Səmərqəndə yağan qar
Vaxtilə, gəncliyimdə sevdiyim bir şairin-Məstan Günərin Sergey Yeseninə həsr elədiyi silsiləni və "Şabadın sətirləri"ni oxumuşdum və ilk duyduğum şey bu silsilələrin şairin yaradıcılığında dərininə bir şaxələnmə olmasıydı. Poetik təfəkkür bütün istiqamətlərə nüfuz edir, harda, ona görə bir tamamlayıcı ştrix varsa, canına hopdurur, baxmayaraq ki, adına tamamlanma dediyimiz proses poetik duyum məmləkətində (sferasında-!) sona varmır və o, buna taleyin hökmüylə məhkumdur. Tamamlanma və "əskik qalma" poetik düşüncənin ifadəsində, tutulub qeydə alınmasında bir-birini ruhun dərin qatlarında rədd edən (birləşmək, qovuşmaq naminə...) kateqoriyalardır. Təsdiq və inkarın... bir-birinin içindən adlayıb keçə bilməsi üçün nəsə, bəlkə yuxuda gördüyün bir nəsnə, yaxud həyatda səni silkələyən, sarsıdan (susduran), ancaq zamanla yaddaşın və ruhun dərinliyində gizlənən bir şey təqlid edilməlidir. Təqlid məsələsi qəfil yada düşdü və mətnə Hölderlinin adını gətirdi. Diqqət edin onun bu kateqoriyanı izah edən mətninə:
İnsanların həyatı nədir?
Tanrının şəkli, surəti, obrazı
Onun səması altında yerdəki
bütün
nə var yol gedir,
onu seyr
edir, ona baxırlar. Və necəsə
bir əlyazmanı
oxuyurmuş kimi
əzəməti və sonsuzluğu təqlid edir insanlar.
Adicə
çılpaq səma
zəngin
ola bilərmi?
Bax bir,
gümüşü buludar,
çiçəklərə bənzədi. Və ordan
tökülür
yağış kimi,
şeh
kimi.
Ancaq
göy rəng silinib getdikdə, sadəcə mavi,
səmanın döşəyi
(bir az da
mərmərə bənzədi) göründü
Həm də
xam filiz,
zənginliyin nişanəsi...
Bəli,
bir əlyazmanı oxuyurmuş kimi yazırsan, yazı aktı,
bədii mətn qurma işi hardasa, yaxşı mənada
ikincili bir hadisədir, ya kadr arxasından gələn səsi
dinləyir, ya da "yuxu" (şairin xəyalı...) səni
elə vurur ki, mətni nəyəsə bənzədib, nəyisə
təqlid edib yazırsan, şübhəsiz, Tanrının sənə
olan eşqini, sevgisini...
Fərid Hüseynin "Ədəbiyyat qəzeti"ndə
çap edilmiş "Səmərqənd "divanı"
da bu qəbildəndir. Daxili "süjet" mütəhərrikdir,
özü-özünü qırıb parçalayır,
sonra qırıqları bir araya gətirir, kompozisiya vahidi olan
üslubi funksionallıq sıçrayışlarla irəliləyir.
Ancaq bu sıçrayışlar daxili
"dramaturji xəttə", "iç-içə
geydirilmiş poetik təhkiyə müstəvisində" həll
edilir və zamanla dərinlərə işləyib orda gizlənir,
görünməz olur. Divan, əslində
eyni zamanda həm monoloq, həm də dialoqdur. Şairin
özüylə, zəmanə ilə, deyə bilmədiklərinin
rahat, hətta qafiyələrlə süslənmiş ifadə etdikləriylə. Nəticədə nə alınır? Bunu izah etmək yox, duymaq olar. Bu
silsilə şairin Səmərqənddə gördüklərinin,
hiss etdiklərinin bütün ömrü boyu
yaşadıqları ilə həm oppozisiyası, həm də
hardasa barışmasıdır, yəni özündən kənara
qoyub tamaşa etməsidir. Silsilə məhz
bu məqamı əks etdirir. Həm də,
qəlbinə səcdə etməsini.
