Bütün divarları da qovacam otaqdan
və atacam sobaya ayaqyalın qaranlıqları...
Qoy göy üzünə əlim çatsın,
Qoy görünsün tənhalığın
fahişə bədəni,
utansın bakirə
tanrılar.
...Yoruldum külqabıda küçələri yandırmaqdan,
və yoruldum qucağımdakı gecələrə
boylanmaqdan...
Hər kişi vurulduğu
qadına qədər
diriymiş,
sonrası isə Vətən kimi yaşamaq...
Çətir tut ovuclarının üstünə
İslanır şam işığı,
ürpənir tabutdakı
saatın kəfgiri...
Hələ də əlim çatmır alnımı
söykədiyim pəncərəyə...
Axı ayrılıqdan
gözlərimiz yox, ayaqlarımız kor oldu.
…Hələ də üşüyürəm əllərinin
doğum günündə
Axı qapı
açan da olmaz qapını döyən yağışa.
Saçlarını dara məktubların üstünə,
bir az
da ayrılaq,
bir az da...
Bilirsənmi...
İntiharların qarımadığı fəsildə
bütün ağaclar
-müharibə,
bütün adamlar Tanrı şəklidi.
Quşları qanadları qoymaz
intihar etməyə,
kişiləri isə özünü yandırdığı
gün...
Əlvida!
Qaçıram qollarıma tərəf
Bəlkə sənlə görüşəm,
qadın adam!..
Emil RASİMOĞLU
Ədəbiyyat qəzeti.- 2017.- 13
yanvar.- S.15.