Eşq və kədər yağmuru...
Məsud Əlioğlu-90
Maqnitofon lentində Məsud Əlioğlunun səsi eşidilir. Ürpənərək bu səsi dinləyir və bilirəm ki, 1969-cu ilin o əlçatmaz 10 oktyabr günündə mən də onun yanındayam. Altı yaşım var. Vüqarlı
duruşuna, şahanə
qamətinə baxıram,
yəqin ki, həm də heyrətlə, təəccüblə
baxıram. Cazibədar səsini
və bu duru, şaqraq səslə söylədiyi
sözlərini dinləyirəm.
Hüseyn Cavidin, Əli bəy Hüseynzadənin, Hadinin adlarını və onların şeirlərini ilk dəfə o gün, Məsud Əlioğlunun dilindən eşitdim və həmin sözlər - "Arkadaşlar,
şu parlayan günəşin, / feyzi birdir cahanda hər kəs için", yaxud, "Ucundadır dilimin həqiqətin böyüyü,
nə qoydular deyəlim, nə kəsdilər dilimi", yaxud, "Mən solmalıyam, taki açılsın da baharım, / Mən ölmədən əvvəl
vətənim oldu məzarım..." - altı
yaşımdan etibarən
beləcə yaddaşıma
sancılıb qaldı.
Ancaq Məsud Əlioğlu həmin şeirləri söyləyərkən
daha nələr deyib - o sözləri mən indi lent yazısındakı səsin
hesabına bilirəm.
1969-cu ildir. Təfəkkürün azad
uçuşuna baxın:
"Ürək yandığı,
beyin qandığı,
insan inandığı,
eşq cağlandığı
anda gözəldir... Mən istəyirəm bu ziyarətgahın ən böyük şəxsiyyəti Əli
bəy Hüseynzadənin
şeirindən ayrılaq
burdan… İnsan ziyarətgah yaradan
olsa, onu Salyanda da yaradar,
Qarabağda da yaradar. Ziyarətgah yaratmaq duğusunu Allah bizi yox eləməmək
məqsədi ilə qoyub qəlbimizə ki, onu da
ayrı-ayrı adamlar
saxlayır…" Demək
ki, əsas olan, "ziyarətgah yaratmaq duyğusu"ymuş…
Əsas olan hali-vətəni anlamaqmış...
Yazdıqları bir yana, hətta
Məsud Əlioğlunun
dalğalı və sanki qeybdən gəlirmiş kimi eşidilən səsində
Cavid barədə söhbətlər dinləmək
bütün ömrü
boyu adamı Cavidlə ruh simsarı edərmiş. Məsələn, məni,
hələ oxuyub-yazmağı
bilmədiyim həmin
o altı yaşımdaykən,
Cavidə, Əli bəy Hüseynzadəyə
və Məhəmməd
Hadiyə bağlayan
ilk səbəb Məsud
Əlioğlunun vəsf
etdiyi "həyatın
ruhu olan ümid", "şu parlayan günəş"
və bir də "Hali-Vətən"
oldu...
İmamverdi Əbilov, Bəxtiyar Vahabzadə, Məsud Əlioğlu, Xudu Məmmədov. 11 oktyabr
1969. Neftçala
Onda Məsud
Əlioğlunun qırx
bir, mənim isə altı yaşım vardı. İndi mən
əbədiyyən qırx
dörd yaşında
qalacaq Məsud Əlioğludan on bir yaş böyüyəm.
Və "Ədəbiyyat
qəzeti"ndəki iş
otağımın divarından
yanaşı asdığım
fotoşəkillərdən - Hüseyn Cavidin, Əli bəy Hüseynzadənin və Məhəmməd Hadinin rəsmlərindən ətrafa
dalğalanan sükutun
qoynunda Məsud Əlioğlu barədə
yazıram.
Azərbaycanda ədəbiyyat senzoru, fikir yasaqları dövründə şifahi
söhbətlər şəklində
izhar olunmuş gizli bir ədəbiyyat
mərhələsi də
mövcud olub. Məsələn, mən bilirəm ki, Şəhriyarın adını Azərbaycanda
fikir dövriyyəsinə
qatanların ən fədakarı Məsud Əlioğludur. İndi
atamdan mənə qalan əmanətlər içində "Heydərbabaya
salam"ın Məsud
Əlioğlunun oxusundan
keçib göy qələmlə redaktə
olunmuş nadir nüsxəsi
də var...
Azərbaycanda kağıza yazılmamış,
kitablara ötürülməmiş
nə qədər ədəbi mətnlər
var. Bu mənada maqnitofon
lentinin yaddaşına
dalıb, Məsud Əlioğluya məxsus kədərli bir mətnə rast gəlmək gözlənilməz
deyil. Məsələn,
belə bir mətnə:
"Tale insana cəza
verəndə də, nəşə verəndə
də, zövq verəndə də, səadət verəndə
də onu cəzalandırır. Lakin ən böyük cəzanı, Allah onda insana verir ki,
dostları bir-birinə
verir: görün kim kimi,
kim kimdən nə qədər çox sevəcək, kim kimə nə
qədər sadiq olacaqdır? Bu özü
də Allah tərəfindən
verilmiş cəzadır.
Məhəbbət cəzası!
