"Öz əsərini danışdır"

 

Mirbala Səlimli - “Qırmızı bağ”

 

-"Qırmızı bağ" ilk baxışda roman filmini xatırladır. Lakin bildiyimə görə belə deyil. Sırf ssenariylə çəkilib. Filmin ideyası hardan doğub?

 - Bu filmin  ilk ideyası bir müəllim haqqında pritçadan doğan, hardasa lirik komediyaya oxşayan mövzu idi. Bunu əslində oxumamışdım, uşaqlıqda eşitmişdim, qocaların söhbətindən. Sonra özəkdə o əhvalata oxşar bir şey yazmışdım. Əlbəttə, bugünkü "Qırmızı bağ"la o ideyanı artıq  heç nə bağlamır, sadəcə  məsələ ordan başlayıb. Bir buğda toxumu kimi. Torpağa düşür, sonra o sünbül olanda artıq buğdadan heç bir əlamət qalmır. Ümumiyyətlə, bu elə bir ssenari idi ki, sanki mən onun içində böyümüşəm, ya da o mənim içimdə böyüyüb. Lakin hara gedib çıxacağı ağlıma gəlmirdi. 2000-ci ildə Şəki teatrının aktyorlarını başıma yığıb qısametrajlı bir film kimi çəkdim. Montaj elədim. Qalırdı təkcə səsləndirilməsi. Moskvaya apardım, müəllimlərimə göstərdim ki, belə bir kurs işi üzərində işləyirəm. O zaman ustadım Aleksey German ideyanı dinləyəndə və kadrlara baxanda dedi ki, bu ciddi və tammetrajlı filmin materialıdı,  kurs işinə xərcləməyim. Elə oldu "Odla qol-boyun"u çəkdim və həmin o natamam filmin kadrlarını sandıqda gizlətdim.

-Bu, deyəsən, çox zaman işə yarayır? Ədəbiyyatda da, musiqidə də, incəsənətdə də...

-Əlbəttə, yarayır. Yaradı da... Bakıda olanda xəbər tutdum ki, İsveçrənin FOKAL fondu Cənubi Qafqazada müstəqil kino işçilərini dəstəkləyən bir layihə həyata keçirir - AVANTİ. Bu proekt çərçivəsində hər bir ssenarist-rejissor məsləhətçilərin köməyi ilə öz ideyalarını ilkin variantdan ssenarinin son variantınacan inkişaf etdirib yaza bilərdi. "Qırmızı bağ"ın ideyasını verdim həmin layihəyə. 2002-ci il idi. Qəbul olundu. O zaman mən ssenarini bir daha, ciddi şəkildə işləməyə başladım. Məsələyə paralel olaraq əlavə ciddi xətlər girdi. 2004-cü ildə "Qırmızı bağ"ın ssenarisi filmə ən yaxın vəziyyətinə gəldi, o şəkli aldı ki,  ideya, mövzu öz yerini tutdu. Çox uzun çəkdi. Görünür, mən özüm üçün əsas olan yerə gəlib çıxdım. Çəkilmiş filmlə 80 faiz eyni ssenari alındı.

-Sonra da düz yeddi il gözlədiniz...

-Təəssüf, ssenari çox qaldı masaların üstündə, dolablarda. 2010-cu ildə Moskvada diqqət çəkdi. Əlimizdə o ssenari çox qapıları döymüşdük. Həm burada, həm xaricdə. Vəsait axtarmışdıq. Real təklif "VaitMedia" studiyasından gəldi, prodüser Timur Vaynşteyndən. Çəkilişlər 2011-in aprelində başladı. O zaman artıq daha bir tərəf də proyektə qoşuldu və bu əvvəlcə "Salnamə" studiyası, sonra isə Azərbaycanfilm oldu. Xərcin əsas hissəsini Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi verdi. Film gecikmələrlə çəkilirdi, vəsait çatışmırdı, ara kəsilir, fasilələr yaranırdı. 2011-də başlanılan filmi ancaq 2015-də bitirə bildik. Təsəvvür edin, filmin son 8-10 dəqiqəsinin çəkilə bilməsi üçün düz 3 il gözlədik... Əslində bu müddətdə heç nə dayanmırdı, ssenari davamlı dəyişirdi. Əlbəttə, illərlə bir ideya, bir mövzuyla yaşayırsansa o ilkin halında qala bilməz, dəyişəcəyi mütləqdir.

