Baxmayaraq ki, "Yazmaq da bir
növ ibadətdir" (Kafka). Amma buna rəğmən,
poeziya din deyil. Ona görə də burda bütləri
sındırmaq asandır. Önəmli
olan şairin kahinliyidir. "Şair
bütün duyğuları uzun müddət idrakla
qarışdıraraq, sistemsizləşdirərək kahinləşir"
(Artur Rembo). Tonqalların yerində gülüstan deyil,
güllük deyil, küllük yaranacaqsa, bütləri
sındırmağın nə mənası?
Çağdaş Azərbaycan şeirində sözləri, rəngləri,
hətta bir-birinə zidd sözləri və rəngləri,
antonimləri çılpaqcasına üryan edib sevişdirən,
"eşqi bir-birini tamamlayan iki uyğun rəngi "evləndirərək"
(Van Qoq) ifadə edən gənc kahinlər niyə yoxdur? Nə üçün gənclərimizin
"dünyanı yaradan və idarə edən xəyal gücü"
(Bodler) yoxdur?
Yeni, üst şeir bəkləntimiz
gənclərdən ikən, budur, 81 yaşlı Musa Yaqub
dekabrın son günündə yazdığı "Sən
mənimləsən" adlı şeirini bizə göndərdi.
Əsən mehin doğurduğu mistik bir
qımıltı Musa Yaquba çağımızın ən
gözəl və ən gözlənilən şeirini
yazdırıb. Tərəddüdsüz, kimin necə
qarşılayacağından asılı olmayaraq deyirəm:
sevgi, həsrət, nisgil, hicran duyğularının belə
ruhsal şeirləşməsi Azərbaycan poeziyasında
Yenidir. Öz xəyal gücünün yaratdığı asimanda qanad gərib uçan
Musa Yaqub çağdaş dünya şeirinin səviyyəsindən
də üstün ən gözəl sevgi şeirlərindən
birini 81 yaşında yazdı. "Kahin olmaq,
kahinləşmək gərəkdir" deyən Rembonu
düşündüm. "Sən mənimləsən"
- Musa Yaqubun kahinliyidir.
Azər Turan
Sən mənimləsən...
Nə
yaxşı bilmisən xəstə halımı
Həqiqət eylədin xoş xəyalımı.
Sənin
nəfəsindir, sənin əllərin
Oxşayır
ruhumu, ovur alnımı-
Kövrəltdi
əlimi isti yaşların...
Var ol, bu
istəyə, təmasa görə,
Mənimçin
Allaha yalvarışların,
Nə
deyim bu nəzir-niyaza görə?..
Mən
indi bildim ki, sən mənimləsən...
Nə
şirin nağıldı, necə xoş xəyal,
Sehrli uyğudu, uyğuya uydum.
Diksindi, titrədi, soyudu könlüm.
Sədaqət
istədim,
Yel
aldı məni,
Leylək
yuvasında uyudu könlüm -
Mən onda bildim ki, sən mənimləsən.
Kəklik
balaları fərələndilər,
Anaları baxıb fərəhləndilər.
Birdən
qanadlanıb həvəsə gəldi,
Balalar həm
daşdan-daşa uçanda,
Gördüm
yuva tikən bir qaranquşu,
Könlüm
bu quşlarla uçdu yanaşı,
Payız
durnaları qoşa uçanda,
Mən
onda bildim ki, sən mənimləsən...
Bu mehr
küləyi yerinə düşdü,
Çəmənlər məhəbbət sehrinə
düşdü.
Meh vurdu,
çiçəklər gəldi baş-başa,
Nə
yaxşı aralar aradan gedir,
Quşqonmaz tikanı sıradan gedir.
Damcılar
süzülür üstdən aşağı,
Boynu
ağırlaşan bənövşələr də
Özcə yarpağına baş qoyub yatar.
Hərə
həmdəmini tapır deyəsən
Daşqapan
tayını qapır deyəsən-
Başının altına daş qoyub yatar-..
Mən
onda görmüşəm kövrələn daşı...
Onda xatirələr
durur yanaşı,
Mən
onda bildim ki, sən mənimləsən...
İsaq-Musaq
quşu nəsə axtarır,
Düşüb
bir doğmaca səsə axtarır
Quş
dili bilənlər ruh dili bilir,
Süleyman
quş dili bilən vaxtları,
Nifrətin,
pisliyin ölən vaxtları,
Güllərin
baş-başa gələn vaxtları,
Bax, onda bilirəm sən mənimləsən.
Qəzəblər
yox olub savaş bitəndə,
Haqqın
ətəyinə əlim yetəndə,
Boynu
ağırlaşan o bənövşələr
gəlir yanıma,
Eşqi həmişələr
gəlir yanıma
Mən onda bilirəm sən yanımdasan.
