Böyük Rəşidin yeni
qayıdışı
O, bu millətə
Tanrının müstəsna töhfələrindən idi.
Belə nadirlər haqqında hərdən deyirlər ki,
"Bu cür şəxsiyyətlər 100 ildə, 1000 ildə
bir doğulur".
Doğru
deyil!
Belə
misilsizlər bircə dəfə gəlir dünyaya,
onların tayı, bənzəri daha heç vaxt olmur!
Təsəvvür edə bilirsinizmi ikinci Rəşidi?!
Ona qismən
bənzəyənlər, özünü ona bənzətməyə
can atanlar ola bilər.
Olsun!
Təki elə bənzəmək istəyənlər, təqlid
etmək həvəsinə düşənlər Rəşid
kimi zirvələrə oxşamağa
çalışsınlar. Belə olarsa gec-tez
öz müstəqil cığırlarını da tapacaqlar və
hər halda bəyənilənlərdən olacaqlar. Çünki təməldən zövqləri, səviyyələri
varmış ki, məhz ən üstünə oxşamaq
yolunu tutmuşlar.
Amma Rəşid
ki, heç kəsə bənzəmir!
O, Azərbaycan
musiqisinə gələndə bu tərzdə heç kim oxumurdu. Bu üslubu, bu yolu Azərbaycana
o bağışladı.
İlahi gözəllikdə olan səsinə qovuşan
cazibəli dəst-xəttilə lap ilk addımlarından hər
kəsi valeh etdi.
Təzə xətt, təzə yol adətən əvvəldə
etiraz da doğura bilir, bir qədər çətinliklə qəbul
edilir. Rəşid bu baxımdan da istisnaya çevrildi.
Gəldi və elə ilk qədəmlərindən
birbaşa Azərbaycan insanının ürəyinin dərinliklərinə
irəlilədi, oranı özünə əbədi məskən
elədi.
Məhz əbədi!
Bundan sonra minillər keçsə belə bu xalqın
ruhunu Rəşidsiz təsəvvür etmək
mümkünmü?!
Rəşid Behbudov böyük sənətə gələndə
Azərbaycanın Bülbülü vardı. O nəhənglikdə
ulduzun nur saçdığı məkanda işıq olub
parlamaq, həm də o Zirvəni təkrarlamadan tam fərqli
bir yol seçərək könüllər fatehi olmaq
üçün istedadlı, hətta çox istedadlı
olmaq az idi.
Gərək səs sehrbazı olaydın, gərək
ilahi avaz sahibi olaydın, gərək minləri, onminləri,
yüzminləri bir an içində oxumağınla tilsimləyərək
cazibəndə saxlamaq qüdrətin olaydı.
Allah bu
qabiliyyətlərin hamısını sevimli bəndəsi Rəşidə
əta edibmiş!
Onu və
bizləri xoşbəxt etməkçün Tanrı bu
lütfü göstəribmiş!
Rəşid
Behbudovun bir çox oxuları var ki, dinlədikcə mat
qalırsan, fikirləşirsən ki, bu səs incilərini
doğrudanmı insan övladı belə yaradıb, ya bu
yazılar Göydən gələn ərməğandır,
elə bu cür xəlq olunaraq bizə hansısa savab əməllərimizə
görə bəxşiş göndərilib!
Söz yox, gün gələcək ki,
yaratdığı müstəsna irsə və öz möhtəşəmliyinə
yaraşan abidəsi də yaranacaq.
Və o abidə burada - Bakıda da, Qarabağda -
Şuşada da ucalacaq.
Bir
çoxları deyir ki, qurucusu olduğu Mahnı
Teatrının qarşısındakı heykəli də, Fəxri
Xiyabandakı qəbirüstü abidəsi də əsl,
tanıdığımız Rəşid deyil, onun
obrazını dəqiqliyi ilə göstərə bilmir.
Mübahisə etmirəm. Baxışlar,
yanaşmalar fərqlidir. Amma bir həqiqət
də unudulmasın ki, Rəşid kimi nəhənglərin
abidəsini yaratmaq son dərəcə çətindir.
Bu səs, bu ad özü artıq abidədir.
Və Rəşid
bu millətin ruhuna o qədər qarışıb ki, Rəşidi
canlı görənlər bir yana, hətta
onu yalnız oxularından tanıyanların da hər birinin
içərisində öz Rəşidi var.