-Bu, yəqin həm də ssenaristin dəyişməsiylə, inkişaf etməsiylə, təcrübə qazanması, dünya görüşünün formalaşmasıyla bağlıdır.

-Əlbəttə. Sən dəyişdikcə o da dəyişir. Məndə təkcə rejissor kimi, ssenarist kimi deyil, insan kimi də daim dəyişiklik gedir. Filmin qəhrəmanı Abbas müəllim öz içinə səyahət edən adamdır. Öz içinə səyahət edib, həyatda nəyisə dərk edib və xaricdə, hərəkətdə öz həyatını dəyişən insandır. Məncə, bu mənim həyatımda həmişə baş verib. Şüurlu və ya qeyri-şüuri öz içimə səyahət eləyirəm və mən bilirəm ki, hər dəfə bu səyahət baş tutursa, öz içimdən reallığa çıxanda həyatımda nəsə dəyişir.

- Abbas müəllimin həyatındakı dönüş nöqtəsi  intihara cəhd  məqamıdır. Lakinondan bir addım qabaq dayanmaq olardı...

-Mən başlanğıc deyərdim... Abbasın əsas dönüş nöqtəsi qırmızı ağaclarla bağlıdır. İntihar edir, başqa bir aləmə düşür. Lakin təbii ki, istədiyi yerə düşmür. İçində olan yerə düşür.

-Orda onu bozluq, qaranlıq gözləyir...

-Bəli, özünə səyahət, içinə səyahət məhz burda öz pik nöqtəsinə çatır. Hesab edirəm ki, hər bir insan özünə səyahət etməlidir. Bundan niyə qorxurlar? Ona görə  qorxurlar ki, əslində hesab etdikləri yerə düşməyəcəklər, təsəvvür etmədikləri bir yerə düşəcəklər, xəyallarındakı yerə düşməyəcəklər...

-Bəzən səyahəti deyil, intiharı seçir insanlar...

-Yanlışlıq. Bu səyahətdən qorxan adam həyatda müdriklik tapa bilməz. Heç zaman heç nəyi dəyişə bilməz. İnsan içində nəylə qarşılaşacağına hazır olub, çıxmalıdır bu səyahətə. Hər şey ola bilər, lakin əsas məsələ həm də necə qayıtmaqdadır. Mənim qəhrəmanım içinə səyahət edir və ordan qayıdanda dəyişir, daha müdrük olur.

-Bir yandan da içinə dönüşdə qırmızı bağa düşsəydi, qayıtmayacaqdı, qayıtmaq istəməyəcəkdi.

-Qayıda da bilməzdi. Əslində heç ora düşə də bilməzdi. Bir ümid ağacı da var orda, amma Abbas həmin ağacı heç görmür. Buna görə Bağban ona deyir, bir həqiqət var, sən onu dərk etməyincə, nə gözün görəcək, nə də qulağın eşidəcək. Yəni insan görməyi və eşitməyi bacarmalıdır. Hətta özünün daxilində görməyi və eşitməyi. Sən əgər bunu edə bilmirsənsə, deməli dəyişə də bilməzsən. Mənim aləmimdə insan yaşadıqca dəyişməlidir. İnsan həyatı məhz dərviş həyatı kimi olmalıdır. Həmin o sufi kimi mərhələlərdən keçməlidir.

-Həm də itkilərdən keçə-keçə, itirə-itirə. Abbas xanımını itirdi. İnsan var, uşaq var artıq və onun da ana-ataya ehtiyacı var, ortada kimsəsiz qalıb. Orxana o cür yanaşa bilərdi Abbas müəllim. Vəfanı itirməzdi...

-Bəli, həm də təkcə bir nəfəri itirmir. O, əslində üç nəfəri itirir. Birinci, Abbas sonradan anlayır ki, əslində həyatında ən sevdiyi insan elə Vəfa imiş, həyat yoldaşı. Yəni bu qadın onun həyatının hər şeyiymiş. Necə ifadə edim - həyatının Həvvası imiş.

-Adəm və Həvva - əzəli hekayə...

-Bəli. İkinci, Abbas qadınının bətnindəki övladını itirir. Sonra isə Orxanı - bir insan sevgisi itirir. Mən əvvəldən bir sual qoymuşdum qarşıma və bu suala cavab axtarırdım: özgə uşağı sənin doğma övladını əvəz edib, sənin nəslinin davamçısı ola bilər? Əgər cavab "xeyr"-dirsə, bəs onda o uşaq insan nəslinin davamçısı ola bilər? Yəni onu insanlığın uşağı, körpəsi kimi qəbul eləmək olar? Və cavab sondadır -Bəli!..

