Lal
Hekayə
Qatar vağzaldan çıxanda
uşaq stəkanı
döşəməyə vurub
qırdı. Anası uşağın başını
sığallayıb, "Belə
eləmə", - dedi. Uşaq anasının nə
dediyini anlamadı.
Ana da çox
dərinə getmədi.
Uşağın yaşı çox
olsa da, dil açmamışdı.
Baxışları da laldı.
Qatar qaranlıq tunelə girəndə uşaq ağladı.
Səsi iniltiyə də oxşayırdı, yalvarışa
da. Qatar işığa çıxana
qədər uşaq beləcə inildədi.
Uşağın xəstə olduğunu
anlamış sərnişinlər
bir-bir başqa vaqonlara keçdilər.
Gözlərini yumub oturacağa
yayxanmış kürən
oğlandan savayı vaqonda heç kəs qalmadı. Beləcə
bir neçə iskələni keçdilər.
Qatar Keşləyə çatanda
ana mürgüləyən
oğlanın qoluna toxunub: "Beş dəqiqəlik uşağa
baxa bilməzsən?"
- soruşdu. Oğlan əsnəyə-əsnəyə:
"Baxaram" - dedi.
Ana ayağa qalxanda
gözü oğlanın
yaşından böyük
görünən əllərinə
sataşdı. Oğlan
əllərini irəli
uzadıb: "Mənim
deyil, atamındı"
- dedi.
Ana zarafatı baxışıyla
dəyərləndirib siqaret
çəkmək üçün
tambura çıxdı. Uşaq gözlərini
oğlandan çəkmirdi.
Sinəsi körük kimi
xırıldaya-xırıldaya gülürdü. Oğlan içinə
hopan bu gülüşdən nədənsə
utandı. Uşağın
gülüşü ovqatını
dəyişirdi, qanını qaraldırdı.
Anası
geri dönənə qədər uşaq gözlərini oğlandan
çəkmədi. Baxışlar oğlana daş kimi dəyirdi; böyrünü-başını əzirdi.
Ananın səsi xırıldayırdı.
"Kimdən belə
küsmüsən?"
Oğlan gözləmədiyi sualdan
çaşdı. Dinməyib, başını
aşağı saldı.
Ana əliylə oğlanın
başını yuxarı
qaldırıb: "Onda
mən neynim?" - soruşdu.
Onlar qatardan birlikdə endilər. Oğlan uşağı
evə qədər qucağında gətirdi.
Evdə onlar ananın çaldığı pianoya
qulaq asıb peçenye yedilər.
Uşaq tez yatdı. Ana uşağı qucağına alıb yataq otağına keçdi. Oğlan ananın olduqca
gözəl olduğunu
ancaq uşaq yatandan sonra gördü. Uşaq yuxulayan
kimi ana yuxudan ayıldı. Divana oturub ayaqlarını altına yığdı.
Oğlandan: "Sevdiyin
qız-zad var?" - soruşdu. Oğlan
səsi əsə-əsə,
yalandan: "Əlbəttə,
var" - pıçıldadı.
Ana oğlanın yalan danışdığını anlayıb: "İçində
mahnı necə? - soruşdu.
- Oğlan: "Xeyr, mahnı yoxdur" - dedi.
Uşaq yuxudan oyanmasın deyə, ana pıçıltıyla nəğmə
oxuyurdu. Onun da gözlərində
uşağın gözlərində
olan o tüstülü
qaranlıqdan nəsə
vardı.
Sonra gecə düşdü...
Səhər erkən oyanmış uşaq anasının ayaqlarını ovxalayırdı. Və sevgi
dolu gözləri ilə anasını qucaqlayıb yatmış kürən oğlana baxırdı. Oğlan gözlərini
uşağın səsinə
açdı. İllərdir danışa bilməyən
uşaq qəribə səslər çıxara-çıxara
nəsə demək istəyirdi. Gözlərinin şəkli, xırıltılı
nəfəsi, əllərinin
əsəbi yeni söz yaradırdı.
Uşaq əl-qoluyla nəsə danışa-danışa çarpayını
silkələyirdi. Tərpəntidən gözlərini açıb
heyrətlə Allahdan
dil istəyən uşağına baxan ananın gözləri yaşarmışdı. O, uşağını bircə
gecədə dilləndirmiş
oğlana göydən
enmiş mələk kimi baxırdı.
Sonra ana süfrə hazırladı.
Onlar səhər
yeməyi yeyəndə
ana oğlandan çarpayıda axşam hansı tərəfdə
yatmaq istədiyini soruşdu.
Oğlan:
"Fərq etməz.
Təki sənin yanında olsun", - dedi.
Və bunu deyəndən sonra anladı ki, illərdir içindəki
boşluq da uşaq kimi dil açıb. Dünənindən üşənən oğlan
çevrilib qorxa-qorxa
uşağa baxdı.
Uşağın gözlərində
elə bir işıq vardı ki, bu işığın
kölgəsi altında
bütöv bir ömrü yaşamaq
olardı...
Orxan FİKRƏTOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 13
yanvar.- S.3.