Mehdi Məmmədova bəyəndiyi tələbənin başqası

yox, mən olduğumu heç vaxt deyə bilmədim...

 

"Dördüncü divar" layihəsinin bugünkü qonağı Akademik Milli Dram Teatrının istedadlı aktyoru Rüstəm Rüstəmovdur

 

- Rüstəm bəy, əslən Cəbrayıl rayonundansınız. Doğulduğunuz bölgə daha çox ziyalıları və alimləri ilə məşhurdur. Sizin ailənin də, bildiyim qədərilə, incəsənət sahəsi ilə heç bir yaxınlığı olmayıb. Aktyor olmaq istəyiniz hardan yaranmışdı?

- Haqlısınız, bizim nəsildə-kökdə heç kim incəsənət sahəsində fəaliyyət göstərməyib. Heç arxam, dayağım da olmayıb.

Atam rəhmətlik mexanizator olub. Amma elmə, sənətə böyük həvəsi olub. Yadıma gəlir ki, böyük qardaşım hansısa fəndən beş almışdı. Atam üç gündən sonra həmin dərsi qardaşımdan soruşanda bilməmişdi. Buna görə atam məktəbə gedib, müəllimə demişdi ki, sən mənim oğluma niyə beş vermisən? O, dərsi bilmir, üç gündən sonra yadından çıxıb.

Allah rəhmət eləsin, Səmayə Sadıqova adlı ibtidai sinif müəlliməmiz vardı. O, gənc olduğu üçün bayram tədbirlərini həmişə ona tapşırırdılar. O da elə bütün tədbir tamaşalarını, səhnələrini bizimlə hazırlayırdı. Artıq beşinci sinifdə mən "Arşın mal alan" əsərindən hazırlanmış səhnəciyi alman dilində ifa edirdim. Ondan sonra "Bəxtiyar" filmindən səhnəciklər hazırladığım yadıma gəlir. Bir də ən çox evimizə qonaq gələndə səhnəciklər qururdum. Böyük qardaşım da həmişə gileylənirdi. Çünki Məşədi İbadın adaxlıbazlıq etdiyi hissəyə çatanda həmişə qardaşımın belinə çıxırdım. Gələn qonaqlar da həmişə özləri tələb edirdilər ki, onlar üçün səhnəciklər göstərim.

Bir az yuxarı sinifə keçəndə isə Yusif Əzimzadənin "Aprel səhəri" əsərini tam şəkildə hazırladım. "O olmasın, bu olsun" əsərindəki qonaqlıq hissəsini yemək-içməklə birlikdə hazırlamışdıq. Məşədi İbadı da həmişə mən ifa edirdim. Yəni yavaş-yavaş artıq özüm də fərqində olmadan aktyorluq sənətinə istiqamətləndim. Amma sənədlərimi İqtisad Universitetinə verdim və kəsilib hərbi xidmətə getdim. Qayıdandan sonra İncəsənət Universitetinə qəbul olundum. Tələbə vaxtı Firudin Məhərrəmovun "Kamança", "Şirə bənzər", "Elektra", "Sizi deyib gəlmişəm" tamaşalarında iştirak etmişdim. Oranı bitirəndən sonra isə təyinatla Şəki teatrına getdim.

- Amma Şəkidə çox qala bilmədiniz...

- Mən Cahangir Novruzovun seçdiyi tələbələrdən biri idim ki, Şəkiyə yollanmışdım. İki il orda işlədim. Amma aktyor kimi çətinliklərimiz çox olurdu. O vaxtı Şəkidə işıq, qaz fasilələrlə verilirdi, məşq, tamaşa zamanı işıqla bağlı ciddi problemlərimiz olurdu. Bu da məni darıxdırırdı. Amma sizə deyim ki, rol sarıdan qıtlıq yaşamırdım. Mən Şəki Teatrına gedəndə rəhmətlik Ələkbər əmi (Ələkbər Hüseynov - S.Ə.) ordan çıxıb Bakıya gəlirdi. Onun rolları və mənim ifa edəcəyim yeni rollar iki il Şəkidə məni boş qalmağa qoymadı. Bakıya qayıdandan sonra rəhmətlik Hüseynağa Atakişiyev məni və Ayşad Məmmədovu Gənc Tamaşaçılar Teatrına dəvət etdi. Ancaq iş elə gətirdi ki, mənə ştatda yer olmadı. Hardasa iki ay işsiz qalandan sonra Firudin Məhərrəmovun dəvəti, köməyilə Sumqayıt Dram Teatrında işə düzəldim.