İnsafla
işləsə elçi daşları,
Mərhəmət
könlümə cavab yazanda,
Mələklər
çiynimdə savab yazanda,
Yığılar
başıma qəm yoldaşlarım,
Ümidlər,
işıqlar gələr yanıma,
Bütün
yaxşılıqlar gələr yanıma-
Onda bilirəm ki, sən yanımdasan.
Şahdağı
yanında Sənəm yaylağı,
Nə Sənəm qocalar, nə də Şahdağı.
Şah
qalar əbədi, Sənəm də qalar,
Mən onda qalaram, o məndə qalar.
Yanında
ailələr düşərgə salar,
Dağdakı
lalələr gələr yanıma,
Eşqi piyalələr gələr yanıma.
Mən onda bilərəm sən mənimləsən.
Sən ey
mavi göylər,
Səmavi
göylər!
Görəsən göylərin qəfəsi varmı?
Görəsən ruhların nəfəsi varmı?
Üfüqdən-üfüqə
uça bilirsə,
Durna qatarında nizam qalacaq.
Bizi o qatara yazan qalacaq.
Qalacaq, məhəbbət
təzə qalacaq!
Sədaqət
rəmzidir,
Bir
yaşam tərzi,
Leylək
yuvaları,
Haqq tərəzisi,
Bir
gözündə mənəm,
Bir
gözündə sən,
Yer
üzündə mənəm,
Göy üzündə sən.
Göyün
azadlığı saxlayar bizi,
Yerin tarazlığı saxlayar bizi.
Qalarıq
yer ilə göy arasında,
Gedərik
ələnmiş ələklər ilə,
Gələrik qanadlı mələklər ilə.
Deməli
əbədi sən mənimləsən...
31 dekabr,
2017
Bakı-Buynuz
Məhəbbətin davamı
Unudulub
çapdan qalmış bir şeirim
Mən sənin
könlündə ölən sevgini
Bir qəfil sehr ilə dirildəcəyəm.
Bu eşqə
qayıdıb,
Onu
ayıldıb
Sızlar ürəyini kiridəcəyəm.
Üstünü
qar basmış tənha əkinin
Yaşılı yenə də haçalanacaq.
Bu nakam
sevginin, ölən sevginin
Külü sovrulacaq, qoru yanacaq.
Bu eşqə
təzədən söz verəcəyik,
Ona baxışmağa göz verəcəyik.
Bir də
diksinəcək o toxum, o dən,
Ağacın gül olmaz, güllərin həşəm.
Qul tək
ayağına düşüb yenidən
Səni şah taxtına qaldıracağam.
Tapıldı
o cığır, bitdi o yoxuş,
Yanar üfüqümüz qızıl dan kimi.
Dünyanı
dolaşan bala qaranquş
Köhnə
yuvasına qayıdan kimi
Səni bu baharla göyərdəcəyəm.
Sonra
şirin-şirin həsrətlər ilə,
Təzə
görüşlərə həsədlər ilə
Yenidən sinəni göynədəcəyəm.
Arı
beçəsini çöldən qaytarıb
Təzədən
pətəyə öyrədən kimi
Səni bu sevgiyə öyrədəcəyəm.
Sonra bu
sevgini qırıq saz kimi
Bir sarı sim üstə söylədəcəyəm.
"Xaqaniyə salamlar"
silsiləsindən
Giriş
1
Babadağdan
gələn çaylar,
Əl-ayağın soyuqdumu?
Belə
aşıb-daşmaqların
Tanrıdan bir buyruqdumu?
Alapaça
qaça-qaça
Gəlib
səndən keçən vaxtı,
Su
payını içən vaxtı
Səs-səmirdən duyuqdumu?
Ayağını
daşlar əzən,
Ağzı
qara bala cüyür
Suda qoyub
başmağını,
Süzgəc
edib yaşmağını
Burnuna su
dolan vaxtı
Yenə ayıq-sayıqdımı?
Çaydaçapan
çapıb gedər,
Öz
ovunu tapıb gedər,
Hörgüləri
hörgüləyən
Dırnaqları qıyıqdımı?
Sel
suları artdı gəldi,
Sahilləri dartdı gəldi.
Nohurlanıb
su ləngidən
Selintilər,
çiləkənlər
Ağacdımı, qayıqdımı?
2
Babadağdan
gələn çaylar
Hər dərmanın suyundadır.
Dərinlərin
at belində,
Dayazın quş boyundadır.
Bulaqların
bir parası
Qımıldanır
ot arısı.
Bir
bulağın nur aynası
İlahinin qoynundadır.
Köhnə
marxal donub durub,
Daşını sel yonub durub.
