“Mikayıl
Müşfiq Azərbaycan ədəbiyyatının
inkişafına sanballı töhfələr
verib”
Sentyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilən elmi sessiya keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Mikayıl Müşfiqin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoyub, nakam şairin xatirəsini hörmətlə anıblar.
Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb. İ.Həbibbəyli deyib: “Mikayıl Müşfiq XX əsrdə yaranan və inkişaf etməkdə olan poeziyanın qüdrətli nümayəndələrindən biridir. O, qısa ömründə Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib”.
Qeyd olunub ki, Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələr yaradıb. Bu nümunələr Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.
Sonra Ədəbiyyat İnstitutu əməkdaşlarının “Milli poetik sistemin təkamülündə Mikayıl Müşfiqin rolu”, “Milli azadlıq carçısı Mikayıl Müşfiq”, “Müşfiq poeziyasında uşaq dünyası”, “Səməd Vurğun və Mikayıl Müşfiq”, “Mikayıl Müşfiqin poema yaradıcılığı” mövzularında məruzələri dinlənilib.
Ədəbiyyatşünas alimlər görkəmli
poeziya ustasının ədəbiyyatımızda
tutduğu mövqedən,
lirikasının səciyyəvi cəhətlərindən
söhbət açıblar. Vurğulanıb ki,
Müşfiqin yaratdığı solmaz sənət inciləri yaddaşlara
əbədi həkk olunub. Onun
yaşlı nəsillə yanaşı, gənclər
arasında da dillər əzbəri olan şeirləri poeziya xəzinəsinin
inciləri sırasındadır.
Ədəbiyyat qəzeti.- 2018.- 29
sentyabr.- S.5.