilmir. Rəşid Leylanı boğurdu.
Leyla artıq müqavimət göstərə
bilmirdi. Məryəm anbardan beli
götürüb Rəşidin başına endirərək
onu öldürür.
Yazıçı Rəşidin ölümü ilə
Məryəmin ilk dəfə özünün qərar
verdiyini demək istəmişdir. Məryəm
özü də bilmədən Leylanın günahsız yerə
öldürülməsinin qarşısını alır.
Bilə-bilə ki, talibançılar önu
ölümə məhkum edəcəklər, yenə də bu
qərarından dönmür. Məryəm bilirdi ki, nəyin
uğrunda buna gedir, o, Leylanın azad olmasını,
özünün görə bilmədiyi ağ gün görməsini,
xoşbəxtliyini
istəyirdi. Leyla özünə gəldikdən
sonra Məryəmlə çıxış yolu axtarmağa
başlayır. Leyla onunla buradan baş
götürüb getməyi təklif edir. Məryəm
buna razı olmur. Taliblərin mütləq
onları axtarlb tapacağını və hamısını
müqəssir hesab edəcəyini bildirir. Leylanın xoşbəxt olması üçün hər
şeyi boynuna götürməyi düşünür. Məryəm düşünür ki, Leylanın
oğlunun atasının qatili olmuşdur, onlarla getmiş olsa,
həmişə oğlunun kədəri müqəssir
olduğunu xatırladacaq. Məryəm
onlarla vidalaşır, Zalmaidən
bağışlanmasını istəyir.
Taliblər Məryəmə ölüm hökmü kəsir,
hökm meydanda icra edilir. Tariqlə Leyla isə uşaqları
Əzizə və Zalmaini götürüb Pakistana gedirlər.
Orada evlənir, bir müddət
yaşayırlar. Lakin burada yaşamaq
Leylanı rahat buraxmırdı. Onun həyatını
xilas edib özü ölümə gedən Məryəmi
xatırlayır. O, özünü Məryəmə
borclu hesab edirdi. Koalisiya qüvvələri
talibləri Kabildən uzaqlaşdırdıqdan, burada həyat
bir qədər axarına düşdükdən sonra ailə
Kabilə qayıdır. Leyla Məryəmin
doğulduğu Gül Daman kəndinə gedir, Məryəmin
uşaqlığının keçdiyi evi ziyarət edir.
Molla Feyzullanın oğlu ona bir qutu verir.
Bu qutunu vaxtilə Molla Füyzulla Məryəm
üçün saxlamış, ölümünə az qalmış oğlu Həmzəyə vəsiyyət
etmişdi ki, Məryəmə çatdırsın. Lakin Məryəm bura gələ bilmədiyindən
indi o qutunu Leylaya verir. Qutuda bir kaset, məktub
və dollarlar var idi. Cəlil xan məktubunda
ona atalıq edə bilmədiyi üçün
üzrxahlıq edir və yerlə-yeksan olmuş var-dövlətini
sataraq bir hissəsini ona saxladığını
yazırdı. Kasetdə Uolt Disneyin
"Pinoççio" filmi var idi. Leyla
bundan heç nə başa düşməsə də, oxucu
bunun nə demək olduğunu yaxşı bilir. Vaxtilə
bu film Cəlil xanın kinoteatrında gedərkən Məryəm
atasından onu da aparmasını xahiş etsə də, Cəlil
xan onu aparmamışdı.
