Çovdar çörəyi...
Romandan
parça
Əlibala Məhərrəmzadə
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul
Rza mükafatı laureatıdır. "Bakı
üçbücağı" adlı rus dilində
işıq üzü görən detektiv romanı Rusiya və
Ukraynada kifayət qədər oxucu auditoriyası
toplamışdır. Hazırda Moskvada İSP nəşriyyatında
çapa hazırlanan "Ev tapşırığı. Uğur düsturunu öyrənəcəyik"
motivasiya əsərinin ingiliscə variantı Vladimir Nabokov
Beynəlxalq Mükafatının uzun siyahısına daxil
edilmişdir. "Çovdar çörəyi"
romanı Əlibala Məhərrəmzadənin azərbaycandilli
oxucularla ilk görüşüdür. Yaxın günlərdə
işıq üzü görəcək bu gerçək hadisələrə
söykənmiş ailə dramından bir parçanı
"Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim edirik.
İyulun on səkkizi. Sabah Cəlilin rəhmətə
getməsinin bir həftəsi tamam olur. Sabah
gəlib-gedənləri olacaqdı, gərəkdir ki, mütləq
evinə qayıtsın.
Çörək qurusunu qırıqlayıb göyərçinlərə
atırdı, onlar da dənləyirdi.
Durub bağlarından yüz metr aralıdakı
kiçik marketdən ərzaq almışdı, bir tava sosiska
qızardıb üstünə yumurta vurmuşdu. Yarım
kömbə çörəklə və iki stəkan tünd
şirin çayla səhər naharını eləmişdi.
Günəş artıq qızmar şəfəqlərini
ətrafa pərçimləyərək
hökmranlığı ələ keçirmişdi. Talvarın
altında belə nəfəs almaq müşkül idi.
Qardaşı zəng çaldı, ilk kəlməsindəncə
onu heyrətləndirdi. Dedi ki, 3856 nömrəli telefonun yiyəsi səksən
yaşlı qoca bir kişidir. Daimi qeydiyyatı
da yoxdur. Bir sözlə, bomjdur. Telefonu özünə lazım olanda açıb
işlədir, lazım olmayandasa qapadır. Odur ki, onu tapmaq müşkül məsələdir.
Qulaqlarına inanmadı. Necə yəni
"bomj"dur? Bu günə kimi ona elə
gəlirdi ki, bütün sualların cavabını məhz bu
nömrənin yiyəsi gizlədir.
Amma indi qardaşı gör bir nələr söyləmişdi.
Demək,
evsiz-eşiksiz səksən yaşlı qoca kişi?
Bu, ən
ağlagəlməyən variant idi axı...
Qardaşı məsləhət gördü ki, hər
ikisi fasiləsiz olaraq həmin nömrəni yığsın,
nömrənin məşğul olduğunu görcək,
mütləq danışığın bitməsini gözləyib
qocaya zəng vurmaq lazımdır. Həmin vədədə
qoca zəngi eşidib telefonu açacaq.
Planları tam dağılmışdı. Səksən
yaşlı bomj onun oğlunu bir zənglə, qəfildən
hansısa rayona necə yollaya bilərdi axı? Bu, mümkünsüz idi.
Az
keçmiş beynini sıxan fikirlər onu yeni bir məcraya
yönəltdi. Olsun ki, o qoca kiminsə sözlərini
çatdırmışdı Cəlilə. Yüz faiz bu belə idi. Qoca bomjla Cəlilin nə
əlaqəsi ola bilərdi axı? Heç bir. Sadəcə, o qoca
köpək hansısa alçağın - oğlunun
qanına susamış qatilin əlaltısı kimi Cəlilə
zəng vurmuş, ona o alçağın mesajını
çatdırmışdı. Cəlil də
məcbur olub evə çörək alıb vermək,
müstəntiqin yanına getmək, Zemfira xanımın ad
günündə iştirak etmək əvəzinə o
ölüm marşrutuna çıxmışdı.
Beynindəki
"Qatillər siyahısı"na bu,
yeddinci ad idi düşmüşdü: "Qoca bomj".
Fasiləsiz olaraq nömrəni yığdı, telefonu
götürmürdülər. Bəlkə, Mərdana
zəng vursun, ondan kömək istəsin? Mərdan
sistem işçisiydi, nüfuzu-filanı da qədərincəydi,
mütləq o qoca kaftarı ələ keçirməyə
köməklik göstərərdi. Üstəlik,
o Dördbarmaq köpəyi də cəzalandırmaq, gəncləri
bədbəxtliyə sürükləyən həmin o şər
yuvası olan obyekti də dağıtdırmaq lazım idi, bu
barədə də Mərdanla danışması vacib idi.
