Hədiyyə...
hekayə
İşlədiyi uzun zaman ərzində ilk dəfə
rüşvət almışdı, bu da ona haqq
qazandırırdı ki, evdə olan bütün içki
şüşələrini yanına düzüb
boşaltsın. Tam dörd il öncə də ona
bahalı hədiyyə verilmişdi, amma vəzifəsinə
müdaxilə olunmamışdı deyə, o, bunu rüşvət
olaraq düşünməmişdi. Bir tərəfdən də
başının üstündə onu tənbeh edən
qardaşı sinirlərini pozurdu:
-
Müdir adamdır, nə işin var axı onda? Arada bir özünə baxırsan? O kim, sən kim? Sənin harana
yaraşır müdirə səhv olduğunu demək? Axı, özünü nə hesab edirsən? Ağzından çıxardığın sözlə
şalvarın heç bir-birinə uyuşurmu - deyə,
qardaşını tənbeh edən Faiq ona düzgün yolu
göstərməyə çalışırdı. Əlbəttə ki, Arifin bütün bunları bilməyə
ehtiyacı vardı. O bilmirdi ki, işlədiyi yerdə
müdirin üzünə qayıtmaq olmaz, hətta
bacardığı qədər müdirin o yan-bu yanına
keçməlidir. Əksi onun işsiz
qalmasını göstərən işarədir.
Çox təəssüf ki, bunları ona öyrədən
olmamışdı, yoxsa, əlbəttə ki, o da
bütün bunları bacarardı, hətta hər kəsdən
yaxşı bacarardı. O heç bəzi həqiqətlərin
danılması gərəkdiyini də bilmirdi, necə də
gülüncdür. Əgər o, bütün bunları bilsəydi,
təbii ki, səfillikdən ölən iş
yoldaşının ölümündə günahı
olduğunu müdirə xanımın üzünə
vurmazdı. Arif bilməliydi ki, belə sözlər
həqiqət olanda müdirlərin qəlbini daha çox
incidir. Danılmaz həqiqətlər
insanları böyük uçurumlara sürükləyir.
İndi Arif də bundan belə acından ölən iş
yoldaşı kimi ya gecələr aclıq qoxusuyla yatıb, səhərlər
mədəsinin səsinə oyanaraq əzrayılını
gözləməli, ya da bütün çətinliklərə
güc gəlib "gözəl günlər görəcəyinə
inamını itirməməli" idi.
Faiqin dedikləri Arifin eyninə də deyildi. Onu müdirə
xanımın etibarından çox, deputat xanımın etdiyi
yandırırdı. O, hədiyyə alan
əllərini məzəmmət edirdi. Budur, yenə ondan zəng
gəldi, yenə deyəcək, yazının orasına
düzəliş et, burasını sil, onu
çıxar, düz alınmır, bunu qoy. Adam
haqlı, o bahalıqda hədiyyə verib, təbii ki,
qarşılığını almalıdır.
Bütün bunların fövqündə bir yandan da Arif
öz-özünə deyinirdi:
- Öl,
Arif, bunların hamısı öz sarsaq
utancaqlığının nəticəsidir. Verdiyi
hədiyyəni yerindəcə qaytarmalı idin, yersiz tərəddüdlərindir
indi barmaqlarını kəsən. Hədiyyənin qiymətinə
bax, üç yüz iyirmi beş manat. Sənin
başında heç yüz bit yoxdur. Yəqin indi o da elə
bilir ki, hədiyyə çox xoşuma gəlib, ona görə
tula kimi qarşısında hərlənirəm.
Arifin ehtiyacı yox idi ki, bunu kimsə onun üzünə
vursun, özü bütün həqiqətləri var
gücüylə öz üzünə
çırpırdı. Yadına salanda bədənini
bürüyən istiliyi ilə özünü cəzalandırırdı.
Hətta Faiqin hədiyyəni onun gözündə ucaltmaq
çabaları da boşa çıxdı:
- Guya hədiyyəni
qaytaracaqsan, nə dəyişəcək? Sən,
deyəsən, doğrudan da özünü bir zibil hesab edirsən.
Beləsinin yüzünə verdiyi pul onun
gündəlik cibxərcliyidir. Ağlın
olsun, istəmirsən, ver mənə, bəd gündə pula
çevirərəm.
Arifi məyus edən həm də o idi ki, heç
doğmaca qardaşı da onu anlamırdı, elə bilirdi ki,
hədiyyəni bəyənməyib, amma düşünmək
istəmirdi ki, əslində, Arifin bəyənmədiyi hədiyyənin
verilmə məramı idi. Cavabsız zəngin
ardıyca bir zəng daha, sonra yenə bir zəng daha. Nə qədər qaçacaqdı Arif bu zəngdən?
Əvvəl-axır cavab verməli idi. Ürəyindəki bütün gileylərini onun
üzərinə yağdıracaq, əsl niyyətini
anladığını üzünə yağlı sillə
kimi vuracaqdı, amma hələ ki uyğun zamanı deyildi.
