Hərarət normadan
yuxarıdı...
Yazı
masamdakı əlyazmanın adı "Göy üzündə
səs"di.
Qorki uşaq vaxtı göy guruldayanda bərk qorxar, şimşək çaxmağıyla cəhənnəm qapılarının taybatay açıldığını zənn edərmiş...
Göy üzündəki səsdən mən indi də hövllənirəm.
Avdı Qoşqarın səsi göydən çox, obadan, eldən, evdən, öz diliylə desək, öydən gələn səsdi.
Mən onun heç zaman şeir oxuduğunu görmədim!
Avdı ürəyində yazır, ürəyində oxuyur şeiri...
"Tuneldən çıxan qatara baxan ibtidai insan" qədər sadəlövhdü Avdı.
Təbəssümünü sağa-sola səpir, hesabısa təkcə içəri vermir, hərdən pul xərcləməyi də var.
Oxuduğum əlyazma Avdı Qoşqarın fotoalbomudu əslində.
Qələm dostları onun şəklini çəkib.
Şəkillərin hamısı ağ-qaradı.
Kitabdakı şeirlərsə Avdının selfisidi.
Avdı öz şəklini ancaq şeirlə çəkə bilərdi və çəkib də.
İnanmıram ki, haçansa telefonun kamerasını özünə tuşlamış olsun.
Onun Amerikadan
reportajı ayrı aləmdi.
Tipik kənd adamı və ABŞ!
Heyrəti çoxdan yadırğamış
"yeni dünya",
"köhnə dünya"
ilə üz-üzə
gəlib.
Avdı amerikalının heç
nəyə təəccüblənməməyinə
təəccüblənir.
Nizaminin ölüm tarixini oxuyanda kövrələn Avdı Qoşqarın göz yaşının yaşı okeanın suyundan yaşlıdı.
Azərbaycan Televiziyası onun "Yurd yeri"di.
Neçə illərdi, dayanmadan veriliş çəkir.
Bu verilişlərin reytinqi mübahisə mövzusu ola bilər,
amma təəssübü
yox.
Avdı verilişlə bərabər
(və daha çox!) işinin, ölkəsinin, sözün
təəssübünü çəkir.
Mən onun çəkdiyi verilişə
yox, çəkdiyi təəssübə baxıram.
Bu təəssüb indi təkcə Amerikada deyil, elə öz yurd yerimizdə
də təəccüb
doğurası qədər
aşırıdı.
Avdı Qoşqarın kamerasının
bir ayağı Natəvan klubundadı.
Yubiley, kitab təqdimatı... onun obyektivindən efirə yol alır.
Avdı bir kərə də öz tədbirini lentə almamışdı.
Altmış yaşında iş
yoldaşları bu ənənəni pozdular.
Hamını çəkən adamın
ilk dəfə özünü
çəkdilər.
Amma Avdı
öz yubileyində də şeir oxumadı.
Sadəcə, susdu və yubileyinə
gələn adamlara heyrətlə baxdı.
Sanki heç kəsi gözləmirmiş kimi...
Avdı fasilələrlə şeir
yazır, amma yazanda fasilə vermir.
Bir şeirə
bir yol qələm
çəkir.
Mətni bənd-bənd qurmur, birnəfəsə yazır,
sonra köksünü
ötürüb gedir
gündəlik qayğılarının
dalınca.
Termometri
hansı şeirinin üstünə qoysan, hərarət 36,6-nı keçəcək.
Hərarət demişkən, Avdının
maşınından yayda
da palto, papaq əskik olmaz.
Pivəni
az qala
qaynadıb içir.
Avdı soyuqdan üşənən
adamdı.
Tərs kimi də qarşıdan
ömrün sazağı
gəlir.
Ümid şeirlərinin hərarətinədi.
Yaşayarıq, görərik...
5 sentyabr 2018-ci il
Qulu AĞSƏS
Ədəbiyyat qəzeti.- 2018.- 29 sentyabr.- S.7.