Məsələ heç də Səmərqəndin
Şərqin Roması adlandırılmasında və ya
olmasında deyil. Zamanla toz zərrələrinə dönmüş,
tale, tarix fəzasında itib-batmış insan adları, qədim
tikililərin divarlarlndan sürüşən fəryadlar,
insanların, qundaqdakı tumurcuqların açılmadan
solması... bütün bunlar fatehlərin iş
"inancından" daha dəyərlidir. Olur ki, bəxti daim
gətirən insanlar aldanışlar içində faciələr
törədir və buna qurtuluş kimi baxırlar, heç
zaman üzlərini özlərinə tərəf tutub nəsə
demirlər, yaxud susub qalmırlar və çox güclü
adamlar da elə gücündən yıxılır. Silsilə
bunları demir, təsvir etmir, sadəcə yolüstü
işarə edir.
Beləliklə:
qəribədi, başdan oxuyursan, müəllifin
misralarının cazibəsinə uyub, deyək ki, artıq səndən
uzaqlaşmaqda olan nal səslərini, qılınc zərbələrinin
vahiməsini dinləyirsən, sonra müəllif sənin hisslərini
yazır, yəni bundan öncəki pasajı oxuyanda şəxsən
mənim daldığım yerləri nəfəsiylə doldurur,
həm də qədim bir ahın üstündə. Demək,
burda, mətnin qurulmasında iki şey əsasdı:
canlandırmaq, oxucunu "tora salıb" onun hisslərini
yazmaq, bu mənada, tarixə dolayı ekskurs mənaları bir
neçə mərtəbədən hörülmüş
qat-qat lirik-psixoloji və fəlsəfi şərhlərə
çevrilir. Mətnin içində bir- birinə işarə
edən, itələyərək, danaraq təsdiqləyən
detal və motivlər, həm Xaqaninin metaforik
güzgüsündən görünür, həm də bu qədim
tikililərin, məzar daşlarının, bazar və
meydanların müasir dövrün içindəki
görünüşünü, uçuq yerlərini, eyni
şəkildə qədim metaforaların içində
müasir düşüncənin xarabalıqlarını
nişan verir.
"Uçuq yeri" ifadəsi də öz-özünə
gəldi və mən "Mədain xərabələri"ndə
məlum yeri axtarmalı oldum.
Bax! Dəclə
göpüklənmiş, hər dalğa dodağında
Bir eylə uçuqdur ki, doğmuş ürək
ahından.
Mətnlərarası əlaqə və təmaslar
şairlərin yox, mətnlərin işidir, məsələnin
də ən müəmmalı yeri budur, fikrimizcə.
"Teymurun şahmatı" metaforası və "on
səkkiz metrlik qəbir" metaforası maraqlıdır və
müasir şeirdə modern üslubi vasitələrin
ağılçaşdıran mütəhərrikliyini ifadə
edir. Bizim hisslərimizi, qulağımızı tarixə,
keçmişə dirəyib itən addım səslərini
dinləmək adətimizi təsvirə salmaqdan məqsəd
nədir?
Tarixin adətidir
səssiz yaşamaq,
bizim adətimizdi
itən addım səslərini dinləmək:
qanlı
saraylarda, sağalmayan yaralarda.
Burda söz mənanı ötürmək, onu
bütün bəlirtiləriylə göstərmək
üçün özünün "dilsiz", sükutla
baş-başa qaldığı keçmişinə
qayıdır.
Sağalmayan yara haqqında adətən
"qövr edir" ifadəsini işlədirlər, qövr
edirsə, demək keçmişiylə yaşayır, var
gücüylə keçmişinə, yaranın hələ
yolda olduğu vəziyyətə qayıtmaq istəyir.
Əsl həqiqət burdadı, fateh Teymurun qulağına
pıçıltıyla deyilən sözlər də əslində
ucu zəhərli, neştərli oxlardır: bizim
üçün istila et, şəhərləri
al, var-dövlətlərini üstümüzə tök... Beləliklə şeir mətnində və
yalnız alt qatlarda iki nəsnənin
qarşılaşması, qabarıb-çəkilməsi,
yaxınlaşıb uzaqlaşması mətnin
arxitektonikasını müəyyənləşdirir. Səmərqənd bu mənada həm abad bir yer,
şəhər-movzeley, şəhər-muzeydir, həm də
Mədain xərabələridir. Şahın
qulağına pıçıldayansa Dəclə
çayıdır, əsrlər ötüşmüş,
Xaqaninin kədərlə, ürək ağrısıyla
üz tutduğu çay (yəni, zaman) dəyişmişdir.
