Uşaq şairi
Sən məni yaz çağı,
çiçək fəslində,
Nə gözəl bir vaxtda yaratdın, Allah!
Sevgin alovluymuş, bəlkə onunçün
Od saçan Yevlaxda yaratdın, Allah!
Böyüdüm üstümə gəldi
Məmmədlər,
Biri Kəlbəcərdən, gədikdən
gəldi.
Biri at belində, yarlı-yasaqlı
Tovuz dağlarından - Əsrikdən
gəldi.
Doluydu onların söz silahları,
Bircə çəkiləsi nərə
qalırdı.
Onların dalında dağlar
dururdu,
Mənimsə ümidim Kürə qalırdı.
Göydən od tökürdü Yevlax üstünə
Bir sözlə,
işlərim yaman şuluqdu.
Özüm də qapqara bir oğlan idim,
Zəncilər yanımda lap muştuluqdur.
Yaman qüdrətliydi dağ şairləri,
Mənə deyirdilər: Şeirdən
vaz geç.
Axı bu şairlər cənnət quşudur,
Yevlax cəhənnəmdir,
get bir sənət seç.
Hələ Ramiz Rövşən,
Seyran Səxavət
Sözü qayalardan qoparırdılar.
Sonra minirdilər yel atlarına,
Əngin üfüqlərə aparırdılar.
Xınalıq tərəfdən Ələkbər
Salah,
Gürcüstan elindən İsa gəlmişdir.
Zəlimxan Yaqub da Kəpənəkçidən,
Buynuzdan dağ kəli Musa gəlmişdir.
Gəncədən gəlmişdir, bir
sakit oğlan,
Sülh quşu, can dostu Vidadi Məmməd.
Bir söz danışanda elə bilirdin
Sənin əvəzinə çəkir
xəcalət.
Hələ Məmməd Araz,
o böyük ustad,
Şeir meydanında dağdı, qalaydı.
Onun yazdıqları adi söz deyil,
Təzəcə kəsilmiş Şahbuz balıydı.
Onlar dağ şairi, boran şairi,
Mən isə od
yığan Aran şairi,
Sözümü qurutdu Yevlax günəşi,
Suyu buxarlandı,
şöləsi qaldı.
Çox
yazdım, az
yazdım deyə bilmərəm,
Yüz sözün
bir damla şirəsi qaldı.
Dözüb inadına bu şairlərin,
Çevrilib olmuşam yazar, sən demə.
Bir də onu gördüm
qarışqa kimi
Uşaqlar daraşıb şeirlərimə.
Məni
qınamasın qoy Vahid Əziz,
Bir də Ağasəfa, o dağ şairi.
Körpə sevgisindən doya
bilmirəm,
Onunçün olmuşam uşaq şairi.
Qudyalçay
Bu çay üçcə hərfdən,
Nağıl düzəldib: - Şır...şır.
Min ildir bu nağılı
Sahilinə danışır.
O nağılı dinləyir,
Göydə qartal, yerdə daş.
Ağaclar şirin-şirin,
Bir-birinə əyir baş.
Bu nağıldan min nağıl,
Qoşur körpə
bulaqlar.
Heyrətdən donub qalır,
Qranit qayalıqlar.
Üç səsin möcüsəsi,
Milyon ildir yaşayır.
Dağlar
öz sevgisini,
Dərələrə daşıyır.
Hər səhər günəş
doğur,
Hər axşam
günəş yatır.
Nə çay bir az dincəlir,
Nə nağıl
sona çatır.
Ömrümün payızına
gəldin ilk bahar kimi
Ömrümün payızına
Gəldin ilk bahar kimi.
Göyərdim, çiçəklədim
Cavan ağaclar
kimi.
Yer ilə yeksan idim,
Qoydun məni
taxtıma.
Qaranlıqda nur kimi
Düşdün mənim baxtıma.
İlk görüşdən
Qələbə bayrağı qaldırmısan.
Sən mənim ürəyimi
Sevgiylə doldurmusan.
Ruhumu titrədirsən
Ən şirin
avaz kimi.
Qəlbimi dindirirsən,
Kaman kimi, saz kimi.
Hardan aldın bu qədər
Xoş ətirli
rəngi sən.
Elə bil ki, qarşımda,
Bir çiçək
çələngisən.
O qızılı saçların
Yanağını bəzəyir.
