Gözlər, gözlər - nərgizlər,

Sərxoşluq nərgizlikdir.

Eşq yaxar, könül sızlar,

Yol gözləmək - gözlükdür.

 

Gün batır, qəmli qürub

Aramızda dağlar durub.

Dünya - qürbət, mən -qərib,

Qəriblik əzizlikdir.

 

Dünya bizlə əyrişdi,

Cuna yaylıqlar yaşdı

Fələk əli daşdı

Nişan alıb, bizlikdir.

 

Ürək quzutək mələdi,

Sındı - piyalədir

Barış, bu, taledir,

bizlik, sizlikdir.

 

***

 

Bu şərab ki, var - bəhanədir,

Mən qeybdən gələn gündən sərxoş!

Axan ulduzların işığından xumar,

Mən aydan, gündən sərxoş!

 

Yer ahıdır dağlar - göy dəlir

Dünya bir atdır - göydəmir

Min illərin dənidir - göyərir,

Mən göyərən dəndən sərxoş!

 

Haqq dediyin təklikdir

Cahilinki fələklikdir

Mənimki aşiqlikdir, -

Mən səndən sərxoş!

 

Sən dersən, fani Şaiq,

Dostların içsin çayı

Mən məndən ayıq,

Mən məndən sərxoş!

 

MEYXANƏÇİ

 

Sərxoş gəlmişəm qapına,

, , meyxanəçi!

Aşiqlər sənə tapınar

Keç, keç, meyxanəçi!

 

Olubmu öldüyün sənin?

Dərddən güldüyün sənin?..

Elə hey xaç bildiyin sənin

Hac, Hac, meyxanəçi!

 

Aranı dağa daşımısanmı?

Solunu sağa daşımısanmı?

Özünü uzağa daşımısanmı? -

Köç, köç, meyxanəçi!

 

Baxma naşı-naşı mənə,

Mey gətir - söz daşı mənə.

Könlün varsa qoşul mənə,

, , meyxanəçi!

 

Cahil əllərində aşiq başları -

Minarə kərpici, qüllə daşları

İçib ayılır eşq sərxoşları

İç, , meyxanəçi!

 

Mən bu çağın nəyiylə yarışım?

Mən bu torpağın nəyiylə qarışım?!

Mən bu dünyanın nəyiylə barışım? -

Puç, puç, meyxanəçi!

 

BİR ULU EŞQ İLƏ

 

Mən bu cahan mülkünə,

Təxti-Süleyman mülkünə,

Can içində can mülkünə

Ağlaya-gülə gəldim.

Mən "mən" olmaq istəmirdim,

 

Açıb-solmaq istəmirdim.

Bir gəlmək istəmirdim -

Bir ulu eşq ilə gəldim.

 

Bu dərdli aləmə gəldim,

Sanma qalıma gəldim.

Mən sənə salama gəldim,

Düşüb haldan-hala gəldim.

 

O gözəli bilirdim,

Qəm məzəli bilirdim.

Mən əzəli bilirdim,

Mən sonu bilə gəldim.

 

Sorma məndən handaydım,

Hər yerdə, hər yandaydım.

Əzəlin əzəli - sondaydım,

Sonun sonu əzələ gəldim.

 

Şaiq VƏLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 yanvar.- S.5.