- Yəni aktyor kimi istər gənclik illərində, istərsə də indi rol sıxıntısı yaşamamısınız.

- Elədir. Bunu bəri başdan demək istəyirəm ki, heç vaxt rol sıxıntısı və çətinliyi yaşamamışam. Nə də gedib kimdənsə hansısa rolu istəməmişəm. Rejissorlar mənimlə işləməyə üstünlük veriblər. Çünki insafla deyim ki, həmişə zəhmətkeş aktyor olmuşam.

Tələbə vaxtı müəllimlərimiz bizə televiziyaya çıxmağa icazə vermirdilər. Amma tamaşalara müntəzəm olaraq göndərirdilər. Bir dəfə Mehdi Məmmədov bizi "Torpağa sancılan qılınc" tamaşasına baxmağa yolladı. Tələbə yoldaşlarımdan biri həmin tamaşanın on dəqiqəsinə baxıb getmişdi. Mehdi Məmmədov bizi tamaşa barədə sorğu-sual edəndə tələbə yoldaşım ancaq Hacı İsmayılovun əlində qılıncla səhnədə olduğu yeri xatırlamışdı. Mehdi Məmmədov isə ona demişdi: "Sən istedadlı aktyorsan, Mirzəağa Əliyevin yubileyindəki etüdün də mənim xoşuma gəlib. Amma özünə çox güvənmə, verdiyim tapşırığa axıra qədər əməl et. Səni həmin ifana görə bağışlayıram." Həmin etüdü isə mən ifa etmişdim. Mehdi müəllim mənimlə o oğlanı səhv salmışdı. Mehdi müəllim belə deyəndə uşaqlar məni dümsüklədi ki, səndən danışır, səhv etdiyini Mehdi Məmmədova bildir. Amma mən heç nə demədim.

- Mehdi Məmmədovun rəğbətini qazanmaq hər tələbəyə qismət olmur. Niyə etiraz etməmişdiniz?

- Bilirsiniz, onsuz da o, tələbə yoldaşım tamaşaya baxmamışdı. Mehdi müəllimin də istedadsız, məsuliyyətsiz tələbəni görməyə gözü yox idi. Mən desəydim ki, həmin aktyor o deyil, mənəm, onu mütləq sıxışdıracaqdı. Heç olmasa, həmin səhv onun köməyi oldu. O, heç vaxt bu barədə bilmədi. Həm də Mehdi Məmmədovun mənim ifamı bəyənməsi artıq bəsim idi.

- Rüstəm müəllim, Akademik Milli Dram Teatrında işlədiyiniz o qədər də uzun müddət deyil. Buna baxmayaraq bir-birindən maraqlı və fərqli xeyli rollarınız var. Amma sizin aktyorluq həyatınızda, taleyinizdə iyirmi ilə qədər uzun fasilə yaranıb. Bu qədər sənət şövqü, sevgisi, zəhmətinə rəğmən iyirmi il sizi səhnədən məhrum edən səbəb nə idi?

- Bu, açığı, bir az şəxsi məsələdir. Tam açıqlamaq istəmirəm. Çünki aktyor taleyinin, şəxsi həyatının tamaşaçı üçün açıq-aşkar olmasının əleyhinəyəm. Bir onu deyə bilərəm ki, həmin dövrdə mənə və ailəmə çox ciddi şəkildə lazım olan qazancı aktyorluq sənətimlə qazana bilməzdim. Halbuki, bu çox vacib və həyati bir məsələ idi. Ona görə də məcbur olub incəsənətin digər gəlirli sahələri ilə məşğul oldum. Arada, dəvətlər olanda filmlərə də çəkilirdim. Amma teatrdan tamamilə uzaq düşmüşdüm.

Yəni bunu etməyə bilməzdim. Borcum idi, etdim. Həyatımdakı problem həll olunandan, belə deyək, tale üzümə güləndən sonra Allah elə bil ki, mənim sənətimə olan eşqimin əvəzini məni yenidən teatra qaytarmaqla mükafatlandırdı. 2013-cü ildən Akademik Milli Dram Teatrında işləyirəm. On dörd tamaşada bir-birindən fərqli rollarım var. Kollektivə də çox tez və asanlıqla uyğunlaşdım. Bəzi aktyor dostlarım deyirdilər ki, bu teatrda bu yaşda gəlib davam gətirmək asan məsələ olmasa da, sən bunu bacardın. Mən insanların qəlbinə toxunmağı, incitməyi heç vaxt sevməmişəm.