Hərənin bir cür gördüyü və təsəvvür
etdiyi şəxsiyyəti hamının qəbul edəcəyi
bir şəkildə canlandıraraq millətə təqdim edəcək
heykəltəraş da elə Rəşid qədər
böyük olmalıdır.
Rəşid Behbudov dünənin, indinin və gələcəyin
elə fövqəladə gözəllik yaradıcılarındandır
ki, artıq rəmzə çevrilib.
Milli rəmz olmaq ucalığına qalxanlarasa, minnətdar
yurddaşlar tərəfindən layiq olduqları abidələr
gec-tez hökmən yapılır.
Lakin artıq ucalmaqda olan və gələcəkdə
dikəldiləcək Rəşid abidələrinin
milyonlarcasını Azərbaycan insanı ürəyində
lap çoxdan bərqərar edib.
Bizə yadigar qoyub getdiyi hər səs incisi
özlüyündə ayrıca abidə olan Rəşid
Behbudovun möhtəşəm heykəli Tarixin Bağrında
XX yüzilin ortalarından var və həmin abidə Rəşid
sağ olduqca da var olacaq.
Bunca
sevimli bir səs dünyası doğurmuş Rəşidin
sağlığı, diriliyi isə millətimizin, dilimizin
ömrü qədər olacaq!
Təəccüblənirəm - niyə bu qədər məşhur
ola-ola, bunca sevildiyi halda indiyə qədər Rəşid
Behbudov haqqında Azərbaycanda onun əzəmətinə
yaraşan kitab yazılmayıb, bədii film çəkilməyib.
Rəşid Behbudov haqqında Elmira Abbasovanın 1965-ci
ildə rusca nəşr olunmuş, hələ məktəbli
ikən oxuduğum portret- kitabdan savayı indiyədək onun
ömür və sənət yolunu bütün
ayrıntıları ilə əks etdirəcək sanballı əsər
ortada deyilsə, əlbəttə, bu, kəsirimizdir.
Fotoları
toplanmış, səsi yazılmış, müasir poliqrafik
imkanlardan istifadə ilə gözəl tərtibatda
buraxılmış ayrı-ayrı albomlar və həm həvəskarların,
həm də peşəkarların Rəşid Behbudov barədə
çoxsaylı məqalələri son illərdə
işıq üzü görsə də, hələ ki, bu
zirvə sənətkarımızı insanlarımıza bir qədər
də yaxın edə biləcək, onun daxili
dünyasını yetərincə açacaq mötəbər
əsərlərin intizarındaydıq.
Bu mənada dəyərli qələm adamı,
ömrünün 60 ilinə yaxın əsas
parçasını jurnalistikamıza, publisistikamıza
bağışlamış Fazil Rəhmanzadənin Rəşid
Behbudov haqda əsərinin əhəmiyyəti çox
böyükdür.
Kitabın nəşrindən öncə əlyazmasını
vərəqləyəndə və gələcəkdə səhifələrini
bəzəyəcək fotoları seyr edəndə nəzərlərim
məni riqqətləndirən bir şəkildə
dayandı.
Gənc Fazil Rəhmanzadə Rəşid Behbudovun
qonağıdır, üstü müxtəlif
kağızlarla, sənədlərlə, kitablarla dolu masa və
masa arxasında Rəşid Behbudov.
Zahirən, nə qədər tarixi olsa belə, hər
halda adi fotodur.
Amma niyə məndə bunca xiffətli duyğular, həyəcan
oyada bilir?
Çünki həmin fotoya baxdıqca istər-istəməz
1977-1978-ci illəri, unudulmaz müğənni ilə elə həmin
fotonun çəkildiyi məkanda, o məşhur Kukla
Teatrındakı görüşlərimizi xatırlayıram.
O zamanlar
Rəşid Behbudov Mahnı Teatrını yaratmışdısa
da, ətrafına topladığı istedadlı kollektivlə
tez-tez Azərbaycan boyu konsertlər verirdisə də,
dünyanın müxtəlif ölkələrinə
vaxtaşırı qastrol səfərlərinə yola
düşürdüsə də, hələ arzusunda
olduğu münasib sabit məkanları yox idi.
Təmirə
ciddi ehtiyacı olan, damı qəzalı, hər
yağış səpəndə neçə yerdən daman bu nimdaş binada isə Rəşid
Behbudov o illərdə evindəki saatlardan da çox vaxt
keçirirdi.