Ürəyində kəskin ağrı vardı, iki stəkan
çay içsə belə, dili-ağzı qurumuşdu. İçəri
keçib beşlitrlik plastik qabdakı suyu başına
çəkdi, su çənəsindən damcılayıb
köynəyinin yaxasını yaş elədi. Həm də
ləzzətli bir sərinlik hiss elədi.
Zəng gəldi telefonuna. Götürdü.
Nail təkidlə ondan evə gəlməsini xahiş edirdi.
Dedi, sabah yeddidir, qəbir üstünə gedilməlidir,
gələcəyəm, arxayın ol.
Telefonunu masanın üstünə yenicə qoymuşdu
ki, bu dəfə Aytən zəng elədi. Hal-əhval tutdu, dedi,
günortaya mamagildən üçbacı dolması gətirəcəyəm,
qurban sənə, gəl səni yedirdim.
İştahsızlığını, vacib işləri
olmasını bəhanə gətirib birtəhər Aytəndən
qurtuldu.
Elə bil, hamı şərtləşib. Ardınca
Nazlı zəng elədi. Telefonu
açmadı. Nazlı bir də zəng
elədi, sonra zəngi kəsildi. Yəqin,
həyətə gəlib evinə girmədiyinin səbəbini
soruşacaqdı ondan.
Qəribədir. Bir vaxtlar sürətlə
yaxınlaşdığın adamdan, gün gəlir, eyni
sürətlə uzaqlaşırsan. Elə
bil, bir-birinə çırpılmış iki daşdır.
Öncə bir-birlərinə doğru səmt
götürürlər. Toqquşandan sonra
hərəsi bir səmtə yönəlir.
İsti
lap can alırdı. İçəri keçib
yenidən su içdi. Ürəyi
atlandı. Kaş, indi Bodrumda olaydı.
Bu bədbəxtlik gəlməyəydi, çiməydi o
dumduru Egey dənizində, sərinlənəydi...
Ya da,
hovuzda o baş-bu başa ardıcıl üç-dörd dəfə
üzəydi...
Ya da, lap
hotel eyvanındakı həsir oturacaqda oturaydı, sərin meh
vura-vura mineral suyunu içəydi...
Sonra
öz-özünə etiraf elədi ki, indi Bodrumda necə ola bilərdi ki? Hesabla dünən
qayıtmalıydı Bakıya.
Telefonu götürüb yenə bir müddət
ardıcıl 3856 nömrəsini yığdı. Nömrə
bağlı idi.
Bəzən xoşbəxtlik insanın əlində olur. Onu həm cismən,
həm ruhən bürüyür, onu oxşayır, əzizləyir.
Amma insan bunu duymur, xoşbəxtliyi hiss eləmir,
xoşhal olmaq, rahatlanmaq, xumarlanmaq əvəzinə yeni-yeni nəsnələr
axtarır, hansı ölçüdə, hansı rəngdə
olduğundan bixəbər halda mifik xoşbəxtliyin
axtarışını davam etdirir.
Bir də, bir də nömrəni yığdı.
Əzilmiş, qat kəsmiş vərəqi
gözünün önündə tutanda birdən vərəqdəki
yeganə işarəsiz qalmış "saat 10.23. № 2787"
yazısına gözü sataşdı. İşə
bax, zəngin vurulma vaxtının hadisələrin axarına
heç bir təsir göstərməyəcəyi əminliyi
ilə hələ bir dəfə də olsun bu nömrəni
yığmamışdı.
Amma axı bütün tamlar hissəciklərdən
yaranır. Böyük işlərdə ən
xırdalıqlar belə əhəmiyyət daşıyır
bəzən.
Cəld nömrəni yığdı, xəttin o biri başından
məlahətli qadın səsi eşidildi.
- Bəli.
- Kimdir
danışan?
- Sizə kim lazımdır?
- Mən Cəlilin atasıyam.
- ...
- Alo, alo.
- Bəli.
Buyurun.
Hiss edirdi
ki, qadın duruxub.
- Mən Cəlilin atasıyam. Siz Cəlilin kimisiniz?
Öldürücü
dərəcədə maraqlı idi, kim ola
bilərdi bu xanım?