- Arada olan bu qədər boşluğa görə peşmançılıq hissi keçirmisiniz?

- Qətiyyən. Çünki mən bu iyirmi ilin qarşılığında elə böyük bir mənəvi sərvət qazandım ki, bunun üçün sənətdən ayrı düşməyə dəyərdi. Həm də, görünür, mənim alın yazım, taleyim belə yazılıbmış. Əlbəttə, iyirmi il əvvəl Sumqayıt Dram Teatrında qalsaydım, çoxdan xalq artisti adına layiq görülmüşdüm. Çünki mən o vaxtı orada Şah İsmayıl obrazını ifa edəndə kütləvi səhnələrə çıxan gənc, gözəl aktyorlarımızın çoxu indi əməkdar, xalq artisti adlarına layiq görülüblər. İndi siz özünüz fikirləşin ki, Şah İsmayıl obrazını ifa edən aktyor bu gün hansı pillədə ola bilərdi. Amma mən aktyor işləsəydim, yarı canım həyatdakı Rüstəmin yanında qalacaqdı. Realist adam olduğum üçün elə etməliydim ki, bugünkü gündə səhnədən çıxıb evimə gedəndə peşmançılıq hissi yaşamayım. Mən sənətimi həyatıma qurban verdim.

- Rüstəm müəllim, sənətinizdəki uğurlara görə ən çox kimlərə minnətdarsınız?

- Mehdi Məmmədova, Əşrəf Quliyevə, Nəsir Sadıqzadəyə həmişə rəhmət oxuyuram. İlham Rəhimliyə həmişə cansağlığı arzu edirəm. Firudin Məhərrəmovdan çox şeylər öyrənmişəm. O da Azər Paşa Nemətovdan, Azər müəllim də Mehdi Məmmədovdan öyrənib.

Biz tələbəlik illərində tamaşalar hazırlayanda müəllimlərimiz bizim işimizə, zəhmətimizə çox ciddi yanaşırdılar. Üç-dörd ay bir tamaşanı hazırlayırdıq. Nəsir müəllim, Mehdi müəllim, gəlib həmin tamaşalara baxandan sonra öz aralarında müzakirələr edirdilər.

Gənc vaxtı biz "Şirə bənzər" tamaşasını hazırlayanda Mehdi müəllim demişdi ki, xoşuma gəlsə, ikinci hissəni hazırlamağınıza razılıq verəcəm. Onun xoşuna gəlmişdi tamaşa. Amma ikinci hissəni hazırlayanda, Mehdi müəllim rəhmətə getdi. Bu tamaşanı ona görə xüsusi vurğulayıram ki, həmin tamaşaya çox böyük zəhmətlə hazırlaşırdıq. Tamaşada lazım olan qutuları özümüz mağazalardan tapıb toplayır, rəngləyib stol, stul kimi istifadə edirdik. Bazar günü icazə olmasa da, xəlvətcə gəlib, pəncərədən keçib məşqlərimizi edib, sonra təzədən pəncərədən çıxıb gedirdik. Partizanlıq edirdik.

- Sizin o zaman sənətə qarşı olan fanatikcəsinə sevginizi indiki gənclərdə hiss edə bilirsiniz?

- Bəzi gənclər öz gəncliklərini qiymətləndirə bilmirlər. Bu dünyada vaxtdan başqa hər şeyi əldə etmək olur. Çünki vaxt bizim iradəmizdən, istəyimizdən asılı olmayaraq uçub gedir. Mən indinin özündə qoyulacaq yeni tamaşada rolumun olub, olmamasına görə narahat oluram. Olmasa, təbii ki, heyifsilənəcəm. Ona görə ki, aktyor kimi boş qala bilmirəm. Amma gənclərdə vaxta qarşı qəribə bir arxayınlıq var. Bu da onları geri ata bilər.

Biz tələbə olanda, elə tələbəlikdən sonrakı dövrlərdə də məndən rejissorlar hansı rolu istəyirdilərsə, onları hazırlayırdım. İndi çoxları yerə yıxılmayan rollar istəyirlər, daha çox xarakterli rollara qaçırlar. Amma sənətdə bişmək üçün müxtəlif səpkili, irili, xırdalı rollar oynamağı bacarmalısan. Bəlkə də bu xüsusiyyətimə görə rejissorlar mənimlə işləməyi xoşlayırlar. Misal üçün, "Cuppolina" tamaşasındakı Senyor Pomidor obrazı ilə "Qətibə İnanc" tamaşasındakı Qızıl Arslan arasında fərqi hiss etməmək mümkün deyil.