-Necə ki, olur.

-Bəli, necə ki, olur. Və buna görə bu insanlar istədikləri məkana çıxırlar və mənim üçün qırmızı bağ məhz elə bir müqəddəs məkandır ki...

-Cənnət?

-Əslində, mən belə adlandırmazdım. Çünki bu, həyatda var, bu, reallıqdır.

-Hər kəsin öz ərazisi yəni.

-Həm də insanlıq ərazisi. Burada necə deyərlər, insanların auraları birləşir. Filmdə bu vizual olaraq görünür, amma o demək deyil ki, mütləq həmin formada da olmalıdır. O yer bir otağın içi də ola bilər. Bir künc də ola bilər.. Yol da ola bilər...  Əsas olan içində gedib ora düşməkdir.

-Mirbala müəllim, filmdə bu da qabarıq hiss olunur, Abbas müəllim o dönüşə qurbanlar bahasına gəlib çıxıb, lakin Vəfa bütün bunları artıq içində həll edib və Abbas müəllimdən daha hazırlıqlıdır. Lakin öz həqiqətini təlqin etməkdənsə, dediyimiz sufilərsayaq, həqiqəti içindədir və o başa düşür ki, qarşısındakı adam, Abbas müəllim bunu özündə duymayınca bunu ona başa salmağın, təlqin etməyin heç bir mənası yoxdur. Əvəzində ən ağır üsulu seçir - susur və ölür...

-Bu heç də kişilərin və qadınların üz-üzə qoyulması deyil. Mən ümumiyyətlə didaktikanın əleyhinəyəm. Adəm və Həvva - dediyim kimi. Amma baxın, Qadın əslində daha müdrikdir. Çünki xəstəliyin içərisində o əzabı çəkə-çəkə yaşayır, ölümü hiss edir, dərk edir. Bilir bir müddət sonra olmayacaq. Orxanı gətirir.  Orxan kişinin Qadınsız qalmaması üçün şansdır. Amma təəssüf, Abbas müəllim bunu qəbul edə bilmir. Daha doğrusu, dərk edə bilmir. Yadınıza salsanız onların mətbəxdəki dialoqunu, Vəfa ona qəbirdən sonrakı həyat haqqında deyir. Abbas özünün mental fikriylə o qədər zəhərlənib ki, reallığı görmür.

- Abbas müəllim, yəqin ki, bütün bunları məhz vəfasızlıqdan sonra, intihardan əvvəl, arada qalarkən dərk edir və elə budur onu bir qatdan digərinə keçirən. Keçir, qayıdır və indi tamam başqa adamdır. Vəfa qayıda bilməzdi, Vəfanın şansı yoxdu, hətta Vəfa qayıtsaydı da, Abbas müəllim əvvəlki adam olaraq qalacaqdı. O həddə çatılmalıdır ki, əllərini buraxsın, getsin, boşluğu və nəyinsə boşluğunu dərk eləsin və qayıtsın. Lakin burada xilaskar da ortaya çıxır - uşaqlar onu pəncərədən görürlər. Təsadüf kimi görünə bilər, lakin məntiqi ardıcıllıq qaçılmazdır. Qız onun öləcəyini anlayır, Orxan qaçıb həkim çağırır. Yəni, ideya olaraq, cəsarət üçün xilaskar həmişə bir yerdə gözləməkdədirmi?...

- Bu, əslində, məsələnin faktiki tərəfidir. O biri tərəfdən, mənim üçün əslində belədir-Abbas ölür və dirilir. Vəfa həyatda ola-ola bilirdi ki, onun ölümü nədən olacaq. Və sevdiyi adamın nisgilini mümkün qədər həll edib, onu bu yükdən azad edib getmək istəyir - Abbas bialoji ata ola bilər. Əslində, Abbas Orxanı oğlu kimi qəbul etsəydi, Vəfa daha çox yaşayacaqdı. Lakin bu xarakterlə, bu eqoizmlə yaşayan insan elə gərək ölüb-dirilsin ki, həqiqəti anlasın.

-Bir yandan da öldürsün ki...

-Bəli, insan qurban verdikcə qurban verdiklərinin qiymətini bilir.