Şehotları
donub durub,
İncisi gül boynundadır.
Füzulinin
nəfəsindən
Köynəkləri dolub durub.
Gölməçələr
məclis qurub
Hübabı bərk oyundadır.
Ağ
suları gümüşlənir,
Qara suyu dəmir dadır.
3
Babadağdan
gələn çaylar,
Peşnu sənin qolundumu?
Gah bir
olur, gah
ayrılır,
Bu yol sənin yolundumu? -
Sağlandılar-sollandılar,
Başaşağı yollandılar.
Daşlar
selə sinə gərir,
Elə
bil ki, nər oynadır,
Novda sular
cuşa gəlir,
Dəyirmanda pər oynadır.
Dəyirmanlar
qoşa-qoşa,
Suyu gəlir daşa-daşa.
***
- Nə
deyim, nə yaradım:
Gah
özümü qınadım
Gül üstündə
qanadım
Bir kəpənək
gücündə -
Ah, bu
dövran, bu dövran
Keçmək
olmur yanından,
Girib dəyirmanından
Çıxdım başqa biçimdə.
Hava duman,
yol uzaq,
Gecə uzun, gün yasaq.
Mən
bir asi yalquzaq,
Qurd ulayır içimdə.
"Bənzəyir kündə
ayağımda
dəyirman
daşına,
Qanlı
göz yaşımla işlər
bu dəyirmanım
mənim".
Dəyirmanlar
qoşa-qoşa,
Suyu gəlir
daşa-daşa...
Vələsində
qara suda
dəyirmanın
işlər ikən
Dəyirmanda
dən növbəsi
bəlkə
də min beşlər ikən
Tişək
daşlar
Quru dəni
əzib-vurub
dişlər ikən.
Birdən-birə
şindan
gəlib dolan vaxtı,
Çiləkənlər
dar
boğazda qalan vaxtı
çax-çax
haray salan vaxtı
Onda bildim
ey Xaqani,
bu dəyirman
səninkidi.
İşləyir
söz dəyirmanı,
çərxi-dövran
səninkidi.
"Mədhiyyə"də
xaqan üçün
De,
işlət bu dəyirmanı,
"Həbsiyyə"də
dövran üçün
De, işlət bu dəyirmanı.
Könlün
haqqın sorağında
Kündələrin ayağında.
Yaltaqlar
kef-damağında,
Sən işlət bu dəyirmanı.
Ömür
keçdi, yaş qalmadı,
Bir tişəkli daş qalmadı.
Gözlərində
yaş qalmadı,
Sən işlət bu dəyirmanı.
Sərt
illərin yaxasından,
Əsrlərin
arxasından
Durub gəlib
heç
dəyirman işlətməyin vaxtı deyil.
Bu
Süleyman taxtı deyil,
Deməzlərmi
şairimiz
təzə
bir imana gedir?
İnsan
kosmosdan qayıdır,
şair
dəyirmana gedir.
Bəs sənin
söz dəyirmanın -
O
hansı ümmana gedir?
Çay
sellənib bənddən çıxıb,
İlan
cızdan, xətdən çıxıb
İnsan
itaətdən çıxıb
Hərəsi
bir yana gedir.
Kəsilibdir
gəl-getləri,
Yox vəzifə
biletləri,
Yanında
qəssab itləri
Yalmana-yalmana gedir.
Var kef
yeri, xərac yeri,
Şum birinin əlac yeri.
Min əkənin
qazanc yeri
Yığılıb xırmana gedir.
Gedişləri
saxla görüm,
Günümüzə
ağla görüm... -
Saxla,
saxla dəyirmanı, sən Allah!
Sıxır
məni dağ dumanı, sən Allah
Sənsən
yenə söz sarvanı, sən Allah
Nə
olsun ki, müdriklər var, Quran var,
Eh, hələ
də qırdıran var, qıran var...
Yer
üzünün Süleymanı neyləsin,
Xaqaninin dəyirmanı
neyləsin?..
Bir saatlıq şeir
Dünya, məndən nə istərsən?
Hesabla bir borcum hanı?
Yerdə
yerim, göydə havam,
Ulduz içrə bürcüm hanı?
Çox incilər
itirmişəm,
Ömrü başa yetirmişəm.
Şələ
verdin, götürmüşəm,
Aparmağa gücüm hanı?
Mən
dünyanı eşq bilmişəm,
Yaşamağı məşq bilmişəm.
Bir oxuyub beş bilmişəm,
Sınaq üçün üçüm hanı?
Tanrım,
uzat ətəyini,
Bir az azalt kötəyini.
Daha bundan
betərini
Götürməyə ölçüm hanı?
Dayan
soltan! Dayan başqan!