Xəttin o biri başından xışıltı,
uşaq səsləri eşidildi. Sükutun narahatlıqla, təşvişlə
dolu uzanmasını onun növbəti dəfə sualı təkrarlaması
kəsdi:
- Siz Cəlilin kimisiniz?
Qadın
səsi tutula-tutula sualı cavablandırmağa
çalışdı, amma daha çox öz təşvişini
dilə gətirdi:
- Mən
bilirdim əvvəl-axır bu məsələyə müdaxilə
edəcəksiz. Cəlil mənə sizin barənizdə
danışıb, vəzifəli şəxs olduğunuzu,
ziyalı olduğunuzu deyib. Altı
gündür o mənə zəng eləmir, məni
itirib-axtarmır, telefonu sönülüdür. İraq
olsun, başına nəsə iş gəldiyini
düşünürdüm. Amma demək, siz
bizim münasibətimizdən xəbər tutmusuz, münasibətimizə
qadağa qoymusuz.
Bir bu çatmırdı elə. Demək, hər
halda oğlunun kənarda sevgilisi varmış. Yazıq nişanlısı.
Bu nəydi belə, zərbə zərbə dalınca gəlirdi.
O qədər
məyus idi ki...
Qadının
sözünü kəsməyə çalışdı:
- Bir dəqiqə...
Amma qadın asan təslim olana oxşamırdı.
- Sizi and
verirəm o bir olan Allaha, aramıza girməyin. Ziyalısız,
vəzifəlisiz, bəlkə, özünüz də
haçansa sevmisiz, sevginin nə olduğunu bilirsiz. Biz bir-birimizi sevirik. Ayırmayın
bizi, qurban olum sizə.
- Bir dəqiqə
imkan verin...
- Mən
hər gün sirrimizin faş olacağını, münasibətlərimizdən
üçüncü bir şəxsin xəbər
tutacağını gözləmişdim bu günlərdə.
Öz aramızda Cəlillə mən münasibətimizi
"Qızıl Sirr" adlandırmışıq. Bu sirri ölənəcən heç kəsə
açmayacağımıza söz vermişik. Necə olub xəbər tutmusuz, bilmirəm. Amma nə olar, ayırmayın bizi.
Demək,
oğlunun "Qızıl Sirr"i buymuş?!
- Ay
xanım, imkan verin sözümü deyim...
- Bəli,
mən Cəlildən üç yaş böyüyəm, bəli,
mənim beş yaşında
övladım var. Ancaq mən Cəlildən axı heç nə
istəmirəm, onun azadlığını əlindən
almıram. Cəlil özü belə qərar
verib, ailə də quracaq, sizinçün dünyaya nəvə
də gətirəcək. Bizim münasibətlər
sonadək gizli qalacaq, bizim "Qızıl Sirr"imiz
heç kəsə agah olmayacaq. Düzü,
heç ağlıma gəlməzdi ki, Cəlil bu sirri sizə
aça bilər. Necə oldu bu? Siz
Allah, necə oldu bu?
Nəhayət, qadın susdu. Qadının
susması, yaranan sükut talvara qonmuş sərçələrin
cikkiltisi ilə, qadının yanındakı
uşağın nəsə deməsi ilə pozuldu. Sonra yenə davam etdi.
Dağıl,
ay dünya! Özündən üç yaş böyük,
yanıuşaqlı qadın! Bir bu əskik idi.
Səsi çıxmadı nəsə demək istəyəndə. Səsini xeyli
arıtladı, axırda birtəhər, qəhərlə dedi
ki, bəs Cəlil ölüb.
Xəttin o üzündəki qadın yenə
danışmağa başladı. Tanışlıqlarından
danışdı. Deməzsənmiş,
ilk dəfə, o, uşağını bağçaya aparanda
yolu keçərkən Cəlil onu görübmüş.
Görüb valeh olubmuş. O qədər
valeh olubmuş ki, ertəsi gün həmin vaxt yenidən oradan
keçibmiş ki, qadını yenidən görsün.
Növbəti dəfə Cəlil bağçanın
giriş qapısı ağzında dayanıb qadınla
tanışlığa cəhd eləmişdi, bu alınmayanda
onun ardınca düşüb evinin ünvanını öyrənmiş,
tinlərində qarşısını kəsmişdi...
Qadın
hıçqırdı, dedi, bizi ayırmaqçün yalandan
Cəlilin ölduyünü deyirsiniz, Allahdan qorxun,
ayırmayın bizi. Dedi, birinci evliliyim bir səhv idi. Əzabını çəkə-çəkə
yaşayırdım, ikinci səhv mənim həyatımı
bitirəcək.