- Filmi izləyən adamların hərəsinin öz fikri var. Bəzən bunlar bir-birindən fərqlənir. Hər kəsin "Qırmızı bağ"a  verdiyi bir anlam var. Məsələn, mənim üçün  bu film faniliyin, dönüşün, özünə dəyib-qayıtmağın hekayəsidir. Özünü tanımağın, dünyanı tanımağın, yaşamı duymağın hekayəsidir. Maraqlıdır, ideya özü maraqlı yol, dönüşlərdən keçib. Artıq özünüzdən eşitmək istəyirəm, özünüzə dedirtmək istəyirəm. Siz "Qırmızı bağ"ı çəkmək istəyərkən nəyin hekayətini yaratmaq istəyirdiniz?

-Bu özümə də marqlıdır və mənə də çox deyilir. Çox az adam alt qatı görə bilir. Siz özünüz qeyd edirsiniz - insanın özünü dərk etməsi və özünü aşması. Hər anlamda aşması. Vacib olan onun üniversal mexanizmidir. Mənim üçün "Qırmızı bağ" içə səyahətin filmidir. Məhz bu mənim üçün o qədər universal bir ideyadır ki, düşünürəm, burada bu yox, başqa bir hadisə də ola bilərdi. Mənim üçün əsas olan bu idi ki, insan beyninə girmiş arxaik bir ideya ilə yaşayır, reallığı görmür...

-Həqiqət məchuldur, lakin o bəzən axtarıldıqca da dərkedilməzliyə çevrilir...

-Bəli, qulaq asır - eşitmir, baxır - görmür. Amma içinə səyahət edib başı əlhəq daşına dəyib, sağ qala bilirsə müdrikləşir. Yəni onunla mifik qəhrəman kimi insiasiya baş verir. Filmin özəyi məhz odur ki, ordan çıxandan sonra həyatı dərk edir, gəlib düşür qırmızı bağa, uşaq ondan soruşur ki, eşidirsən? O da cavab verir - həm də görürəm.Yəni indi nəinki qulaq asıram, həm də eşidirəm, nəinki baxıram, həm də görürəm.

Bir şey deyim, bu mənim üçün bir günün, bir ayın, bir ilin filmi deyil. Bu mənim ömrümün filmidir. Bəzən festivallarda oturub baxıram filmə və özüm də hiss etmədən, üç yer var, ən azı o üç yerdə qəhərlənirəm.

Bilirsiniz, əslində hər kəs bu filmdə nəsə elə həssas məqam tapa bilər. Bu şüurda və şüuraltında yatan səbəblərlə bağlıdır. Filmdə bəzi məqamlar o nöqtələrə, zədələrə toxunur. Bu filmin çox qeyd olunan özəlliyi var-deyilir ki, bu filmdə bir hal var, çox qəribə hal və izləyici o hala düşür. O hala düşmək, o hala varmaq  üçün sakitcə oturub sadəcə baxmaq lazımdır. Görünür filmin universallığı da bundadır ki, hər kəs öz halını tapır.

-Bəs sizin o "üç halınız" nədədir?

-İcazə verin bunu deməyim... Lakin... Məsələn, Vəfayla Orxan ilk dəfə bağda gedəndə belə bir səhnə var. Orxan soruşur ki, Vəfa, nənəm o dünyada harda yaşayacaq? Vəfa cavab verir, gözəl bir bağda. Deyir... Sən nə vaxt ora getsən, məni də özünlə o bağa apar...

-Səsiniz titrədi... Məncə, Vəfa istənilən cavabı versəydi, yenə eyni şeyi istəyəcəkdi, o Vəfada sığınacaq tapıb.

-Bəli və bu qorxudur. Orxan sevgini, istiliyi tapdığını düşünür və bir anda itirmək qorxusu gəlir ona.

-Bir yandan da sevginin olduğu yer obrazlaşıb, bu qırmızı bağdır. Bəs, qırmızı bağ sizin ağlınıza hardan gəldi?

-Qırmızı rəng mənim üçün qanın rəngidir. Bu yeni başlanğıcın rəngidir, qan bağlılığının rəngidir. Bağ - müqəddəs yerdir. Bağ, həm də ananın bətnidir. Bağ-sakral məkandır. Ananın bətni də sakral məkandır.

-Eynən-sığınacaq, qoruq, qorxusuzluğun olduğu yer.