- "Qətibə İnanc" tamaşasında yetəri qədər ziddiyyətli, digər qəhrəmanlarla tez-tez toqquşan Qızıl Arslan obrazını yaratmısınız. Səhnədəki əsas tərəf-müqabiliniz isə xalq artisti Bəsti Cəfərova idi. Bəsti xanımla tandeminiz necə idi?

- Sözün doğrusu, mən ilk dəfə həmin tamaşaya zindan köməkçisi kimi nəzərdə tutulmuşdum. Sonradan rejissorun istəyi ilə rol dəyişmələri oldu və mən Qızıl Arslan roluna təsdiq olundum. Bəsti xanımla ilk dəfə idi ki, səhnədə qarşılaşırdıq. Biz Bəsti xanımla hələ əsərin oxunuşunda bir-birimizi çox gözəl anlamışdıq. O, aktrisa kimi çox yüksək enerji ötürməyi bacarır. Məşq zamanı Qızıl Arslanla Qətibənin ilk qarşılaşmasında mən öz rolumu ifa edərkən elə yerlər vardı ki, görürdüm orda Bəsti xanımla bir-birimizə kömək edirik. Mənim aktyor kimi ötürdüyüm mesaji o, dərhal qəbul edib və müsbət reaksiya verirdi. Yəni bizim tərəf müqabili kimi sual-cavabımız hələ ilk günlərdən yaxşı alınmışdı. Bu da, sözün düzü, mənim çox xoşuma gəlmişdi.

Ümumiyyətlə, mən öz rolum üzərində işləyəndə həmişə digər obrazların da mənim obrazıma qarşı olan münasibətini, fikirlərini oxuyub, öyrənirəm. Elə "Qətibə İnanc" tamaşasında Qızıl Arslan barədə Qətibə, Qutluq, Hüsaməddin və başqa obrazlar danışırlar.  Mənə aktyor kimi daha nə lazımdır? Loru dillə desək, onlar mənim obrazımı xonçada təqdim edirlər.

Aktyor yaradacağı obrazı tamaşadan-tamaşaya fərqli formada təqdim etməyi bacarmalıdır. O, elə etməlidir ki, yeni rolu köhnə rollarından seçilsin. Yəni bu mümkün olan haldır. Amma çərçivədən kənara çıxmamaq şərti ilə. "Qətibə İnanc" tamaşasında Qızıl Arslan obrazında aktyor axtarışlarını, fərqliliklər etməyə çalışmışam.

- Uşaq tamaşalarında da iştirak edirsiniz. Uşaqlar daha çox nə istəyirlər?

- "Çuppolino" tamaşasına Senyor Pomidor rolum var. Uşaqlar bizdən daha çox hərəkət istəyirlər. Bir balaca hərəkətsizlik olan kimi onlar bezirlər. Ona görə də ordakı rolum çox hərəkətlidir. Tamaşanın rejissoru Əlif Cahangirli ilə rol üzərində işləyərkən o, mənim obraza əlavə etdiyim çığırtılara müəyyən etirazlar edirdi. O da əsasən, həmin tamaşanın bayram günlərində üç, bəzən dörd dəfə təqdim olunmasından irəli gəlirdi. Yəni mənim yorulmağımı istəmirdi. Amma mən ona izah etdim ki, tərəvəz kimi pomidordan nə qədər xörəklər hazırlanır. Təkcə çığırtmanı yada salsaq bəs edir. Ona görə də obrazın hiyləgər çığırtıları tərəvəzin özü haqqında maraqlı assosiasiya yaradacaq və bu da uşaqların əylənməsinə səbəb olacaq.

- Rüstəm Rüstəmov kimi sənətdən, Rüstəm kimi həyatdan hansı gözləntiləriniz, arzularınız var?

- Mənim bürcümün özəlliklərindən biri də adamları öz arxasınca aparmaq, insanları özünə cəlb etməkdir. Sonralar gördüm ki, bu, həqiqətən də belədir. Həmişə işimlə, sənətimlə məşğul olmuşam. Tanrı da mənim arzularımı gec də olsa yerinə yetirir. Həyatımla teatr arasındakı fasilə olanda da mənim ürəyimdə ümid vardı ki, teatra qayıdacam. Şəxsi həyatımdakı arzularımın da baş tutacağına inanırdım. Çünki həmişə başımı aşağı salıb öz işimlə məşğul olmuşam.

 

Söhbətləşdi: Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 sentyabr.- S.22-23.