Deməzsənmiş,
qadın altı il əvvəl valideynlərinin
təhriki ilə istəmədiyi şəxslə ailə həyatı
qurubmuş, ancaq yaşaya bilməyiblərmiş birlikdə. İşləməyən, ata-ana hesabına
yaşayan, üstəlik, bir fərli görkəmi də
olmayan o şəxsin işi-gücü bunu qısqanmaq,
güdmək, telefonunu yoxlamaq imiş. Hətta
məhəllədə onlara aid söz də
çıxarıblarmış ki, meşədə əzgilin
ən yaxşısı çaqqal-çuqqala qismət olar.
Qadın ağlaya-ağlaya söyləyirdi ki, Cəlil
onun hər şeyidir. O, ilk dəfə sevgini, bağlanmağı, aşiq
olmağı, mumtək əriməyi Cəlillə
rastlaşandan sonra görüb. O, Cəlillə nəfəs
alırmış, sən demə. Hətta, Cəlil
nişanını qaytaracağını, onunla birgə
yaşayacağını qərarlaşdıranda belə bunu
qəbul etməmiş, o cür nüfuzlu valideynlərin
ağıllı-kamallı, ali təhsilli
oğullarının özündən üç yaş
böyük, yanıuşaqlı bir gəlinlə ailə həyatı
qurmasının mümkünsüz olduğunu bəyan
etmişdi...
Qadın yalvarırdı, hönkürürdü,
deyirdi, nə olar, ayırmayın bizi.
Deyirdi, Cəlilsiz
yaşaya bilmərəm...
İsti bir qədər də artmışdı, daha
quşlar da susmuş, özlərini haradasa kölgəyə
vermişdilər.
Həmin gün, iyulun on ikisində səhər-səhər
qadın Cəlilə zəng edibmiş. Uşağın
məktəb məsələsini çözməyi ondan
xahiş edibmiş (Sentyabrdan uşağı məktəbə
qoymaq istəyirdi. Noyabrda altı
yaşı olasıymış. Qərara
gec gəlmişdi. Məktəblərə
qəbul vaxtını artıq ötürmüşdü.
Odur ki, Cəlilin köməyi olmadan bu işi həyata
keçirə bilməyəcəkdi). Cəlil
də söz veribmiş ki, köməyimi əsirgəmərəm,
atamla danışaram, deyərəm, bir
tanışımın bacısı uşağını məktəbə
düzəltmək lazımdır, həll edərik.
Qadın zəng eləyəndə Cəlil sükan
arxasında imiş, mikrofonla danışıblarmış.
Cəlil
deyibmiş ki, əlimdə vacib bir işim var, onu həll eləyim,
sabah gəlib sənə dəyəcəyəm.
Səhərisi gün Cəlildən bir xəbər
çıxmayanda qadın zəng edib onun telefonunun
bağlı olduğunu görmüş, bərk narahat
olmuşdu. Növbəti günlərdə Cəlildən nə
xəbər gəldiyini, nə də telefonunun
açıldığını görcək lap dəli
olmuşdu.
Cəlilin
nə ev ünvanını, nə dost-tanışını
tanımadığı üçün, ümumi
tanışlarının olmaması səbəbindən
heç yerdən onun barəsində xəbər tuta bilməmiş,
bütün bu günləri canlı meyit kimi
yaşamışdı.
Qadın yalvarırdı ki, Allaha acıq gedər,
onları ayırmasınlar.
İçində qadına aradabir mərhəmət
hissi oyanır, oğlunu tora salan, onu nişanlısından
ayıran bu əfi ilana olan nifrəti örtürdü. Amma tam olaraq
bilmirdi bu qadını oğlunun ölümünə baiskar
olanlardan birimi adlandırsın, yoxsa oğlunu dünyaya
bağlayan, ona həyat eşqi gətirən birimi hesab eləsin.
Düz bir saart iyirmi dəqiqə
danışmışdılar. Nəhayət, "Cəlil
ölüb" kəlməsini yenidən təkrarladı.
- Həmin
gün, səninlə danışandan bir qədər sonra qəzaya
düşüb, ölüb. Sabah yeddisidir.
Məzarı da Yasamal qəbiristanlığındadır!
İnanmırsansa, özün gedib şahid ola
bilərsən...
Əlibala Məhərrəmzadə
Ədəbiyyat qəzeti.-2018.- 29 sentyabr.- S.15.