-Bəli. Qırmızı bağ üç insanın, onlardan biri həyatda olmasa belə, yuvasıdır. Bu həm də həmişə başlanğıc nöqtəsidir. Bir çox xətt gəlib məhz qırmızı bağda birləşir. Orxanın nənəsi sağlığında qırmızı ağacların yarpaqlarından Vəfa üçün dərman düzəldirdi - dərdə əlacın olduğu yerdir. Bu, həm də ailənin bir yerdə olduğu yerdir. Orxanın uşaqları ora aparmamasını xatırlayaq..

-Sanki bağ məhz həmin içdir. Abbas müəllimin kliniki ölüm zamanı axtardığı yeri yada salaq. Bozluq, qurumuşluq, bataqlıq. Amma Abbas müəllim bağı axtarırdı və məhz getdiyi yerdə tapmamışdı deyə qayıtdı. Bəlkə də bunun mükafatıdır qırmızı bağ...  Orxan bu hərəkətilə deyir ki, biz içimizə yad adamları buraxmamalıyıq, onlar o bağı-içi məhv edə bilərlər. Bağ, ancaq bu üç adam üçündür.  Bəlkə də bu nəticədir-sondur - qan bağı olmayan adamların ruhi birliyi. Ata, oğul və müqəddəs - Vəfanın ruhu...

-Sirr  qırmızı bağda, iç dünyadadır, onun yerini heç kim bilmir.

-Orxan nənəsinin evindən Vəfayla çıxıb gedəndə yelləncəyini açıb özüylə aparır və Vəfagilin bağında bağlayır. Və, qəribə bir şeydir, yelləncəyə ilk olaraq Vəfanı oturdur...

-Yelləncək yüyrükdir, beşikdir. Mən yüyrükdə yatmışam. O tamam başqa hissdir. İndi də gözümün qabağındadır. Yadımdadır ki, xeyli böyümüşdüm, ayaqlarım sığışmırdı yüyrüyə, amma bədənimi ora yerləşdirib özümü yelləyirdim. Evimizin düz ortasından asılmışdı. Orda yuxulayardım. Orxanın yelləncəyi bir yerdən o biri yerə aparması beşiyini aparmağıdır.

-Bu, özünü bir yerdən qoparıb başqa yerə aparmaqdır yəni. Evini aparmaqdır. Tamamilə Vəfanın-qorunmanın  olduğu yerə daşınmaqdır. Bətndən sonra düşdüyü  yeri aparmaqdır, yaşamı aparmaqdır.

-Eynilə. Və o yelləncək bizi, böyükləri uşaqlığımıza qaytaran şeydir. Az qala başlanğıca aparan şeydir. Vəfa da gəlib oturur orda və birdəncə uşaqlaşır. Diqqət etmisinizmi, yelləncək bizə sürəti istədir. İstəyirik daha iti, daha sürətli, daha uzağa, daha yüksəyə gedib gələk.  Sanki şüurumuz boşalır o an. Şüursuzlaşırıq.

-Uçuş?

-Bəli, uçuş. Hər şey şüursuz şəkil alır, bədənimizə xüsusi bir yüngüllük gəlir. O an unudulur, hər şeydən çıxıb uşaqlığa qayıtmaq istəyirsən. Bu Abbas müəllimi təqib edən məqamlardan  biridir, içinə düşəndə yelləncək də onu təqib edir. Üstünə boş yelləncək gəlir. Boş yelləncək, boş beşik həm də onun neqativ xarakteridir, psixologiyasındakı bozluqdur. Boş yelləncək onun içindəki əskikliyə qarşı dayanmaqdır. O bozluq, içinin cəhənnəmi, boş yelləncəyin üstündə yellənməyi, suyun çirkaba dönüb içindən qaynaması... İçə dönüşdə orada bir tək ağac var. Abbas onu görmür. Bəsirət gözü deyilən şey hələ açıq deyil. Ağac yuxumuza da, şüuraltı mənzərəmizə də obrazlarda gəlir. Bizim şüuraltımız bizimlə metaforalarla dialoq qurur. Biz onu anlamırıqsa, deməli koruq, karıq, içimizi tanımırıq.

-Doğrudurmu, bu film həm də onu göstərir ki, insan bir nöqtədə artıq dayanıb düşünməyə başlamalıdır - mən kiməm, niyə varam, nə etmək istəyirəm, kim olmaq istəyirəm - harda azadam? Özünü anlamaq, özüylə barışmaq, özünü bağışlamaq. Bunu bacaran adam hətta ən qatı cinayətkarın şüur kökündə duran səbəbi aramağa başlayacaq - nədir onu o yerə aparıb çıxaran?  Başqalarını anlamaq və günahlandırmamaq.

