Naməlum
qadın...
Professor Elçin İsgəndərzadənin
"Günəşin elçisi" esse-monoqrafiyasına
ön söz
Əzizim
Elçin!
Mən
bilən, Nurəngiz Günün 80 illiyinə həsr etdiyin
"Günəşin elçisi" esse-monoqrafiyanı birnəfəsə
yazmısan, çünki mən də birnəfəsə
oxudum, bu qənaətə gəldim.
Nurəngiz
Günlə ilk tanışlığımızı heç
cür xatırlaya bilmirəm, buna ehtiyac da olmayıb. Ancaq onu
dəqiq bilirəm ki, təxminən əlli il bundan qabaq onunla
tanış olanda mənə elə gəldi ki, mən bu
qızı lap çoxdan tanıyıram.
Sənin
də qeyd etdiyin kimi, Nurəngiz ailənin ilki olub, sevgi, diqqət,
qayğı əhatəsində böyüyüb, ona
heç vaxt "yox" deyilməyib. Belə götürəndə
Allah da ondan heç nə əsirgəməmiş, ona
"yox" deməmişdi, bəndə nə karəydi
ki.... gözəllik, gözəllik dolusu səmimiyyət, səmimiyyət
dolusu həssaslıq, həssaslıq dolusu sevgi, sevgi dolusu ədalət... ədalət dolusu
çoxlu-çoxlu əbədiyaşar əsərlər, nələr,
nələr...
Hər
yerindən duran bəndə belə mühitə
düşmür, bu cür yaşamır. Belə mühitdə
boya-başa çatmaq üçün Allahin şəxsi
razılığı - rəsmi dərkənarı
olmalıdır. Və belə mühitdə böyüyən
adamın içində sevgi tüğyan eləyir, onun
içi sevgi ilə dolur, sevgi gözlərindən
tökülür... töküldüyü yerdən
damcı-damcı bənövşələr
çıxır...
Bizim Nurəngiz
Gün də o yerin adamıdı...
Düzü,
xanım-xatınlığı ilə göz oxşayan Nurəngiz
haqqında lap çoxdan fikirləşib bu qərara gəlmişdim
ki, belə bir qənirsiz gözəli yaradıb dünyaya gətirmək
təkcə iki nəfərin - ata ilə ananın işi deyil
və bura üçüncü tərəfin müdaxiləsi
çox vacibdi: Sevginin! Mən Nurəngizin valideynlərini
görməsəm də inanıram ki, onlar bir-birini Nurəngiz
həyatı sevdiyi qədər seviblər - yoxsa
ortalığa belə nadir bir "məhsul"
çıxarmaq qeyri-mümkün olardı...
Valideynlərinin
qəbri nurnan dolsun - baxmayaraq ki, o dünyada
işığa-filana heç bir ehtiyac yoxdu - elə sevginin də
qəbri... təəssüflər olsun ki...
Sevgi
adamın içində lövbər salıb uzun müddət
qalmamalı, ətrafındakı canlılar arasında, ana
südü halallığı ilə dədə malı kimi
bölünməli, parçalanmalıdır; əks halda adam
çatlaya bilər. Ətrafa ötürülməyən,
insanın içində daimi sakinə çevrilən sevgi, ən
yaxşı halda, adamın öz əllərilə öz
içinə basdırdığı mina kimi bir şeydir.
Bizim Nurəngiz də sevginin bu xasiyyətini duyduğuna
görə, ancaq özünəməxsus olan pak, şəffaf,
ilıq sevgisini dörd tərəfinə - insanlara, övlada,
valideynlərə, dostlara, ağaclara, günəşə, səmaya,
göyərçinə, pişiyə - bir sözlə
gözünə görünənlərin hamısına ana
südü halallığı ilə dədə malı kimi
ötürürdü. Bax, bu yerdə bizim Nurəngiz
ildırımötürənə də oxşayırdı,
yox, oxşamırdı, elə ildırımötürən
idi - çünki ildırım sevginin xislətindədi, səni
elə vurar ki, tüstülənə-tüstülənə
qalarsan...
Bizim Nurəngiz
isə tüstüləməyi sevmir...
Baxmayaraq
ki, deyirlər yanan yerdən tüstü çıxar. Düz
deyiblər, böyük həqiqətdi. Ancaq bu böyük həqiqətin
Nurəngiz Günə heç bir dəxli yoxdu: "yanan yerdən
tüstü çıxar". Bizim Nurəngiz də bəşəriyyətin
"yanan yeri"ndən biridi, əlli ildən çox
tanıdığım müddətdə onu həmişə
yanan görsəm də, tüstülənən görməmişəm
- bu gün də yanır, ancaq tüstülənmir...