Xatirimdədir, elə həmin binada, yuxarı qatda balaca
kabinetindəki iri masanın arxasındakı növbəti
görüşlərimizdən birində Rəşid müəllimi
çox pərişan gördüm.
Növbəti dəfə yağış
yağmışdı, masanın üstündəki bəzi sənədləri,
yazıları və bir neçə kaseti
korlamışdı.
"Rəşidin
gününü görürsən də" - demişdi!
Və bu sözlər indi yadıma düşürkən
məni daxilən ağrıdır.
Dahiyanə sənəti ilə güc timsalı olan bir
yaradıcının namünasib şərait
qarşısında öz gücsüzlüyünü belə
fağırcasına ifadə etməsi ürək incidirdi.
Rəşid Behbudovu sevənlərin arasında unudulmaz
Heydər Əliyevin xüsusi yeri var. Rəşid Behbudovun
sağlığında da, artıq həyatda
olmadığı çağlarda da bu nadir siyasət və
dövlətçilik nəhəngi diqqət və
qayğılarını ondan heç vaxt əsirgəmədi.
Elə Mahnı Teatrına indi Rəşid Behbudovun
adını daşıyan küçədəki binanın
ayrılmasını və orada əsaslı təmirə
başlanması qərarını da vaxtilə Heydər
Əliyev vermişdi.
Heyiflər ki, ömür vəfa etmədi, tale həmin
binada ürəyi istəyən kimi fəaliyyət göstərmək
imkanını ondan əsirgədi.
Yadıma düşür o Kukla Teatrının
binasında 1978-ci ilin aprelində Rəşidin, atası - XX
yüzilin əvvəllərinin məşhur Azərbaycan xanəndəsi
Məcid Behbudov haqda xatirələrini lentə almağım.
Əvvəlcə danışmışdı. Söylədikləri
əsasında mətn düzəltmişdim.
O
dövrdə Azərbaycan televiziya və radiosunda qayda belə
idi ki, efirdə səslənəcək mətnlər öncədən
baxılır, təsdiq edilirdi. Və adətən
çıxışçılar da mətni kağızdan,
üzündən oxuyardılar.
Baxmayaraq ki, yazdığım sözbəsöz elə
ustadın dedikləri idi, qayıtmışdı ki, qoy bir
neçə gün qalsın, oxuyum, mənimsəyim, sonra
yazaq.
Bir neçə gün sonra ağır studiya səsyazanını
çiynimə alıb gəlmişdim, yenə
razılaşmamışdı. "Yox, hələ
hazır deyil, qoy bir az da cilalayım".
Və mənə bir müsahibəni yazanacan xeyli əziyyət
versə də, bir neçə dəfə aparıb-gətirtsə
də, bu gedişatda yaxın məsafədən
müşahidə edərək ona şahid kəsilmişdim
ki, həqiqətən Rəşid haqqında eşitdiklərim
tam düz imiş.
Əvvələn,
onun iş üslubu ilə birbaşa müşahidələrimlə
tanış olmuşdum.
İkincisi də, eşitmişdim ki, o, ifa edəcəyi
hər əsər üzərində günlər nədir, həftələrlə,
bəzən aylarla işləyir, axtarışlar aparır.
Gözümlə
görüb yəqin etmişdim ki, adicə bir radio
çıxışına belə məsuliyyətlə
yanaşırsa, ifa edəcəyi musiqi əsərinə
neçə qat artıq diqqətlə, daha ciddiyyətlə
yanaşacağına da şübhə ola bilməz!
Onunla illər boyu yaxınlaşdıqca, ünsiyyətlərimiz
artdıqca bu nadir sənətkarın özünə
qarşı da, yetirmələrinə, həmkarlarına
münasibətdə də nə qədər tələbkar,
hətta amansızca tələbkar olduğuna şahid kəsildim.
Allahın bəxş etdiyi istedad öz yerində, ancaq Rəşid
kimi fədakarlıq göstərməyəndə həmişə
yaşayacaq inciləri yaratmaq mümkün olmur.
Bu bir köhnəlməz yaradıcılıq
düsturudur ki, həmişə təkrar-təkrar isbatına
ehtiyac var.