-Bəzən bu, barışıqlıq insana doğuşdan, fitrən verilir, o elə də gedir - Vəfa kimi. Orxanı tərəddüdsüz qəbul etdi. Lakin bunu Abbas qəbul etdirməyə çalışdığı zaman ilk vaxtlar daha  qərarlıydısa sonra təslim oldu, o bilirdi bu Abbas müəllim üçün daha pis olacaq, lakin bilirdi ki, Abbas bunu özü görməyincə heç nə etmək mümkün olmayacaq

-"Qırmızı bağ" filmi üst qatda gözdən uzaq əyalət şəhərində  adi adamların başına gələn bir hadisə ətrafında cərəyan edir. Övlad yoxdur, kişi uşaq istəyir, qadın sağlamlığındakı problemə görə bunu edə bilmir, evə yad uşağı gətirir, lakin kişi bunu qəbul etməyəcəkdir və davamı gəlir... Üzləşmə qorxusu - nə deyərlər? Amma nə qədər dayaz qorxudur, bəlkə dərindən düşünülsə başqa bir üzləşmə olacaqdı, lakin qorxu var və itələnmə əlac kimi görünür.

-Çox yaxşı dediniz. Eyni səbəb var - qorxu. Üzləşməkdən qorxuruq. Öz-özümüzlə üzləşməkdən qorxuruq. Sonra özünü qəbul etmək var, bu isə bir qədər çətindir. Sonra necə yaşayaram, sonra nə edərəm, cəmiyyət necə qarşılayacaq, ailə, ətraf necə qəbul edəcək, dışlayacaqmı, eyibləyəcəkmi, lağamı qoyacaq, sayılmazmı edəcək, görməzdənmi gələcək, bir sözlə, anlayış olacaqmı qorxusu. Bundan sonra seçim gəlir - maskalanmaq, ya da özü kimi olmaq. Olacaqsa, necə olacaq, maskalanacaqsa, necə maskalanacaq?

-Filmdə baş rollarda Gülzar Qurbanova, Maqsud Məmmədov kimi peşəkarlarla birgə, həm də təsadüfi adamları çəkmisiniz. Onlardan biri, Orxan rolunu canlandıran Taleh Bədiyev, digəri kiçik qız Bəhiyyə Abdullazadədir. Onları necə tapdınız?

-Şəkidə 20 məktəbdə kastinq keçirtmişdik o zaman. Məni də onlarla oğlanın  içində cəlb edən Orxanın  baxışları oldu. Qız da Şəki məktəblisidir. Doğrusu, əvvəl kastinqdə diqqətimi heç çəkməmişdi. Seçilmiş uşaqların şəkillərini çəkirdik, bu da hərlənirdi böyür-başımda. Birdən soruşdu ki, siz burda nəylə məşğulsunuz eee belə? Birdəncə anladım ki, bütün bunları saymazyana seyr edən, mənim də bayaqdan fikir vermədiyim qız elə o qızdır. Bir növ özünün marağıyla mənim diqqətimi çəkdi. Uşaqlarla ilk gündən bir-birimizi çox yaxşı anlamağa başladıq. Onların  mənə bağlanması və bir-birimizi anlamağımız mənə elə gəlir ki, çox vacib amil oldu. Bəlkə də mənim uşaqlığıma uyğun uşaq oldular, nədəsə mənə bənzərlikləri vardı, ona görə. Onu da deyim ki, Taleh hətta Trabzon Beynəlxalq Kinofestivalında Maqsud və Gülzar xanımla yanaşı "ən yaxşı oyunçu" mükafatı da aldı.

-Ümumiyyətlə, filmdə uşaqlarla işləmək çətindirmi? Düzdür, onlar körpə deyillər, amma yenə də öz ayrıca şıltaqlıqları, yorulmaları, rola girə bilməmələri ola bilər.

-Uşaqlarla işləmək çox çətindir. Gərək uşaqdan uşağı oynamağı tələb etməyəsən.

-Öz-özünü oynayacaq. Amma yəqin ki, bəzən nazıyla oynamaq da lazım gəlir...