Yaxşı olardı ki, bu barədə
heç bir söhbət açmayıb özünü
axmaqlığa vursun.
- Bəli,
Fəridə xanım, salam, çox minnətdaram,
siz yaxşı olun. Bəli, dediyiniz
bütün məqamlara düzəliş etdim, narahat
olmayın. Mən də istəmərəm
ki, sizin cəmiyyətdəki mövqeyinizə xələl dəysin.
Aha, oldu, onu da düzəldərəm. Göndərirəm,
özünüz də oxuyub düzəlişlərinizi edərsiz,
- bu sözlər üzünə tüpürcək kimi
yapışırdı. İlahi, necə də
məhkum idi onun qarşısında əzilib-büzülməyə.
Qardaşı getsəydi, doyunca ağlayar,
özünü söyərdi. Siqaret qutusu
boş, içki şüşələri boş, mədəsi
boş, qardaşının da ki, görməmişlikdən
doğan dır-dırı lap sinirlərinə təpirdi.
Belə məqamlarda normal insanın
ağlına nə gələrsə, Arifin də
ağlına eynisi gəlmişdi. Düşünürdü
ki, onsuz da o hədiyyənin bədəlini ödəmişəm,
bəlkə qaytarmayım, bundan da pis günüm olmayacaq ki.
Qürurunun səsi mədəsinin səsini
batırdı. Qəfil yerindən qalxıb cibindəki
pulları saydı, nə az, nə
çox, cəmi doqquz manat səksən qəpiyi vardı.
Başladı hesablamağa: bir qutu siqaretim, bu elədi iki manat
iyirmi qəpik, çörəklə pomidor-xiyar edəcək
iki manat, qaldı beş manat altmış
qəpiyim. Bir manatla da o başa, bu başa, yerdə
qalan pul da həm ölümə, həm dirimə bəsdi.
Maaşa qədər zəhrimara pul vermərəm,
uzağı, kimsə qonaq etsə, fürsətdən bəhrələnərəm.
Oturub qəpik-quruş saydığına
görə özündən çimçişirdi. Deyəsən,
bayıra çıxıb bir az hava
almağa ehtiyacı vardı. Axşamdan əynində
qalıb iylənən paltarlarını çıxarıb fərqli
bir şey geyinmək istəyirdi ki, deputat xanım onun geyiminə
baxanda o hədiyyəyə ehtiyacı olmadığını
anlasın. Qapıdan çıxanda səhərə
qədər başını balınca çırpmaqdan
vız olan saçlarını güzgüdə görməsəydi,
elə də çıxacaqdı. Bir də
neçə gündür ona göz dağı olan "hədiyyəni"
də özüylə götürdü. Qardaşına
güvənmirdi, bilmirdi ondan nə gözləsin. Qayıdanda bu hədiyyəni yerində tapmaya bilərdi.
Yolda öz-özünə hey düşündü,
harda səhv etdiyini, hansı hərəkətinin yersiz
olduğunu anlamağa çalışırdı? Bilmək istəyirdi
ki, o qadın hansı məqamda bu boşluğu duyub? O nədən
bu qənaətə gəlib ki, mənə o hədiyyəni
vermək olar? Bəlkə günah heç o
qadında yox, mənim dırnaqarası həmkarlarımdadır?
Yəqin bir-ikisinə verib, onlar da quyruğu yanmış tula kimi qəbul ediblər.
Yolda olduğu zaman da Fəridə xanımdan zəng gəldi. Bu dəfə artıq Arif
özünü ələ ala bilmədi, dəstəyi
qaldırıb onu sancan qurdları içindən tökməli
idi:
- Yenə
nəyi düzəltməliyəm, Fəridə xanım? Verdiyiniz o zəhrimara qalmış hədiyyənin
qarşılığı nə vaxt bitəcək? O zənciri
boynuma dolayıb itiniz kimi hara istəyirsiz, ora da
fırladırsız. Axı, o mərətsiz də
sözünüzdən çıxmayacaqdım, gərək
məni bu cür alçaldaydız? Sizdən
gələn göstəriş dolu zəngləri görəndə
özümdən iyrənirəm, axı, niyə sizin
üzünüzə yalandan gülməliyəm? - deyəcəkdi, amma adını bilmədiyi
hansısa qüvvə ona güc gəldi. "Hər şeyin
zamanı var" - dedi və zəngə cavab verməyib yoluna
davam etdi. Ruhu göynəyirdi, o an əlində
iti nəsə olsaydı, boğazının altından
sancıb aşağıya doğru çəkərdi.