İndi o, Əmir Teymurun qılıncla diz
çökdürdüyü məmləkətlərin
içindən axır, qan-yaşla. Zaman (Dəclə
çayı-!) fatehin acıqlı, "iti"
sözünü belə kəsən qılıncıyla ikiyə
bölünmüşdür, bir yanda sular dupduru, digər yanda
lillidir, amma əslində bu mənzərəni bizim gözlərimiz,
yaddaşımız (onun sap kimi qaçmış fraqmentləri)
belə görür, necə ki, göz yaşı təmiz,
şəffaf görünür, içdən qan-sel axır. Tarix bu qan sızan yaralardan parça- parça
olduğuna görə həqiqət də o şəkildə
üzə çıxır. Şeirdə
adı keçən Danyal peyğəmbərin qəbri kimi.
Ölüm hər qarışdadı, ancaq həqiqət
hər qarışda deyil, o qədər uzaqdır ki, bəlkə
də onun ən düzgün sinonimi "yoxdur"
sözü olmalıydı. On səkkiz metrlik, dəfn
edildiyi andan hər il böyüyən cəsədin
tam deyil, hissə-hissə, həm də müəyyən
intervallarda dəfn edilməsi metafora olmaqdan yana, mətnin
kompozisiyasının sütunlarından biridir. Dünyanın
bütün həqiqətləri kəsik-kəsikdir, arada
yalan səhraları, gözə üfürülən qum burulğanları var. Mətnin
arxitektonikasının qurulmasında bir vacib cəhət də
var: Orta əsr tikililəri, bu böyük və o dövr
üçün nəhəng binalarln içindəki
darlıq- sufi hücrələri... Mətndə
misralar, onları dolduran hiss və mənalar geniş şərhlərdən
darlığa- hücrələrə doğru
sıxılır, nəfəsin daralıb genişlənməsi
günü bu gün də edilən bütün
haqsızlıqların həmin o yeganə sağalmayan yaraya dəyir,
toxunur və beləcə dünya kimi yaralanır, istibdad,
insan xəyanəti, düşmənə qıymayıb
dostunu və qardaşını şərləmə... kimi əməllər
davam edir. Metaforanın quruluşunda, qurulma
prinsipindıki bu ştrix - mənaların geniş şərhlərdən
qaçıb darlığa doluşması, əslində, iki
təbəddülat yaradır: Yaradanın iradəsini bildirmək,
buna işarə etmək, bütün mənaların sonda
puç olması anlamına gəlir, digər tərəfdən
isə, yenə də həqiqətlə yalanın elə
bizim yaşadığımız dövrdə və
dünyada da canbirqəlbdə olmasını vurğulayır.
Onlardan, yəni, yalan və həqiqətdən biri öləndə
o biri də can verir, gərəksiz olur... Dünya
iztirab meydanıdır, hər şey məhv edilib
dağıdılmış, tək bircə səhnə
qalmış ki, orda da fateh qılıncının
güzgüsündən göz yaşları axır. Bir də Xəttat.
O, bir az aralıda, həm də, sanki
zaman etibarıyla aralıda dayanıb. O çəkir,
yazır, misralar, sətirlər alnındakı
qırışlara doluşur:
Nə
sülslə,
nə nəstəliqlə,
nə
kufi ilə
yazma mənim
ismimi
dəri
üzərinə, Xəttat,
mən
öz adımı
unudulacağım hər yerə qazmışam.
Diqqətlə
baxsalar görərlər,
məni
bağışlamayanlar
adımı hər lövhədən oxuya bilərlər.
Silsilə mətnində bütün işarələr
keçid, bir-birini xatırlatma, oyatma səciyyəsinə
malikdir. Bu işarələr zahirən Səmərqənd
tikililərinin tarixin içində çökmüş
halını, lap uçduğu, çökdüyü
anı donduraraq verir. Bu məqamlar həm də
bədii mətnin özünün qurulma tərzini göstərir.
Haçansa, hardasa itən izlər sükutun içində
axtarılır, dayanmış nəfəslər
qılınc kimi içimizi doğrayır, bir məqam üzə
çıxır: özün-özünlə tək
qalmadıqca, özün-özünçün
darıxmağı öyrənmədikcə, həyatın
alınmayacaq, sadəcə yarpaq kimi düşüb xəzələ
qarışacaqsan.
Bu əyilən
qapıların arxasında
boyun əydirməyən
adamlar əyləşmədikcə,
bükülən qədlər düzələn,
kəsilən səslər eşidilən deyil...