Məcnun da bu cəzanı çəkib, Fərhad da! Biz xoşbəxtik ki,
bu gün də məhəbbət cəzasına mübtəlayıq.
Necə ki, eşq tanrımız, şeir tanrımız deyib: "Ya Rəbb... Bəlayi-eşqdən etmə cüda
məni". Mən
deyirəm, deyəcəyəm,
nə qədər nəfəsim var deyəcəyəm, nəfəsim
çıxandan sonra da deyəcəm: yaşasın bizim qardaşlıq, dostluq təriqətindən əmələ
gələn vəhdət
məhəbbəti!"
Miqyaslı yaradıcılığı, çırpınan
ağrısı, davamlı
iztirabı və işıqlı, ahəngdar
üslubu ilə sanki fikir həyatımızın
qeybinə çəkilmiş
Məsud Əlioğlunun
aşıb-daşan, firavan
səsini qeybin sədası kimi dinləyirəm. Taleyə, bəlayi-eşqə, cəfaya, cəzaya, vəhdət təriqətinə
doğru baş alıb gedən o səsin sahibində ruhani bir hal
vardı ki, Məsud Əlioğlu həmin halın həm zahidiydi, həm də rindi. O, həm "Leyli və Məcnun"
poemasını əzbər
bilirdi, həm də "Koroğlu" operasını. Söhbət zamanı "Koroğlu"
operasından Çənlibel
xorunu necə "sitat" gətirməsinin
şahidiyəm. Maqnitofon lenti
də buna şahidlik edir.
Məsud Əlioğlunun Cavidə münasibətinin cazibədar
çevrəsində dərvişanə
bir hal cərəyan
edirdi. O, "Şeyx Sənan"ı "Şeyx
Sənan"ın, "İblis"i
"İblis"in, "Topal
Teymur"u "Topal Teymur"un, "Peyğəmbər"i
"Peyğəmbər"in personajlarından biri kimi, yəni sanki bu əsərlərin
içindən çıxıb
gəlmiş biri kimi təhlil edirdi. Və o da çox dəyərlidir ki,
1956-cı ildən - bəraətdən
sonra Azərbaycan ədəbiyatşünaslığının
Cavid irsinə yönəlməsi Məsud
Əilioğlunun "Məhəbbətin
qüdrəti" məqaləsi
ilə başlanırdı.
Düşündüklərini yazan, yazmadıqlarını
danışan Məsud
Əlioğlu Azərbaycan
filologiyasında enerji
axınını hərəkətə
gətirir, ədəbiyyatın
ruhunda böyük təfəkkürün ehya
tapmasını, diri qalmasını təmin edirdi. Yazılarından, kitablarından
bildiyim Məsud Əlioğlu realist ədəbiyyatda
atalar və oğullar problemini araşdırırdı, məslək
qardaşları adlandırdığı
Mirzə Cəlili və Sabiri, Dədə Qorqud və Koroğlunu, Mirzə Fətəli və Üzeyir Hacıbəylini tədqiq
edirdi. Lent yazısından
anlaşılan isə
bir də bu: o, həm Hz. Əlinin, həm də Sartrın heyranıymış...
Füzulinin divardan asılmış araxçınlı şəkli
önündə dayanıb
ona "eşq tanrısı" deyə
təzim edən Məsud Əlioğlu Füzulinin "səsdən
sözə, sözdən
fikrə və əqidəyə çevrilən,
mənəvi həyatın
bütün zənginliyini
fəth edən ruhu"ndan yazırdı. 1960-cı illərin
ədəbi mühitindənki
dissident ovqat barədə
kifayət qədər
aydın təsəvvür
yaradan "Füzulinin
kədəri" essesi,
sadəcə, bir ədəbiyyatşünaslıq yazısı deyil, həm də "bir ədəbiyyat filosofu"nun (Nizami Cəfərov) cəmiyyət
və şəxsiyyət
barədə fəlsəfi
düşüncələrdən doğulmuş iztirablarının
izharıydı: "Fərdin
azadlığı yoxdursa,
cəmiyyətin azadlığı
ağlasığmazdır… Şəxsiyyətin fikrən və
ruhən ucalması, özünəlayiq ehtiram
qazanması naminə azadlıq zərurətdir.
Bu zərurət uydurma
qanunlar, süni ehkamlar…tərəfindən
rədd edildikdə mənəvi böhranın
və ruhi sıxıntının ən
şiddətli halı
- kədər yaranır…"
Bu böyük kədər Füzulinin, əslində
isə əsarətdə
olan millətimizin kədəriydi və
1960-cı illərdə cavan
bir ədəbiyyat alimi onu izhar
edir, qurtuluş yolunu isə belə nişan
verirdi: "Şəxsiyyət
o halda kamilləşə
bilər ki, insana zidd və
təbiətə əks
qüvvələri ağlın
və qəlbin sakin olduğu bütün sahələrdən
çıxara bilsin. Yaşamağa o şəxsiyyətlər
layiqdirlər ki, dövrana qarşı müxalifdirlər və donuq, ölgün ehkamlara müti deyillər…"
Məsud Əlioğlu Azərbaycan
ədəbiyyatşünaslığının
qumsallığına eşq
və kədər yağmuru kimi yağdı.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2018.- 29
sentyabr.- S.9.