- İşə bax, hələ durub mənimçün
digər jurnalistləri misal çəkib, onların qələmini
bəyəndiyini söyləyir. Elələrinin bəxti
yaxşı gətirir, yazılarının hər cümləsində
alacağı pulun miqdarını düşünən
adamları həmişə öpüb gözlərinin
üstünə qoyurlar, mənim kimi dingilişləri, əlbəttə
ki, it yerinə saymayacaqlar. Mənim
gördüklərimi onlar görsələr, intihar edərlər,
nəinki, qələmə almaq. Sifətləri
bərkdir, ona görə çörək yedikləri qaba
batırmaq onlar üçün daha rahatdır, yazır,
beş-üç manatını da qatlayıb qoyur cibinə və
ya Allah, səninki səndə, mənimki məndə. Bu
məndə alınmaz, yoxsa çoxdan kandarım
qızıldan idi - öz üstünə
qışqıra-qışqıra danışır, yolboyu
da hər kəsin heyrət dolu gözlərini öz üzərində
hiss edirdi, amma önəm vermirdi - rüşvət
almış adam, deyəsən,
yavaş-yavaş sırtıqlaşma mərhələsinə
qədəm qoyur, artıq heç nədən utanmır.
Əcəb də edir, bundan da böyük hansı ayıb
iş onu utandıra bilər ki?!
Telefona cavab vermədiyini görən Fəridə
xanım ona mesaj yolladı. Mesajdan bəlli idi ki,
yazı işıqlanıb və Fəridə xanım olduqca
məmnundur yazıdan. Mesajı oxuyan kimi
Arifdən qəhqəhə qopdu, camaat da ona baxıb "dəlidir"
qənaətinə gəldi. Sonra özü də
düşünüb durdu:
- Deyəsən,
mən doğrudan da dəli oluram. Axı,
milçəkdən fil düzəldən kimi, bu məsələni
niyə bu qədər şişirtdim? Rüşvətdir
də, burda nə var axı? Bu dəqiqə də pulsuz salam alan yoxdur, nə olsun ki, dindirəndə
hamısı rüşvət alanı pisləyir, di gəl
ki, hər beş adamdan biri "çak-çuk"
adıyla belə şeylərlə dolanır. Problem
bunda deyil, sadəcə, mən ona var gücümlə
inanırdım, belə bayağılıqlarla işi
olmadığını zənn edirdim. Elə
bilirdim, bu həyatda hər şey onun gülüşü qədər
təmizdir. Bəlkə o bunu
düşünmədən edib? Bəlkə
rüşvət deyə yox, həqiqətən hədiyyə
olaraq verib? O, mənim belə gicbəsər olduğumu
hardan bilsin? Axı, o hardan bilsin ki, mən belə
şeylərə öyrəşməmişəm? Guya mən dürüst davranmışam? Mən də onu görməkçün müsahibəni
bəhanə etmişəm. Yəni hesab
heç-heçədir...
Danışa-danışa gəlib onun evinə
çatmışdı, halbuki, evdən mağaza adıyla
çıxmışdı. Xatırlaya bilmirdi ki,
yolda avtobusa minibmi, yoxsa bu boyda yolu piyada gəlib? Madam ki, bura qədər gəlib, demək hədiyyəni
qaytarmaq məqamıdır, amma bir çox səbəblərdən
onunla üz-üzə gəlmək istəmirdi. Başlıca səbəb yenə çəkingənliyi
idi. Ürəyində
düşündüklərini onun üzünə demək cəsarətinə
sahib deyildi hələ. Evdə
olub-olmadığını bilmək üçün ona mesaj
yazdı. Aldığı cavabdan çox razı
qaldı: indilərdə evdən çıxıbmış.
Özü evdə olmasa da, xidmətçisinin
həmişə evdə olduğunu bildiyi üçün
qapılarının zəngini çaldı. Xanım
qapını açanda əlindəkini ona uzadıb: "Bunu
Fəridə xanıma çatdırarsız - dedi, -
özü biləcək nə olduğunu".
Etdiyi hərəkətin
qarşılığını gözləyirdi, heç
olmasa "niyə?" sualını alacağından
çox əmin idi, amma 3 gün gözlədikdən sonra bir
cavab almadığını görüb özü yazdı:
- Problem nə
sizdə, nə də sizin verdiyiniz o qutudadır. Problem məndədir, mən öyrəşməmişəm
belə jestlərə, hədiyyə almalara, hələ bir vəzifə
başında.
Bu mesajın ardıyca da səssizlik oldu, heç bir
cavab almadı.
Lakin özü o qədər rahat idi ki, sanki qəti
vüqarıyla parlaq qələbə qazanmışdı.
Daha bundan belə vicdanı rahat idi, gələcəkdə
kimsə onu vicdansızlığına görə
suçlamayacaqdı. O qədər xoşbəxt idi ki, az qala ürəyi partlayacaqdı. Bəlkə
bir neçə dəqiqədən sonra bu xoşbəxtliyi
burnundan gildir-gildir töküləcəkdi, amma olsun, ani fərəh
də Arifdən yana
böyük şey idi.
- Salam, mənə
bir dənə zavod çörəyi, hərəsindən bir
kilo pomidor-xiyar, həmişəki siqaretdən, bir də o
balaca nemətdən ver, amma onu yaz nisyəyə. Bu gün çox xoşbəxtəm, içmək
istəyirəm.
Arzu MURAD
Ədəbiyyat qəzeti.-2018.- 29 sentyabr.- S.23.