Əllərin ağ kəpənək
Qanadına bənzəyir.
Nə gözəl bəzənmisən,
Yanaqların narıncı
Sənin
hər təbəssümün,
Bir sevgi ismarıcı.
Ürəyimin sevgisi
Kirpiyində sayrışır.
Dünyanın işıqları
Gülüşündə alışır.
Ömrümün payızına
Gəldin ilk bahar kimi.
Göyərdim, çiçəklədim
Cavan ağaclar
kimi.
Qarşılaşdıq çəməndə
Qarşılaşdıq çəməndə,
Rəqs elədi çiçəklər.
Elə bil çiynimizə
Qondu bütün
mələklər.
Kənd
evləri sığındı
Dağların qucağına.
Bülbül nəsə söylədi
Meşənin qulağına.
Gəl
biz yenə görüşək
Bülbüllər ötüşəndə.
Bizim dağın kölgəsi
Sizin kəndə
düşəndə.
Qırmızı geyinərsən,
Yanağının rəngində.
Çiçəyə çevrilərik
Dünyanın çələngində.
Toyumuzu eliyər.
Kür nəğməli
dağ çayı.
Bu görüşdən düşəcək,
Hər kəsə
sevgi payı.
Qəfil
toy sədasından
Diksinəcək qayalar.
Qarapapaq
qayalar,
Yaşılpencək qayalar.
Elə ki bizim kənddə
İlk sevgidən
toy olar.
Ortalıqdan çıxmazlar
Milyon yaşlı
qayalar.
Yanaqları öpəcək
Dağ küləyi,
dağ mehi.
Sırğaya çevriləcək
Qulaqlarda sübh şehi.
Ay heyrətlə susacaq
Göyün göy dənizində.
Bizi çimizdirəcək
Ağ işıq
dənizində.
Biz mirvari olarıq
Bu dənizin içində.
Dünya
hələ görməyib
Sevgini bu biçimdə.
Vağzalı çalınacaq
Bulaqların dilində.
Dağ toybəyi olacaq
Zoğal çomaq əlində.
Elə ki göy üzündən
Ağ günəş
boylanacaq.
Şəfəqləri dünyaya
Şabaştək paylanacaq.
Gedər...
Bu dünya bir pilləkəndir,
Kimisi dırmaşar,
kedər.
Kimi yollarda büdrəyər,
Kimi də sarmaşar, gedər.
Qoy başına eşq tacını,
Göyərt sevgi ağacını.
Şəkər eylə hər acını,
Kədərin quş olar, gedər.
Bu dünyanın, naz neməti
Səni çaşdırmasın qəti.
Görən zaman bir sərvəti
Çox nadanlar çaşar, gedər.
Dünya
soba, ömür dəmir,
Həmişə eyni sözü
demir.
Məhəbbətlə keçən ömür,
Uca dağlar
aşar, gedər.
Yağış və duman
Yağış yağır Yer
üzünü
Cənnətə döndərmək üçün.
Duman qalxır sevgimizi
Allaha göndərmək
üçün.
Göyqurşağı yaranır ki,
Huriləri, mələkləri,
Torpağa endirmək üçün.
Mənə atılan daş
Niyə atdın, ay naşı?
Mənə sarı o daşı?!
Bəlkə o mirvariydi?
Bəlkə bir üzük qaşı?!
Mənə atılan daşlar
Qızardı, közə döndü.
Heç
kəs bilmədi o daş
Sinəmdə sözə döndü.
Mənə atılan daşdan
Evlər tikmək olardı.
Göydələn qüllələri
Min illərlə qalardı.
Niyə atdın, ay naşı?
Mənə sarı o daşı?!
Ömrün sonuncu günü
yazılmalı olan şeir
Aç
qoynunu, qara torpaq,
Üzün ağ olsun, gəlirəm!
Vaxt qurtardı, oyun bitdi,
Başın sağ olsun, gəlirəm.
Günlər keçdi külək
kimi,
Ucaldım çərpələng kimi.
Bir şirindil mələk kimi
Keyfin çağ
olsun, gəlirəm.
Məndən sonra yaşayanlar
Qursun min-min aşiyanlar.
Eşq yükünü daşıyanlar
Yüz budaq olsun, gəlirəm.
Zahid Xəlil
Ədəbiyyat qəzeti.- 2018.- 29
sentyabr.- S.24.