Xalid Hüseyni "Min möhtəşəm günəş"
romanında qırx ildən çoxdur ki, dünyada ən kəskin
problemlərdən ikisini-müharibə və
qaçqınlıq problemini qaldırır. Romanda Əfqanıstan realiləri
bütün çılpaqlığı ilə təsvir
olunur; müharibə, anarxiya, bir-birini devirən hakimiyyətlər,
qaçqınlıq, aclıq və s. Roman oxucunun diqqətini
bir daha Əfqanıstan hadisələrinə yönəldir,
iki milyondan çox əfqan qaçqının ağır
şərtlər altında dünyaya səpələnməsini,
qadın hüquqsuzluğunu, ölkədə baş verən
qeyri-sabit vəziyyətin insanlara, onların yaşamına təsirini
göstərir. Yazıçı həm də
roman boyu siyasi proseslərə dünyanın münasibətini
ortaya qoyur, dünya dövlətlərinin biganəliyini və
bu prosesdəki rolunu göstərir. Siyasi
qüvvələrin ölkəyə gəlişində
mövqelərini dəyişən insanların obrazını
yaradır. Əfqan xalqının ağır şəraitini
təsvir edərkən, müxtəlif insanların
obrazını yaradarkən həm də dünyaya
yalançı "sülh" mesajları verən ölkələri,
qurumları ittiham edir: "-Məndən soruşsalar, deyərdiim
ki, amerikalılar səksəninci illərdə Hikmətyara
nahaq silah veriblər. Sovetlərə
qarşı vuruşmaq üçün MKİ ona nə qədər
silah verib. Sovetlər artıq gedib, amma
silahlar hələ də onun əlindədir. İndi də o silahları sənin valideynin kimi
günahsız adamlara qarşı çevirir. Adını da cihad qoyur". Yaxud
"Amerikanlar bizimlə az maraqlanırlar. Onların
nəyinə gərəkdi puştunlar, xəzərlər,
taciklər, özbəklər bir-birini qırır? Onlar heç bu millətləri bir-birindən
ayırmırlar da. Amerikanlardan bizə
kömək yoxdur. İndi ki, Sovetlər
dağılıb, amerikanların nəyinə lazımıq
biz? Biz öz işimizi gördük.
Onlar üçün Əfqanıstan bir qoza dəyməz
indi". Yazıçı Kabildə mücahidlərin qələbə
paradını görmək həsrətiylə yaşayan
insanların, Sovetlərin getməsilə hər şeyin
düzələcəyinə inananların, taliblərin gəlməsini
arzulayanların da yanıldığı qənaətinə gəlinir.
Böyük etnik qruplar ölkəsi
Əfqanıstanda heç də hər şeyin üzdə
olmadığı, çox mürəkkəb situasiyalardan
keçdiyi aydın olur. Nəticədə
ölkədə sabitlik olmadığından təhsil,
yaşayış səviyyəsi, əhalinin rifahı da olmur.
Xalqın gənc övladlarının arzuları
yarıda qırılır, imkanlarını reallaşdıra
bilmirlər, elə ailələr olmur ki, bədbəxtlik meyvəsini
dadmamış olsun. Yazıçı demək
istəyir ki, müharibə insanların gələcəyini məhv
edir, onların arzularını əllərindən alır.
Belə bir vaxtda şəxsi azadlıqları əllərindən
alınan Məryəm və Leyla buna qarşı
çıxır. Onlar öz azadlıqlarına nail
olurlar. Doğrudur, bu azadlıq Rəşidin
öldürülməsilə nəticələnir. Talibançılar dövründə bu onlardan
böyük cəsarət, qətiyyət tələb edirdi.
Müəllif demək istəyir ki,
azadlığı ancaq mübarizə və birlik yolu ilə əldə
etmək olar. Rəşidin evində Məryəmlə
Leyla birləşərək azadlıqlarını
qazanırlar. Məryəm
azadlığın simvolu olaraq verilir. Nə
zamansa əfqan xalqı da bu həqiqəti başa düşəcək
və öz azadlığını əldə etməli
olacaq. Romanın sonunda yazıçı buna oxşar bir
həyat təsvir edir: Kabilə sakitlik və rahatlıq gəlmişdir.
Şəhərin pəncərələrində
"raket dibçəkləri" görünür. Mücahidlərin şəhərə
atdığı raketlərin korpusundan indi dibçəklər
üçün istifadə edirlər.
Yazıçı bunu əsərin sonunda belə ifadə
edir: "Biz Kabilin yamyaşıl şəhər
olmasını istəyirik". Leylanın vaxtilə
qızı Əzizəni verdiyi uşaq evində müəllim
işləməsi də buna bir işarədir. Onun dünyaya gətirəcəyi
üçüncü övladı qız olarsa, adı Məryəm
olacaqdı.
Bədirxan Əhmədli
Ədəbiyyat qəzeti.- 2018.- 29 sentyabr.- S.28-29.