Şair qəlbində
sözlərin qiyamət günü var...
Vaxtilə
Haydeger Hölderlindən yazanda, onun fərdi mənini izah etmək
istədikdə, qəribədir ki, bu tipli anlayışlara
müraciət etmişdi: " Bəlkə
də onun şeirlərinə verilən istənilən izah zəngin
(kilsə zənginin) üstünə qarın düşməsi
kimidir (M. Heidegger, Approches de Hölderlin, "Avant-Propos",
op. cit., p. 8. və M. Heidegger, Acheminement
vers la parole, "La parole dans l'?l?ment du po?me" trad. fr. J.
Beaufret, Paris, Gallimard, 1976, p. 41) ". Bu izah,
filosofun fikrincə, hansısa konkret verilənə, fakta yox,
ümumən izin axtarılmasına istinad edir. (Yəni, şeir əslində bu dünyada, bu
göy çadırın altında təbərrük kimi itən
nəsnələrin tapılıb bərpa edilməsinə
xidmət edir, ancaq edə bilirmi, məsələ budur. - məqalə müəllifinin qeydi) Həmin izahla
kimsə poeziyanın hissi rəngarəngliyindən və ya
abstrakt ümumiliyindən asılı olmayaraq onun "həqiqətini"
kəşf etdiyini zənn edir. Nəhayətdə həmin
izah "özünü sındırmalıdır" ki,
implisit sintez içində yenidən dərk edilmiş
şeirin "xalis mövcudluğuna" qayıda bilsin. Yəni,
şeirlə, onun poetik mətni ilə diskussiya, müzakirə
hər cəhddə alınan, baş tutan məsələ
deyildir. Özünün axtarışında olmalı,
özün üçün darıxmağı öyrənməsən,
yazdığın hər şey, cızdığın,
çəkdiyin hər xətt görünməyəcək,
sadəcə sözdən və xətdən ibarət olacaq:
Bu dilsiz məzara
-
Bu sakit, qara daşa baxıram.
Şəhadət
gətirə mənə əbədi göylər,
Onun
islandığı yağışların,
Onu isidən
günəşin,
Onu
çətinə salan dumanın dilindən,
Deyin ki,
biz yağan torpaqlara,
Səhralara,
Saraylara gəlmişən,
Deyin ki,
qırmızı kərpicli saraylar,
Deyin ki,
qızıl suyuna çəkilən qılınclar,
Al ipəklər
Bu qara
daşlar önündə
Dayanan həqiqətin
Pərtlikdən
qızarmış yanağıdı,
Deyin ki,
bu lal məzarlar
Qəhrəmanlığın
dodağına
"sus" qoyan şəhadət
barmağıdı.
Həmin
güzgüdə insanlığın bütün tarixi adi
epizodlar şəklində keçir: vurğunun
salındığı məqamlar o qədər xarakterik, o qədər
dəqiqdir ki, onlardan işarə etməklə çəkilmək
ən düzgün yoldur. Çünki hər şeyin belini
qıran, nitqini qurudan bir ali həqiqət
var: Sən keçmişin nəğmələrinin //
üzünü köçürmə Xəttat// bəlkə
də ancaq unudulanlar//həqiqi taleyini yaşayır.
Silsilədə bir mühüm məqam da var. Tarix, onun
içindən, qəlbindən ucalan möhtəşəm
tikililər, bu tikililərin üzərinə qızıl
qatılmış palçıqla suvanmış talelər...
- hər şey böyük bir təcrübədir, gözlərimizin
önündən daim ötüb keçir. Bu nəhəng binaların
harasındasa dodaqdakı uçuq yerinə bənzəyən
ahlar da olsa-olsa artefaktdır, insan hər şeyi öz həyatından
öyrənir, Tarkovskinin dediyi kimi, bir taleni təcrübə
kimi kiməsə nümunə gətirmək
("sırımaq") gərəksiz şeydir, hər bir
insan bizim bilmədiyimiz bir mənaya bağlıdır, yüz
illər boyu saç ağardıb hücrələrdə dərs
al, ordan çıxan kimi (azad olan kimi-...) sənə
bağlı mənanı axtarıb tapmalısan. Ancaq buna imkan
olmur həmişə, bəzən getdiyin yollar da
uçuqlanır... Tapılan şey ölümünü gətirir...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2018.- 29
sentyabr.- S.14.