-Əlbəttə. Uşağın demək istəmədiyi sözü gərək ona dedirtməyəsən. Etmək istəmədiyi hərəkəti etdirməyəsən.  Uşağı məhz özlüyündə saxlamaq lazımdır. Uşaq obrazı oynamamalıdır. Ona sadəcə istiqamət vermək olur. Uşaq özünün təbiətində olmalıdır. Uşaq öz təbiətində çıxmırsa, rol təbii alınır. Uşaq sənə etibar etməlidir, qarşılıqlı etibar olmalıdır.

-Deyək ki, uşaqlar sizinlə dil tapırdılar. Bəs digər aktyorlarla? Axı  uşaq çəkiliş meydançasında təkcə sizinlə deyil, həm də tərəf-müqabilləriylə işləyir. Məsələn, filmdə Abbas müəllimlə Orxan bir-birinə nifrət edir.

-"Qırmızı bağ"ın çəkilişlərində bu mənada da heç bir problem yaranmadı. Həm Gülzar xanım, həm də Maqsud çox düzgün yanaşma sərgilədilər. Dostlaşmışdılar, aralarında mehribanlıq, biri-birlərinə isti münasibət yaranmışdı. Məncə, o münasibət filmin çəkilişlərinə müsbət təsirini göstərdi.

-Mirbala müəllim, filmin çəkilişlərində üç ölkədən yaradıcı və texniki heyət iştirak edib - Azərbaycan, Rusiya və Gürcüstan. Uzaqdan gəlirdilər, tez-tez və uzun fasilələr yaranırdı... Gərginlik olmurdumu?

-Biz çox yaxşı, bir-birini sözsüz, bir işarədən anlayan komandaydıq. Lakin təbiətin şıltaqlığı, bizə gətirdiyi "sürprizlər" vəziyyəti çox gərginləşdirirdi. Bu bəzən komanda üzvlərinə də sirayət edirdi. Təmkinli olmağa çalışırdım. Bir şeyi yaxşı bilirdim ki, filmin taleyi mənim təmkinimdən aslıdır. Rejissor üçün ən vacib keyfiyyətlərdən biri, bəlkə də birincisi səbrdir. Rejissorluq həm də xarakterdir - bunu müəllimlərimiz dönə-dönə təkrarlayardılar. Haqlıdırlar, səbirli olmamağa sadəcə haqqın yoxdur, belə bir seçim yoxdur.

-Çəkilişlər zamanı hansısa səbəblərdən qəfil, əhəmiyyətli dəyişikliklər oldumu?

-Olub, çoxlu dəyişmələr olub, son anacan hətta bəzi şeyləri çəkilliş gedə-gedə dəyişmişəm. İrili-xırdalı on səhnə çəkilmədi. Mən özüm bilə-bilə onları çıxartdım və onun yerinə bir neçə əlavə, əvvəldən planlaşdırılmamış səhnə əlavə etdim.

-Sonunda film bitdi, yəqin ki, dərindən nəfəs almaq olardı... Amma  üç il keçir və üç ildə siz özünüz yenə dəyişməyə davam etmisiniz. İndi filmə baxanda hansısa olan və olmayan səhnələr varmı ki, indi çəkilsəydi, başqa cür olacağını düşünəsiniz

-Yoxdur. Film uzun müddətə ərsəyə gəldi. Həm də mənim komandam peşəkarlardan ibarətdi. Operator Maksim Dradov, rəssam Leonid Karpov, prodüserlər, həmçinin, post-prodakşn dövründə işləyən mütəxəssislər, hamısı peşəkar idi. Və işlərini də peşəkarlıqla təqdim etdilər. Buna görə məndə təəssüf doğurası heç bir detal, səhnə qalmayıb. Açığı, mən artıq o filmdən uzaqlaşmaq istəyirəm. "Qırmızı bağ" həyatımın bir hissəsiydi, birgə yaşadıq, birgə böyüdük və bitdi. Əlbəttə, "Qırmızı bağ" həyatımın filmi kimi ömrüm boyu, mən ölənə kimi mənimlə olacaq...

-Bunu indidən nə bilmək olar, bəlkə bundan sonra yazılacaq hansısa ssenari, çəkiləcək film sizə daha doğma olacaq?

-Mümkündür, haqlısınız. Lakin əminəm, "Qırmızı bağ" mənim üçün çox əzizdir. Bu film özümə bənzəyir. Bu ordakı hadisələrin mənim həyatımın hadisələrini xatırlatması demək deyil, məhz filmin özü mənim kimidir. Bəlkə də mən onun kimiyəm. Lakin mən dəyişəcəyəm. Amma məhz "Qırmızı bağ"ın diliylə demək istədiyim hər şeyi deyə bilmişəm. Ola bilsin çox mürəkkəb və dolayısıyla demişəm. Ola bilsin özünü daxilən gərginləşdirməlisən ki, bunu anlayasan.