Nurəgiz
həmişə qürurludu; ona görə də harda, necə,
nə üçün yandığını hamıdan gizlədib,
istəməyib heç kəs onun halına yansın - ona
görə də yananda heç vaxt tüstülənməyib,
axı, tüstülənən tonqal gendən
çağırar...
O,
poeziyasında da, həyatında da beləcə yanıb,
yanıb... ancaq yanıq yeri qalmayıb.
O, poeziyasında
da, həyatında da beləcə yanıb, yanıb... ancaq
yerində külü qalmayıb.
Yanıq
yeri də, kül də o vaxt qalır ki, yanıb qurtarasan -
Nurəngiz Gün hələ yanır...
Əzizim
Elçin İsgəndərzadə!
Nurəngiz
Günə həsr etdiyin esse - monoqrafiyada yazırsan: "Məşhur
rus rəssamı İvan Kramskoyun dünyaca tanınan bir əsəri
var, "Naməlum qadın!. O əsər niyəsə mənə
Nurəngiz Günü xatırladır həmişə. Bəlkə
də heç bənzəyiş yoxdu, amma mənim zənnimdə
hətta o əsərin adı da Nurəngiz Gündü.
Tretyakov
qalereyasında olarkən o "Naməlum qadın" rəsminin
qarşısında xeyli dayandım və içimdə onunla
söhbət etdim.
...Qalereyada
doğma adamımı görürmüş kimi xeyli sevindim,
kövrəldim, imkanım olsaydı rəsmin boynuna da
sarılardım..."
Sənin
hisslərin başa düşülən olduğuna görə
birbaşa qəbul edilir. Mən sənin ordakı vəziyyətini
bütün çılpaqlığı ilə
gördüm, elə sərrast gördüm ki, hətta o vəziyyətində
sənin yanında olub səni tək qoymaq istəmədim.
Buna görə sənə eşq olsun. Ancaq məsələ
burasındadır ki, mən də Tretyakov qalereyasında o
"Naməlum qadın"la görüşdüm,
tanış olduq. Oxşar hisslər mənim də içimdə
şimşək kimi bir an çaxdı, "Naməlum
qadın"ı məlum Nurəngiz Günə
oxşatdım. Sən deyən kimi mənə də elə gəldi
ki, rəssam bizim Nurəngizi çəkib, ancaq onun dünyaya
bəs edəcək sevgisini verə bilməyib. Hətta onu da
fikirləşdim ki, rəssam naturadan Nurəngizi çəkib,
ancaq ürəyində başqasını tutub; buna o qədər
inandım ki, ürəyimdə İvan Kramskoyu elə onun
öz dilində, öz təbirincə, onlarda ən məşhur
olan söyüşlə söyüb qalereyadan
çıxdım...
Ancaq Nurəngizin
bundan xəbəri olmadı, xəbəri olsaydı
qanadlanıb uçacaqdı, uça-uça gedib haqqın
qapısını açacaqdı, oturacaqdı qapının
ağzında ki, hər gədə-güdə bu qapıdan
içəri girməsin...
Yeri gəlmişkən,
Nurəngiz Gün yer üzündə bugünkü naməlum
qadınlar bolluğunda ən məlumu və məlum
qadınlar bolluğunda ən naməlumudur - əlbəttə,
söhbət mənim tanıdığım bizim Nurəngizdən
gedirsə...
Nurəngizi
bir az valideynləri, bir az Jalə, bir az Elçin İsgəndərzadə,
bir az tamaşaçılar, bir az oxucular, kimlər, kimlər
və bir az da Seyran Səxavət tanıdı. Ancaq
bunların hamısını üst-üstə gəlsən
bu da bir azdı, azdı, az onu tanımaq üçün...
Əzizim
Nurəngiz!
Mən bu
yazını Səni dünyalar qədər sevən
Elçin İsgəndərzadənin sənə həsr
etdiyi esse-monoqrafiyadan çox təsirlənərək
yazdım. Elçin İsgəndərzadənin səsi
dünyanın hər yerindən gəlir, mən Bakıda
oturub o səsi çox aydın eşidirəm. Təkcə
"Sol" şeiri bəsdi ki, o ədəbiyyat tariximizdəki
yerini özəlləşdirsin. Məhz belə bir qələm
sahibinin sətirlərindən sənə dair süzülən
İlahi Sevgi, bu sətirlərin üzərində sənin üçün
ucaldılan Söz Abidəsi mənim boynuma böyük minnət
qoydu; axı, sən mənim çox sevdiyimsən...
Əzizim
Nurəngiz!
Yəqin
ki, bu yazımı oxuyacaqsan. Xahiş edirəm zəng elə,
fikrini de...
Öpürəm, qaqaşın Seyran Səxavət.
Seyran Səxavət
Ədəbiyyat qəzeti.- 2018.- 29
sentyabr.- S.11.