Rəşid
Behbudovdan yadigar qalmış səs abidələrini dinlədikcə
həmişə hərdəfəki kimi sonsuz zövq ala-ala,
heyran qala-qala onu da düşünürəm ki, bu incilərin
bu gözəlliyə, bu kamilliyə çatması
üçün gör vaxtında Rəşid Behbudov nə qədər
saatlar itirib, nə qədər əməklər sərf edib.
Fazil Rəhmanzadə xoşbəxt adamdır.
Xoşbəxtdir
ki, qismət onu lap cavankən 1960-cı illərin mətbuat həyatında
ən sevilən və bol oxuculu olan "Bakı" axşam
qəzetinə gətirib, az sonra etimad
göstərərək onu ədəbiyyat və incəsənət
şöbəsinə müdir təyin ediblər.
Başlayıb canlı klassiklərlə mütəmadi
təmaslarda olmağa.
Ömründə
Fikrət Əmirovun, Rəsul Rzanın, Niyazinin, Əfrasiyab və
Şəmsi Bədəlbəylilərin, Rəşid
Behbudovun, Firəngiz Əhmədovanın, Müslüm
Maqomayevin, Lütfiyar İmanovun və neçə-neçə
başqa zirvəmizin işığı qalmaqdan böyük
nə səadət ola bilər!
Fazil Rəhmanzadə vaxtilə bu sənətçilərin
hər biri ilə, o sıradan elə Rəşid Behbudovla da dəfə-dəfə
görüşüb, müsahibələr alıb, yazılar
hazırlayıb.
Və aradan bu qədər vaxt ötəndən, o qiymətli
Vətən balaları artıq tarixin bir parçasına
çevriləndən sonra onlara yenidən qayıtmaq,
onları bu millətə təzədən qaytarmaq, yeni nəsillərə
təzədən tanıtmaq zəruriyyəti də
yaranır.
Və zəhmətkeş,
yorulmaz yazarımız Fazil sağ olsun ki, illərdir bu vəfa
borcuna sədaqətlə əməl edir.
Ömründən keçən böyüklərimizi
sanballı kitablarda bir daha əbədiləşdirir.
Və növbə SSRİ xalq artisti Rəşid Behbudova
yetişib.
Bədəlbəylilərin,
Lütfiyar İmanovun, Tahir Salahovun, Müslüm Maqomayevin,
Ələsgər Ələkbərovun və bir çox digərlərinin
ardınca indi Rəşid Behbudovun dünyası bizə Fazil
Rəhmanzadənin qələmi ilə yenidən canlanır.
Fazil Rəhmanzadənin Rəşid Behbudov haqda
yazılarının bir vacib özəlliyi ondan ibarətdir
ki, bu, yalnız bir araşdırma deyil.
Rəşid haqqında, inanıram ki, yaxın və uzaq
sabahlarda da yeni-yeni kitablar yazılacaq. Lakin Fazil Rəhmanzadənin
yazdığı onların hamısından seçiləcək.
Axı, Fazil həm də şahiddir.
O, əfsanəvi
sənətkarla dönə-dönə görüşüb,
Rəşid Behbudovu bir yay gecəsinin sakitliyində, bağ
mövsümündə, dostların toplaşdığı
mehriban məclisdə nəfəsini duyacaq qədər
yaxından izləyib, lentlərdə, yazılarda qalmayan, elə
həmin axşamın içərisində əriyib itən
şirin, təkrarsız Rəşid avazında heç
birimizin dinləmədiyimiz "Sənsiz"i eşidib.
Onillərin
müşahidələri, kitabxanalarda, arxivlərdə
aparılan tədqiqatlar, onların üstünə gələn
xatirələr Rəşid Behbudov ömrünə ayna tutan
bu yeni kitabı yaradıb və səhifə-səhifə çevirdikcə,
mütaliə etdikcə həm əziz sənətkarımızı
bir az da yaxından tanıyırıq və həm də elə
bil onun tanış oxuları
bizə yeni cilvədə təzədən qayıdır.
Rəşidsə, mədəni gerçəkliyimizin, mənəviyyat
tariximizin elə sonacan kəşf edilməmiş qitəsidir
ki, gərək ona Fazil kimi etibarlı bələdçilərin
yolgöstərənliyi ilə mütəmadi səyahətə
çıxaq.
