Akademik İsa Həbibbəyli:
Məsud
Əlioğlu universal
ədəbiyyatşünaslıq
təfəkkürünə
malik görkəmli alim olub
Sentyabrın 25-də
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda
görkəmli ədəbiyyatşünas-alim, tənqidçi
Məsud Əlioğlunun anadan
olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-ictimai fikrinin inkişafında M.Əlioğlunun müstəsna xidmətlərindən danışıb. Akademik İ.Həbibbəyli deyib ki, M.Əlioğlu universal ədəbiyyatşünaslıq təfəkkürünə malik görkəmli alim olub.
Bildirilib ki, M.Əlioğlunun iyirmi beş illik yaradıcılığı ərzində “Şamo” romanı haqqında”, “Cəlil Məmmədquluzadənin dramaturgiyası”, “Mirzə İbrahimovun dramaturgiyası”, “S.S.Axundovun həyat və yaradıcılığı”, “Osman Sarıvəlli”, “Rəsul Rza”, “Məfkurə dostları”, “Ədəbiyyatda yeni insan”, “Məslək qardaşları”, “Tənqidçinin düşüncələri” kitabları, onlarla məqaləsi nəşr olunub. Vəfatından sonra “Hüseyn Cavidin romantizmi”, “Məhəbbət və qəhrəmanlıq”, “Amal və sənət”, “Ədəbi fraqmentlər” və ikicildlik “Darıxan adamlar” kitabları çapdan çıxıb. Onun klassik ədəbiyyat barədəki şərhlərinin böyük hissəsi XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına aiddir. “Hüseyn Cavidin romantizmi” monoqrafiyası təkcə M.Əlioğlunun deyil, ümumən Azərbaycan ədəbiyyatşünaslığının ən mükəmməl əsərlərindəndir. İ.Həbibbəyli vurğulayıb ki, bu əsər Azərbaycan romantizminin ideya əsaslarının öyrənilməsi üçün çox dəyərli elmi mənbədir.
Sonra institutun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlının “Tənqidçi istedadı və zaman” mövzusunda məruzəsi dinlənilib. O, M.Əlioğlunun ədəbi-tarixi yaddaşı müasirlik müstəvisində qiymətləndirdiyi kimi, çağdaş ədəbi prosesdəki yenilikləri də böyük həssaslıqla duyduğunu və cəsarətlə müdafiə etdiyini deyib: “M.Əlioğlu ruhuna yaxın olmayan, onun həyat haqqında qənaətlərinə uyuşmayan müəlliflərdən və əsrlərdən yazmazdı”.
İnstitutun ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, təhsil şöbəsinin əməkdaşı, kiçik elmi işçi Nurlanə Məmmədova ədəbiyyatşünas-alimin yaradıcılığının müxtəlif aspektlərindən bəhs ediblər.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli alimin XX əsrin 40-cı illərinin sonlarından 70-ci illərin əvvəllərinədək davam edən yaradıcılıq axtarışlarının bir neçə fundamental istiqaməti əhatə etməklə sonrakı illərin araşdırmalarına, ümumən milli ədəbi-nəzəri təfəkkürün tərəqqisinə əhəmiyyətli təsir göstərdiyi vurğulayıb.
Sonda M.Əlioğlunun qızı, Azərbaycan Tərcümə Mərkəzi İdarə Heyətinin sədri, nasir-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud atasının xatirəsinə göstərilən yüksək ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edib.
Ədəbiyyat qəzeti.- 2018.- 29 sentyabr.- S.27.