-Seyrçi sizin dili anladımı?

-Beynəlxalq arenada çox yaxşı qəbul olundu. Xaricdə bu filmə yanaşma başqa idi, bizdə başqaydı. Onlar hətta filmdə olan tək-tək detalları da müzakirə edirdilər. Metaforik dilə daha çox diqqət yetirilirdi. Bizim tamaşaçı filmi daha üzdən, əhvalata vararaq izləyir. Lakin o seyrçi bizdə də yetişəcək, mən buna əminəm. Axı necə ola bilər, sən öz mədəniyyətindən, miflərindən gələn rəmzləri tanımayasan? Bu öz dilini bilməməyə bərabərdir.

-Mirbala müəllim, "Qırmızı bağ "sizə nə qazandırdı? Həm  film olaraq, həm başqa mənada...

-Film altı mükafat alıb. 15-ci Dəkkə Beynəlxalq Kinofestivalında "ən yaxşı film" nominasiyası üzrə qalib olub. Onlarla ölkədə göstərilib. Lakin məncə, bu filmin birinci qazancı onun varlığındadır. Belə bir film ortaya çıxdı və Azərbaycan kinosunda bu atmosferdə film, mən bunu kino xadimlərinin fikrinə əsaslanıb deyirəm, çəkilməmişdi. Yəni özü öz yerini qazandırdı. Xarici ölkələrdə göstərildiyi zaman filmdən tamam başqa aurayla çıxan, gözləri yaşarmış adamlar görürdüm. Qürbətdə yaşayan azərbaycanlıların minnətdarlıqlarını qazandım, onlar hesab edirdilər ki, bu film həm də bizim mədəniyyətimizin göstəricisidir. Almaniyada Mannhaim-Haidelberq kinofestivalının prezidenti Mixael Koetz film təqdim edərkən xüsusi qeyd etdi: "Bu film yüksək dəyərləri tərənnüm edir, bütöv bir mədəniyyətin daşıyıcısıdır." Mən bu sözləri eşidəndə içimdə qəhər duydum. Biz burda, hər şeyin içində bunu hiss etmirik. Bir şey üçün çox sevinirəm ki, mən vətənimizin balaca bir parçasının gözəlliyini, ruhunu, mədəniyyətini göstərə bilmişəm. Məhz bu "Qırmızı bağ"ın ən böyük qazancı və qazandırdığı dəyərdir.

-Söz düşmüşkən, bilirəm ki, sizə daha çox Rusiyadan dəfələrlə iş təklif olunub. Bəlkə getsəydiniz, daha çox filmlər çəkmişdiniz, ideyalarınızı gerçəkləşdirmişdiniz. O hansı səbəbdir ki, siz heç Bakıda da deyil, bu ucqar, gözdən uzaq Şəkidə oturmusunuz, gözləyirsiniz ki, neçə illərin başında bir film çəkə biləsiniz?

-Yaxşı sualdır... Görünür səbəb budur ki, mən öz qırmızı bağımı burda tapmışam...

-Son sual. Otağlınızda saxsı qabda həmin o qırmızı bağın ağaclarının biri əkilib - Sarağan ağacı. Niyə, nə səbəbə? Az əvvəl dediniz, "Qırmızı bağ" artıq sizin üçün bitib, ağac isə  təzəliklə sizin otağınızda peyda olub...

-Bunu çoxdan etmək istəyirdim. Bu, Abbasın içinə səyahətində görə bilməyib, geri döndüyü o ağacı xatırlatmaq üçündür. Ona orda deyilənləri xatırlatmaq üçündür. Mən ona baxanda ağacı deyil, filmi deyil, ordakı sözləri xatırlayıram. Bu, özünü görməkdir. Mən o ağaca baxanda öz-özümə deyirəm - təkcə baxmaq yox, həm də görmək lazımdır, təkcə dinləmək yox, həm də eşitmək lazımdır... Bəlkə də o an mən heç o ağacı düşünmürəm, bəlkə də o mənim içimdəki ağacı görməyə, o ağacın yanına gedib çıxmağa kömək edir. Bunun üçün də o mənim otağımdadır...

 

Söhbətləşdi: Hədiyyə ŞƏFAQƏT

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 yanvar.- S.6-7.