Rəşid
Behbudovun az adamın eşitdiyi, rusca lent yazısı
qalmış bir nəğməsi var. "İki sahil"
adlı bu mahnı Cənubi Azərbaycandakı azadlıq hərəkatına, 1
illik məsud ömründən sonra 1946-cı ildə
devrilmiş Milli Hökumətimizin və Seyid Cəfər
Pişəvəri başda olmaqla cənublu
qardaşlarımızın düyünlü taleyinə həsr
edilmişdi.
Araz, Araz,
Araz, sən ey daşqın çay.
Yurda sərhəd
olmaq sənin qismətin.
İranın
kəndləri, yanmış düzənlər,
Sənə yükləyibdir qara həsrətin.
Doğma
balaların Azərbaycanın
Ayırıb Arazın dərdli çəpəri.
Kəsib
soydaşların bəxt yollarını,
Axıb gedən çayın əyri xəncəri.
Araz, Araz!
Çəkdin hər müsibəti,
Göz yaşı çayısan söylədi ellər.
...Yenə
Azərbaycan yaz təravəti
Yazın
saflığıyla dolub sərasər.
Bura
başdan-başa gül içindədir,
Amma donub qalıb çay üstdə bahar.
Sərhədi aşması mümkün deyildir.
İngilis əsgərlər orda durublar.
Orda
çörək yoxdur, nəğmə oxunmur,
Tozlu cığırlardan fəqirlər keçir.
Qardaş,
əziz qardaş, biz ki bir canıq,
Silah
qaldırmazsan sən mənə əsla!
Dünya
qopsa belə düşmən olmarıq,
Unutmasın
bunu yanki ağa da!
Gün gələcək
sənə bahar güləcək
Kəsə bilməz heç kəs yaz gələn yolu.
Araz boyu
açar yenə gül-çiçək
Qovuşar sahillər könül dolusu.
Araz,
sözüm sadə, inanıram mən
Səadət çayına dönəcəksən sən.
Fazilin kitabının hər səhifəsi insanı
xatirələr dünyasına çəkib aparır və həmin
xatirələrin cazibəsi sövq etdi ki, arxivimdən bu
şeiri axtarıb tapım.
Bu, Rəşid Behbudovun həmin "İki sahil"
mahnısının ruscadan bədii tərcüməsidir. Hələ
bir ayrıca ekvoritmik tərcümə də etmişdim.
Bunu o vaxt Rəşid müəllim xahiş etmişdi.
1970-ci illərin sonları idi. Onda Cənubi Azərbaycan
mövzusu da, bu qəbil mahnılar da senzura qadağası
altında idi. Amma Rəşid müəllim
ümid edirdi ki, haçansa bu mahnının sözlərini
cüzi dəyişərək mütləq Azərbaycan dilində
də oxumalıdır.
Nə acı ki, bu da onun gerçəkləşməyəcək
niyyətlərindən, arzularından biri oldu.
Fazil Rəhmanzadənin kitabının bir gücü də
belə xatirələri diriltməsi, yada salmasıdır.
İnanıram ki, bir zamanlar Rəşidi
görmüşlər, onu tanımış, onunla təmasda
olmuşlar da bu kitabı vərəqlədikcə Rəşid
ömrünün neçə maraqlı anı ilə
bağlı epizodları yada salacaqlar.
Kaş ya
özləri qələmə ala, ya da onların hər birinin
yanında Fazil kimi mötəbər qələm sahibi ola ki, bu Rəşidli anları tarixləşdirə!
Fazil Rıhmanzadənin sənət salnaməçisi
olaraq millətimiz və mədəniyyətimiz
qarşısında xidmətləri çoxdur. Bu kitabı ilə
vətənpərvər qələm dostumuz həmin silsiləni
bir qədər də zənginləşdirir.
Rəşid müəllimin bir zarafatı yadıma
düşür.
Söyləyirdi ki, bizlərdən çox yazın, elə
o yazılarla siz də yaşayacaqsınız.
Düz demirdimi məgər?!
Əbədi ömürlülərin ömründən
onları sevənlərə də hökmən bir nur dilimi,
bir sovqat yetir.
Rəşidin Azərbaycan insanı ilə həmişəlik
yol yoldaşı olan bahar ruhlu, yaşarı sənətindən
bəhs edən bu kitabının Fazil Rəhmanzadəyə ən
dəyərli mükafatı elə odur ki, Rəşidsevənlərin
məhəbbətindən bundan sonra daim ona da pay düşəcək.
Rafael Hüseynov
Ədəbiyyat qəzeti.- 2018.- 29
sentyabr.- S.12-13.