Əksəriyyəti üç il öncə əsgərlikdə yazılan bu şeirləri, bir müddət əvvəl heç vaxt çap etdirməməyə qərar versəm , indi bu qərarımdan vaz keçmiş durumdayam bunun əsas səbəbi o mətləbi anlamağımdır ki, hər hansı şairin öz yaradıcılığı boyunca yazdığı bütün şeirlər istər-istəməz onun ilham xronologiyasını ya poetik bioqrafiyasını təşkil eləyən nəsnəyə çevrilir. Bu nəsnələrin gizlədilməsi, təkcə həmin bioqrafiyanın aydın şəkildə görünməsinə mane olmur, həm şairin daha sonra yazacağı şeirlərini doğru duyulmaqdan məhrum edir. Məsələn, mənə elə gəlir ki, Vaqif Bayatlının 1986-ci ildə çapdan çıxmış "Unudulacaq bütün sevdalar" adlı kitabındakı bəzi sadə sıradan şeirlər olmasaydı, elə həmin kitabda yer alan müasir Azərbaycan poeziyasının ən gözəl nümunələri arasında anılmağa layiq olan şeirlər misralar oxucu tərəfindən asanlıqla hiss edilməzdi. Yəni o sadə sıradan şeirlər şairin ruhuyla tanış olmaqda oxucuya yardım göstərir, şairin düşdüyü ab-havaya girmək üçün oxucunu yavaş-yavaş buna hazırlayır sən yavaş-yavaş yüksəlməkdə olan dalğanı hiss edə-edə, məsələn,

 

"...Çaylar axtardığı dənizə axmır,

Buludlar üzdüyü torpağa yağmır,

Küləklər gəzdiyi yarpağa əsmir."

 

- misralarına gəlib çıxdığın zaman artıq bütün duyğularınla o çayları, o buludları, o küləkləri hiss edirsən; şairin bu misraları yazarkən bulunduğu o sehirli dünyaya sən daxil ola bilirsən. Amma bu şeiri ondan əvvəlki bəzi sadə sıradan şeirlərin müşayiəti olmadan təkcənə oxuyan oxucunun aldığı effekt, mənim fikrimcə, eyni olmur. (Bu sadə sıradan şeirlərin daşıdığı funksiya kimi bir şeirin daxilindəki ilkin misralar da bəzən daha sonra gələcək misralara zəmin hazırlayır. Bu ilkin misraların sayəsində isə, həmin kitabda yer alan "Qış sevdası" adlı başqa bir şeirin kulminasiyasını daha dərindən duya bilirsən:

 

"...O üzdə, bu üzdə qonşu oğlanlar

Qartopu çırpırlar qızın belinə,

Yupyumru, çılçılpaq ayaqlarına.

Çırpırlar dünyanın bu get-gəlinə,

Çırpırlar taleyin saydıqlarına.")

Orxan Vəlinin bəzi sadə sıradan şeirlərini oxumayan oxucu birdən-birə:

"Bekliyorum,

Öyle bir havada gel ki,

Vazgeçmek mümkün olmasın."

ya

"İmkansız şey şiir yazmak,

aşıksan eğer,

ve yazmamak

aylardan Nisansa"

şeirlərinə rast gəldikdə, heç vaxt birinci şeirdəki "bəkləyişi", ikinci şeirdəki "aprel təsvirini" hiss edə bilməz.

Füzulinin "Leyli Məcnun"unda Məcnunun atasının ölümünü təsvir edən fəsli oxumayan oxucu, sonra birdən-birə, sanki milyon insanın taleyini bir şərab qədəhinə sığışdırırmış kimi, milyon ömrün qəmini ikicə misraya sığışdıran şairin məharətini çətin ki, duymuş olsun:

 

"Saqi, meyi-laləfam yoxmu?

Dözmən bu xumarə, cam yoxmu?"

Yaxud ən azı bir neçə qəzəlini oxumadan, Füzulinin, deyək ki:

"Güllər açıldı, Füzuli, yaxalar çak edibən,

Gəl tutalım meyi-məhbub ilə səhra ətəyin"

kimi çox da dərin obrazlar işlənməmiş, amma yenə möhtəşəm olan misralarından ya,

 

"Ey Füzuli, qəddimiz qıldı fələk xəm, yəni,

Vəqtdir çıxmağa dünya qapısından, əyilin."

beytindən zövq almaq olmaz. bu səbəbdəndir ki, indi bu yazını oxuyan oxucu, məqalənin lap əvvəlindən bəri qeyd etdiyim şeir misraları qarşısında mənimlə eyni heyrəti paylaşmır.

Seyid Əzimin qəzəllərini bütövlükdə oxumadıqda onu, Füzulinin, məsələn:

"Ey olub sultan, deyən dünyadə

                        məndən qeyri yox,

Sən səni bir cüğd (bayquş) bil,

                        dünyanı bir viranə tut"

misralarındakı bayquş viranə bənzətməsindən yararlanıb, bu bənzətməni öz

"Zahidü məscid təmənnasın çox etmə, ey könül,

Zahidi bir cüğd bil, həm məscidi viranə tut."

misralarına köçürən bir şair kimi tanıya bilərik. Bütövlükdə oxuduqda isə yarının qara saçlarını öz sinəsinə töküb, bu mənzərəni qara parçaya bürünmüş Kəbəyə bənzədən Seyid Əzimin bu kimi çox özünəməxsusluqlarını görərik:

 

"Siyəh zülfü töküb üstümə yatan dəmlər,

Bəsani-Kəbə siyəhpuş olduğum gecələr."

 

Bütün bunları nəzərə alaraq, bir vaxtlar çap etdirməyəcəyimə qərar verdiyim bu şeirləri indi çap etdirməkdən o qədər çəkinmirəm. Çünki əks halda, bu şeirləri, bəlkə, gələcəkdə yazılacaq daha yaxşı şeirlərdən qoparmış ola bilərəm. Yuxarıdakı şeir nümunələrindən sonra aşağıda yer alan şeirlərin "aşağılığının" daha da nəzərəçarpan görünəcəyini isə o nümunələri yazmazdan öncə bilirdim.

 

Təvəkgül Boysunar

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 sentyabr.- S.6.