Yol
görmürəm gözüm yaş-qan,
İçim
başqa, çölüm başqa,
Sözdə ölçü-biçim hanı?
Ocaq yerim
körük yerim,
Otlanıbdı örük yerim.
Bütün
meşə kötük yerim,
Köç edirəm köçüm hanı?
Torpağı
çox aldatmışam,
Sünbül yoxsa biçin hanı?
Həm
üzülüm, həm süzülüm,
Titrəyirəm zülüm-zülüm.
Arxamcadır,
gəlir ölüm,
Bundan başqa seçim hanı?
14 dekabr
2017
Mərdəkan
Bu mənim ömrümdür
Bir
yorğun torpağam dincə qoyulmuş,
Daha əkilməyim, biçilməyim
yox.
Köhnə
qarağacam içi oyulmuş,
Bir də körpülənib keçilməyim yox.
Bütün
körpüləri keçmişəm daha
Səbir kasamı da içmişəm daha.
Quzey
ağacıyam,
yanım
duman, çən -
Bircə
yarpağıma gün düşənəcən
Nələr
çəkdiyimi özüm bilmışəm,
O gülən
yarpağı üzüm bilmişəm.
Hanı o
yamacda gün dəyən tərəf?..
Yolda
taleyimin yaşıl işığı,
Kolda sarmaşığım dolaşan kələf.
Mən o
kələfləri aça bilmədim,
Bir namərd əlindən qaça bilmədim.
***
Hanı
bu dünyanın dağ tərəfləri,
Qızıldöş
qayanın tağ tərəfləri?
Ayağım
dəyməmiş bir daş qalmadı,
Heyif,
gücdən düşən o ayaqlara!
Çayına
çiyindaş, daşına yoldaş
Heyif,
ömrümdəki o ortaqlara,
Özüm
ola-ola mənim olmayan,
Heyif yaylaqlara, ulu dağlara.
Havaxan
doğrudan havada xandı,
Heyif o
xanlara, o sələflərə,
Daha
üz çevirməz biz tərəflərə...
***
Pətək
də saxlamır işsiz arını...
Bu külək payızdan gələn havadı.
Quşlar
da uçurdu balalarını
Mənim də ürəyim yetim yuvadı.
Uçub
məndən gedən söz qanadlarım -
Görən harda qalır o övladlarım?
Hansı
budaqlarda böyüyür görən,
Hansı ürəklərdə döyünür görən?
Görsəm çoxlarını tanımaram heç.
Daha o
uyğular, şirin duyğular,
Sevgidən sorğular mənimki deyil.
Hanı bu dünyanın sevgi tərəfi?
İnsanın insana ərki tərəfi?
***
Dayan,
oturduğum yeri dəyişim -
Hə, bu
daş yaxşıdı, mamırlı, yumşaq -
Dünyanın
işiylə daha nə işim,
O fincan
çayımı gətir, balacan!
Daha mən
xatirə çözələmirəm,
Köhnə dərdlərimi təzələmirəm.
Bir də
izim qalmaz çaylaq daşında,
Sel coşar üstündən, daş atar məni.
O köhnə
dərdlərim bağrım başında
Sızlaya-sızlaya yaşadar məni.
Əlim
ki, o ələ yetişməyəcək,
O
sınıq güzgü ki, bitişməyəcək,
Olmuşda daha nə təsəlli gəzim?
Xatirə
yazmağa, yuxu yozmağa
Heç qulaq asmağa yoxdu həvəsim.
Hanı cəmiyyətin
cəm tərəfləri,
Yaşayış tapmağa çəm tərəfləri?
***
Günahım
gözündə oxunur, tubu,
Yenə o gözlərdə baxışlanıram.
Mən
payız durnası, axşam qürubu,
Pənbə buludlarda naxışlanıram.
Uçuram
gecənin durna səfində,
Üzü görünməyən ay tərəfində.
Hanı
dan üzünün ağ tərəfləri,
Dövrünün qızılı cağ tərəfləri?
***
Bir az saymazyana, bir az biganə
Hələ
ki, canımda can saxlayıram -
Ruhum
uçmaq üçün dəli-divanə -
Nə bir
əlləşirəm, nə can çəkirəm,
Gümüş
türbə, nə də qızıl cam üçün
Mən
cığır çəkirəm, ağac əkirəm,
Mən çiçək dərirəm o dünyam
üçün.
Buraxdım
ömrümü üstdən aşağı
Tanrıdan
gələcək sərəncam üçün -
Hanı bu dünyanın ruh tərəfləri?
Gəmi tərəfləri, Nuh tərəfləri?
Musa YAQUB
Ədəbiyyat qəzeti.- 2018.- 13
yanvar.- S.2-3.